Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ştirnerdən Bazarova anarxizm

Ştirnerdən Bazarova anarxizm

30.03.2023 [11:26]

İvan Sergeyeviç Turgenevin “Atalar və oğullar” romanı haqqında

Bədii əsər onu yazanın xəyalı, yuxusudur. Yazıçının yuxusunu doğru-düzgün yozmaq üçün onun söykəndiyi fəlsəfi-estetik prinsiplərdən, onun dünyagörüşündən xəbərdar olmalısan. Məsələn, Dostoyevskinin, Tolstoyun əsərlərini İncilə, xristianlığa istinad eləmədən tam mənimsəmək mümkün deyil. Qonçarovun “Oblomov”undan danışanda biz onun genetik şəcərəsini Şopenhauerə, buddizmə calamağa çalışdıq. İndi də İvan Turgenevin “Atalar və oğullar” romanına ideya əcdadı tapmağa cəhd göstərək.

Turgenev bu mənada çox qapalı yazıçıdır, onun məramını, verdiyi mesajları tutmaq, anlamaq asan deyil. Ona baxanda Dostoyevskinin də, Tolstoyun da, hətta Qonçarovun da məramı daha əlçatandır, ideyaları daha üzdədir. Turgenev haqqında bunu deyə bilmərik. Üslub baxımından o, dövrünü qabaqlayıb, hələ sağlığında Avropa ədəbiyyatına təsir göstərib, Floberlə paralel zamanda stilistik xariqələr yaradıb. Ədəbiyyatşünasların Heminqueyin hekayələri ilə bağlı işlətdikləri “aysberq” rəmzi prinsipinə Turgenev yaradıcılığında bolhabol riayət olunub. Çexov, Bunin kimi dünya şöhrətli rus klassiklərinə onun təsirini sezmək çətin deyil, Coys, Heminquey kimi dünya klassikləri onu özlərinə ustad biliblər.

“Atalar və oğullar” romanı haqlı olaraq İvan Turgenevin şah əsəri sayılır. Eynən Qonçarovun romanı kimi bu əsəri də dövrün ictimai-siyasi reallıqları kontekstində şərh eləməyə çalışanlar çox olub, indi də var. Ancaq müəllif həmişə belə yozumları müqavimətlə, etirazla qarşılayıb. Əlbəttə, əsərdəki hadisələrin konkret zaman-məkan çərçivəsində baş verdiyini danmaq olmaz, müəllif bu romanında hətta dəqiq tarix də göstərir. Bununla belə romanın ideyasını hansısa tarixi dönəmin konkretliyindən asılı vəziyyətə salmaq doğru deyil. Belə olsaydı, bu kimi kitablar indi heç kimdə maraq doğurmazdı. Sovet dövründə isə Turgenevin qəhrəmanı Yevgeni Bazarovdan az qala inqilabçı, sosialist, bolşevik düzəltmişdilər. Zaman keçdikcə göründü ki, bunlar hamısı Bazarova şər yaxmaqdan, onun boynuna idim qoymaqdan başqa bir şey deyilmiş.

Turgenev estet idi, bəzi əsərlərində siyasi fon, böyük siyasi kataklizmlərin əks-sədası olsa da, o, Qoqol, Saltıkov-Şedrin, Çernışevski kimi sosial roman yazmırdı, onun əsərlərinə bu cür yozum verən tənqidçilərlə razılaşmırdı, hətta buna görə Nekrasovun rəhbərlik elədiyi “Sovremennik” jurnalıyla əməkdaşlığını biryolluq kəsmişdi. Odur ki, Turgenevin yaradıcılığına, o cümlədən “Atalar-oğullar” romanına sosial-siyasi prizmadan baxmaq bizə heç nə verməyəcək. Ən doğrusu bu əsərə fəlsəfi-psixoloji aspektdən yanaşmaqdır.

