Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Cəlilabad rayonunda görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Cəlilabad rayonunda görülən işlərlə tanış olub

02.08.2012 [22:10]

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına məlumat verib ki, 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülüb. Burada 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan misilsiz Qələbədə Azərbaycan xalqı da xüsusi rol oynayıb. Cəlilabadlılar da həmin müharibədə rəşadət göstəriblər. Faşizm üzərində Qələbənin qazanılmasında payı olan soydaşlarımızın xidmətlərini həmişə yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev onların cəmiyyətdə nüfuzunun daha da qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirib. Bu insanlara hərtərəfli dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda istirahət parkının yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanıb. İnşaat işləri daxili imkanlar hesabına aparılıb. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirib.
İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Bayraq Meydanı və Gənclər Parkı ilə tanış olub.
Dövlətimizin başçısı əvvəlcə Bayraq Meydanına gəlib.
Diqqətə çatdırılıb ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılıb.
Prezident İlham Əliyevə bildirilib ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunub. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulub.
Dövlətimizin başçısına məlumat verilib ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırıb.
Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilib. Burada möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulub.
Gənclər Parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılıb. Gənclər burada bilyard, tennis, şahmat, dama və digər oyunlar oynaya biləcəklər.
Bildirilib ki, yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanıb, minədək yeni dekorativ ağaclar və gül kolları əkilib, müasir işıqlandırma sistemi qurulub.
Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub.
Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan Prezidentinə məlumat verib.
Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış olub.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycanın basketbol üzrə milli komandasının üzvü, Birinci İslam ölkələri Olimpiadasının qalibi, on beş qat Azərbaycan çempionu Zaur Paşayev ölkədə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə idmançılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cəlilabad Broyler” ASC-nin yeni inşa olunmuş yem fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıb.
Bildirilib ki, fabrikin inşasına 1969-cu ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra başlanılıb. Ulu öndər 1972-ci ildə Cəlilabada səfəri zamanı quşçuluq fabrikində tikinti işlərinin gedişi ilə tanış olub. 1976-cı ilin mayında Ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəlilabad quşçuluq fabriki istifadəyə verilib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, Cəlilabad şəhərində 45 hektar ərazidə köhnə tikililərdən ibarət quşçuluq fabrikinin yenidən qurulması Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcək. Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait sərf olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yenidənqurma işlərinə iki milyon manat güzəştli kredit verilib.
Diqqətə çatdırılıb ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin illik istehsal gücü 6 min ton quş əti məhsullarıdır. Bu müəssisənin fəaliyyətə başlaması idxalı əvəz edən məhsul hazırlanmasına şərait yaradacaq, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcək. Müəssisə əsasən, Türkiyə texnologiyaları əsasında qurulub. Quş fermaları ən müasir yemləmə, havalandırma avadanlığı ilə təchiz edilib. Həmçinin müəssisədə kəsim sexi yerli “ASENA” şirkəti tərəfindən Türkiyə texnologiyası əsasında qurulub. Sexdə saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Yeni inşa olunan sex isə hər birinin tutumu 177 min yumurta olan iki inkubator avadanlığı ilə təchiz edilib. Müəssisədə yem sexi, soyuducu və şoklama kameraları da inşa edilib.
Bildirilib ki, respublika üzrə 43 quşçuluq təsərrüfatı var. Bu ilin birinci yarısında quş əti istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artaraq 25,5 min tona, yumurta istehsalı 16 faiz artaraq 600 milyona çatıb. Bu artımın əsas səbəblərindən biri dövlətin dəstəyi ilə bu sahəyə güzəştli kreditlərin ayrılmasıdır. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən tikilmiş və tikilməkdə olan 30 damazlıq yumurta və broyler təsərrüfatına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 55 milyon manat güzəştli kredit ayrılıb. Bunlardan 10-u istifadəyə verilib, digər 20-sinin cari ildə açılması planlaşdırılır. Yaxın illərdə quş ətinə olan daxili tələbat 92,5, yumurtaya olan tələbat isə 100 faiz yerli istehsal hesabına ödəniləcək.
Azərbaycan Prezidenti fabrikin istehsal etdiyi məhsulların nümunələrinə də baxıb.
Sonra Prezident İlham Əliyev müəssisənin yem fabrikini işə salıb və monitor vasitəsilə istehsal prosesini izləyib.
