Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisdə 14 məsələ müzakirə edilib

Milli Məclisdə 14 məsələ müzakirə edilib

01.07.2026 [09:58]

İyunun 30-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 14 məsələ daxil edilib.

Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək bildirib ki, iyunun 22-dən 25-dək Bakıda Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası uğurla keçirilib. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük beynəlxalq qurumlarından biridir və öz sıralarında 57 dövləti birləşdirir: “1969-cu ildə yaradılmış bu təşkilat müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə islam dünyasının ümumi maraqlarının müdafiəsi üçün mühüm platforma rolunu oynayır. Təşkilatın Parlament İttifaqı Konfransının 20-ci sessiyası  Azərbaycanın islam aləmində yüksək nüfuzunu bir daha təsdiq edən mühüm beynəlxalq hadisə oldu. Tədbirdə 43 ölkədən və 11 beynəlxalq təşkilatdan 54 nümayəndə heyəti, ümumən 500-dən çox nümayəndə iştirak edib”. S.Qafarovanın fikrincə, sessiyada İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqına sədrliyin Azərbaycan Milli Məclisinə təhvil verilməsi ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın bir ifadəsidir və dövlətimizin müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək sahəsində ardıcıl siyasətinin təsdiqidir. “Tədbirin mühüm yekunlarından biri də Bakı Bəyannaməsinin qəbul edilməsi oldu. Bəyannamə İttifaqın üzvü olan parlamentlərin qarşılıqlı əlaqəni və əməkdaşlığı, həmrəyliyi və dialoqu daha da möhkəmləndirmək əzmini ifadə edir”,-deyə spiker vurğulayıb.

Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi qəbul olunub. Layihəyə əsasən, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulur. “Metrik Konvensiya” ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir. 

Daha sonra “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənəd haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. Layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2 faiz üstələyərək 39 milyard 184,6 milyon manata çatıb. Dövlət büdcəsinin xərcləri isə 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8 faiz azdır. Nəticədə, 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.

İclasda iştirak edən maliyyə naziri Sahil Babayev çıxış edərək millət vəkillərinin qaldırdığı məsələlərə aydınlıq gətirib, bir sıra sualları cavablandırıb. Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsinin icrası göstərir ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf kursu mürəkkəb qlobal iqtisadi şəraitdə belə ölkəmizin dayanıqlı inkişafını, maliyyə sabitliyini və vətəndaş rifahının yüksəldilməsini təmin edib. Nazir bildirib ki, son illərdə dünyada geosiyasi gərginliklərin, logistika zəncirlərində pozuntuların, enerji və ərzaq bazarlarındakı dəyişkənliyin davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib: “Bu nəticələr əsasında fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına davamlı diqqət dayanır. 2025-ci ildə dövlət və icmal büdcələr müəyyən edilmiş prioritet istiqamətlərin, sosial təminat tədbirlərinin, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsi təmin olunub”.

S.Babayev deyib ki, son illər ölkəmizdə aparılan ardıcıl islahatlar qeyri-neft sektorunun davamlı inkişafını şərtləndirib. Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil etməklə, ümumi ÜDM-in 71,5 faizinə bərabər olub. Bu 2024-cü illə müqayisədə 2,7 faiz real artım deməkdir. Nazir bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatıb. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz bəndi çoxdur. “Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son 5 ildə 43,3 faizdən 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft gəlirlərinin xüsusi çəkisinin 57,4 faizə çatdırılması nəzərdə tutulur”, - deyə S.Babayev qeyd edib.

İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsində,  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib. Bu xüsusda, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Layihədə 16-18 yaş qrupunun platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacağı nəzərdə tutulur. Həmçinin platforma provayderlərinin uşaqların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli məlumatların operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı vəzifələri müəyyən edilir. Qanun layihəsi ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur.

Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindiyi gündən etibarən sosial şəbəkə platformalarına yeni tələblərə uyğunlaşmaq üçün müəyyən müddət verilir. Sənədin qəbul edilməsi uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına xidmət edəcək.

“Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə  isə Azərbaycanda Media və Yayım Şurasının yaradılması nəzərdə tutulub. Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.

“Media haqqında” Qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq. Bu xüsusda, media və yayım sahəsində səlahiyyətli Şuranın yaradılması “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələrində də dəyişikliklər edilməsini nəzərdə tutur.

Bütövlükdə, təqdim olunan qanun layihəsi media sahəsində normativ tənzimləmənin müasirləşdirilməsi, tətbiq mexanizmlərinin gücləndirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması məqsədi daşıyır.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31