                          ***

Turgenev Peterburq Universitetinin fəlsəfə fakültəsini bitirmişdi, klassik alman idealistlərinin, o cümlədən Hegelin sistemini dərindən mənimsəmişdi, Şellinqlə dostluğu vardı. Ancaq onun düşüncəsi tarixə optimist baxan idealistlərin baxışlarından çox uzaq idi - Turgenev pessimist yazıçıydı. Onun fikir əcdadlarını soraqlasaq, antik dövrün atomistlərinə, sofistlərinə, skeptiklərinə, Demokritə, Epikürə gedib çıxarıq. Yeni dövrdə bu düşüncə xəttinin ən möhtəşəm təmsilçisi alman filosofu Maks Ştirner idi.

Ştirner fəlsəfədə anarxizmin banisidir. Ancaq onun anarxizmi Prudonun, Bakuninin təlimi kimi siyasi yox, individual anarxizmdir. Cəmi bir kitabı var: “Təkcə və onun mülkü”. Bu əsər klassik fəlsəfə dilində yox, sadə esse üslubunda yazılıb. On doqquzuncu əsrin birinci yarısının sonlarında Ştirnerin traktatı Avropada çox populyar idi, dövrün ən parlaq zəkaları ondan heyranlıqla danışırdılar. Sonradan qeybə çəkilib unudulsa da, əlli illik ömrü faciələr içində keçsə də, öz mülkü elan elədiyi dünyada ona yer tapılmasa da, dahi mütəfəkkir Avropa fikir tarixinə dərin iz sala bilmişdi. Eynən varlığı atomlara bölən Demokrit kimi Ştirner də cəmiyyəti fərdlərə bölmüşdü, hər fərdə ayrılıqda ən yüksək səlahiyyət, azadlıq, hakimiyyət vermişdi: fərd təkdir, əvəzsizdir, mütləqdir (onun başının üstündə heç nə, heç kim durmur), dünya onun mülküdür.

Turgenevin Ştirneri oxuduğu barədə səhih bilgim olmasa da, buna əsla şübhəm yoxdur, çünki İvan Sergeyeviç ömrünün çoxunu Avropada keçirmişdi, oradakı ədəbi-fəlsəfi mühitə ovcunun içi kimi bələdiydi, daha burasını deməyə ehtiyac duymuram ki, çox da savadlıydı. Üstəlik, gəncliyində rus anarxistlərinin atası Bakuninlə dostluq eləmişdi, eynən romanının bir cüt gənc qəhrəmanı kimi Rusiya əyalətlərini birgə dolaşmışdılar, macəralar yaşamışdılar. Bütün bu faktları uc-uca düyəndən sonra Turgenevin Ştirnerin fəlsəfəsindən xəbərsiz olduğuna inanmaq mümkün deyil.

Maks Ştirner fərdin azadlığını məhdudlaşdıran nə varsa hamısını - dini, dövləti, ailəni, cəmiyyəti, hər cür ictimai institutu inkar eləyirdi. Həm də insan deyəndə o, klassik alman idealisti Fixte kimi böyük hərfli absolyut MƏN-i, yəni, ümumən insanı yox, ayrıca götürülmüş hər bir fərdi, empirik insanı nəzərdə tuturdu. Bazarovun hansı ideyanı təbliğ elədiyini müəllif açıq deməsə də, onun nəyi inkar elədiyini biz romanı oxuduqca görürük. Bazarovun təbliği elə onun inkarıdır, yaxud da tərsinə: inkar onun əqidəsidir. Hər cür avtoriteti danmaq, başının üstündə heç bir super-eqoya yer saxlamamaq onun başlıca prinsipidir. Müəllif onu nihilist adlandırsa da, Bazarov aşkar anarxistdir - bu, onun soyadından da oxunur (rus dilində “bazar” sözünün bir açması da xaos, anarxiyadır). Ondan dağıtmaq istədiyi köhnə dünyanın yerində nə qurmaq fikrində olduğunu soruşanda cavab verir ki, biz ancaq dağıtmaq işinə baxırıq, yerində nə qurulacağına gələcək nəsil qərar verər.

