Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Məkkə üçbucağı

Məkkə üçbucağı

12.08.2026 [10:25]

Üç ölkənin ittifaqı Yaxın Şərqdə qüvvələr balansını necə dəyişir?

Yeni təhlükəsizlik arxitekturasının formalaşması

Yaxın Şərqdə geosiyasi proseslər son illər yalnız ayrı-ayrı dövlətlər arasında münasibətlərin dəyişməsi ilə məhdudlaşmır, daha mühüm proses regionun təhlükəsizlik arxitekturasının tədricən yenidən qurulmasıdır. Bu baxımdan 7 avqust 2026-cı ildə Məkkədə Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən imzalanmış Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında üçtərəfli müdafiə razılaşması xüsusi geosiyasi əhəmiyyət daşıyır. Sazişin əsas siyasi-hərbi prinsipi “birinə qarşı silahlı hücum hamısına qarşı hücum sayılır” yanaşmasıdır. Bu, kollektiv müdafiə mexanizmini nəzərdə tutur. 2025-ci ilin 17 sentyabr tarixində Ər-Riyadda Səudiyyə Ərəbistanı ilə Pakistan arasında ayrıca “Strategic Mutual Defence Agreement” (Strateji Qarşılıqlı Müdafiə Sazişi) imzalanmışdı. Lakin 2026-cı il Məkkə sazişi üç ölkə arasında daha geniş regional təhlükəsizlik mexanizmi yaratmaq, müdafiə texnologiyası və sənaye imkanları ilə üçüncü sütunu əlavə etmək məqsədini daşıyır. Fərq əsasən tərəflərin sayı, əhatə dairəsi və strateji hədəfdədir. Sadə desək, 2025-ci ildə Səudiyyə Ərəbistanı və Pakistan “Bir-birimizi müdafiə edirik” deyirdisə, 2026-cı ildə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan “Qarşılıqlı müdafiəni daha geniş regional və hərbi-sənaye əməkdaşlığına çeviririk” deyir.

Razılaşmanın mahiyyəti ondan ibarətdir ki, üç dövlət təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa keçməklə yanaşı, bir-birinin müdafiəsini qarşılıqlı şəkildə təmin etməyə yönəlmiş mexanizm formalaşdırır. Sənəddə əks olunan yanaşmaya görə, üç ölkədən birinə qarşı silahlı hücum digər iki dövlət üçün də təhlükə kimi qiymətləndirilir. Bu müddəa məzmun etibarilə kollektiv müdafiə prinsipini ön plana çıxarır. Bu, simvolik sənəd deyil, çünki söhbət yalnız hərbi əməkdaşlıqdan yox, üç müxtəlif geosiyasi resursun vahid təhlükəsizlik formatında birləşdirilməsindən gedir. Səudiyyə Ərəbistanı maliyyə və enerji imkanlarına, Türkiyə inkişaf etmiş müdafiə sənayesinə və hərbi texnologiyalara, Pakistan isə böyük orduya, nüvə dövləti statusuna və uzunmüddətli hərbi təcrübəyə malikdir. Başqa sözlə, ittifaqın üç sütunu bir-birini tamamlayır: maliyyə, texnologiya və hərbi potensial.

