Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri bilməlidir

Dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri bilməlidir

05.12.2014 [10:03]

Dekabrın 4-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və BDU-nun birgə təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, dövlət orqanları nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qəsbkar ermənilərin torpaqlarımızda törətdikləri qanlı hadisələrdən danışıb, düşmənin işğalçılıq siyasətini davam etdirdiyini bildirib.
MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, professor Cəlal Qasımov “Təhlükəsizlik orqanlarında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti”, akademiyanın baş müəllimi Azər Səlimov “Terrorçuluq və təcavüzkar separatçılıq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbəri Firudin Sadiqov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər” mövzularında məruzələr ediblər.
Məruzəçilər ermənilərin zaman-zaman törətdikləri qanlı cinayətləri tarixi faktlarla diqqətə çatdırıblar.
Qeyd olunub ki, Ermənistan Respublikası, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birlikləri və qeyri-hökumət təşkilatları 2015-ci ildə qondarma “erməni soyqırımının 100-cü ildönümü”nü çoxsaylı kütləvi tədbirlərlə geniş coğrafi miqyasda qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi arenada söz sahibi olan ölkələri cidd-cəhdlə qondarma “soyqırımı”nın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatları son aylarda daha da fəallaşıblar. Qondarma “erməni soyqırımı” hazırda bir çox ölkələrdə tanınıb. Ermənilər daim 1915-ci il hadisələrini türklər tərəfindən ermənilərə qarşı törədilmiş bir “soyqırımı” kimi qabardaraq, beynəlxalq səviyyədə onun tanınmasına nail olmaqla Türkiyə Respublikasından külli miqdarda maddi təzminat qopartmağa çalışırlar. Ekspertlərin fikrincə, beynəlxalq təzyiq altında Türkiyənin qondarma “soyqırımını” tanıyacağı təqdirdə, bu təzminatın çox böyük məbləğdə olacağı güman edilir.
“Osmanlı Türkiyəsində ermənilərin soyqırımının 100 illiyi” ilə bağlı planlaşdırılan tədbirlərin təşkili və bununla bağlı işlərin koordinasiyası üçün Ermənistan prezidentinin sərəncamı ilə Ermənistan, “Artsax” (qondarma “Dağlıq Qarabağ Respublikası”) və diaspor nümayəndələrindən ibarət “Ümumerməni Dövlət Komissiyası” yaradılıb. Komissiyaya rəhbərliyi Ermənistan prezidenti özü həyata keçirir. İlk dəfə olaraq, 50 ölkədəki erməni icmalarında “100 illik” tədbirlərinin koordinasiyası məqsədilə regional komissiyalar fəaliyyətə başlayıb.
Bu yaxınlarda Ermənistan parlamentində dövlət büdcəsi ilə əlaqədar dinləmələr zamanı maliyyə nazirinin müavini Pavel Safaryan bildirib ki, büdcənin 2015-ci il üçün nəzərdə tutulmuş xərclər bölümündə “Osmanlı Türkiyəsində ermənilərin soyqırımının 100 illiyi” maddəsində bu istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədilə 50 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulur. “Soyqırımının 100 illiyi tədbirləri” üzrə təşkil olunmuş Dövlət Komissiyası 2014-cü ilin dekabr ayının ortalarınadək tədbirlər planı hazırlamalıdır. Tədbirlərin sayından və həcmindən asılı olaraq, onların keçirilməsi smetasına görə həmin məbləğ artırıla da bilər.
Ermənistan Respublikasının diaspor naziri Qranuş Akopyan isə qeyd edib ki, “soyqırımının 100 illiyi” ilə bağlı dövlət, ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə yanaşı, “soyqırımının” beynəlxalq səviyyədə tanınmasını və qınanmasını, xüsusilə maddi təzminatın alınmasını ən başlıca vəzifə kimi qarşısına məqsəd qoymuş erməni diasporu bu işlərə güclü surətdə cəlb olunub. Ermənistan Diaspor Nazirliyinin təşkilatçılığı ilə artıq 20-dən artıq forum, simpozium və “dəyirmi masa” təşkil olunub. Bu ilin aprel və may aylarında müvafiq olaraq Brüssel və İrəvan şəhərlərində “Ümumerməni Dövlət Komissiyası”nın “soyqırımının 100 illiyi” tədbirləri və proqramlarının təşkilinə cavabdeh olan Avropa üzrə komissiyalarının rəhbərlərinin və təmsilçilərinin görüşləri keçirilib və növbəti təlimatlandırıcı təmasların sayının bundan sonra daha da artırılacağı planlaşdırılır.
Ermənistan hökuməti tərəfindən qondarma “soyqırımının 100 illiyi” ilə bağlı İrəvanda keçiriləcək tədbirlərə bir çox dövlət və hökumət başçılarının dəvət olunması prosesinə də başlanılıb.
Bununla yanaşı, Fransada qondarma “erməni soyqırımı” iddialarının yenidən gündəmə gətirilməsi barədə düşünülür. Ölkədə yaşayan erməni diasporunun təzyiqi ilə Avropada ilk dəfə olaraq qondarma “erməni soyqırımı” abidəsi ucaldılacaqdır.