Əslində, Bazarovun qurmaq istədiyi dünya elə o dağıntıların altından çıxa bilər. Burada söhbət hansısa sosial-siyasi inqilablardan, çevrilişlərdən getmir; söhbət insanın öz fərdiyyətini, tənhalığını, öz həqiqətini hər şeydən üstün tutub zəncirlərini, buxovlarını qırmasından gedir. Fəqət bu iş inqilabla, top-tüfənglə başa gəlməz. Anarxizm düşüncəsi, ultra fərdiyyətçilik insan oğlunun varlığına hakim kəsiləndə yeni dünya, yeni həyat öz-özünə yaranacaq.

                         ***

Bazarov özü gələcək dünyanın vətəndaşı kimi rolunu pis oynamır (Onun üçün bu dünya artıq qurulub, o hər şeyə, hər kəsə subyektiv dünyasının pəncərəsindən, təkadamlıq teatrının səhnəsindən baxır). O dünyada nəsil bağları indiki kimi möhkəm olmayacaq - Yevgeni də üç ildir onun üzünü görməyən, ona bir büt kimi pərəstiş eləyən fədakar, qayğıkeş ata-anasıyla danışmağa söz tapmır. Atası Arkadinin mərhum general babasını tərifləyəndə Bazarov onun haqqında təhqiramiz ifadə işlədir, bu da dostunun xətrinə dəyir, hiss olunur ki, Arkadi Yevgeninin qurduğu səltənətdə yaşamağa hələ hazır deyil. Daha sonra Bazarov elə bil qəsdən Kirsanovun atası, əmisi haqqında da xoş olmayan sözlər deyir, onun nəsil instinktini sınağa çəkir. Arkadi narazı qalanda Yevgeni bundan qəddarcasına zövq alır, dostunun damarında qanın dilə gəlməsini ikrah, qəzəb qarışıq maraqla izləyir.

Sərt, köntöy, kobud Bazarovu yamsılamağa çalışsa da, onun təsiri altında dolansa da, Arkadi Kirsanov çox həlim, mehriban, şən oğlandır, atasına candan-könüldən bağlıdır, illər əvvəl ölmüş arvadının - Arkadinin anasının yerinə Nikolay Petroviçin evə nikahsız-kəbinsiz rəiyyət qızı gətirməsini nəinki etirazla, tam tərsinə, razılıqla qarşılayır, bir neçə aylıq körpə qardaşını ürəkdən əzizləyir, axırda da özü kimi həlim, mehriban qızla ailə qurub atasıyla eyni vaxtda kilsədə kəbin kəsdirir. Bazarovdan ötrüsə belə həyat ssenarisi qəbulolunmazdır, o, hüdudsuz azadlığını nə özündən əvvəlki, nə də özündən sonrakı nəsillərə güzəştə getmək fikrindədir. O, Ştirnerin barışmaz anarxisti kimi həm göydəki, həm yerdəki bağlarını qırıb atıb. Qohumbazlıq, millətçilik, din, adət-ənənə, ictimai əxlaq, vətəndaşlıq borcu, bəşəri dəyərlər, qanun, hüquq, dövlət, hakimiyyət, norma, nikah - Bazarov bunların hamısına biganədir.

“Oblomov”dan danışanda vurğuladığım bir məqama yenə qayıtmaq istəyirəm: əlbəttə, Turgenev hansısa traktatı oxuyandan sonra belə bir roman yazmaq fikrinə düşməyib, onun obrazı Ştirnerin ideyasına sözün hərfi mənasında illüstrasiya deyil, bununla belə biz bu iki dünya arasındakı doğmalığa, qan bağına da göz yuma bilmərik. Turgenevin Ştirnerdən təsirləndiyinə mənim şübhəm olmasa da, yazıçı öz qəhrəmanlarını misilsiz fəhminin canlı, real həyatdan döl tutan bətnindən doğub, əks halda roman quru, süni, sxematik alınardı, indiyə qalmaz, çoxdan unudulmuş olardı.

Ardı var...

F.Uğurlu

Paylaş:
Baxılıb: 776 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30