Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaq

Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaq

21.09.2012 [17:04]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşüb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşüb. Dövlətimizin başçısını “MEDEF International”ın rəhbəri Jan Bürel qarşılayıb. MEDEF-in rəhbəri Jan Bürel deyib: “Cənab Prezident, bu görüşdə aparıcılıq etmək mənim və dostum, həmkarım Kristian Mons üçün şərəfdir. Bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Bilirik ki, sevdiyiniz Paris şəhərində səfər proqramınız olduqca gərgindir. Burada Azərbaycanın iqtisadi inkişafı, fransız şirkətlərinin bu tərəqqiyə verə biləcəyi töhfə, onların Sizin ölkədə oynaya biləcəyi rol ilə bağlı düşüncələrinizi dinləmək üçün müxtəlif şirkətləri təmsil edən 60-a yaxın nümayəndə iştirak edir. Sizi dinləmək bizim üçün olduqca maraqlıdır. Həmkarım Kristian Mons sual-cavab sessiyasını keçirəcəkdir. Mənim qısa giriş sözümdən sonra, etiraz etmirsinizsə, biz Sizi dinləyəcəyik, daha sonra isə Kristian Mons sual-cavab sessiyasına başlayacaqdır. Fikirlərinizi bizimlə bölüşün. Bir daha bizə vaxt ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Dünən Sizin Prezident Olland ilə görüşünüz oldu. Eyni zamanda, Luvr Muzeyində İslam incəsənətinə həsr olunmuş zalların açılışı mərasimində iştirak etmisiniz. İqtisadiyyatdan, ümumi daxili məhsuldan başqa, bilirik ki, dostluq və mədəniyyət bizim ölkələrin böyük sərvətidir. Bizə qarşı xoş münasibət vardır. Sizin Fransanı sevdiyinizi bilirik. Bir daha bizə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Biz bir saat ərzində birlikdə olacağıq. Cənab Prezident sözü Sizə veririk. Təşəkkürlər”.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Çox minnətdaram. Əvvəlcə dəvətə görə sizə təşəkkürümü bildirirəm. Burada, Parisdə köhnə dostları görmək çox xoşdur. Mən MEDEF-də bizim əvvəlki görüşlərimizi xatırlayıram. Bu təmaslar Azərbaycan və Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaradılmasına çox kömək etmişdir. Parisə yenidən gəlməyimə çox şadam.
Sizin də qeyd etdiyiniz kimi, dünən mənim Prezident Olland ilə görüşüm oldu. Biz bir çox məsələlər ətrafında, əlbəttə ki, çox uğurla inkişaf etməkdə olan ikitərəfli siyasi əlaqələrə dair səmimi və açıq müzakirələr apardıq. Bizim görüşümüz siyasi əlaqələrimizin strateji xarakter daşıdığını bir daha sübut etdi.
Biz dostuq, tərəfdaşıq və həm ikitərəfli münasibətlər səviyyəsində, həm də beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq edirik. Xüsusilə də Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndən sonra həm beynəlxalq məsələlərlə, həm də regionda və dünyada qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ölkələrimiz arasında əlaqələr daha da fəallaşmışdır.
Qeyd etdiyiniz kimi, siyasi əlaqələrlə yanaşı, biz həm də ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələri müzakirə etdik. Bu əlaqələr də çox uğurla inkişaf edir. Sizin də qeyd etdiyiniz kimi, dünən mən Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışında iştirak etmişəm. Bu gün biz Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcəyik. Bu, Azərbaycandan kənarda açılan ilk mədəniyyət mərkəzidir. Ötən il biz Bakıda yeni fransız məktəbinin təməlini qoyduq. Mən bir çox başqa tədbirləri, sərgiləri, mədəniyyət sahəsində mübadilə, konsertlər və digər mühüm tədbirləri qeyd edə bilərəm ki, bunlar da işbirliyi həyata keçirmək üçün gözəl şərait yaradır.
Ümumilikdə siyasi əlaqələr və açıq, səmimi münasibətlər iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Ona görə də biz çox şadıq ki, təkcə siyasi sahədə deyil, xalqlar arasında əlaqələr, mədəniyyət sahəsində də möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəlincə, qarşılıqlı ticarətdə dinamik inkişaf qeydə alınır, hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır. Gələcəkdə biz ticarət əlaqələrinin daha da şaxələndirilməsinin şahidi olmaq istərdik. Hesab edirəm ki, enerji sektorundan kənar əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.
