Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İndi də Türkiyə hədəfdə...

İndi də Türkiyə hədəfdə...

17.12.2014 [10:22]

Özlərini dünyaya “demokratiya keşikçi”ləri kimi təqdim edən Avropa və Amerika Birləşmiş Ştatlarının Türkiyədə cərəyan edən sonuncu proseslərə mövqeyi bariz ikili standart nümunəsi kimi çıxış edir
Müasir dünya siyasətində ənənəvi beynəlxalq münasibətlərdən fərqli olaraq ümumbəşəri dəyərlər spesifik istinad obyekti kimi çıxış etməkdədir. Belə ki, “demokratiya”, “insan hüquqları”, “vətəndaş cəmiyyəti”, “hüquqi dövlət” kimi məfhumlar hegemon güc mərkəzlərinin, o cümlədən, qlobal miqyasda sülh, sabitlik, əməkdaşlıq və ədalətin təmin olunması kimi məsələləri əsas tutduğunu iddia edən beynəlxalq təşkilatların aktual leksikonunu təşkil edir. Amma məsələ ondadır ki, adlarını çəkdiyimiz dəyərlər və ideyalar müstəqil milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edilir, eləcə də bütün bu məsələlərdə ikili standartlara yol verilir.
ABŞ və Avropa yenə də baş rolda...
Bu kontekstdə son olaraq Türkiyədə cərəyan edən proseslərə özlərini dünyaya “demokratiya keşikçiləri” kimi təqdim edən Avropa və Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqeyi bariz ikili standart nümunəsi kimi çıxış edib. Məlum olduğu kimi, dekabrın 14-də səhər saatlarından başlayaraq Türkiyə polisi “paralel yapı” əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında çoxu media nümayəndəsi olan 35 nəfərdən artıq şəxsi həbs edib. Həbs olunanların sırasında “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, STV-nin baş direktoru Hidayət Karaca, “Tək Türkiyə” filminin ssenaristi Əli Kara və aktyor Haseki Eğitim və digər şəxslər var. Barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də “Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır. Onlara qarşı “Türkiyə dövlətinin suverenliyini ələ keçirmək üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək təşkilatlanmaq, eyni zamanda, iftira, şəxsi azadlığından məhrumetmə cəhdi və sənədlərin saxtalaşdırılması” iddiası irəli sürülüb. Öz növbəsində, Türkiyə Cümhuriyyətinin rəsmiləri məsələyə münasibət bildirərək prosesin mahiyyəti barədə lazımi informasiyanı ictimaiyyətin diqqətinə çatdırıblar. Baş nazir Əhməd Davudoğlu məsələ ilə əlaqədar olaraq deyib ki, 14 dekabrda həbs edilən qəzetçilərdən heç biri peşə fəaliyyətinə görə həbs edilməyib: “Hüquq dövləti olan Türkiyədə istintaq prosesləri yalnız qanunun tələbi üzrə aparılır. “Zaman” qəzetinin baş redaktoru, “Samanyolu” TV-in rəhbəri və digər həbs olunanlar fikirlərinə görə deyil, konkret əməllərinə görə həbs ediliblər. Zaman gəldikcə istintaqla bağlı vətəndaşlara bilgi veriləcək. Həbslər saxlanan şəxslərin peşə fəaliyyəti ilə bağlı deyil”.
Amma qeyd etdiyimiz kimi, ABŞ və Avropanın rəsmi dairələri yenə də baş rolda çıxış edərək Türkiyədə həyata keçirilən həbsləri kəskin tənqid obyektinə çeviriblər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, ABŞ Türkiyədə jurnalistlərin həbsini pisləyir. O, Türkiyə hökumətini hərəkətlərinin ölkədə demokratiyanın əsaslarını pozmayacağına zəmanət verməyə çağırıb. Avropa İttifaqı (Aİ) adından yayılan bəyanatda isə bildirilir ki, Aİ-yə üzv olmaq istəyən ölkədə demokratiyanın təməl prinsipi olan söz azadlığına hücum yolverilməzdir: “Aİ-yə üzvlük üçün təməl prinsiplər hüququn aliliyi və insan haqlarına hörmətdir”.
Qurumun xarici əlaqələr xidmətinin rəhbəri Federika Mogerini və Genişlənmə siyasəti üzrə komissar Yohannes Xanın birgə bəyanatında bildirilib ki, bu əməliyyat Avropa dəyərlərinə və standartlarına qarşı yönəlib. Ayrıca, Türkiyədə baş verənlərin Aİ ölkələrinin xarici işlər nazirlərinin toplantısında müzakirəsi gözlənilir.
