Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 22-ci səfər...

22-ci səfər...

16.09.2026 [11:39]

Ermənilər niyə narahatdır?

Azərbaycan dövləti öz ərazilərini erməni işğalından azad etdikdən sonra Qarabağ  və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. 30 illik işğal dövründə həmin ərazilər tamamilə dağıdılıb, əsl vandalizm həyata keçirilib. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir.

Səfərin özəlliyi...

Torpaqlarımız işğaldan azad edildikdən sonra xarici qonaqlar da bu ərazilərə mütəmadi səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-12-də də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edib. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından da  mühüm əhəmiyyətə malikdir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi çox uğurlu addımdır. 44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

İcma: Azərbaycanın daxili işlərinə qarışmayın!

Bu gün isə diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə də şahidlik edirlər. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr barədə məlumatlar əldə ediblər. Bütövlükdə, diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır.

Lakin diplomatların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistanda ciddi “narahatlıq” doğurub. Belə ki, erməni mediasında və sosial şəbəkələrdə diplomatlar bu səfərə görə əsassız olaraq hədəfə alınırlar. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. İcma Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini qətiyyətlə pisləyib və bunu ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik kimi qiymətləndiririb. “Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür dağıdıcı addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələrin dəyrmanına su tökür. İcma Ermənistanın bu yanaşmasını Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım hesab edir. Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir. Erməni cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi mövzular ilə bağlı əsassız iddialar səsləndirmək əvəzinə, ilk növbədə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin mədəni-tarixi irsin inkar və təhrif edilməsinə, eləcə də dağıdılmasına son qoyulmasına diqqət yetirməlidir. Bu, iki ölkə və cəmiyyət arasında davamlı sülhün bərqərar olmasına xidmət edən əməli addım olardı”, - deyə bəyanatda qeyd edilib.

“Sülh Körpüsü”: Bu səfər mübahisə mövzusu ola bilməz

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu da məsələ ilə bağlı açıqlama yayıb. Qrup sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibət və ictimai müzakirələrdəki qəbuledilməz ton ilə bağlı dərin məyusluğunu bildirib.  “Əvvəla, diplomatik korpusun Azərbaycan Respublikasının suveren ərazisinə səfəri özlüyündə mübahisə mövzusu ola bilməz. Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə, səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyi ilə ziddiyyət təşkil edir. Azərbaycan və Ermənistan hazırda münaqişədənsonrakı mərhələdədir, hər iki ölkə onilliklər boyu davam edən qarşıdurmanın fəsadlarını aradan qaldırmaq kimi məsuliyyətli bir missiya ilə üz-üzədir. Sülh təşəbbüslərinin bir hissəsi kimi biz - vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə sülh prosesini dəstəkləmək, dialoqu təşviq etmək və etimad quruculuğu tədbirlərinə töhfə vermək üçün addımlar atırıq”,- deyə açıqlamada qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazisindəki mədəni irs Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən qorunur. Ədaləti təmin etmək üçün mədəni irs qarşılıqlılıq və açıq dialoq prinsipləri əsasında müzakirə olunmalıdır. Bu məqsədlərə nail olmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin ayrılmaz tərkib hissəsi olan məsələlərin peşəkar müstəvidə müzakirəsi məqsədilə platforma təsis ediblər.

“Sülh prosesinin revanşist qüvvələrin təzyiqinə məruz qalmasına yol verilməməlidir. Çünki bu, sülhə doğru irəliləyişi ciddi şəkildə təhlükə altına sala bilər. Biz Ermənistan cəmiyyətini bu məqsədlə təmkinli mövqe nümayiş etdirməyə, Ermənistanda və onun hüdudlarından kənarda müəyyən şəxslərin bədniyyətli gündəliyinə rəvac verməməyə dəvət edirik”, - deyə açıqlamada vurğulanıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30