Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / COP29 / COP29-un gözəl mirası unudulmur

COP29-un gözəl mirası unudulmur

07.07.2026 [10:55]

İqlim diplomatiyasında formalaşdırdığımız təcrübə qlobal səviyyədə faydalı model kimi qiymətləndirilir

COP29-a uğurla ev sahibliyi edən Azərbaycanda iqlim, ətraf mühit məsələləri ilə bağlı daha bir beynəlxalq tədbir keçirilə bilər. Bu günlərdə London İqlim Həftəsi çərçivəsində baş tutan görüşlərdə Şərqi Avropa İqlim Həftəsinin Bakıda təşkili məsələsi müzakirə olunub və tədbirlə bağlı ilkin məsləhətləşmələr aparılıb. Bu barədə COP29-un Sədrliyindən məlumat verilib.

London İqlim Həftəsi çərçivəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə COP29-dan sonra da beynəlxalq iqlim danışıqlarında və çoxtərəfli əməkdaşlıq platformalarında təşəbbüslərlə çıxış edir, iqlim fəaliyyətinin gücləndirilməsinə töhfə verir. Həmçinin Azərbaycanın iqlim diplomatiyasında formalaşdırdığı təcrübənin qlobal səviyyədə faydalı model kimi qiymətləndirildiyi vurğulanıb.

İqlim çağırışlarının heç vaxt olmadığı qədər artan aktuallığı

Hazırda dünya üzrə iqlim dəyişikliyi ilə bağlı çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb ki, bu da təsadüfi deyil. Ekspertlər kədərli müqayisələr aparırlar. Bildirilir ki, əgər bir vaxtlar qlobal səviyyədə əhali artımına, insanların həyat tərzinə, sosial vəziyyətinə daha çox müharibələr mənfi təsir göstərirdisə, indi burada iqlim dəyişikliyi önə çıxmaqdadır. Dünyanı təhdid edən iqlim dəyişikliyinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə artır, güclü sənayeləşmə prosesi gedir. Bütün bu kimi fəaliyyətlər atmosferə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Son vaxtlarda dünya tarixində ən isti illər qeydə alınır. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə çatır.

Fəsadlar da çox ağırdır. Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə öz mənfi təsirlərini  göstərir. Təəssüf ki, biz belə mənfi təsirlərin statistikasında sürətli artım dinamikasını izləyirik. Ətraf mühitin çirklənməsi, müxtəlif təbiət hadisələri hər il təxminən 13 milyon insanın həyatına son qoyur.

Azərbaycan da qlobal iqlim dəyişmələrindən əziyyət çəkən ölkələr sırasında yer alır. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Eyni zamanda, Xəzər də sürətlə geri çəkilərək sahil zolağında kədərli izlər buraxır.

Qlobal təhdidə qarşı Azərbaycanın beynəlxalq həmrəylik çağırışı

Londonda İqlim Həftəsi çərçivəsində baş tutan görüşdə Azərbaycanın qlobal iqlim gündəliyində fəal rol oynadığına xüsusi diqqət çəkilib ki, bu da təsadüfi deyil. Azərbaycanın mövqeyi belədir ki, qlobal təhdidlər fonunda hər bir ölkə öz məsuliyyətini anlayaraq iqlim dəyişikliyinə qarşı milli səviyyədə özünün konkret gündəliyini müəyyənləşdirməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

Respublikamız BMT-nin çağırışına qoşularaq neft sənayesində “sıfır emissiya” hədəfi müəyyənləşdirib. Qəbul olunan strategiyaya əsasən, indiki mərhələdə ətraf mühit məsələləri ölkəmizin beş milli prioriteti sırasında yer alır. Respublikamız 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

BMT-dən dəyərləndirmə: COP29-un nəticələri yüksək qiymətə layiqdir

COP29 artıq tarix olsa da, dünyada onun gözəl mirası unudulmur. Londonda baş tutan görüşdə BMT-nin Baş katibi COP29 çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirərək bu uğurlardan məmnunluğunu ifadə edib. Antonio Quterreş Azərbaycanın COP29 Sədrliyi dövründə qazandığı təcrübənin gələcək iqlim prosesləri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu təcrübənin COP31-ə ev sahibliyi edəcək Türkiyə, eləcə də növbəti COP sədrlikləri ilə paylaşılmasının vacibliyini qeyd edib.

Həqiqətən də, məsuliyyətli dövlət olan Azərbaycan hazırkı dövrdə yaranan qlobal iqlim çağıırşlarına cavab olaraq BMT-nin ən böyük tədbirlərindən biri sayılan COP29-a yüksək səviyyədə ev sahibliyi həyata keçirdi. Əsas məqam isə Bakıda COP tarixində bir sıra ilklərə imza atılması və dünya üçün son dərəcə böyük əhəmiyyət daşıyan substantiv nəticələrin əldə olunmasıdır. Bu sırada aşağıdakıları xüsusi olaraq qeyd etmək istərdik:

- Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub.

- 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq emissiyaların azaldılmasını tənzimləyə biləcək.

- 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

- Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

- COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddət idi ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31