Səudiyyə Ərəbistanı - maliyyə gücü

Bu üçbucağın iqtisadi ağırlıq mərkəzlərindən biri Səudiyyə Ərəbistanıdır. Krallığın illik hərbi xərcləri 83 milyard dollardan çoxdur. Bu rəqəm Səudiyyə Ərəbistanının müdafiə və təhlükəsizlik layihələrini maliyyələşdirməsi baxımından nə qədər böyük imkanlara malik olduğunu göstərir. Lakin burada mühüm paradoks mövcuddur: Səudiyyə Ərəbistanı böyük maliyyə resurslarına malik olsa da, uzun müddət müasir silah sistemlərinin əhəmiyyətli hissəsinin xaricdən alınmasına əsaslanıb. Bu isə hərbi təhlükəsizliyi yalnız maliyyə məsələsinə yox, həm də siyasi asılılıq məsələsinə çevirir. Silahın alınması ilə silahın texnologiyasına sahib olmaq eyni şey deyil. Məhz buna görə Ər-Riyadın son illərdə müdafiə sənayesinin lokallaşdırılmasına, texnologiya transferinə və yerli istehsala verdiyi əhəmiyyət təsadüfi deyil. Bu proses Səudiyyə Ərəbistanının “Vision 2030” strategiyası çərçivəsində müdafiə sənayesinin inkişafı ilə əlaqələndirilir. Bu baxımdan Türkiyə ilə əməkdaşlıq Səudiyyə Ərəbistanı üçün yalnız hərbi yox, həm də sənaye və texnoloji məsələdir. Əgər əvvəllər model əsasən “pul ödə və hazır silah al” prinsipi üzərində qurulurdusa, yeni yanaşma “maliyyələşdir, birgə istehsal et və texnologiyaya sahib ol” modelinə keçidi nəzərdə tutur. Bu dəyişiklik uzunmüddətli perspektivdə daha böyük nəticələr yarada bilər.

Türkiyə - texnoloji və sənaye həlqəsi

Üçbucağın ikinci sütununu Türkiyənin müdafiə sənayesi təşkil edir. Bu ölkənin müdafiə büdcəsi təxminən 30 milyard dollardır. Daha mühüm məsələ isə bu vəsaitin hansı texnoloji bazaya söykənməsidir. Türkiyə son illər pilotsuz uçuş aparatları, elektron müharibə sistemləri, zirehli texnika, raket sistemləri və hərbi dəniz platformaları daxil olmaqla, müxtəlif istiqamətlərdə öz müdafiə sənayesini genişləndirib. Ankara bu üçtərəfli formatda əsasən texnoloji rol oynayır. Səudiyyə Ərəbistanının maliyyə imkanları ilə Türkiyənin müdafiə texnologiyalarının birləşməsi isə prinsip etibarilə yeni istehsal modelinin yaranmasına təkan verir.

Burada söhbət yalnız silah satışından getmir. Əsas məsələ birgə tədqiqat və inkişaf proqramlarının, istehsal müəssisələrinin və texnoloji əməkdaşlığın yaradılmasıdır. Xüsusilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin (Research and Development R&D) Səudiyyə Ərəbistanının maliyyə imkanları hesabına genişləndirilməsi və istehsalın lokallaşdırılması perspektivi nəzərdə tutulur. Bu proses reallaşarsa, Yaxın Şərqdə müdafiə sənayesinin coğrafiyası dəyişə bilər.

Pakistan - hərbi potensial və nüvə amili

Üçbucağın daha bir tərəfi Pakistandır. Bu ölkənin müdafiə büdcəsi təxminən 10,8 milyard dollar, yəni təqribən 3 trilyon Pakistan rupisi səviyyəsindədir. Lakin Pakistanın strateji çəkisini yalnız müdafiə büdcəsi ilə ölçmək mümkün deyil. Ölkənin nüvə dövləti statusu və böyük hərbi qüvvələri regional təhlükəsizlik hesablamalarında onu xüsusi mövqeyə çıxarır. Burada mühüm məqamı xüsusi qeyd etmək lazımdır: Pakistanın nüvə potensialının Səudiyyə Ərəbistanına avtomatik şəkildə “nüvə çətiri” yaratdığı nəticəsini çıxarmaq düzgün olmazdı. Pakistan və Cənubi Asiyanın nüvə strategiyası, hərbi modernləşmə və strateji sabitlik məsələləri üzrə çalışan pakistanlı beynəlxalq münasibətlər və təhlükəsizlik tədqiqatçısı,  Avstraliya Milli Universitetinin (ANU) Strategic & Defence Studies Centre-də fəxri müəllim, ekspert Mansur Əhmədin (Dr. Mansoor Ahmed) mövqeyi məhz bu istiqamətdədir. Onun fikrincə, ittifaqın əsas qazancı nüvə texnologiyasının ötürülməsi deyil, müdafiə sənayesi əməkdaşlığının genişlənməsidir. Pakistan və Türkiyənin sənaye və texnoloji imkanları Səudiyyə Ərəbistanının maliyyə resursları ilə birləşəndə daha mühüm nəticə yarana bilər. Bu, məsələnin daha realist tərəfidir, çünki yeni ittifaqın gücü təkcə nüvə silahının mövcudluğunda deyil. Əsas güc üç ölkədəki resursların bir-birini tamamlamasındadır.

