Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müasir şəhərsalmanın yol xəritəsi

Müasir şəhərsalmanın yol xəritəsi

23.05.2026 [12:25]

Bakının Baş Planı 2040-cı ilədək yeni inkişaf dövrünün tələblərini hədəfləyir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Azərbaycan paytaxtının 2040-cı ilədək inkişafını müəyyən edən “Bakı Baş Planı”nın əsas prioritetləri, şəhərsalma yanaşmaları, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və dayanıqlı urbanizasiya hədəfləri geniş müzakirə olunub. “2040-cı il Bakının Baş Planı - Yeni İnkişaf Dövrü” mövzusunda aparılan müzakirələrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə yanaşı, beynəlxalq tərəfdaşlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov bildirib ki, “Bakı Baş Planı 2040” paytaxtın daha yaşıl, inklüziv, dayanıqlı və qlobal rəqabətqabiliyyətli şəhərə çevrilməsini hədəfləyir. Bu çərçivədə parkların genişləndirilməsi, sahilyanı ərazilərin abadlaşdırılması, şəhər bulvarının inkişafı və məhəllə infrastrukturunun yenilənməsi daha yaşanılabilən şəhər mühitinin formalaşdırılması ilə bağlı layihələrin icrası nəzərdə tutulur ki, bütün bu tədbirlərin başlıca məqsədi sakinlərin həyat keyfiyyətinin yüksəldilməsidir.

Milli “yaşıl tikinti” sənədi hazırlanır

Paytaxtın Baş Planında ekoloji dayanıqlılıq, enerji səmərəliliyi və bərpaolunan enerji həllərinin təşviqi əsas istiqamətlərindən biri kimi mühüm yer tutur. Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində milli “yaşıl tikinti” yol xəritəsinin hazırlanması istiqamətində işlər aparılır. Əməkdaşlıq çərçivəsində Azərbaycan milli yaşıl tikinti yol xəritəsinin hazırlanması istiqamətində də mühüm addımlar atılmaqdadır. “Yaşıl tikinti” layihələri ekoloji cəhətdən təmiz və sağlam binalar tikmək üçün istifadə olunur. Bu cür layihələrdə ətraf mühitə təsirləri minimuma endirmək üçün material seçimi, enerji istifadəsi, suya qənaət və tullantıların idarə edilməsi kimi amillər diqqətlə planlaşdırılır. Bura, həmçinin binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. “Yaşıl tikinti”nin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.

“Yaşıl tikinti” təkcə ekoloji cəhətdən təmiz deyil, həm də iqtisadi və sosial cəhətdən davamlı müsbət faydalar verir. Xüsusilə də tikinti sektorunda xərclərə qənaət edilməsi baxımından faydası böyükdür. Bu tikinti yanaşması əməliyyat xərclərini azaltmaq, biznesin səmərəliliyini artırmaq və riskləri azaltmaq üçün nəzərdə tutulub. Belə ki, “yaşıl tikinti” layihələrinin idarə edilməsi sayəsində daha səmərəli, qənaətcil texnologiyalardan, ucuz enerji və xidmətlərdən istifadə mümkün olur, bu isə həm dövlətin, həm də özəl tikinti şirkətlərinin xərclərinin azalmasına səbəb olur. Dövlətin tikinti investisiylarının dəyəri azalmaqla əlavə inşaat layihələrinə sərmayə qoymaq potensialı da artır.

Çoxmərkəzli şəhər modelinə keçid

Baş Planda yol-nəqliyyat infrastrukturunun da yenidən qurulması ilə bağlı prioritetlər müəyyən edilib. Müasir şəhər dayanıqlı və yaxşı əlaqələndirilmiş nəqliyyat sistemi olmadan effektiv fəaliyyət göstərə bilməz. Bu baxımdan Baş Planda ictimai nəqliyyatın inkişafına, multimodal əlaqələrin genişləndirilməsinə, nəqliyyat sıxlığının azaldılmasına və yaşayış, biznes və istirahət zonaları arasında inteqrasiyanın gücləndirilməsinə üstünlük verilib. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov bildirib ki, Bakı hazırda çoxmərkəzli şəhər modelinə keçid edir və şəhər mobilliyi inteqrasiya olunmuş sistemə çevrilir, şəhərin inkişafı artıq yalnız iqtisadi göstəricilərlə deyil, əlçatanlıq və səmərəli mobilliklə ölçülür.

Çoxmərkəzli şəhər modeli şəhərin yükünü tək bir mərkəzdən çıxarıb, bir-biri ilə inteqrasiya olunmuş müxtəlif alt-mərkəzlərə bölən planlaşdırma konsepsiyasıdır. Bu modeldə nəqliyyat tıxacları azaldılır və effektiv ictimai nəqliyyat qovşaqları vasitəsilə mərkəzdənqaçma hərəkətliliyi təmin edilir. Bu modelə əsasən, mərkəzlər və alt-mərkəzlər yüksək tutumlu nəqliyyat dəhlizləri (metro, dəmir yolu, sürətli avtobus xətləri) üzərində qurulur, şəhərdaxili nəqliyyat sistemi - avtobus şəbəkəsi, dəmir yolu, metro bir-birini tamamlayır və mobillik zənciri təmin edilir.

