Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yayın görünməyən təhlükəsi...

Yayın görünməyən təhlükəsi...

07.07.2026 [09:34]

Günəş təkcə dərini deyil, gözləri də yandırır

İsti havalarda günəş şüaları göz sağlamlığına mənfi təsir göstərə bilər. Məlumdur ki, göz insan orqanizminin ən həssas üzvlərindən biri hesab olunur. Günəşdən yayılan ultrabənövşəyi A (UVA) və ultrabənövşəyi B (UVB) şüaları uzun müddət ərzində qorunmasız şəkildə göz toxumalarına təsir etdikdə, buynuz qişada, büllurda, tor qişada, hətta göz qapaqlarında müxtəlif dərəcəli zədələnmələr yarada bilər. Bu dəyişikliklər bəzən ilkin mərhələdə heç bir əlamət verməsə də, illər keçdikcə görmə qabiliyyətinin zəifləməsinə səbəb olur.

Yay aylarında ən çox rast gəlinən problemlərdən biri isə “fotokeratit” adlanan vəziyyətdir. Bu, buynuz qişanın ultrabənövşəyi şüalar nəticəsində yanması kimi qiymətləndirilir. Adətən güclü günəş işığına, dəniz sahillərində qumun, suyun və ya qarın səthindən əks olunan şüalara uzun müddət məruz qaldıqdan sonra inkişaf edir. Nəticədə gözlərdə kəskin ağrı, güclü yaşarma, işığa qarşı həssaslıq, yanğı hissi, qızartı və görmənin müvəqqəti bulanıqlaşması meydana gəlir.

Günəş radiasiyası tor qişaya necə təsir edir?

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən oftalmoloq Gündüz Məmmədli bildirib ki, uzun illər ərzində günəş şüalarının davamlı təsiri göz büllurunda bulanıqlığın yaranmasına, yəni kataraktın inkişaf riskinin artmasına səbəb ola bilər. Onun sözlərinə görə, bu xəstəlik yaşlanma ilə əlaqəli hesab edilsə də, ultrabənövşəyi şüalara uzunmüddətli məruz qalmaq onun daha erkən yaşlarda meydana çıxmasına zəmin yarada bilər:

“Bundan əlavə, güclü günəş radiasiyası tor qişanın, xüsusilə də mərkəzi görməyə cavabdeh olan makula nahiyəsinin zədələnməsinə təsir göstərən amillərdən biri hesab olunur. Uzunmüddətli UV təsiri yaşa bağlı makula degenerasiyasının inkişaf riskini artıraraq insanın oxuma, avtomobil idarə etmə və incə detalları seçmə qabiliyyətinə mənfi təsir göstərə bilər”.

“Quru göz sindromu”

Otalmoloq qeyd edib ki, yay aylarında küləkli hava, yüksək temperatur, kondisionerli mühit və günəş şüalarının birgə təsiri göz yaşının buxarlanmasını sürətləndirərək “quru göz sindromu”nun yaranmasına və ya mövcud şikayətlərin daha da güclənməsinə səbəb ola bilər:

“Belə hallarda insanlar gözlərdə batma, sancma, yad cisim hissi, yanğı, yorğunluq və görmənin müvəqqəti bulanıqlaşmasından şikayət edirlər.

Dəniz və hovuz mövsümündə gigiyena qaydalarına əməl edilmədikdə və ya kontakt linzalarla suya daxil olunduqda infeksion göz xəstəliklərinin yaranma ehtimalı da artır. Çünki hovuz suyunda istifadə olunan kimyəvi maddələr gözün qoruyucu təbəqəsini qıcıqlandıra, müxtəlif mikroorqanizmlər isə buynuz qişada iltihabi proseslərin inkişafına səbəb ola bilər”.

Saat 10:00-16:00 arası...

Həkimin sözlərinə görə, gözləri günəşin zərərli təsirlərindən qorumağın ən effektiv yollarından biri beynəlxalq standartlara uyğun, UV400, 100 faiz UVA və UVB qoruyuculuğuna malik keyfiyyətli gün eynəklərindən istifadə etməkdir:

“Yalnız tünd rəngli şüşələr gözləri qorumur və keyfiyyətsiz eynəklər bəbəyi genişləndirərək ultrabənövşəyi şüaların göz daxilinə daha çox daxil olmasına şərait yarada bilər.

Xüsusilə, saat 10:00-dan 16:00-a qədər olan müddətdə günəş şüalarının intensivliyi daha yüksək olduğundan, bu saatlarda mümkün qədər kölgədə qalmaq, geniş kənarlı papaqlardan istifadə etmək və uzun müddət birbaşa günəş altında qalmaqdan çəkinmək göz sağlamlığının qorunması baxımından olduqca vacib hesab olunur.

Kontakt linza istifadə edən şəxslər yay aylarında gigiyena qaydalarına daha ciddi əməl etməli, linzaları təmiz əllərlə taxmalı və çıxarmalı, hovuzda, dənizdə linza ilə üzməkdən mümkün qədər çəkinməli, gözlərdə qızartı, ağrı və ya bulanıq görmə yarandıqda isə linzaları dərhal çıxararaq həkimə müraciət etməlidirlər”.

Gözlərdə ağrı və qızartını adi yorğunluq saymayın!

Oftalmoloq həmçinin qeyd edib ki, orqanizmin kifayət qədər maye qəbul etməsi, antioksidantlarla zəngin qidalanma, xüsusilə A, C və E vitaminləri, lutein, zeaksantin və omeqa-3 yağ turşuları ilə zəngin məhsulların rasiona daxil edilməsi göz toxumalarının sağlamlığının qorunmasına və oksidləşdirici stressin azaldılmasına müsbət təsir göstərə bilər:

“Əgər günəş altında qaldıqdan sonra gözlərdə güclü ağrı, ani görmə zəifləməsi, işığa baxa bilməmək, davamlı qızartı, irinli ifrazat və ya bir neçə saat ərzində keçməyən narahatlıq müşahidə olunursa, bu əlamətləri adi yorğunluq kimi qiymətləndirmək düzgün deyil. Vaxt itirmədən həkimə müraciət etmək lazımdır, çünki erkən diaqnostika və düzgün müalicə gələcəkdə yarana biləcək ciddi görmə problemlərinin qarşısını almaqda mühüm rol oynayır.

Unutmaq olmaz ki, göz sağlamlığını qorumaq yalnız görmə qabiliyyətini saxlamaq deyil, həm də həyat keyfiyyətini uzun illər yüksək səviyyədə davam etdirmək deməkdir. Yay aylarında sadə profilaktik tədbirlərə əməl etməklə ultrabənövşəyi şüaların gözlərə vurduğu zərərin əhəmiyyətli dərəcədə qarşısını almaq mümkündür”.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31