Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müharibələrin urban fəsadları

Müharibələrin urban fəsadları

23.05.2026 [10:12]

Bakının böyük uğurla ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutan “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq paneldə aparılan müzakirələr bütün dövrlər üçün aktualdır. Bəli, insan var olandan bəri dirçəlişə can atıb, qurub-yaradıb, yeni-yeni yaşayış məntəqələri salıb. Amansız müharibələr isə yalnız insanların həyatına son qoymayıb, eyni zamanda, şəhər və kəndlər, tarixi abidəlr, mülki infrastruktur dağıdılıb. Bütün müharibələrdən geriyə kədərli izlər qalıb.  Müharibələrin yol açdığı dəhşətli urban fəsadları aradan qaldırmağa, dağıntıları bərpa etməyə, həyatı yenidən başlamağa isə böyük həcmlərdə maliyyə vəsaiti və zaman lazım gəlib.

Tarixdə dəhşətli urbisid nümunələri

Müharibələr zamanı yaşayış məntəqələrinin dağıdılması latın dilindən götürülmüş və “şəhərə qarşı zorakılıq” kimi tərcümə olunan  “urbisid” termini ilə ifadə olunur.  Bu termin 1990-cı illərin əvvəllərində Sarayevo (Bosniya və Herseqovina) hadisələrindən sonra geniş şəkildə istifadə olunmağa başlanıb. Xatırladaq ki, burada müharibə və şəhərin 4 il mühasirədə qalması faciəvi nəticələrə gətirib çıxarıb.

Bəhs olunan paneldə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev urbisid anlayışının beynəlxalq hüquq və təhlükəsizlik kontekstində daha geniş tanınmasının vacibliyini vurğulayıb. O, urbisid fenomenini müharibə şəraitində şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması, onların sosial-mədəni kimliyinin silinməsi və əhalinin geri dönüş imkanlarının aradan qaldırılması kimi xarakterizə edib.

Tarixdən müharibələrin urbisid fəsadlarına aid çoxlu sayda misallar sadalamaq mümkündür. Urbisid fəsadlarının necə ağır çətinliklərə yol açdığını təsəvvür etmək üçün zaman və müxtəlif mənalarda bizə daha yaxın olan İkinci Dünya müharibəsinə aid bəzi faktları sadalamaq kifayətdir. Bu müharibədə hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Təxminən 70 dövlətin qatıldığı, 60 milyondan çox insanın həyatını itirdiyi və iştirakçı dövlətlərə 4 trilyon ABŞ dolları dəyərində xərclə başa gələn bu müharibədə həm də bir sıra şəhərlər böyükmiqyaslı dağıntılara məruz qalıb. Bəşər tarixində ən dəhşətli urbisid hadisələrindən biri İkinci Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən üç gün ərzində  Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombalarının atılması nəticəsində yaşanıb.  6 avqust 1945-ci ildə atom bombası Xirosimaya, həmin tarixdən üç gün sonra isə 9 avqust tarixində Naqasakiyə atılıb. Yaponiyanı müharibədə təslim etmək üçün məhz bu vasitədən istifadə edilib. 14 avqust 1945-ci ildə çıxılmaz vəziyyətdə qalan Yaponiya təslim olmaq məcburiyyəti qarşısında qalıb. Yapon imperator Hirahito amerikalı general Duqlas Makarturla İkinci Dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən və təsdiqləyən müqaviləni imzalayıb. İki atom bombasının Yaponiyaya atılması nəticəsində Xirosimada 140 mindən çox insan həlak olub. Naqasakidə isə nüvə silahının qurbanlarının sayı 70 mini ötüb. Xirosima və Naqasaki ölü şəhərlərə çevrilib. Hər iki yaşayış məntəqəsində və daha geniş coğrafiyada atom bombalarının yaratdığı urban fəlakəti onilliklər boyunca aradan qaldırmaq mümkün olmayıb.

İkinci Dünya müharibəsi zamanı ciddi urban fəsada məruz qalan Avropa şəhərlərindən biri Polşanın paytaxtı Varşava olub. Müharibə illərində bu şəhərin tikililərinin 80 faizdən çoxu yerlə-yeksan edilib, milyonlarla sakin həyatını itirib. Şəhərin tarixi mərkəzi olan Köhnə Şəhər (Stare Miasto) və yaşayış binaları nasistlərin qəsdən məhv etmə planı nəticəsində 90 faizə qədər dağıdılıb.

İkinci Dünya müharibəsinin urbisid fəlakətləri həmçinin bu qanlı savaşı başlayan Almaniyanın şəhərlərindən də yan ötməyib. Xüsusiilə də müharibənin sonlarına doğru Almaniyanın ayrı-ayrı şəhərləri ağır döyüşlərə, havadan bombardmanlara səhnə olub. O cümlədən müttəfiqlərin kütləvi aviasiya bombardmanları nəticəsində Drezden  alov fırtınalarına bürünüb, şəhərin tarixi memarlığı tamamilə məhv olub. Həmçinin Köln, paytaxt Berlin,  Belqrad (Yuqoslaviya) və digər iri şəhərlər də İkinci Dünya müharibəsində strateji və dinc obyektlərin məqsədyönlü şəkildə bombalanması ilə urbisid səviyyəsində dağıntılara məruz qalıb.

Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-nin isə İkinci Dünya müharibəsində 1710 şəhər və qəsəbəsi, 70 min kəndi tamamilə və ya qismən dağıdılıb. Dağıntılara məruz qalan əsas şəhərlər arasında Stalinqrad (indiki Volqoqrad), Minsk, Kiyev, Sevastopol və Leninqrad (indiki Sankt-Peterburq) şəhərləri olub.

