Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ və Körfəz Əməkdaşlıq Şurasının sammiti...

Aİ və Körfəz Əməkdaşlıq Şurasının sammiti...

19.10.2024 [09:32]

Tərəflər iqtisadi məsələlərdə razılığa gəlsə də, geosiyasi vəziyyətlə bağlı fikir ayrılığı mövcuddur

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri liderlərinin sammitində qlobal geosiyasi vəziyyətlə bağlı fikir ayrılığına baxmayaraq, tərəflər enerji, ticarət və regional təhlükəsizlik məsələləri üzrə ortaq məxrəcə gəliblər.

Ərəb ölkələri regionda“iki dövlət” prinsipini dəstəkləyir

Xarici kütləvi informasiya vasitələri xəbər verir ki, sammitdə KƏŞ ölkələrinin liderləri Qətər Əmiri Tamim bin Həməd Al Taninin Fələstin probleminin “iki dövlət” prinsipi əsasında həlli təklifini dəstəkləyiblər. Avropa dövlətlərinin liderləri də İsrail-Fələstin münaqişəsinin tezliklə nizama salınmasının vacibliyini qeyd ediblər.

Qətər əmiri, həmçinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bunu hər iki region üçün mühüm amil adlandırıb. O əlavə edib ki, daha yaxşı gələcək naminə Aİ və KƏŞ arasında əlaqələri gücləndirmək lazımdır.

KƏŞ-in Baş katibi Casim Mohammed Əl Budeyvi liderlərin iştirakı ilə keçirilən ilk sammiti son illərin ən uğurlu görüşlərindən biri kimi xarakterizə edib. O, qəbul edilən birgə bəyannamənin ticarət, investisiya, təhlükəsizlik və çoxtərəflilik kimi sahələri əhatə edən diplomatik uğurun təzahürü olduğunu vurğulayıb. Şuranın Baş katibi ticarət və enerji sahəsində əməkdaşlığa əlavə olaraq, Körfəz Əməkdaşlıq Şurası vətəndaşları üçün Şengen vizasının ləğvi ilə bağlı danışıqlara diqqət çəkib. O, region vətəndaşlarının Avropaya iqtisadi və mədəni töhfələrini vurğulayaraq bildirib ki, Avropada KƏŞ ölkələri vətəndaşlarının olması müsbət bir haldır.

Münasibətlərdə yeni mərhələ

Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurasının liderləri sammitin münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıblar. Bəzi məsələlər üzrə, xüsusən də Ukraynadakı münaqişə ilə bağlı fərqli mövqeləri etiraf etməklə yanaşı, dövlət və hökumət başçıları beynəlxalq hüququn və sabitliyin ümumi prinsiplərinə sadiq qalıblar.

Növbəti Avropa İttifaqı - Körfəz Əməkdaşlıq Şurası sammitinin 2026-cı ildə Ər-Riyadda keçirilməsi və yüksək səviyyəli görüşlərin davam etdirilməsi qərara alınıb. Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurası - 6 ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlikdir. Birlikdə iştirak edən ərəb ölkələri nümayəndələrinin ümumi razılığı ilə rəsmi sənədlərdə birliyin adında “Fars” sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası da deyilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981-ci ildə Ər-Riyadda imzalanıb.

Lakin bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə bura daxil edilməyib və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq birlikdə iştirak ediblər. Yəmən isə 2006-cı ildən üzvlük üçün müraciət etsə də, hələ müsbət cavab almayıb.

HƏMAS sammitlə bağlı bəyanat verib

Yeri gəlmişkən, qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı Avropa İttifaqı və Körfəz Əməkdaşlıq Şurası sammitinin yekunlarına dair qəbul edilmiş bəyanata münasibət bildirib. Qeyd olunub ki, Avropa ölkələri İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulması üçün açıq şəkildə çıxış etməli və bizim müstəqil dövlət yaratmaq hüququmuzu dəstəkləməlidir.

HƏMAS-ın bəyanatında vurğulanıb ki, Avropa dövlətləri, xüsusən də İsraili Qəzzada Fələstin xalqına qarşı istifadə edilən silahlarla təmin edən dövlətlər İsrail hakimiyyətini anklav sakinlərini öldürməyi dayandırmağa məcbur edən dəqiq qərar qəbul etməli və İsrailin hücumlarını dayandırmaq üçün tədbirlər görməlidirlər. “Liderlər bu müharibənin başlamasına görə məsuliyyət daşıyırlar”, - deyə hərəkatın “Telegram” kanalında dərc olunmuş xüsusi bəyanatında deyilir.

Bəyanatda o da qeyd olunub ki, Qəzza sərhədində nəzarət-buraxılış məntəqələrinin açılması, anklavın əhalisinə humanitar yardımın çatdırılması və atəşkəs üçün Brüsseldə keçirilən görüşün yekun sənədində yer alan çağırışlar “konkret addımlar və hərəkətlər” tələb edir. “Bu, İsrail tərəfini hərbi əməliyyatları dayandırmağa və beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarları yerinə yetirməyə məcbur etmək məqsədi daşımalıdır”,-deyə vurğulanıb.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30