Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünyada İslam həmrəyliyi naminə...

Dünyada İslam həmrəyliyi naminə...

18.09.2026 [11:28]

İlham Əliyev: Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək

Dünya tarixindən bəllidir ki, bir sıra hallarda ayrı-ayrı dövlətlərin hansısa platformalarda birləşmələri uzunömürlü olmur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, belə platformalar keçici maraqlar əsasında formalaşır. Azərbaycanın geniş İslam coğrafiyası ilə əlaqələri isə bir sıra təbii amillərə və əlbəttə ki, perspektivə, siyasi və iqtisadi maraqlara əsaslanır.

Bu günlərdə Bakının eyni vaxtda iki mühüm tədbirə -  Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısına və  böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi etməsi Azərbaycanın siyasətinin mühüm əlamətidir. Başqa sözlə ifadə etsək, bu, dövlətimizin və xalqımızın türk dünyasına və İslam coğrafiyasına dərin rəğbətinin təsdiqidir. Bunun böyük rəmzi mənası var.  Prezident İlham Əliyev Bakıda keçirilən konfransların iştirakçılarını qəbul edərkən bildirib ki, məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir.

Tarixə, İslam dəyərlərinə dərin hörmət və bağlılıq

Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində daim tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir.  Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir.

VII-VIII əsrlərdən etibarən Azərbaycan xalqının həyat tərzi, mədəniyyəti, məişəti İslam dini ilə sıx vəhdətdə olub. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında da İslama mənsubluğunu əks etdirib. Keçmiş ittifaqın tərkibində olduğu dövrdə də xalqımız sərt ideoloji basqılara baxmayaraq, öz dini dəyərlərinə sadiqliyini qoruyub saxlayıb.

Ötən əsrin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız özünün tarixdən gələn milli-dini dəyərlərinə tam sahiblik hüququ qazanıb. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra isə respublikamızda din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Sonradan bu siyasət Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2000-dən çoxdur. O cümlədən 300-dən artıq məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Müstəqillik dövründə Bakıda Qafqazda ən böyük ibadət ocağının - Heydər Əliyev məscidinin inşası qürurverici haldır. Eyni zamanda, hazırda azad ərazilərimizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğal illərində erməni vandalizminə məruz qalmış dini abidələrimizin bərpasını həyata keçirir.

İƏT-in ən fəal üzvlərindən biri - gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək

Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Respublikamız  həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də belə prinsipial mövqe ortaya qoyur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. İslam dövlətlərinin birliyi və həmrəyliyinə xidmət edən İKT üzv dövlətlərin üzləşdikləri münaqişələrin aradan qaldırılması üçün də addımlar atır. Onun orqanları İslam ölkələri ilə bağlı münaqişələr və bu ölkələrin məruz qaldığı təcavüzlərin qiymətləndirilməsində müvafiq qərarlar qəbul edir.

Ölkəmiz İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində yüksək fəallıq göstərir. Bunun təsdiqi olaraq respublikamız indiyədək İƏT-in bir sıra  mühüm tədbirlərinə ev sahibliyi edib. Azərbaycan-İƏT əməkdaşlığının güclənməsinin əsas göstəricilərindən biri olaraq təşkilatın xarici işlər nazirlərinin 33-cü sessiyası 19-21 iyun 2006-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. Bu əməkdaşlığın davamı olaraq Bakıda təşkilatın növbəti yüksək səviyyəli tədbirləri-İƏT turizm nazirlərinin 5-ci görüşü (sentyabr, 2006) və “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda beynəlxalq konfrans (aprel, 2007) keçirilib. 11-12 noyabr 2009-cu il tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İƏT Baş Katibliyi ilə birgə qurumun yaradılmasının 40 illik yubileyi münasibətilə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans təşkil edib. İƏT Baş katibinin iştirak etdiyi konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər, İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılıb. Bu sırada həmçinin 2008-ci ilin 6-8 oktyabr tarixlərində Bakıda baş tutan İslam ölkələrinin ali təhsil və elmi tədqiqatlar nazirlərinin IV konfransını, 2009-cu ilin 21-22 aprel tarixlərində keçirilən İKT üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin görüşünü, 20-21 oktyabr 2014-cü il tarixlərində Bakının ev sahibliyi etdiyi “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V beynəlxalq konfransı və digər çoxsaylı tədbirləri qeyd edə bilərik. Eləcə də  “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində paytaxtımızda İƏT-ə üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı keçirilib. Azərbaycan  İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib.  Gələn il isə Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək.  Şübhə yoxdur ki, Zirvə Görüşündə bütün İslam dünyası üçün mühüm əhəmiyyət daşıyan qərarlar qəbul ediləcək.

Azərbaycan - İƏT əlaqələrinin genişlənməsindən bəhs edərkən Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu ilə qurumun mühüm strukturlarından biri sayılan İCESCO arasında geniş əhatə dairəsinə malik  əməkdaşlığın rolunu xüsusi vurğulamaq lazımdır. 4 oktyabr 2006-cı ildə Heydər Əliyev Fondunda keçirilən görüşdə ICESCO-nun prezidenti Osman əl-Tveycri tərəfindən Mehriban Əliyevaya ICESCO-nun xoşməramlı səfiri nişanı təqdim olunub. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərinə görə layiq görülüb. 2007-ci ilin 28 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, ICESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” beynəlxalq təşəbbüs çərçivəsində Bakı şəhərində “Alyans” gənclik düşərgəsi və yüksək səviyyəli konfrans keçirilib.

