Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib

18.12.2012 [00:36]

Dövlətimizin başçısı səfər çərçivəsində bir neçə obyektin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Füzuli rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadizdə Heydər Parkının açılışında iştirak edib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Prezidenti İlham Əliyevə Heydər Parkında görülmüş tikinti işləri barədə məlumat verib. Bildirilib ki, park Heydər Əliyev prospektində yerləşir. Əbədiyaşar liderin adını daşıyan bu parkın tikintisinə 2011-ci ilin iyununda başlanılıb. İnşaat işləri cari ilin sentyabrında başa çatdırılan parkın ərazisi 3,5 hektardır. Parkda Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Horadizdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin 1600 kvadratmetr sahəsi olan binasının inşasında milli memarlıq elementlərindən geniş istifadə edilib. Binanın təməli 2011-ci ilin iyununda qoyulub, inşaat işləri cari ilin oktyabrında başa çatdırılıb.
Mərkəzdə Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Burada Ulu öndərin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, Ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə də var.
Prezident İlham Əliyev mərkəzin konfrans zallarına baxıb.
Bildirilib ki, xüsusi dizaynla yaradılan 80 və 300 nəfərlik konfrans zalları rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdəki xidməti otaqlar kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də fəaliyyət göstərəcəkdir. Qədim Azərbaycan dövlətləri haqqında məlumatlar və onların rəmzlərinin lazer görüntülərinin nümayiş olunduğu mərkəzdə müasir formatlı kinozal, sərgi salonu, foto, dizayn və səs studiyaları da vardır. Buradakı kurslarda gənclər müasir texnoloji yeniliklərlə yaxından tanış olacaq, bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulub. Mərkəzdəki monitor zallarında Ulu öndər Heydər Əliyevin siyasi irsindən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən məşğələlər təşkil ediləcək. Binada müasir havalandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev mərkəzdə görülən işləri yüksək qiymətləndirib.
Dövlət başçısı daha sonra Horadiz şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, YAP rayon təşkilatının yeni inzibati binasının inşasına 2011-ci ilin martında başlanılıb və 2012-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada tikinti işləri yüksək səviyyədə aparılıb. Binanın foyesində partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, o cümlədən Yeni Azərbaycan Partiyasının respublikamızın siyasi həyatında rolunun artırılması ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb.
Qeyd olunub ki, binanın ikinci mərtəbəsində də Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotostendlər qurulub.
Bildirilib ki, təşkilatın daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılıb. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 nəfərlik müasir iclas zalı var. Bütün iş otaqlarında zəruri avadanlıq və kompyuterlər quraşdırılıb, binanın ətrafında yaşıllıqlar salınıb.
Diqqətə çatdırılıb ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü var. Onların 2 min 300-ü qadınlar, 1500-ü isə gənclərdir.
Prezident İlham Əliyev YAP Füzuli rayon təşkilatının yeni inzibati binasında yaradılan şəraiti yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində, həmçinin, 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 170 kvadratmetrdir. Yeni məktəb müəllimlərə elmlərin sirlərini şagirdlərə daha yüksək səviyyədə öyrətmək imkanı verəcək.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında da iştirak edib. Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayında yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin, səfər çərçivəsində Horadiz şəhərində Gənclər Mərkəzinin və soyuducu anbar kompleksinin açılışında, Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib, dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısı Füzuli Su Elektrik Stansiyasının açılışında da iştirak edib. İdarəetmə mərkəzinə gələn Prezident İlham Əliyev Füzuli Su Elektrik Stansiyasını işə salıb.
Stansiyada görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və energetiklərlə görüşüb.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələrini və energetikləri salamlayaraq deyib: “Əziz dostlar, əziz füzulililər! Bu gün sizinlə bərabər olmaq mənim üçün çox xoşdur. Dördüncü dəfədir ki, Prezident kimi Füzuli rayonuna səfər edirəm. Bu dəfə gözəl obyektlərin açılışında iştirak etmişəm. Onların içində əlbəttə ki, ən böyük obyekt Füzuli Su Elektrik Stansiyasıdır.
