Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Ədəbiyyatın “sevdiyi” şəhərlər

Ədəbiyyatın “sevdiyi” şəhərlər

04.04.2024 [11:15]

Kitablar təkcə boş zamanımızı doldurmaq, səmərəli vaxt keçirmək, ya da söz ehtiyatımızı artırmaq üçün bir vasitə deyil. Kitablar həm də olduğumuz yerdən bizi həm zaman, həm də məkan baxımından çox uzaqlara aparan, heç vaxt getmədiyimiz, görmədiyimiz yerləri, tarixi, insanları, adət-ənənələri, həyatları bizə doğmalaşdıran “uçan xalçamız”dır. Elə kitablar var ki, onları oxuyarkən hadisələrin baş verdiyi şəhəri addım-addım, küçə-küçə gəzmiş kimi olur, sanki havasını ciyərlərinə çəkirmiş kimi hiss edirsən. Ədəbiyyatın, ya da müəlliflərin daha çox sevdiyi, tez-tez müraciət etdiyi ölkələr, şəhərlər də var, əlbət. Bu yazıda həmin ölkələrin, şəhərlərin və həmin kitabların bəzilərini səyahətə çıxaqmı?

Bakı (Azərbaycan)

Yazıya ölkəmizin paytaxtı, küləklər şəhəri Bakımızdan başlamağımız heç də təsadüfi deyil. Belə ki, qədim tarixə, zəngin mədəniyyətə sahib Bakı tez-tez yerli və əcnəbi yazarların əsərlərinin mövzusu olub.

Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun povesti “Neft və milyonlar səltənətində” əsərinin məzmunu Bakı neft kapitalistlərinin həyatından, məişətindən alınıb. İnqilaba qədərki Bakıda neft fontanları hesabına milyonlar əldə edən, birdən-birə varlanan lütfəlilərin, cəlilağaların həyat tərzi povestin əsasını təşkil edir. Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, pula hərislik, nəfsin qurbanı olmaq eyni zamanda əxlaqın korlanmasına, müvəqqəti xoşbəxtliyin faciəyə çevrilməsinə səbəb olur. Əsərin əsas qəhrəmanları olan Cəlil ağa da, Lütfəli bəy də öz yaxalarını bu faciədən qurtara bilmirlər.

Tarixi romanlar ustadı Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsi hadisəsi üzərində dayanır.

Vilayət Quliyevin “General Denstervilin Bakı gündəliyi” kitabında Bakı uğrunda mübarizənin şiddətli dövründə - 1918-ci ilin avqustunda eser-menşevik-daşnak alyansının - Sentrokaspi diktaturasının çağırışı ilə Azərbaycana gələn, ingilis işğal qüvvələri - Densterforsun və onun komandanı, general Lionel Denstervilin ölkəmizə və xalqımıza, Azərbaycan Cümhuriyyətinə qarşı çevrilmiş fəaliyyəti araşdırılır.

Eston yazıçısı və ictimai xadim Kersti Kivirüütün “Küləklər şəhəri” romanı əsasən sovet hakimiyyətinin qurulması ərəfəsində Azərbaycanda baş verən hadisələrdən və o dövrdə Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir. Lakin bu hadisələr, zaman baxımından, Azərbaycan tarixinin müxtəlif dövrlərinə təsadüf edir. Belə ki, əsərdə yarımçıq qalmış işlərini tamamlamaq üçün sonrakı illərdə yenidən Bakıya can atan insanların burada öz cənnətlərini axtarıb tapmaq istəkləri təsvir olunur.

Azərbaycan xalqının tarixi köklərinə dair maraqlı faktlar, Xocalı faciəsi, öz doğma yurdlarından didərgin düşmüş insanların ağır yaşayış şəraiti və real həyat həqiqətləri arasında ortaq məqamlar əsərin əsas süjet xəttini təşkil edir. Macəra və detektiv janrında yazılmış romanın süjeti dramatik hadisələr üzərində qurulub. Əsərdə hadisələr azərbaycanlı idmançı Rüfətlə eston qızı Annelisin sevgi hekayəsi ətrafında cərəyan edir.

Qurban Səidin dünyaca məşhur romanı “Əli və Nino” əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.

İstanbul (Türkiyə)

Ədəbiyyatın çox sevdiyi şəhərlərdən biridir İstanbul. “Nobel” mükafatçısı Orxan Pamukun “Məsumiyyət muzeyi” əsərində Kamalla Füsunun eşqinə şahidlik edən, bu eşqin zərrələrini özündə qoruyub-saxlayan İstanbul... 2012-ci ildə eyni adla qurulan Məsumiyyət muzeyi isə İstanbulun əsas gəzməli-görməli yerlərindən birinə çevrilib. Yolunuz düşsə, Bəyoğlundakı bu muzeyi gəzə, qəhrəmanlarının yaralı eşqinin hüznünü yaxından duya bilərsiniz.

Ferzan Özpətəyin ilk romanı olan “İstanbul qırmızısı” Romadan İstanbula gələn Annanın öz həyatı ilə üzləşməyi və başına gələnlərdən bəhs edir.

Yəhudi əsilli yazıçı Mario Levinin iki əsərindəki hadisələr də İstanbulda cərəyan edir. “İstanbul bir nağıldı” adlı əsərində 1920-1980-ci illər arasında İstanbulda yaşayan yəhudi əsilli ailənin başına gələnləri əks etdirir.