“Birimizə hücum - hamımıza hücum” prinsipi nəyi dəyişir?

Məkkə razılaşmasının ən diqqətçəkən tərəfi kollektiv müdafiə prinsipidir. Bu prinsip siyasi baxımdan üç dövlətin hər birinə qarşı potensial hərbi təzyiqin qiymətini yüksəldir. Əvvəllər hər hansı regional böhran zamanı ayrı-ayrı dövlətlərin öz milli imkanları çərçivəsində cavab verməsi ehtimalı daha yüksək idisə, yeni mexanizm belə bir siqnal yaradır: üç ölkədən birinə qarşı hərbi təhlükə digər iki ölkənin də təhlükəsizlik gündəminə daxil ola bilər. Bu, xüsusilə İran ətrafında yaranan təhlükəsizlik dilemması fonunda əhəmiyyətlidir. Yaxın Şərqdə təhlükəsizlik problemləri artıq yalnız klassik dövlətlərarası müharibə ilə ölçülmür. Dəniz yollarına hücumlar, pilotsuz aparatların istifadəsi, raket təhlükəsi, enerji infrastrukturu və dövlət olmayan silahlı qrupların fəaliyyəti təhlükəsizlik anlayışını dəyişib. Belə şəraitdə üç dövlətin hərbi imkanlarını əlaqələndirməsi onların ayrı-ayrılıqda malik olduqları imkanlardan daha böyük çəkindirmə effekti yarada bilər.

ABŞ-dan təhlükəsizlik asılılığının azalması

Məkkə formatının daha geniş geosiyasi mənası məhz burada ortaya çıxır. Səudiyyə Ərəbistanı uzun illər ərzində təhlükəsizlik məsələlərində ABŞ-ın hərbi və siyasi imkanlarına böyük əhəmiyyət verib. Türkiyə isə NATO üzvüdür. Pakistanın da ABŞ-la uzunmüddətli hərbi-siyasi münasibətləri olub. Lakin yeni üçtərəfli formatın meydana çıxması başqa bir tendensiyanı göstərir: region dövlətləri təhlükəsizliyin təmin edilməsində yalnız xarici güclərə arxalanmaq istəmir. Bu proses “xarici təhlükəsizlik təminatçılarından asılılığın diversifikasiyası” kimi qəbul olunmalıdır. Türkiyə və Səudiyyə Ərəbistanının regional təhlükəsizlik məsələlərində daha müstəqil aktor kimi çıxış etmək istəyi xüsusi qeyd olunmalıdır. Bu, ABŞ-ın regiondakı rolunun dərhal aradan qalxması demək deyil, əksinə, daha mürəkkəb proses gedir: regional dövlətlər ABŞ-la münasibətləri saxlamaqla yanaşı, alternativ təhlükəsizlik mexanizmləri də formalaşdırmağa çalışır. Bu isə beynəlxalq münasibətlər nəzəriyyəsində çoxvektorlu təhlükəsizlik siyasəti kimi xarakterizə edilə biləcək yeni yanaşmanın güclənməsinə gətirib çıxarır.

