Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

08.08.2026 [09:17]

Sonra...

Sonra unudursan hər şeyi...

Olub keçənləri,

ölüb köçənləri.

doğulub böyüdüyün o uçuq-sökük evi də...

Həyətdəki yamyaşıl ağac da

yavaş-yavaş tökür yarpaqlarını,

heç olmamış kimi

silinib gedir xəyalından...

Sonra unudursan hər şeyi...

Unudursan gecənin, gündüzün rəngini,

sən ki heç tuta bilmədin bu dünyanın ahəngini.

Əlifbandakı hərflər ölür,

rəqəmlər bircə-bircə düşür təqvimdən,

boşluqların rənginə boyanmış

o doğulduğun gün də

başqa günlər kimi sürüşür təqvimdən...

Sonra unudursan hər şeyi...

Qorxub bağırırsan güzgüdən boylanan o yad gözlərin dəhşətindən.

Qovuşa bilmir kirpiklər də

donmuş göz yaşları düşər deyə illərdir qoruduğun o heykəl

ayılar, küsər deyə.

Sonra unudursan hər şeyi...

Kimdir bacın, qardaşın?

Sirdaşın, yoldaşın?

Kimsən sən?

Axı kimdir səni dünyaya gətirən qadın?

Sonra unudursan hər şeyi...

Qırıq-qırıq nə qalıbsa yadında

Üçüncü adam kimi baxırsan ona da...

Qonşunun ağrısını hiss edə bildiyin

qədər

hiss edirsən özünü,

Sən çoxdan söndürmüsən ürəyinin

yanğısını, közünü...

Sonra unudursan hər şeyi...

unudursan

və başlayırsan yaşamağa...

***

Qanadlarını açaraq yox,

gözlərini qapayaraq uçur adamlar.

Hərəkətsiz dayananda atılır ən böyük addımlar.

ən uzun yollar da beləcə fəth edilir.

Şüşədən yox,

sevgidəndir ürəyin eynəyi.

Nə qədər çox sevsən,

o qədər çox görərsən.

Kirpiklərin qovuşmağı söküb atırmış

bütün tikanlı məftilləri,

sərhəd yox,

hüdud yox,

hər şey əlçatandır.

Bir buludun ətəyindən yapışıb

dünyanı damla-damla gəzə bilirəm.

sonra yolumu Günəşdən salıb sevgilimin yanaqlarında üzə bilirəm.

Nə zaman darıxsam,

əlimi ürəyimin üstünə qoyub

səndə oluram,

yeri gələndə mən sən də oluram, Allah!

Nə bilim, bəlkə də, günahkaram,

Bağışla...

Bağışla,

Bütün sərhədlərini aşıram, Allah!

***

Oğlum, bizim də küçələrdən

gülümsəyən adamlar keçəcək.

Sallanan qaş-qabaqlar quşların lələyinə ilişib buralardan köçəcək.

Yer günəşin ətrafında fırlanan kimi,

bir də görəcəksən hansısa baba tutub hansısa nənənin əlindən,

dolana-dolana rəqs edir.

Bu şəhərdə təbəssümlər çıxacaq taxta,

Sıxışdıracaq iki dodağı bir-birinə

yapışdıran, büzüşdürən nə varsa!

Yaşamağı öyrədən məktəblər açılacaq.

Ən yüksək maaşı şükran dərsi deyən müəllimlər alacaqlar.

Oğlum, bu şəhərdə adamlarla pişiklər dost olacaqlar,

İtlər insanların sevgisindən

məst olacaqlar.

Əl-ələ tutub gülləni atacaqlar

mərhəmətsizliyin yuvasına.

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Bu şəhərdə atalar gecə rahat yatacaqlar,

Yorğanın altında qısılıb

qollarını alınlarına, əllərini ürəklərinə qoymadan.

Alınlarını köynəyin qollarına silə-silə

şalvarların ciblərini yoxlamadan...

Qaça-qaça keçməyəcəklər adamlar ağacların yanından,

Görüb keçəcəklər,

Duyub keçəcəklər.

Sanma, ağacları yenə kəsəcəklər.

Bu şəhərdə binalar utanacaq ağacların yerində durmağa.

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Gec oldu daha, gəl yataq.

Lay-lay... Lay-lay...

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Gülay Tahirli

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31