Öz növbəsində, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini  həmişə birmənalı şəkildə pisləyib və respublikamızın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə uyğun qətnamələr qəbul edib. 2025-ci il 21-22 iyunda İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya zamanı Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul edilməsi xüsusilə əlamətdar hadisə hesab olunur. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur. Həmçinin, Ermənistan tərəfindən İcmanın hüquqlarının inkar olunması qınanılır.Təşkilat həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş azərbaycanlı qaçqın və məcburi  köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.

Azərbaycan xalqı üçün son dərəcə əziz olan Şuşanın  2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunması son dərəcə qürurvericidir. Azərbaycan dövləti və cəmiyyəti İslam dünyasının bəhs olunan qərarını böyük məsuliyyət kimi qəbul edib. Prezident İlham Əliyev 21 noyabr 2023-cü il tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq “Şuşa İli” çərçivəsində bütün İslam dünyasını bir araya gətirən və zəngin mədəniyyətimizi təbliğ edən çoxsaylı tədbirlər keçirilib. Eyni zamanda, qeyd edək ki, Bakı 2009-cu il, Naxçıvan şəhəri isə 2018-ci il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunub.

IV İslam Həmrəyliyi Oyunları - Bakıda birlik bayramı

Özünü İslam dünyasının ayrılmaz hissəsi hesab edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə, İslam  dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Bundan başqa, Fondun reallaşdırdığı “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində İslam mədəniyyətinin tərkib hissəsi olan milli mədəniyyətimiz geniş şəkildə təbliğ edilib.

Prezident İlham Əliyev qəbulda  hazırda İslam ölkələri üçün meydana çıxan mühüm çağırışlardan biri olan  həmrəyliyin gücləndirlməsinin zəruriliyinə xüsusi diqqət çəkib. Məlumdur ki, hazırda kifayət qədər geniş coğrafiyanı əhatə edən İslam dünyasında arzuolunmaz kataklizmlər yaşanır. Ardı-arası kəsilməyən müharibələr, vətəndaş qarşıdurmaları, xarici müdaxilələr, dövlətçilik ənənələrini məhv edən hakimiyyət çevrilişləri, terror hadisələri, uşaqların acınacaqlı taleyi, maddi mədəniyyət abidələrinin kütləvi şəkildə dağıdılması... Təəssüf doğuran haldır ki, bütün bu kimi neqativ hallar bu gün müsəlman dünyasının kədərli mənzərəsini təşkil edir. Tarix boyu bəşər sivilizasiyasının zənginləşməsinə sanballı töhfələr verən və təbii ehtiyatlarla zəngin olan ayrı-ayrı müsəlman ölkələri bu gün aclıqdan, səfalətdən əziyyət çəkirlər. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, İslam mədəniyyətinə və coğrafiyasına təhdid meyilləri getdikcə daha da artır, islamofobiya güclənir.

Açıq etiraf etmək lazımdır ki, İslam dünyasında yaşanan gərginliklərin ən ciddi səbəblərindən biri məhz ölkələr arasında həmrəyliyin olmamasıdır. İndiki çətin və sınaq dövründə İslam mədəniyyətinin daşıyıcısı olan ölkələr ümumi məqsədə xidmət edən siyasət aparmaq əvəzinə, necə deyərlər, bir-birlərinin ayağını çəkməklə məşğuldurlar. Bu da onları gücdən salır. Təbii ki, düşmənlərə də elə bu lazımdır. Bir-birindən ayrı düşən ölkələri, xalqları əzmək, sərvətlərini talamaq daha asandır.

Bütün bunlar indiki dövrdə İslam coğrafiyasında ölkələr və xalqlar arasında həmrəyliyin nə qədər vacib olduğu barədə konkret təsəvvür yaradır. Azərbaycan öz nümunəsində İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır və bu məqsədlə daim yeni təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradəsini ifadə edir.

Azərbaycan 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə müsəlman aləmində həmrəyliyin güclənməsinə növbəti töhfəsini verdi. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yüksəksəviyyəli hazırlıq işləri görməsi sayəsində Bakıda ən nümunəvi İslam Oyunları baş tutdu.  Əksər İslam ölkələrindən təxminən 3 min idmançının iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları tarixdə qalsa da, bu möhtəşəm tədbirlə bağlı təəssüratlar hələ də yaddaşlardan silinməyib. Azərbaycan İslam aləminə böyük rəğbətinin ifadəsi olaraq Oyunların yüksək səviyyədə keçməsinə nail olmaq üçün hər şeyi etdi. Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən Oyunlar İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Bu Oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək olub. Əlamətdar haldır ki, Oyunlar zamanı bəzi hallarda siyasi cəhətdən o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırdılar. “Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30