Məkkədən başlayan yeni geosiyasi xətt

Məkkədə formalaşan Ər-Riyad-Ankara-İslamabad xəttini yalnız üç ölkənin hərbi əməkdaşlığı kimi qiymətləndirmək kifayət deyil. Burada daha geniş proses görünür. Səudiyyə Ərəbistanı kapital verir, Türkiyə texnologiya verir, Pakistan hərbi potensial və strateji təcrübə gətirir. Üç resurs birləşəndə isə hərbi-sənaye əməkdaşlığının yeni modeli meydana çıxır. Ekspertlər də ittifaqın əsas perspektivlərindən birinin məhz müdafiə sənayesi olduğunu vurğulayırlar. “Gulf Research Center”in rəhbəri Əbdüləziz Saqer bu formatın işlək institutlara çevriləcəyi təqdirdə üç ölkənin diplomatik və müdafiə çəkisini əhəmiyyətli dərəcədə artıra biləcəyini söyləyir. Deməli, Məkkə razılaşmasının gücü imzalanma mərasimində deyil, real güc bundan sonra yaradılacaq mexanizmlərdə özünü göstərəcək. Əgər üç ölkə birgə hərbi təlimlər, müdafiə sənayesi layihələri, hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası, dəniz təhlükəsizliyi, kəşfiyyat məlumatlarının mübadiləsi və birgə istehsal proqramlarını institusionallaşdıra bilsə, bugünkü razılaşma gələcəkdə regional təhlükəsizlik blokunun ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Əks halda bu format güclü siyasi simvolik əhəmiyyət daşıyan, lakin məhdud praktiki nəticələr verən diplomatik təşəbbüs olaraq qalacaq. Məhz buna görə Məkkə üçbucağının gələcəyi qarşıdakı illərdə onun institusional dərinliyindən, maliyyələşməsindən və real hərbi mexanizmlər yaratmaq qabiliyyətindən asılı olacaq.

Ən mühüm məsələ budur: bu ittifaq yalnız üç ölkənin müdafiəsini gücləndirəcək, yoxsa Yaxın Şərqdə onilliklər ərzində mövcud olmuş qüvvələr balansının özünü dəyişdirəcək? Bu suala cavab isə üçbucağın enerji təhlükəsizliyi, silah sənayesi, Hörmüz boğazı və İran ətrafında yaranmış regional rəqabətlə necə əlaqələnəcəyindən asılıdır.

İran, Hindistan və ABŞ: yeni ittifaqın geosiyasi dalğası

Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında formalaşan yeni müdafiə əməkdaşlığının əhəmiyyəti yalnız bu üç ölkənin hərbi potensialının cəmlənməsi ilə məhdudlaşmır. Əsl geosiyasi nəticə ondan ibarətdir ki, bu format Yaxın Şərq və Cənubi Asiyanın bir-birindən ayrı sayılan təhlükəsizlik sistemlərini müəyyən mənada eyni strateji xətt üzərində birləşdirir. Ər-Riyadın maliyyə imkanları, Ankaranın müdafiə texnologiyaları və İslamabadın hərbi-strateji potensialı artıq iki müxtəlif coğrafiyanın - Ərəbistan yarımadası və Cənubi Asiyanın təhlükəsizlik hesablamalarını bir-birinə yaxınlaşdırır. Bu səbəbdən Məkkə razılaşmasına yalnız regional müdafiə sənədi kimi baxmaq düzgün olmaz. Onun nəticələri Tehran, Dehli və Vaşinqtonda da diqqətlə izlənilir.

İran üçün yeni təhlükəsizlik dilemması

Məkkə üçbucağının formalaşmasının ən mühüm nəticələrindən biri İranın regional təhlükəsizlik hesablamalarına təsir edə bilməsidir. Son illər Yaxın Şərqdə təhlükəsizlik sistemi yalnız dövlətlərin birbaşa hərbi qüvvələri ilə müəyyənləşmir. Müxtəlif silahlı qruplar, raket və pilotsuz uçuş aparatı imkanları, dəniz kommunikasiyalarına təhdidlər və enerji infrastrukturu ətrafında yaranan risklər də regional qüvvələr balansının mühüm hissəsinə çevrilib. Məkkə razılaşmasının yaranması ABŞ-İran qarşıdurmasının və İranla əlaqələndirilən silahlı qrupların, o cümlədən Yəməndəki husilərin fəaliyyəti fonunda baş verir. Bu şəraitdə üç ölkənin kollektiv müdafiə mexanizmi yaratması Tehrana yeni çəkindirmə siqnalı göndərir. Burada əsas məsələ hərbi qarşıdurmanın qaçılmaz olması deyil, əksinə, ittifaqın əsas məqsədi potensial qarşıdurmanın qarşısını almaq üçün onun qiymətini yüksəltməkdir. Başqa sözlə, Tehran üçün hesab dəyişir. Əgər əvvəllər regional təzyiq ayrı-ayrı dövlətlər üzərində formalaşa bilirdisə, yeni sistemdə belə təzyiqin üç dövlətin koordinasiyalı reaksiyasına səbəb olmaq ehtimalı meydana çıxır. Bu, beynəlxalq münasibətlərdə çəkindirmə strategiyasının genişləndirilməsi deməkdir.