Mətin Kaçanın “Ağır roman İstanbul Dolapdərə”, Zülfü Livanelinin “Leylanın evi” əsərlərində də oxucu hadisələrin axışı ilə İstanbulu qarış-qarış gəzmək fürsəti əldə edir.

Paris (Fransa)

Romantikanın paytaxtı kimi tanınan Paris ədəbiyyatın da sevdiyi əsas şəhərlərdən biridir. Viktor Hüqonun ölümsüz əsəri “Səfillər”də Jan Valjanın faciəsi ilə Fransanın, xüsusən Parisin keçmişi oxucunun gözləri önünə sərilir.

Hüqonun başqa bir məşhur əsəri- “Paris Notr-Dam kilsəsi” əsəri isə məhəbbətin fiziki əngəlləri tanımadığını, bununla bərabər, o dövrdə belə insanların mənff?ətçi üzünün necə iyrənc olduğunu göstərir.

Den Braunun “Da Vinçi şifrəsi” əsərində Parisdə işgüzar səfərdə olan professor Robert Lanqdon ağlına gəlməyəcək hadisələrlə üzləşir. Bu əsərdə Fransanın romantik tərəfi Den Braun qələmində işıqlanır.

Sankt-Peterburq (Rusiya)

Rus ədəbiyyatından danışarkən ilk ağıla gələn şəhərlərdən biridir Sankt-Peterburq. Dostoyevskinin ilham qaynağı olan şəhər “Bəyaz gecələr”, “Cinayət və Cəza”, “Karamazov qardaşları” əsərləri ilə dünya oxucusunun sevimlisinə çevrilib.

****

Artur Konan Doylun “Şerlok Holms” seriyasında hadisələrin cərəyan etdiyi əsas məkanlardan olan London şəhəri “Harry Poter” sevərlərə də çox tanışdır. Dikkensin qəhrəmanı Oliver Tvist də Londonda çox acı, səfalət içərisində həyat sürən ədəbi obrazlardandır.

Misir və paytaxtı Qahirə şəhəri bir çox roman və filmlərin ilham mənbəyi olub. Aqata Kristinin ilk detektiv romanı olan “Nildə ölüm” əsərində hadisələr Misirdə cərəyan edir. Paulo Koelhonun “Kimyagər” əsəri İspaniyadan Misir piramidalarına xəzinə axtarmağa gələn çobanın nağılı, bir o qədər də fəlsəfi hekayəsindən bəhs edir. Fransız yazıçısı Filip le Royun “Məsihin qapısı” əsərində də əsas hadisələr Qahirədə cərəyan edir.

Çexiyanın Praqa şəhəri də ədəbiyyatsevərlər üçün çox tanışdır. Xüsusən, Frans Kafkanın oxucuları “Milenaya Məktublar” əsərindən bu şəhərin havası ilə bərabər gerçək eşqin, qısqanclığın, saflığın qoxusunu da duyacaqlar.

Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsərində qəhrəmanların həyatlarının arxa planında Sovetlər Birliyinin Çexoslovakiyanı işğal etdiyi günlər təsvir edilir.

Teodor Drayzerin “Amerika faciəsi”, Con Steynberqin “Qəzəb üzümləri”, Rey Bredberinin “Farenheyt 451” əsərlərində Amerika Birləşmiş Dövlətləri və onun gizli üzünü görəcəksiniz.

Qriqori Petrovun müəllifi olduğu “Bəyaz zanbaqlar ölkəsində” əsərində 1800-c? illərin son dövrlərində Finlandiya xalqının vəziyyəti, cahillikdən qurtulmaq üçün az saylı fin ziyalılarının mücadiləsi qələmə alınıb.

Səbahəddin Əlinin “Kürk paltolo Madonna” əsərində Berlin şəhərinin fərqli bir üzünü görəcəksiniz. Raif əfəndi həyatının sevgisi olan Mariya Puder ilə Berlində tanış olur. Bu eşqin fonunda insanın tənhalaşmağını və gedərək cəmiyyətə yadlaşmasını biz də onunla birlikdə yaşayırıq.

Alber Kamünün “Çöküş” romanın qəhrəmanı Amsterdamda köhnə bir barda keçmişinə geri dönərək özü ilə üzləşir.

Azərbaycanın paytaxtı ilə başladığımız yazıya yenə də qədim Azərbaycan şəhərlərindən olan Təbrizlə yekun vurmaq yerinə düşərdi. Tarixin canlı şahidi Təbriz zaman-zaman bir çox əsərlərin mövzusu olmuş, hadisələrin cərəyan etdiyi məkan kimi qarşımıza çıxmışdır. Onlardan ən məşhuru isə Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanıdır. Ədib “Dumanlı Təbriz” əsəri ilə Azərbaycanda tarixi roman janrının ilk gözəl nümünəsini yaradıb. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırıb. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dolğun təəssürat, bədii, əfsanəvi dona geydirilmiş zəngin, hərtərəfli məlumat bu əsərdə verilib.

Qədim Azərbaycan şəhəri Təbriz əsərdə bütün çalarları, koloriti ilə, daxili həyatı və beynəlxalq aləmdə yeri ilə görünür.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30