Dövlətimizin başçısına məlumat verilib ki, müasir avadanlıqla təchiz edilən fabrik saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Quşçuluq təsərrüfatları üçün müxtəlif növ yem hazırlayan fabrik tam avtomatlaşdırılıb. Müəssisədə 220 nəfər işlə təmin olunub.
Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb.
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunda sakinlərlə görüşüb.
Dövlətimizin başçısı sakinləri salamlayaraq deyib: “Yeni yolun açılışı münasibətilə sizi təbrik edirəm. Bu yolun tikintisi ilə əlaqədar ilin əvvəlində sərəncam imzalanmışdır, vəsait ayrılmışdır. Yol 13 kəndi birləşdirir. Bu kəndlərdə 20 mindən artıq əhali yaşayır. Yolun bir hissəsi artıq hazırdır, tikinti işləri davam edir. Bu kənd yolunun tikintisi nəticəsində gediş-gəliş rahat olacaqdır. İnsanlar bu gözəl yoldan istifadə edəcəklər. Beləliklə, Cəlilabad rayonu da sürətlə inkişaf edəcəkdir. Rayonda işlər yaxşı gedir. Görürsünüz, Cəlilabad necə gözəlləşir, abadlaşır”.
Sakinlər: çox sağ olun! Bunlar hamısı Sizin rəhbərliyinizlə görülən işlərdir, Sizin diqqət və qayğınızın nəticəsidir. Allah Sizdən razı olsun! Allah Ulu öndərimizə rəhmət etsin!
Prezident İlham Əliyev: Tikinti-quruculuq işləri aparılır. Onların içərisində kənd yollarının tikintisi xüsusi məna daşıyır. Ancaq Cəlilabadda kəndlərin sayı çoxdur. Təqribən 200-ə qədərdir. çalışmalıyıq ki, növbəti illərdə bütün kəndlərdə gözəl yollar çəkək, düzəldək, bərpa edək. Kəndlərdə yaşayan insanlar daha rahat yollardan istifadə etsinlər. Əlbəttə, biz birinci mərhələdə magistral yollara fikir veririk. İndi hər yerdə, hər bir istiqamətdə magistral yollarda tikinti gedir, o cümlədən Bakı-Astara yolunun tikintisi davam edir və gözəl yol olacaqdır. İndi sıra gəlib kənd yollarına. Cəlilabadda kənd yollarının tikintisi, bərpası, təmiri bundan sonra da gedəcəkdir. Bu, birinci böyük açılışdır. Belə açılışlar çox olacaqdır.
Sakinlər: çox sağ olun! Allah Sizdən razı olsun! Təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun! Sizi bir daha təbrik edirəm.
Sakin Sənan Dövlətov: Allah Sizi qorusun. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Sizin rəhbərliyinizlə görülən bu işlərə görə Cəlilabad camaatı adından böyük təşəkkürümüzü bildiririk. Gələcək işlərinizdə Sizə uğurlar diləyirik. İşləriniz xeyirli olsun! Sizə və ailənizə Allahdan cansağlığı diləyirik.
Yeni yolda görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda “Avanqard” MMC-nin un fabrikinin açılışında iştirak edib.
Məlumat verilib ki, 100 tonluq un dəyirmanı və 10 min tonluq taxıl məhsullarının təmizlənməsi və satışı üçün anbar kompleksini özündə birləşdirən müəssisə ən müasir avadanlıqla təchiz olunub. Müəssisənin beşmərtəbəli binadan ibarət dəyirman kompleksi ekoloji baxımdan bütün gigiyenik normalara cavab verir. Taxıl məhsullarının qəbulu, çeşidlənməsi və təmizlənməsi, o cümlədən un istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Belə müasir un fabriklərinin inşası ölkədə ərzaq təhlükəsizliyinin təminatına, yüksək keyfiyyətli taxıl məhsullarının və un məmulatının daha uzun müddətə saxlanılmasına imkan verir.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Dövlətimizin başçısına məlumat verilib ki, taxıl anbarı və dəyirman kompleksində Cəlilabadda və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri taxıl məhsullarının uzun müddət itkisiz saxlanması və istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi respublikada taxılçılığın inkişafına təkan verməklə il boyu əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaradacaq.
Azərbaycan Prezidenti hazır məhsulların nümunələrinə baxıb.
Müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Paylaş:
Baxılıb: 1011 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30