Ermənistan hökuməti öz növbəsində 9 dekabr gününü bütün soyqırımların, o cümlədən “erməni soyqırımı”nın xatirəsinin anılması günü kimi qeyd olunmasına çalışır. Belə ki, həmin gün, yəni, 9 dekabr 1948-ci ildə BMT-nin “Soyqırımı cinayətləri barədə xəbərdarlıq edilməsi və bu cinayətə görə cəzalandırılma haqqında” Konvensiyası qəbul olunub.
Erməni ekspertlərin qiymətləndirməsinə görə, dünyada ən böyük erməni icmaları Rusiya, ABŞ, Fransa və Gürcüstandadır. Türkiyədə də hazırda bu ölkənin vətəndaşı olan xeyli sayda erməni yaşayır.
Belə proqramlar, ermənilərin özlərinin dedikləri kimi, “islamlaşdırılmış” “kriptoerməni”lərlə iş aparılması “soyqırımının 100 illiyi”nə həsr edilmiş kompleks tədbirlər planının mühüm komponentləri olaraq qəbul edilir.
Maraqlı faktlardan biri də odur ki, ilk dəfə qondarma “soyqırımına” həsr edilmiş sonatanın ilk premyerasının 2015-ci ildə İstanbuldakı kilsələrin birində təşkil olunması nəzərdə tutulub. Erməni bəstəkarı Tiqran Mansuryanın sözlərinə görə gələn il keçiriləcək İstanbul beynəlxalq festivalının sifarişi əsasında bəstələdiyi bu sonatanı alt (skripkadan bir az böyük olan) musiqi alətində “Qremmi” və “Qızıl yay” mükafatlarının sahibi, erməni əsilli amerikalı Kim Kaşkaşyan ifa edəcəkdir.
Hər vəchlə qondarma “soyqırımı” üçün maddi təzminat almağa çalışan Ermənistan və erməni diasporu bu “ümumerməni prosesində” bütün mümkün və qeyri-mümkün vasitələrdən yararlanmağa çalışır.
Azərbaycanın artan nüfuzunun qarşısının alınması məqsədilə son vaxtlar ermənilər tərəfindən dünya mediasında və elektron KİV-lərdə antiazərbaycan təbliğatı daha gücləndirilib. Buna misal olaraq, bir müddət əvvəl İsraildə dərc olunan populyar “Haarets” qəzetində israilli tarixçi Yair Oronun “Soyqırımının təkrarlanmaması naminə İsrail Azərbaycana silah satmamalıdır” adlı təxribat xarakterli məqaləsini göstərmək olar. Beynəlxalq münasibətlər üzrə ekspert, İsrailin Hayfa Universitetinin tədqiqatçısı Arye Qut bu məsələ ilə bağlı bildirmişdir ki, “hər kəs Yair Oronun kim olduğunu çox əla bilir. Y.Oron hələ bir neçə il bundan əvvəl Ermənistanın hazırkı hakimiyyətinin dəstəyi ilə 1915-ci ildə Türkiyədə baş vermiş faciələr barədə ermənipərəst “Qəbuledilməz biganəlik” adlı məqalə yazıb və həmin məqalə erməni dilinə də tərcümə edilib. Ötən il Y.Oron Ermənistana dəvət olunub və ona bu ölkənin dövlət mükafatı verilib. Serj Sarkisyan isə Y.Oronu qəbul edərək, ona “qiymətli işinə və xidmətlərinə görə” təşəkkür edib.
Hazırda erməni diasporunda 18 ümumerməni təşkilatı fəaliyyət göstərir. Hər il Diaspor Nazirliyinin dəstəyi ilə mütəşəkkil halda erməni təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin sayı artmaqdadır. Diaspor mütəxəssislərinin hazırlanması və təkmilləşdirilməsi üzrə İrəvan Dövlət Universitetində xüsusi olaraq diaspor kafedrası yaradılıb. Erməni dövlətinin, “Ermənistan - “Artsax” - Diaspor” üçlüyünün gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsində “status-kvo”nun saxlanılması üçün daim “problemin sülh yolu ilə həllinə tərəfdar” olduqlarının nümayiş etdirilməsi, “soyqırımının” beynəlxalq tanınması, kilsə ətrafında daha sıx birləşmək və ermənilərin milli identikliyinin qorunub saxlanılması əsas prioritetlərdir.
Bu vəzifələrin həyata keçirilməsində Ermənistan rəhbərliyi Ermənistan Respublikası Nazirlər Kabineti yanında Milli Təhlükəsizlik Xidmətinə xüsusi etimad göstərir. Belə ki, hələ 2008-ci ildə “prezident təyin olunandan” sonra S.Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbər heyəti ilə görüşündə tapşırıb ki, “Ermənistanın əleyhinə dezinformasiyaya qarşı mübarizəni MTX koordinasiya etməlidir”.
Ermənistan Respublikası, erməni diasporu və lobbisinin Türkiyə və dünya türklərinin, eləcə də Azərbaycanın beynəlxalq imiclərinə zərbə vura biləcək yeni iyrənc kampaniyalara əl atacaqları şəksizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və ona hüquqi qiymət verilməsi, erməni iddialarına qarşı mübarizənin daha da gücləndirilməsi, birbaşa hücum taktikasına üstünlük verilməsi barədə tövsiyələri istiqamətində görülən işlərin daha məqsədyönlü və planlı təşkil olunması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı, aidiyyəti dövlət strukturları, eləcə də Türkiyə-Azərbaycan diaspor qurumları arasındakı əlaqələr, habelə ölkələrimizin beynəlxalq arenada mövcud siyasi-iqtisadi və elmi dairələrlə münasibətləri inkişaf etdirilərək daha da genişləndirilməlidir.

Paylaş:
Baxılıb: 1390 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30