1831-ci ildə yaradılmış, müdafiə və təhlükəsizlik üzrə dünyanın ən qədim tədqiqat institutlarından biri sayılan Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (RUSI-Royal United Services Institute for Defence and Security Studies) baş elmi əməkdaşı Burcu Özçelik də Məkkə üçbucağının formalaşmasında əsas məqsədi birbaşa eskalasiya yox, balanslaşdırma və çəkindirmə kimi qiymətləndirir. Ekspertin yanaşmasına görə, yeni format Fars körfəzi və Hörmüz boğazı ətrafında münaqişələrin genişlənməsi riskini azaltmağa yönəlmiş müdafiə konturu yarada bilər. Bu yanaşma mühüm fərqi göstərir: yeni ittifaqı avtomatik olaraq “anti-İran hərbi bloku” adlandırmaq siyasi reallığı həddindən artıq bəsitləşdirərdi. Daha düzgün yanaşma onu regional qüvvələr balansını dəyişdirən çəkindirmə mexanizmi kimi qiymətləndirməkdir.

Hindistanın narahatlığı

Məkkə üçbucağının qiyabi xitab etdiyi digər mühüm ünvan Dehlidir. Səbəbi sadədir: Pakistan bu ittifaqın iştirakçısıdır. Hindistan və Pakistan arasında uzunmüddətli strateji rəqabət mövcuddur və Pakistanın hərbi imkanlarının əlavə maliyyə və texnologiya hesabına genişlənməsi Dehlinin təhlükəsizlik hesablamalarına birbaşa təsir göstərə bilər. Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Randhir Caysval Dehlinin prosesi diqqətlə izlədiyini və onun milli təhlükəsizlik və regional sabitlik üçün nəticələrini araşdırdığını bildirib. Bu narahatlığın arxasında üç amil dayanır: birincisi Səudiyyə Ərəbistanının maliyyə imkanlarıdır; ikincisi Türkiyənin müdafiə texnologiyalarıdır; üçüncüsü isə Pakistanın artıq mövcud olan hərbi və nüvə potensialıdır. Bu üç amil birləşəndə Hindistan üçün əsas sual belə formalaşır: Pakistanın hərbi-sənaye imkanları gələcəkdə hansı səviyyəyə qədər genişlənə bilər? Məsələnin ən həssas tərəfi də budur, çünki söhbət yalnız yeni silahların alınmasından getmir. Əgər üç ölkə arasında müdafiə sənayesi kooperasiyası uzunmüddətli proqram şəklində qurularsa, Pakistanın istehsal və texnologiya imkanları genişlənə bilər. Bu isə Cənubi Asiyada onsuz da mürəkkəb olan təhlükəsizlik dilemmasını daha da çətinləşdirər.

Lakin burada da mühüm bir fərq var. Pakistanlı ekspert Mansur Əhməd xüsusi vurğulayır ki, ölkəsinin nüvə potensialının Səudiyyə Ərəbistanına birbaşa “nüvə çətiri” şəklində ötürülməsi kimi bir nəticə çıxarmaq olmaz. Pakistanın nüvə strategiyası əsasən Cənubi Asiya təhlükəsizlik kontekstinə bağlıdır. Deməli, Hindistanın narahatlığının əsas səbəbi nüvə silahının transferindən çox müdafiə sənayesi, texnologiya və maliyyə əməkdaşlığının genişlənməsi sarıdan ola bilər.