“Qoca qitə”nin Türkiyəyə qarşı hücum kampaniyası bunlarla məhdudlaşmayıb. Belə ki, Avropa Parlamentinin sədri Martin Şults da Türkiyədəki olayları pisləyərək Avropa İttifaqına üzvlük üçün söz azadlığına sayğının əsas şərtlərdən biri olduğunu qeyd edib. Avropa Şurasının baş katibi Torbörn Yaqland isə yanvar ayında Ankaraya səfəri zamanı mətbuat azadlığıyla bağlı məsələni ciddi şəkildə müzakirə edəcəyini bildirib.
Avropa İttifaqı öz ampluasındadır
Beləliklə, nəzər yetirilən məqamlar onu göstərir ki, Avropa İttifaqı yenə də öz ampluasındadır. Bu qurumun hədəfində növbəti dəfə qardaş Türkiyə yer alır. Avropanın rəsmi dairələrinin həbsin motivləri açıqlanmadan, istintaq prosesini gözləmədən Türkiyəyə qarşı “hücum”a keçərək bəyanatlar səsləndirməsi bu ölkəyə qarşı təzyiq formalaşdırmaq niyyətindən xəbər verir. Əslində, bu, təəccüblü deyil. Çünki Avropanın rəsmi dairələri vaxtaşırı olaraq hazırladıqları hesabatlarda və ya ifadə etdikləri bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Təsadüfi deyil ki, ötən illərdə də Türkiyədə 70-dən artıq media nümayəndəsinin həbsi ABŞ və Avropa İttifaqının kəskin reaksiyasına səbəb olmuşdu.
“Qoca qitə”nin və Birləşmiş Ştatların “polis demokratiyası”na nə üçün münasibət bildirilmir?
İkili standartın bariz nümunəsi qismində çıxış edən digər məqam budur ki, həmin dairələr Avropa ölkələrində həyata keçirilən həbslərə, insan haqlarının pozulması hallarına belə operativ və sərt reaksiya vermirlər. Və ya görəsən, onlar ABŞ hakimiyyətini Ferquson hadisələrinə görə niyə qınamadılar, nə üçün jurnalistlərə, hüquq müdafiəçilərinə təzyiqlərə son qoymağa çağırmadılar?
Kimsəyə sirr deyil ki, bu gün Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında ciddi insan hüquqları pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Həmçinin, ABŞ və Avropada sosial-iqtisadi və hüquqi məsələlərlə bağlı etiraza qalxan vətəndaşlara münasibətdə repressiv metodlardan istifadə olunur. Dolayısıyla, vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda, buna hər hansı bir reaksiya verilmir.
O da qeyd edilməlidir ki, bu ölkələrin timsalında özlərinin sosial haqlarını ifadə və tələb etmək üçün dinc nümayişlər təşkil edən şəxslərə xəsarət yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və digər bu kimi zorakı vasitələrdən istifadə olunması birmənalı şəkildə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması deməkdir. Əgər hüquqi məsələlərdən qaynaqlanan nümayişlər ictimai asayişin pozulmasını, siyasi təxribatların meydana çıxmasını şərtləndirmirsə, bu zaman bu cür metodlara istinad edilməsi qanunla müəyyən olunmuş qayda və normaların, eləcə də hüquq və azadlıqların pozulmasına dəlalət edir. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya” dərsi keçməyə çalışan ABŞ və Avropa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir. Sual olunur: müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən ABŞ-ın və Avropanın özündə baş verənlər ikili standartlara dəlalət etmirmi? Və yaxud haqqında bəhs edilənlər dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özü niyə yararlanmır? Əlbəttə, bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir.
Nəticə etibarilə faktlar göstərir ki, yeni dünya nizamında ikili standartlar Avropa və Amerika Birləşmiş Ştatları üçün metodoloji prinsip kimi çıxış edir. Bu isə regional və beynəlxalq miqyasda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinə təhdid yaradan dağıdıcı faktor səciyyəsi daşıyır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1275 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30