Qeyd edək ki, ictimai nəqliyyatda mobilliyin artırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan əsas hədəflər sırasında da yer alır. Prioritetlərə əsasən, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri nəzərdə tutulur.

Hazırda həmin sxem üzrə bir neçə layihə icra olunur ki, onlardan ən genişkomponentli olanı Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər uzanan yeni yol layihəsidir. Layihənin təxminən 50 faizi icra olunub və  layihə şəhərin nəqliyyat yükünün azaldılmasına xidmət edəcək.

“Yaşıl nəqliyyat” parkının genişləndirilməsi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı regional idarəsinin rəisi Tərlan Səfərov isə Bakı nəqliyyat sisteminin vahid mobillik ekosisteminə çevrildiyinə diqqət çəkərək perspektiv planlar sırasında metro şəbəkəsinin genişləndirilməsi, avtobus zolaqlarının artırılması və yeni nəqliyyat qovşaqlarının yaradılması paralel şəkildə davam etdirilməsinin nəzərdə tutulduğunu xatırladıb.

Digər istiqamət davamlı şəhər nəqliyyatında karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, “yaşıl nəqliyyat” konseptinin tətbiqinə nail olunmasıdır. Hazırda paytaxtda 368 ekoloji təmiz avtobus fəaliyyət göstərir, 140 kilometr avtobus zolağı salınıb və sərnişindaşıma həcmi davamlı olaraq artır. Eyni zamanda, Bakı şəhərində taksi parkı da, tədricən, alternativ yanacaqlardan istifadə edən nəqliyyat vasitələri ilə yenilənir. Ancaq bu, ekoloji stanrdartlara çatmaq üçün yetərli deyil, şəhərin digər nəqliyyat parklarının yaşıllaşdırılması üçün kifayət qədər işlər görülməlidir. Çünki nəqliyyat ətraf mühiti çirkləndirən əsas mənbələrdən biridir, ümumi çirkləndirmədə 60-70 faiz paya malikdir. Təhlillərə görə, Bakı şəhərində 1 km yola, təqribən 473 avtomobil düşür ki, bu da ekoloji baxımdan olduqca zərərlidir. Bir avtomobil, orta hesabla hər il 4,0 ton oksigen udur, 800 kq zərərli qaz, 40 kq azot oksidi, 200 kq müxtəlif karbohidrogenlər buraxır, eləcə də 1 litr yanacağn tam yanması üçün 15 kq oksigen tələb olunur. Bu amillər “yaşıl nəqliyyat” sisteminin formalaşdırılmasını olduqca aktual edir. Bu baxımdan şəhərsalmada həm də ərazilərdən səmərəli istifadə olunması imkanlarını təqdim etməli, istismar edilən nəqliyyat parkının proporsional bölünməsi, yol-nəqliyyat kompleksinə daxil olan ayrı-ayrı sahələr arasında əlaqələrin təmin olunması da vacibdir.

İctimai nəqliyyatda mobilliyin artırılması

Bakının ictimai nəqliyyat sektorunda infrastrukturunun modernləşməsi, xidmətin çoxçeşidliliyinin təmin edilməsi də milli tələblər sırasındadır. Paytaxtın böyük meqapolis kimi daha da inkişaf edərək böyüməsi ictimai nəqliyyatdan istifadənin yeni tələbatlarını meydana çıxarır, bu konteksdən çoxşəbəkəli xidmət infrastrukturunun yaradılması aktuallaşır. Nəqliyyat şəhər xidmətlərinin əsas sahələrindən biri kimi ümumi mobilliyin təminatında mühüm yer tutur. Ona görə də, sərnişinlərə daha əlçatan və koordinasiyalı, rahat nəqliyyat landşaftı qurmaq vacib həyat şərtlərindən biridir. Aktiv mobillik sahəsində görülən işlərdən də biri kimi paytaxtda 65 kilometr velosiped yolu salınıb, 1000-dən çox velosiped parklanma məntəqəsi quraşdırılıb. Həmçinin, mikromobillik həllərinin, xüsusilə elektrik skuterlərinin qısaməsafəli səfərlərdə istifadəsinin artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu xidmətlər üzrə 4 milyondan çox səfər həyata keçirilib və 400 mindən artıq istifadəçi sistemdən yararlanır. Əldə olunan nəticələr Bakı sakinlərinin dayanıqlı və alternativ nəqliyyat həllərinə marağının artdığını nümayiş etdirir. Bu kimi mobil hərəkət xətlərinin şaxələndirilməsi üzrə müvafiq tədbirlər planı icra olunacaq. Məqsəd magistral yollar, metro, dəmir yolu və digər nəqliyyat növlərini ayrı-ayrı sistemlər kimi deyil, vahid rəqəmsal və fiziki ekosistem şəklində inteqrasiya etməkdir. Bu yanaşma səyahət vaxtının azaldılmasına və şəhər üzrə əlçatanlığın artırılmasına xidmət edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31