Vaşinqton üçün paradoks

Məkkə üçbucağı ABŞ üçün daha mürəkkəb vəziyyət yaradır. Bir tərəfdən Vaşinqton region ölkələrinin öz təhlükəsizlik imkanlarını gücləndirməsində maraqlı ola bilər. Regional dövlətlərin öz ərazilərini, enerji infrastrukturlarını və dəniz yollarını daha effektiv müdafiə etməsi ABŞ-ın üzərinə düşən təhlükəsizlik yükünü müəyyən qədər azalda bilər. Digər tərəfdən isə müstəqil regional təhlükəsizlik mexanizmlərinin güclənməsi Birləşmiş Ştatların regiondakı ənənəvi siyasi və hərbi təsir rıçaqlarını zəiflədə bilər. ABŞ-ın razılaşmanı müdafiə xarakterli addım kimi qiymətləndirməsinə baxmayaraq, Vaşinqton üçün əsas strateji sual regional dövlətlərin müstəqil təhlükəsizlik sistemi qurmasıdır. Bu, Yaxın Şərqdə son illərdə müşahidə olunan daha geniş tendensiyanın bir hissəsidir. Regional dövlətlər artıq təhlükəsizliyi yalnız bir böyük gücün təminatına bağlamaq istəmir. Ər-Riyadın müxtəlif güc mərkəzləri ilə münasibətlər qurması, Ankaranın müstəqil xarici siyasət xəttini gücləndirməsi və İslamabadın müxtəlif regional tərəfdaşlarla əməkdaşlığı genişləndirməsi daha çoxvektorlu sistemin yaranmasına gətirib çıxarır. Belə bir sistemdə ABŞ yenə də əsas aktorlardan biri olaraq qalır, lakin artıq yeganə təhlükəsizlik təminatçısı rolunda çıxış etməsi çətinləşir.

Hörmüz boğazı - ittifaqın strateji hədəfi

Məkkə razılaşmasının geosiyasi əhəmiyyətini tam anlamaq üçün Hörmüz boğazının roluna xüsusi diqqət yetirmək lazımdır. Bu su yolu dünya enerji təhlükəsizliyi baxımından ən strateji kommunikasiya xətlərindən biridir. Fars körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz boğazında hər hansı ciddi təhlükəsizlik böhranı yalnız region dövlətlərinin yox, dünya enerji bazarlarının da reaksiyasına səbəb ola bilər. Son dövrlər Fars körfəzi ətrafında artan gərginlik və dəniz nəqliyyatına hücum risklərinin çoxalması neft ixracına əlavə təhlükələr yaradır, tankerlərin sığorta xərclərini yüksəldir. Burada bir məqam xüsusi əhəmiyyət daşıyır: neft bazarında qiymət yalnız hasilat həcmi ilə müəyyənləşmir, təchizatın təhlükəsizliyi, daşınma xərcləri, sığorta haqları və marşrutların etibarlılığı da qiymətin formalaşmasına birbaşa təsir edir. Deməli, Hörmüz boğazında təhlükəsizlik riskinin artması neft hasilatının azalmasını gözləmədən belə bazarda qiymət təzyiqi yarada bilər. Bu baxımdan Səudiyyə Ərəbistanı üçün enerji infrastrukturu milli təhlükəsizlik məsələsidir, Ər-Riyadın enerji ixracının təhlükəsizliyi pozularsa, nəticə yalnız hərbi deyil, həm də fiskal və makroiqtisadi xarakter ala bilər. Məhz buna görə yeni ittifaqın dəniz təhlükəsizliyi və hava hücumundan müdafiə imkanlarını genişləndirmə ideyası strateji əhəmiyyət daşıyır.

Neft, müdafiə sənayesi və təhlükəsizlik bir sistem çərçivəsində

Məkkə razılaşmasının ən maraqlı tərəfi təhlükəsizliklə iqtisadiyyatı bir-birindən ayırmamasıdır. Əvvəllər müdafiə ittifaqı əsasən hərbi təhlükəyə cavab mexanizmi kimi qiymətləndirilirdi, indi isə enerji infrastrukturu, limanlar, tankerlər, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, elektron müharibə vasitələri və müdafiə sənayesi eyni strateji sistemin elementlərinə çevrilir. Bu sistem çərçivəsində, dediyimiz kimi, Türkiyənin texnologiyası, Pakistanın hərbi-sənaye və insan resursları, Səudiyyə Ərəbistanının isə maliyyə imkanları vahid müdafiə sənayesi zəncirini formalaşdıra bilər.