Dörd il bundan əvvəl sizinlə bərabər bu stansiyanın təməl daşını qoyduq. Çox şadam ki, artıq stansiya istifadəyə verilmişdir. Son illər ərzində Azərbaycanda tikilən ən böyük su elektrik stansiyasıdır. Gücü 25 meqavatdır və Füzuli rayonunun enerjiyə olan tələbatının bir hissəsini ödəyəcəkdir. Stansiyanın əhəmiyyəti ondan ibarətdir ki, bu, su elektrik stansiyasıdır. Burada istehsal olunan enerjinin qiyməti də aşağıdır. Eyni zamanda, bu stansiya vaxtilə işğal edilmiş ərazidə yaradılmışdır. Bu da stansiyanın əhəmiyyətini böyük dərəcədə artırır. Erməni işğalçı qüvvələri Füzuli rayonunu işğal etmişlər. Ancaq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmişdir. Artıq bu ərazilərdə böyük quruculuq-abadlıq işləri aparılır, evlər tikilir, binalar bərpa edilir, sənaye müəssisələri yaradılır.
Bu gün mən Füzulidə bir neçə obyektin açılışında iştirak etmişəm. Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Heydər Parkının, məktəbin və digər obyektlərin açılışlarında iştirak etmişəm. Əvvəlki dövrdə Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi tikilmişdir. Yəni, Füzuli rayonunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Beş il bundan əvvəl Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir və bu gün Horadiz uğurla inkişaf edir.
Növbəti illərdə Füzuli rayonunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Erməni vəhşiləri tərəfindən dağılmış evlərin bərpası məsələsi də vardır. Bu gün bu barədə məsələ qaldırıldı. Bu məsələ də öz həllini tapacaqdır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Yeni stansiyanın işə salınması əslində Azərbaycanda bu sahədə görülən işlərin təzahürüdür. Çünki son illər ərzində ölkəmizdə elektrik enerjisi ilə bağlı bütün məsələlər yüksək səviyyədə öz həllini tapmışdır. 1500 meqavat yeni güclər yaradılmış və beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll etmişdir.
Əvvəllər biz elektrik enerjisini idxal edirdik. İndi isə biz qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana, İrana, Rusiyaya elektrik enerjisini ixrac edirik. Yəni, biz bu sahədə ciddi dönüş yarada bilmişik. Bu gün bütün bölgələrdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Yeni tikilən və tikilməkdə olan stansiyalar bizə imkan verəcək ki, bu sahədə əldə edilmiş uğurları artıraq.
Hazırda ölkəmizin cənubunda “Cənub” elektrik stansiyasının tikintisi davam edir. Bakıda “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. Bu iki stansiyanın toplam gücü 1200 meqavatdan artıqdır. Yəni, biz bütün bu planları elə qururuq ki, gələcəkdə də Azərbaycan enerji təhlükəsizliyi məsələlərində daim öz sözünü dünyada deyə bilsin. Bu gün Azərbaycanda bu sahədəki icra edilən layihələr nəinki ölkəmiz, regionumuz üçün, eyni zamanda, Avropa üçün də çox böyük əhəmiyyət daşıyır. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və sosial məsələlərin həlli üçün vacib olan enerji təhlükəsizliyi məsələləri də yüksək səviyyədə həll edilir. Bu stansiya bunun gözəl nümunəsidir.
Bu stansiya ekoloji cəhətdən də çox sərfəlidir. Bildiyiniz kimi, son illər ərzində Azərbaycanda bütün stansiyalar ya qaz ilə, ya da su mənbəyi hesabına fəaliyyət göstərir. Biz artıq mazutdan istifadə etmirik və beləliklə, ölkəmizin ekoloji vəziyyətini də yaxşılaşdırırıq. Ancaq iqtisadiyyat artır, tələbat artır, əhalinin sayı artır. Beləliklə, elektrik enerjisinə olan tələbat artacaq və yenə qeyd etmək istəyirəm ki, biz yeni stansiyaların tikintisi ilə məşğuluq. Hazırda bərpa olunan elektrik enerjisinin yaradılması ön plandadır və bu sahədə su, külək, günəş stansiyalarının tikintisi nəzərdə tutulur.
İqtisadi artım, əlbəttə, tələb edir ki, biz iqtisadiyyatı sürətləndirmək üçün əlavə tədbirlər görək. Çünki Azərbaycanda son illər ərzində əldə edilmiş iqtisadi uğurlar, yeni yaranmış müəssisələr, infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizi böyük dərəcədə qabağa aparmışdır. İqtisadi sahədə əldə edilmiş uğurlar bizə imkan verir ki, sosial məsələləri də uğurla həll edək. Çünki bu iki məsələ bir-biri ilə sıx bağlıdır.
Bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək öz iqtisadi gələcəyimizi qururuq. Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bizə imkan verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az asılı olsun. Artıq 2012-ci il başa çatır. Bu ilin yekunları da bunu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə, böhranlı illərdə çox yüksək göstəricidir.
Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icra edilməsi nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Mən bu məsələ ilə bağlı artıq əvvəlki dövrlərdə fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişəm. İqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmək üçün, əlbəttə ki, bölgələrin inkişafı lazımdır. Biz son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu istiqamətdə də böyük nailiyyətlərə çata bilmişik. İşsizlik azalıb. Yoxsulluq böyük dərəcədə - beş dəfə azalmışdır. Bu gün Azərbaycana xaricdən işləmək üçün gələnlərin sayı artır və bu məqsədlə vaxtilə Miqrasiya Xidmətini yaratdıq ki, əmək resurslarının səmərəli şəkildə tənzimlənməsi üçün bizdə işlək mexanizm olsun.
Növbəti illərdə Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında. Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə, bölgələrdə abadlıq-quruculuq işləri daha da sürətlə getməlidir. Biz bu inkişafı Füzuli rayonunun timsalında görürük. Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd etmək istəyirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da Füzuli rayonu üçün çox böyük uğurlarla zəngin olan bir dövr olmuşdur. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülür və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışlar. Müharibə dövründə böyük qəhrəmanlıq göstərmişlər.
Ulu öndər Heydər Əliyev Füzuliyə daim böyük diqqət göstərmişdir - həm 1970-ci illərdə Azərbaycanda rəhbərlik edəndə, eyni zamanda, müstəqillik dövründə. Məhz Onun rəhbərliyi ilə Füzulinin 22 kəndi işğalçılardan azad edilmişdir. Bu gün bu ərazilərdə həyat qaynayır, inkişaf edir. Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcəkdir. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük hörmətə malik olan ölkədir. Təsadüfi deyil ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir və bu gün biz dünyanın ən mötəbər qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük, bu təşkilatda çox fəal və uğurla fəaliyyət göstəririk.
Bu yaxınlarda biz Qoşulmama Hərəkatına üzv olduq və dərhal bu təşkilatın birinci zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox dəyərli qətnamə qəbul edildi. Orada göstərilir ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yəni, bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır.
Ermənistana gəldikdə isə, onların işğalçı siyasəti özlərini ağır vəziyyətə salmışdır. Onların rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir. Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır. Bir daha demək istəyirəm ki, görülən tədbirlər nəticəsində bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilibdir. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda isə əhali azalır.
Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq. İlk növbədə ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir.
Mən bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Füzulidə son illər ərzində görülən işlərlə bağlı sizi təbrik etmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən Prezident kimi bundan sonra da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi göstərəcəyəm. Daim bu məsələ diqqət mərkəzində olacaqdır. Biz hələ çox-çox görüşəcəyik, çünki Füzulidə gələcəkdə böyük işlər görüləcək, böyük açılışlar olacaqdır. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.
Füzuli rayon ictimaiyyəti adından çıxış edən Tural Nəbiyev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək deyib: “Möhtərəm cənab Prezident! İcazə verin Sizi bütün füzulililər adından salamlayım və “Xoş gəlmisiniz!” deyim.
Hazırda məskunlaşdığımız bu ərazilər 1994-cü ildə Ulu öndərimizin qətiyyətli addımları nəticəsində düşmən tapdağından azad edilmişdir. Biz çox sevinirik ki, Sizin rəhbərliyiniz və qayğınız sayəsində bu ərazilər indi abadlaşır, inkişaf edir, gülüstana çevrilir. Qısa müddət ərzində burada yeni qəsəbələr salındı. Minlərlə ailə, on minlərlə insan öz yurd-yuvalarına qayıtdı, yeni salınmış qəsəbələrdə məskunlaşdı. İşğaldan azad olunmuş ərazilərdə həyat qaynadı. Təhsil, səhiyyə, mədəniyyət obyektləri tikildi. Yeni yollar inşa edildi. Qaz, elektrik xətləri çəkildi. Biz başa düşürük ki, düşmənlə təmas xəttinə yaxın ərazidə istifadəyə verilən hər bir obyektin ayrıca siyasi və mənəvi dəyəri vardır. Bu işlər bizim hər birimizdə qələbəyə, xoşbəxt gələcəyimizə inamı daha da artırır.