Azərbaycanın yürütdüyü enerji siyasəti region hüdudlarını aşır. Bu gün biz Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlı Avropadan olan tərəfdaşlarımızla birgə fəaliyyət göstəririk və Fransanın “Total” və “GDF-Suez” kimi şirkətləri bizim uzunmüddətli tərəfdaşlarımızdır. Biz qarşıdakı planları və layihələri həyata keçirmək üçün birgə çalışırıq.
Azərbaycanın böyük neft və qaz ehtiyatları, artıq şaxələndirilmiş boru kəməri infrastrukturu vardır. Biz yeni kəmər sistemi üzərində işləyirik. Bu kəmər bizdə olan və gələcəkdə olacaq qazı müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcəkdir. İqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, enerji təchizatı marşrutlarının şaxələndirilməsi bizim üçün son dərəcə vacibdir. Şadıq ki, enerji siyasətində də maraqlarımız avropalı tərəfdaşlarımızla üst-üstə düşür. Təbii qaz məsələsinə gəlincə, Azərbaycan Avropanın əsas tərəfdaşlarından birinə çevriləcəkdir. Neft məsələsinə gəldikdə, Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Onun əsas hissəsi nisbətən yeni mənbədən əldə olunur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Artıq qeyd etdiyim kimi, biz yeni boru kəməri sistemi üzərində iş aparırıq. Bu layihədə, xüsusilə də regionun və Avropanın enerji xəritəsini əhəmiyyətli şəkildə dəyişəcək TANAP layihəsində Fransa şirkətlərini tərəfdaş kimi görməyə şad olardıq.
İqtisadi göstəricilərə nəzər saldıqda, düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinə nail ola bilmişik. Bu, bir sıra rəqəmlərdə də özünü göstərmiş, xüsusilə də bu ilin altı ayının göstəricilərində öz əksini tapmışdır. Qeyri-enerji sektorunda ümumi daxili məhsulun həcmi 10 faizdən çox artmışdır. Ümumilikdə son 8 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıbdır. Yaşayış səviyyəsi yaxşılaşıb, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 7 faizə düşüb, işsizlik səviyyəsi 5,4 faiz təşkil edir. Xarici borc ümumi daxili məhsulun təxminən 7 faizi həcmindədir. Biz 9,3 milyon əhalisi olan ölkədə bir milyondan artıq yeni iş yeri açmışıq, işsizlik 5-10 il bundan əvvəl olduğu kimi, ciddi problem deyildir. Beynəlxalq maliyyə institutları da nailiyyətlərimizi və problemlərimizi yaxından izləyir. Şadıq ki, maliyyə böhranı dövründə üç aparıcı reytinq agentliyi - “Standard & Poors”, “Fitch” və “Moody’s” Azərbaycanın kredit reytinqini qaldırıbdır. Davos İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlilik göstəricisi üzrə sonuncu siyahısında Azərbaycan 46-cı yerdədir. Bu da region ölkələri, bütün qonşularımız arasında ən yüksək göstəricidir.
Gələcəkdə biz qeyri-enerji sektoruna daha çox diqqət ayıracağıq. Çünki düşünürəm ki, enerji sektorunda qarşımıza qoyduğumuz bütün məqsədlərimizə çatmışıq və hazırda icra edəcəyimiz layihələrə artıq start verilmişdir. Növbəti on il üçün məqsədlərimiz iqtisadiyyatın modernləşdirilməsi, şaxələndirilməsi, sənayeləşdirilməsi, kənd təsərrüfatına, informasiya texnologiyalarına, xüsusilə, kosmik texnologiyaya investisiyaların yatırılmasıdır. Yeri gəlmişkən, fransız şirkətləri bizə bu sahədə yardım edirlər. Bu, növbəti on il üçün hədəfimiz olacaqdır.
Artıq qeyd etdiyim kimi, son 8-9 il ərzində biz ümumi daxili məhsulu üç dəfə artırmağa, ölkədə müasir infrastruktur yaratmağa nail olmuşuq. Növbəti on il ərzində, davamlı inkişaf onilliyində, bizim hədəfimiz qeyri-enerji sektorunda ümumi daxili məhsulu iki dəfə artırmaqdır. Düşünürəm ki, qarşıdakı on ildə bu, mümkün olacaqdır. Zənnimcə, transformasiya sahəsində təcrübəmiz, dünyanın aparıcı şirkətləri ilə güclü əlaqələrimiz sayəsində buna nail ola biləcəyik.
