Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Uğurlu enerji strategiyası...

Uğurlu enerji strategiyası...

03.06.2026 [10:58]

Azərbaycanın milli maraqları tam təmin olunub, dünya ölkələrinin enerji təminatı güclənib

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev iqtisadi müstəqilliyin möhkəmlənməsində və inkişafın təmin edilməsində enerji amilinin mühüm əhəmiyyətinə toxundu. Bəyan edildiyi kimi Ulu Öndərin əsasını qoyduğu enerji strategiyası uğurlu model kimi həm Azərbaycanın milli maraqlarının tam təmin edilməsində, həm də dünya ölkələrinin enerji təminatında mühüm rol oynayıb. Ölkəmizin iqtisadi mənzərəsi köklü şəkildə dəyişib, bu, uğurlu enerji siyasətinin həyata keçirilməsi nəticəsində  1990-cı illərin əvvəllərinin Azərbaycanı ilə müasir Azərbaycan arasındakı fərq aydın görünməkdədir.

Dayanıqlı inkişafı təmin edən siyasət

Dövlət başçısı neft-qaz gəlirlərinin düzgün və səmərəli idarə edilməsi sayəsində əldə edilən nəticələrə toxunaraq milli gəlirlərin sosial infrastruktur, təhsil, səhiyyə, ordu quruculuğu və iqtisadi inkişafa möhkəm töhfə verdiyini xatırlatdı. Enerji layihələri işə düşdükdən sonra Azərbaycan böyük maliyyə vəsaitləri əldə etməyə başladı və dayanıqlı inkişaf arxitekturası formalaşdı. Xüsusilə də 2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də inkişaf meyarları baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi,  regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi kənd təsərrüfatı məhsullarının, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin istehsalına əhəmiyyətli təkan verdi. Eyni zamanda, Dövlət proqramlarının icrası etibarlı biznes mühitinin möhkəmlənməsinə və milli sahibkarlıq təbəqəsinin artan gücü sayəsində ixracyönümlü məhsul istehsalının və qeyri-neft iqtisadiyatında əlavə dəyəri formalaşdıran mənbələrin böyüməsinə, bölgələrdə ən müasir rəqabətədavamlı istehsal, xidmət və emal müəssisələrinin sayının artırılması sayəsində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və nəticə etibarilə sosial rifahın güclənməsinə və yoxsulluğun səviyyəsinin azalmasına səbəb olub.

Enerji gəlirləri iqtisadi müstəqilliyimizi möhkəmləndirib

Milli və suveren institutun - Dövlət Neft Fondunun yaradılması gəlirlər toplanaraq investisiyayönümlü olmasını təmin etdi, həmin vəsaitlər xarici aktivlərə yatırılaraq qorunur və ölkə iqtisadiyyatına müəyyən edilmiş qaydalar (büdcə qaydası) çərçivəsində transfert edilir. Eyni zamanda, bu uzaqgörən siyasət fiskal və büdcə qaydalarını tənzimləməklə, iqtisadiyyatı neftin qiymətindəki kəskin dalğalanmalardan qorumaq üçün güclü immunitet sayılır. Həmçinin büdcə qaydası vasitəsilə neft gəlirlərindən asılılıq mərhələli şəkildə azaldılır və qeyri-neft sektorunun inkişafı prioritetləşdirilir. Habelə neft gəlirləri insan kapitalına investisiya edilir, təhsil, elm, səhiyyə və innovasiya sektorlarının inkişafına təkan verir. Bir sözlə, mükəmməl enerji siyasəti bilik və texnologiyaya əsaslanan iqtisadiyyata transformasiyanı təmin etməkdədir.

Sözsüz ki, artan maliyyə imkanları Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi ilə yanaşı, ölkənin bir nömrəli müqəddəs vəzifəsi olan işğaldakı torpaqların düşmən tapdağından azad edilməsində də əsaslı rol oynayıb. Belə ki, son 20 ildə təkcə hərbi-müdafiə xərcləri 38 dəfəyə yaxın artıb. 2003-cü ildə 150 milyon manat olan hərbi xərclərin büdcədəki payı 2025-cı ildə 7 milyard manatı üstələyib. Məhz bu güclü iqtisadi-maliyyə arxitekturası üzərində rəşadətli Ordu qurulmuş və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanılmış, 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində münaqişənin son akkordu da tamamlandı.

Ən yaxşı investisiya reytinqinə malik ölkələr qrupunda

Bu siyasətin digər bir uğuru Azərbaycanın iqtisadi göstəricilərinin daim artımının dinamikasının yüksəlməsidir. İnkişafın sosial sahəyə təsirləri sayəsində yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Bu amili aparıcı beynəlxalq reytinq agentliklərinin təsdiqlədiyi reytinqlərdə də görmək mümkündür. Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbediciliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir. Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.

Strateji ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir

Unikal enerji idarəetməsi Azərbaycanın milli yığım potensialının artmasında da mühüm rol oynayıb. Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış ehtiyatların həcmi hazırda 85 milyard dollara çatıb. Dövlət Neft Fondu hazırda dünyanın ən nəhəng suveren fondları, kapital institutları ilə sıx əməkdaşlıq edir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan ABŞ-ın “Brookfield Asset Management” və “Brookfield” şirkətləri ilə yaxın əməkdaşlıq münasibətləri investisiya nüfuzunun göstəricisidir. Habelə Amerikanın “Neuberger Berman” şirkəti ilə səmərəli tərəfdaşlıq quran Dövlət Neft Fondunun müasir investisiya alətləri tətbiq etməsində “Neuberger Berman”in təcrübəsi mühüm əhəmiyyət kəsb edir.

DNF Avrozona, ABŞ, Asiya və digər qlobal bazarlarda öz investisiya siyasətini şaxələndirərək Azərbaycanın milli gəlirlərinin artmasında mühüm rol oynayır. Dünyada baş verən mürəkkəb geoiqtisadi proseslər fonunda təmkinli sərmayə siyasəti yürüdərək məcmu aktivlərini artırmaqdadır. Hazırda fondun kapital porfelinin əhəmiyyətli hissəsi qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldilib.

Bu gün Azərbaycanın strateji ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu gün xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Ümumilikdə, Bakı Enerji Forumu enerji sahəsində dövlət- özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxaracaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 2 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30