Bu modelin iqtisadi məntiqi olduqca aydındır. Səudiyyə Ərəbistanı hazır silah almaq əvəzinə, istehsal zəncirinin bir hissəsinə çevrilmək istəyir. Türkiyə müdafiə məhsulları üçün daha böyük maliyyə və regional bazar əldə edə bilər. Pakistan isə yeni investisiya və texnologiya imkanları qazanar. Beləliklə, ittifaqın hər üç iştirakçısı iqtisadi fayda götürür. Bu isə razılaşmanın davamlılığı baxımından mühüm faktordur, çünki yalnız siyasi marağa əsaslanan ittifaqların davamlılığı daha zəif olur.

“İslam NATO-su” adlandırmaq doğrudurmu?

Yeni üçtərəfli format ətrafında “İslam NATO-su” kimi siyasi ifadələrin işlədilməsi müəyyən mənada başadüşüləndir, çünki kollektiv müdafiə prinsipi, qarşılıqlı təhlükəsizlik öhdəliyi və üç ölkənin hərbi imkanlarının birləşdirilməsi belə müqayisəyə əsas verir. Lakin analitik baxımdan bu iki strukturu tam eyniləşdirmək düzgün olmaz. NATO onilliklər ərzində formalaşmış, çoxsaylı üzvlərə, daimi komanda strukturuna, hərbi planlaşdırma sisteminə və geniş institusional mexanizmlərə malik təşkilatdır. Məkkə formatı isə hələ ilkin mərhələdədir. Onun gələcək gücü razılaşmanın mətnindən çox, sonrakı praktik addımlarla müəyyənləşəcək. Birgə qərargah yaradılacaqmı? Birgə hərbi təlimlər hansı miqyasda keçiriləcək? Hava hücumundan müdafiə sistemləri inteqrasiya ediləcəkmi? Dəniz qüvvələri Hörmüz boğazı və digər strateji marşrutlarda koordinasiyalı fəaliyyət göstərəcəkmi? Müdafiə sənayesi layihələrinə konkret maliyyə ayrılacaqmı? Bütün bu sualların cavabı verilməmiş, yeni formatın tamhüquqlu hərbi ittifaqa çevrildiyini söyləmək tezdir.

Əsl dəyişiklik harada baş verir?

Əsl dəyişiklik hərbi texnikanın sayında deyil, təhlükəsizlik düşüncəsinin dəyişməsindədir. Ər-Riyad, Ankara və İslamabadın mesajı ondan ibarətdir ki, regional dövlətlər öz təhlükəsizliklərinin təmin edilməsi naminə daha çox məsuliyyət götürmək istəyirlər. Bu, Yaxın Şərqdə xarici təminatlara əsaslanan ənənəvi modeldən regional güclərin öz təhlükəsizlik mexanizmlərini yaratdığı modelə keçidin göstəricisi ola bilər. Proses davam edərsə, qarşıdakı illərdə Yaxın Şərqdə yalnız bir neçə böyük gücün yox, bir neçə regional güc mərkəzinin paralel fəaliyyət göstərdiyi daha mürəkkəb sistem formalaşa bilər. Məkkə üçbucağının ən mühüm nəticəsi də məhz budur: region dövlətləri artıq təhlükəsizlik arxitekturasının yalnız obyekti yox, onu formalaşdıran subyekti olmaq istəyir. Lakin qarşıda ciddi suallar durur: İran bu yeni təhlükəsizlik mexanizminə necə cavab verəcək? Hindistan-Pakistan rəqabəti yeni əməkdaşlığa hansı təsiri göstərəcək? ABŞ regional təhlükəsizlik sistemindəki rolunu yenidən necə müəyyənləşdirəcək? Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın maraqları hər zaman üst-üstə düşəcəkmi? Və ən əsası, on milyardlarla dollarlıq müdafiə xərcləri real hərbi inteqrasiyaya çevriləcəkmi?

Məkkə razılaşmasının tarixi əhəmiyyətini bu suallara verilən cavablar müəyyənləşdirəcək. Çünki üç ölkənin eyni siyasi masa arxasında oturması bir hadisədir, həmin masanın işlək təhlükəsizlik mexanizminə çevrilməsi isə tamam başqa məsələdir.

Kəramət QƏNBƏROV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti”

kafedrasının müəllimi,

beynəlxalq hüquq üzrə ekspert

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31