Möhtərəm cənab Prezident, qürur hissi ilə qeyd etmək istəyirəm ki, Sizin qətiyyətinizdən ruhlanan füzulililər atəşkəsin tez-tez pozulduğu bir şəraitdə düşmənlə üzbəüz dayanaraq bu gün heç bir qorxu hiss etmədən yaşayıb yaradırlar. İşğal dövründə dağıdılmış Horadiz Sizin qayğınızla bütün əhalimizin gözü qarşısında öz görkəmini tamamilə dəyişərək müasir bir şəhərə çevrilmişdir. Burada Muğam Mərkəzi, İdman Kompleksi, Diaqnostika Mərkəzi inşa edilmiş, yeni park və xiyabanlar salınmış, küçələrimiz müasir üslubda yenidən qurulmuşdur.
Bu gün isə bizim üçün bu nəhəng su elektrik stansiyasını istifadəyə verirsiniz. Bununla da Siz füzulililərə böyük həyat, gözlərinə işıq bəxş edirsiniz. Hər evə, hər bir sakinimizə nur verirsiniz. Biz bununla fəxr edir, göstərdiyiniz qayğıya görə Sizə və cəmiyyətimizin həyatının çox mühüm sahələrinin inkişafına öz töhfələrini verən, xalqımızın sevimli qızı Mehriban xanım Əliyevaya bütün füzulililərin minnətdarlığını çatdırıram.
Bütün bunlar onu göstərir ki, Füzuli torpaqlarının 55 faizi işğal altında olsa da, rayonumuz bu gün yaşayır və inkişaf edir. Artıq əhalimizin 60 faizi, yəni 70 min nəfər öz torpaqlarına qayıtmışdır. Bunu düşmənlərimiz də görür. Sizin son müşavirələrin birində dediyiniz sözlər bizim yaddaşımıza həkk olunub: “Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ qabaqdadır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm və buna şübhə etmirəm”. Bəli, cənab Prezident, o gün uzaqda deyildir. Biz hamımız əminik ki, gün gələcək torpaqlarımız düşmən tapdağından azad olunacaqdır. Mən bütün Füzuli gəncləri adından deyirəm, cənab Prezident, biz Sizin əmrinizi gözləyirik. Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa Sizin bir çağırışınız və rəhbərliyinizlə biz gənclər müsəlləh əsgərə çevrilib Qarabağımızı yağı düşməndən azad etməyə qadirik. Siz buna əmin ola bilərsiniz.
Siz biz gənclər üçün bir nümunəsiniz, cənab Prezident. Ən böyük azərbaycanlı kimi Vətənini, xalqını sevmək nümunəsi. Siz öz fəaliyyətinizlə bizə Vətənə sədaqətli olmağı, onun yolunda qəhrəmanlığa və fədakarlığa hər an hazır olmağı öyrədirsiniz. Biz gənclər Sizinlə fəxr edir, daim Sizə arxalanırıq. Bu gün Siz Azərbaycanda gördüyünüz işlərlə dövlətimizi dünya müstəvisində yüksəklərə qaldırmısınız. Sizin əzmkarlığınızın, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığınız siyasətin nəticəsidir ki, bu gün ölkəmiz bütün dünyanı heyran qoyan mötəbər beynəlxalq siyasi, mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Bu, dünya birliyi tərəfindən ölkəmizə, Sizin şəxsinizdə bütün xalqımızın uğuruna verilən yüksək qiymətdir. 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar da bunun yeni bariz nümunəsidir. Biz yaxşı başa düşürük ki, ölkəmizə gələn hər bir qonaq burada haqq sözünü eşidir, əsl həqiqəti görür və özü ilə aparıb bütün dünyaya yayır. Bu, Sizin Qarabağımızın azad olunması istiqamətində apardığınız titanik işlərin yalnız bir hissəsidir.
Möhtərəm cənab Prezident, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətimizin daha da qüdrətlənməsi, torpaqlarımızın azad olunması istiqamətində apardığınız işlərdə biz füzulililər hər zaman Sizinləyik və xoşbəxt gələcəyimizi yalnız və yalnız Sizinlə bağlayırıq. Siz bizim əbədi, daimi Prezidentimizsiniz.
Çox sağ olun!”.
Bununla da Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri başa çatıb.

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30