Uzun illərdir Fransa şirkətləri bizim ölkədə uğurla fəaliyyət göstərir. Enerji sektorunda onlar investor, digər sektorlarda iş podratçısı kimi fəaliyyət göstərirlər. Əlbəttə ki, biz Fransa şirkətlərini qeyri-enerji sektorunda investor kimi görmək istərdik. Düşünürəm ki, bunu etmək üçün yaxşı potensial mövcuddur. Çünki iqtisadiyyat inkişaf edir, yeni imkanlar yaranır, Azərbaycan regional mərkəzə, təkcə siyasi deyil, həm də iqtisadi mərkəzə çevrilir. Azərbaycan regionda tarazlaşdırıcı rol oynayır. Düşünürəm ki, Azərbaycana investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi Fransa şirkətləri üçün maraqlı olacaqdır. Eyni zamanda, biz onları podratçı kimi də görmək istərdik. Mən bizimlə fəal şəkildə çalışan bir çox Fransa şirkətinin adını çəkə bilərəm. Dünən Prezident Olland ilə görüşdə bildirdim ki, səfərdən əvvəl köməkçim mənə Azərbaycandakı Fransa şirkətlərinin fəaliyyəti ilə bağlı broşür təqdim etdi. Güman edirəm ki, bir neçə ilə şirkətlərin adları olan kitab nəşr ediləcəkdir. Bunlar bizim planlarımızdır. Mən həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığımızın səviyyəsindən məmnunam. Əməkdaşlığımız çox mehriban, gözlənilən və möhkəmdir.
Azərbaycan açıq ölkədir. Bu ölkədə bizneslə məşğul olmaq cəlbedicidir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun 80 faizi özəl sektorun payına düşür. Burada çox liberal iqtisadi nizamlama mövcuddur. Biz Dünya Bankının “Doing Business” proqramında aparıcı ölkələr sırasındayıq. Ölkədə çox əlverişli investisiya mühiti mövcuddur. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan keçmiş sovet ölkələri arasında birinci yerdədir. Bu il biz Azərbaycana, iqtisadiyyatımıza 20 milyard dollar həcmində birbaşa sərmayələrin yatırılacağını gözləyirik. Hazırda xarici və yerli investisiyalar arasında nisbət dəyişib. Sərmayələrin 70 faizi yerli yatırımlardır. Bu, o deməkdir ki, şirkətlərimizin rəqabətliliyi artır.
Yeri gəlmişkən, Azərbaycan xaricdə böyük investisiya layihələrinə start verib. Regionda biz ilk növbədə Türkiyə iqtisadiyyatına milyardlar yatırırıq. Növbəti beş il ərzində bu, təxminən 20 milyard dollara çatacaqdır. Biz Gürcüstanda bir nömrəli investoruq. Dövlət Neft Şirkəti Gürcüstanda ən böyük vergi ödəyicisidir. Bundan əlavə, biz Avropa İttifaqına üzv ölkələrə, keçmiş Sovet İttifaqı ölkələrinə investisiya yatırmağı planlaşdırırıq. Biz, həmçinin maliyyə resurslarımızı da şaxələndiririk, bu da çox mühümdür.
Azərbaycan və Fransa şirkətləri arasındakı əlaqələrin tarixini nəzərə alaraq, qarşıdakı illərdə biz üçüncü ölkələrdə hətta müştərək investor kimi fəaliyyət göstərə bilərik.
Mən Azərbaycan haqqında danışaraq daha çox vaxtınızı almaq istəmirəm. Bilirəm ki, əksəriyyətiniz bizim ölkədə olub, ölkəmizlə bağlı öz təəssüratlarınız vardır. Azərbaycanda olmayanları mən bizneslə məşğul olmaq imkanlarını öyrənmək və tərəfdaşlığımızı möhkəmləndirmək üçün ölkəmizə dəvət edirəm. Təşəkkür edirəm”.
Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan iş adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr və digər məsələlərlə bağlı suallarla Prezident İlham Əliyevə müraciət ediblər.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırkı vəziyyəti və gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verib.
Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir.
Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30