Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Prezident İlham Əliyev sosial proqramların tam həcmdə icra olunmasını prioritet vəzifə kimi qarşıya qoyub

Prezident İlham Əliyev sosial proqramların tam həcmdə icra olunmasını prioritet vəzifə kimi qarşıya qoyub

09.02.2016 [09:46]

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Fevralın 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Rövnəq Abdullayev və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə bir neçə iri özəl müəssisə yaradılıb.
Rayonun cənub hissəsində yerləşən qış otlaq sahələrindən 2735 hektarı “Padarçöl” kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinə icarəyə verilib. Bu torpaqlardan 1000 hektarında əkin aparılıb. Müəssisədə əkin sahələrinin suvarılması məqsədilə süni göl yaradılıb və müasir suvarma qurğusu quraşdırılıb. Əlli nəfərin çalışdığı müəssisədə əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir. Burada 2000 baş sağılan iribuynuzlu qaramal üçün müasir tipli heyvandarlı kompleksinin tikintisinə başlanılıb.
Rayonun Sabir qəsəbəsində “Gilan” MMC tərəfindən 75 hektar sahədə 1200 başlıq iribuynuzlu qaramal üçün müasir tipli kompleksin tikintisinə başlandığını vurğulayan A.Ağayev üzümçülüyün inkişafı istiqamətində müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb. Qeyd olunub ki, Mədrəsə qəsəbəsi ərazisində “Mədrəsə Aqro” MMC tərəfindən 335 hektar üzüm bağı salınıb və burada 150 nəfər işçi çalışır. Yaxın gələcəkdə daimi işçilərin sayının 350 nəfərədək artırılması gözlənilir. Üzüm bağlarının 1632 hektara çatdırılıb və 2016-cı ildə 45 hektar sahədə yeni plantasiyaların salınması nəzərdə tutulur.
Məlumat verilib ki, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı məqsədi ilə rayonda “Mədrəsə Aqro” MMC tərəfindən 10 min tonluq soyuducu-kamera tikilərək istifadəyə verilib. “Karmen MMC” tərəfindən 1000 tonluq soyuducu-kamera tikilib, Muğanlı kəndi ərazisində fiziki şəxs Nurəddin Rzayev tərəfindən 100 tonluq soyuducu-kameranın tikintisinə başlanılıb. Rayonun qəsəbə və kəndlərində 200 hektara yaxın sahədə alma, nar və qoz bağları salınıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşdə çıxış edərək bildirib ki, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkəmizin iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl antiböhran tədbirləri həyata keçirilir, ictimaiyyət bununla bağlı mütəmadi məlumatlandırılır.
Neftin qiymətinin kəskin aşağı düşməsinin fəsadlarına toxunan R.Abdullayev qeyd edib ki, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar ictimaiyyət tərəfindən tam dəstəklənir.
Diqqətə çatdırılıb ki, regionların dinamik inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin strateji hədəfidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrimizin siması büsbütün dəyişib. Bu proqramlarda infrastruktur layihələrinə böyük önəm verilib. Qısa müddətdə Azərbaycanda, o cümlədən Şamaxıda şəhər mərkəzləri, kənd və qəsəbələr abadlaşıb, yollar salınıb, xəstəxanalar, müasir idman kompleksləri, minlərlə məktəb inşa olunub.
R.Abdullayev deyib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Büdcə gəlirlərinin azalmasına baxmayaraq, Prezident İlham Əliyev sosial proqramların tam həcmdə icra olunmasını prioritet vəzifə kimi qarşıya qoyub. Təkcə son bir ay ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, maaşların artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir.
SOCAR-ın prezidenti çıxışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Bu vəzifələrə əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunun dəstəklənməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, korrupsiya, rüşvətxorluq və digər bu kimi mənfi halların aradan qaldırılması daxildir.
Həyata keçirilən sosial layihələrdən də danışan R.Abdullayev xatırladıb ki, vaxtilə yollarımız bərbad vəziyyətdə idi: “Yol infrastrukturu sıfırdan qurulmağa başlandı. Bu layihələr indi də davam edir. Məsələn, Şamaxı yolunda işlərin demək olar ki, birinci mərhələsi artıq başa çatıb. Növbəti mərhələ də yekunlaşdıqdan sonra Bakını Şamaxı ilə birləşdirəcək yol dördzolaqlı olacaq. Dövlətimizin başçısı, eyni zamanda, kənd yollarının tikintisinə də böyük önəm verir. Belə layihələrdən biri də Şamaxıda reallaşıb. İndi Kürdəmirdən Şamaxıya 20 dəqiqəyə gəlmək mümkündür”.
SOCAR-ın prezidenti deyib ki, vaxtilə elektrik enerjisi verilişində də böyük sıxıntılar yaşanırdı. Rayonlarda, kəndlərdə işıqlar tez-tez sönürdü. Azərbaycanın özünü elektrik enerjisinə olan tələbatını tam ödəmək imkanına malik olmasına baxmayaraq, yerlərdə əhalinin enerji təminatında problemlər yaranırdı. Buna görə dövlətimizin başçısı bu istiqamətdə işi yaxşılaşdırmaq üçün “Azərişıq” ASC-ni yaratdı. Hazırda rayonlarda elektrik şəbəkələri yenilənir, yararsız dirəklər, transformatorlar dəyişdirilir, müasir paylayıcı xətlər çəkilir. Tezliklə bu sahədə də əsaslı dönüş yaranacaq.
Həyata keçirilən beynəlxalq neft-qaz layihələri barədə məlumat verən R.Abdullayev qeyd edib ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsinin və “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasına başlayanda Prezident İlham Əliyev qarşımıza belə bir vəzifə qoymuşdu: Azərbaycan 2018-ci ildə Türkiyə və Avropaya təbii qaz ixrac edənə qədər ölkədə maksimum şəkildə qazlaşdırma həyata keçirilməli, bütün kəndlər “mavi yanacaq”la təmin olunmalıdır. Biz də bu istiqamətdə əməli işə başladıq. 2004-cü ildə Azərbaycanda Bakı da daxil olmaqla, cəmi 750 min abonent vardı. Bu gün isə 1 milyon 800 min abonent təbii qaz alır. Son 7-8 ildə böyük iş görüldü, bütün rayon mərkəzləri tam qazlaşdırıldı. Hazırda əsas diqqət kənd və qəsəbələrin qazlaşdırılmasına yönəlib.
R.Abdullayev Şamaxının potensialından da danışaraq, rayonda əkinçiliyin, heyvandarlığın inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, eyni zamanda, turizmin inkişafının böyük gəlir gətirə biləcəyini diqqətə çatdırıb.
Çıxış edən ictimaiyyət nümayəndələri dünyada baş verən qlobal maliyyə böhranı fonunda dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirləri yüksək dəyərləndirdiklərini bildiriblər.
Görüşdə Şamaxıda kənd təsərrüfatının və sahibkarlığın inkişafı ilə bağlı fermerlərin, məhsul istehsalçılarının və yerli iş adamlarının təklifləri dinlənilib, onların çoxsaylı sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 1816 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30