Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib

Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib

14.11.2012 [01:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, yaradılmış şəraitlə tanış olub.
Binanın foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Dövlətimizin başçısı Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxıb.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanıb. Ötən il Oğuz, bu il isə Bakı şəhər Yasamal, Gəncə şəhər Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatdırılıb. Artıq tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsi üçün yeni binanın inşasına başlanılıb.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Ədliyyə Nazirliyi Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. Ötən il qurumun plenar iclasında Azərbaycanda hakimliyə namizədlərin seçimi proseduru müsbət nümunə kimi qiymətləndirilib və bu təcrübə digər Avropa ölkələrinə tövsiyə edilib. Sentyabrda Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransında isə bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanan hesabatın təqdimatı keçirilib. Hesabatda qeyd olunub ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi, xüsusilə məhkəmə binalarının layihələndirilməsi üçün vahid konsepsiyanın hazırlanması, müasir məhkəmə komplekslərinin inşası, məhkəmələrdə mütərəqqi informasiya texnologiyalarının tətbiqi üzrə sərmayələrin qoyulması ilə nəticələnib.
Məlumat verilib ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilib. Yeni binanın layihə işləri “MDM” MMC, inşaat işləri isə “Əfqan” firması tərəfindən həyata keçirilib. Dördmərtəbəli binanın inşasına 2010-cu ilin martında başlanılıb. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən iki qurum - rayon məhkəməsi və icra şöbəsi yerləşir.
Diqqətə çatdırılıb ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq, Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də şərait yaradılıb. Girişdə əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb, gözdən əlil vətəndaşların isə sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Prezident İlham Əliyev 1 saylı məhkəmə zalı ilə tanış olub. Burada əsasən cinayət, zəruri hallarda digər işlərə də baxılır. Binada ümumilikdə 12 zal vardır. Zallardan beşi cinayət, yeddisi isə mülki işlər üçün nəzərdə tutulub. Zalın qarşısında məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılıb. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılıb, habelə müasir tipli İP təhlükəsizlik kameraları istifadəyə verilib. Təqsirləndirilən şəxslər zalda dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb və avadanlıq quraşdırılıb. Zalda təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsi üçün konfrans avadanlığı var.
Zalla tanışlıq zamanı Bakı İstintaq Təcridxanası ilə canlı bağlantı qurulub.
Qeyd edilib ki, binada təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli 60 İP təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılıb.
Bildirilib ki, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat köşkü, iki tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor var ki, bu da vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan yaradır. Bundan başqa, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün şərait yaradılıb, məhkəmə zallarına qalxmaq məqsədilə müasir lift və eskalatorlar quraşdırılıb. Məhkəmə binasında ana və uşaqlar üçün otaq da yaradılıb.
Prezident İlham Əliyev mülki məhkəmə zalı ilə də tanış olub. Burada məhkəmə prosesinin yüksək səviyyədə aparılması üçün lazımi avadanlıq quraşdırılıb.
Binanın dördüncü mərtəbəsində Ulu öndər Heydər Əliyevin barelyefi qoyulub.
Bu mərtəbədəki konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə tətbiq edilən “Bloostar” adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.
Sonra Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində respublikamızın üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradılıb və həmin məhkəmələrin hakimləri ilə canlı danışıqlar aparılıb.
Bildirilib ki, təqsirləndirilən şəxslər üçün binanın alt qatında hər cür şərait yaradılıb. Təqsirləndirilən şəxslər məhkəmə prosesinə ayrıca xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunmuş liftlə gətirilir. Mühafizə otağı, arxiv, dəftərxana xidməti və icra şöbəsinin işi də müasir tələblər səviyyəsində qurulub.
Qeyd edilib ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.
Yasamal Rayon Məhkəməsinin yeni binası ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1005 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30