Azərbaycan şəhərləri sistemli şəkildə dağıntılara məruz qalıb

Azərbaycan şəhərləri də Ermənistanın urbisid siyasətinə məruz qalıb. Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahəda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib.

Ağır urbisid siyasətinin kədərli izlərinin qaldığı şəhərlərimizdən biri Ağdamdır. Ağdam şəhəri 23 iyul 1993-cü il tarixindən başlayan  işğaldan əvvəl bütün bölgənin ticarət mərkəzi sayılırdı. İşğaldan sonra isə  ağ şəhərin qara günləri başlayıb. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. İkinci Qarabağ müharibəsi bitəndən sonra məlum oldu ki, şəhərdən əsər əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkün idi. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar.

İşğal illərində Füzuli, Zəngilan və Cəbrayıl şəhərləri də oxşar aqibətlə üzləşiblər. Müharibə cinayətləri həmçinin ön xətdən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir kimi şəhərlərimizdən də yan keçməyib. İkinci Qarabağ müharibəsi günlərində həmin şəhərlərə ermənilər tərəfindən qadağan olunmuş silahlardan uzaq mənzilli raketlər atılıb.

Ancaq Azərbaycanın və dünyanın ayrı-ayrı şəhərlərinin müharibə cinayətlərinə məruz qalmaları arasında kəskin fərq var. Bu fərq də ilk növbədə ondan ibarətdir ki, Ermənistan Azərbaycan şəhərlərinə qarşı urbisid siyasətini yalnız döyüşlər zamanı, müharibə günlərində deyil, bütün otuz illik işğal dövründə həyata keçirirb. Yuxarıda bəhs olunan paneldə aparılan müzakirələrdə bu cəhətə xüsusi diqqət  çəkilib. Fərid Şəfiyev diqqətə çatdırıb ki, Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub. O, ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların tamamilə dağıdıldığını, yaşayış məntəqələrinin talan edildiyini və tikinti materiallarının belə sökülərək aparıldığını qeyd edib. Bildirilib ki, urbisidin əsas göstəriciləri kimi fiziki dağıntı, etnik təmizləmə və şəhərlərin mədəni kimliyinin dəyişdirilməsidir. Xüsusilə Laçın və Kəlbəcərin Ermənistan üçün strateji əhəmiyyət daşıdığı və bu ərazilərdə məskunlaşdırma siyasətinin həyata keçirildiyi diqqətə çatdırılıb. BMTM-in rəhbəri, həmçinin urbisidin “əlavə zərər” deyil, siyasi və ideoloji məqsədlərlə həyata keçirilən idarəetmə strategiyası olduğunu, şəhər məkanlarının məhv edilməsinin yeni nəzarət və hakimiyyət formalarının qurulmasına xidmət etdiyini deyib.

Paneldə aparılan müzakirələrə qoşulan qonaqlar bildiriblər ki, müasir dövrdə urbisidin müharibə aləti kimi istifadəsi şəhərlərin sosial-iqtisadi inkişafına və dayanıqlılığına ciddi zərbə vurur. Onların sözlərinə görə, münaqişələr zamanı şəhərlərin, yaşayış məntəqələrinin, mühüm infrastruktur obyektlərinin və mədəni irs nümunələrinin məqsədli şəkildə dağıdılması yalnız fiziki mühitə deyil, həm də cəmiyyətin sosial strukturuna və tarixi yaddaşına ağır təsir göstərir. Qarabağ və ətraf bölgələrdə baş verən dağıntılar bunun bariz nümunəsidir. Şəhərlərin və kəndlərin viran qoyulması, infrastrukturun məhv edilməsi və mədəni irs abidələrinin dağıdılması regionun uzun illər ərzində inkişaf imkanlarını məhdudlaşdırıb.

Qarabağın dirçəlişi - ərazilərin minalanması işlərin gedişinə mane olan əsas amillərdən biridir

Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasında və urbisid siyasətinin bütün təzahürlərinin aradan qaldırılmasında dünyaya nümunə göstərir. Qarabağın dirçəldilməsində Azərbaycanın təqdim etdiyii model  dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır.

Artıq uğurlu nəticələr barədə də bəhs etmək mümkündür. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına zəruri infrastruktur yaratmaqla başlayıb. Müharibədən sonrakı beş il ərzində inşa olunmuş tunellərin uzunluğu 70 kilometrdir. Daha beş tunelin tikintisi də nəzərdə tutulur. Planlaşdırılan 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Hazırda əsas investisiyalar yaşayış məntəqələrinin bərpasına yönəldilir. Məskunlaşma da uğurla gedir. Artıq işğaldan azad olunmuş ərazilərdə təxminən 85 min soydaşımız yaşayır və yaxud çalışır. Bu ilin sonunadək daha 30 min vətəndaşın öz doğma dədə-baba torpaqlarına köçünü təmin etmək hədəflənib.

Panel müzakirələrində həmçinin işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə mane olan amillərə də diqqət çəkilib. Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesində ən böyük çətinlik mina problemi olub.  “ANAMA-nın fəaliyyəti nəticəsində minatəmizləmə işləri sürətləndirilib və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb”, - deyə Vahid Hacıyev qeyd edib.

Beynəlxalq təşkilatların da təsdiqlədiyi kimi, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. Mütəxəssislərin qənaətinə görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur. Həmin ərazilərdə mina terroru aradan beş il ötəndən sonra da davam edir. Bütövlükdə, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə 400-dən çox azərbaycanlı mina qurbanı olub. Beləliklə, hazırda ekoloji zərər və genişmiqyaslı mina çirklənməsi azad edilmiş ərazilərdə həyatın bərpası prosesində əsas çağırışlardan biridir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31