Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Londonda XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub

Londonda XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub

06.08.2012 [22:44]

Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb
London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub.
Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlayıb.
Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb.
Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov qoşulub. Rövşən Bayramovun ilk rəqibi rusiyalı Minqiyan Semyonov olub. 1/16 final mərhələsinin görüşü dünya çempionumuz üçün uğurlu alınıb. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə də eyni hesab ilə qalib gələrək 1/8 finala yüksəlib. Bu dəfə onun rəqibi amerikalı Tomas Manqo Spenser olub. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Amerikalı güləşçi ikinci hissədə də çətin anlar yaşayıb və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanıb. Nəticədə güləşçimiz daha bir mərhələyə adlayıb.
Rövşən Bayramov 1/4 finalda çinli Li Şujin ilə üz-üzə gəlib. Güləşçimiz ilk iki görüşündəki uğuru bu dəfə də təkrarlayıb. O, birinci hissədə rəqibindən üç, ikinci hissədə isə iki xal alaraq yarımfinala çıxıb. Finala gedən yolda Rövşən Koreya Respublikasının təmsilçisi Qyunjin çoi ilə güləşib. R.Bayramov ilk hissədə rəqibin parter vəziyyətindən xal qazanmasına imkan verməyib və nəticədə bir xal qazanıb. İkinci hissədə isə Qyunjin çoi parter vəziyyətinə düşmüşdür. Burada aşırma fəndini ustalıqla yerinə yetirən güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi iranlı Məhəmməd Soryan olub. Həlledici qarşılaşmada pəhləvanımız cüzi fərq ilə uduzaraq gümüş medalla kifayətlənib. Bununla da Rövşən Bayramov Pekin Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş mükafatla başa vurub.
Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanıb. İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Püşkün nəticəsinə görə, dördilliyin ən mötəbər yarışına 1/8 final mərhələsindən başlayan Emin əvvəlcə xorvatiyalı Neven Zuqaj ilə qarşılaşıb.
Bu görüşədək digər həmyerlimiz Rövşən Bayramovun növbəti mərhələyə yüksəlməsi E.Əhmədova əlavə ruh yüksəkliyi verib. Bunun da nəticəsi kimi pəhləvanımız Xorvatiya təmsilçisini hər iki hissədə məğlub edərək 1/4 final mərhələsinə adlayıb. Növbəti mərhələdə isə E.Əhmədovun rəqibi daha güclü idmançı olub. Buna baxmayaraq, gənc güləşçimiz gürcüstanlı Zurab Datunaşvilini də mübarizədən kənarlaşdırıb. O, ilk hissədə rəqibinə uduzsa da, sonrakı hissələrdə qələbə qazanıb və yarımfinala çıxıb. Lakin təəssüf ki, pəhləvanımız finala vəsiqə qazana bilməyib. Buna baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa vurub. Emin Əhmədov bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kikinyov ilə görüşüb. Gərgin keçən qarşılaşmanın ilk hissəsində rəqib irəlidə olsa da, Emin növbəti hissələrdə ona heç bir şans verməyib. Nəticədə ardıcıl iki hissədə qalib gələn pəhləvanımız bürünc medala yiyələnib. Bu, Azərbaycan yığmasının Londonda qazandığı üçüncü medal olub.
Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb.
Dövlətimizin başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.
XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan milli komandasının bir üzvünün medal qazanması  rəsmiləşib. 91 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanıb. İlk raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz beş xallıq üstünlük əldə edib - 9:4. T.Məmmədov ikinci və üçüncü  hissələrdə təşəbbüsü əldən versə də, yekunda qələbə qazanıb. Boksçumuz bu uğura ilk raunddakı gözəl döyüşün nəticəsində nail olub. Belə ki, qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitib. Teymur hakimlərin rəyinə əsasən, qalib elan olunub. Bununla da T.Məmmədov ən azı bürünc medalı özünə təmin edib.
Qadınların boks yarışında yeganə təmsilçimiz Yelena Vıstropova təəssüf ki, elə ilk görüşündə məğlubiyyətlə barışmalı olub. 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız nigeriyalı Edit Oqokeyə iki xal fərqi ilə uduzub.
Paylaş:
Baxılıb: 934 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30