Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirilib

Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirilib

09.04.2013 [11:39]

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib
Aprelin 8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında və “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar” mövzusunda birinci sessiyasında iştirak ediblər.
Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçiblər.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Forumu açaraq deyib: “Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz dostlar, Dünya İqtisadi Forumunun üzvləri.
Mən sizin hamınızı Cənubi Qafqaz və Orta Asiyanın gələcəyinə dair strateji dialoqa həsr edilmiş birinci Dünya İqtisadi Forumunda salamlamaqdan son dərəcə məmnunam.
İcazənizlə, cənab Prezident, Sizə təşəkkür etmək istərdim. Azərbaycan Hökuməti tərəfindən lütfkarlıqla bu Forumun Bakı kimi gözəl şəhərdə təşkilinə görə təşəkkür etmək istərdim. İcazənizlə onu da qeyd etmək istərdim ki, sonuncu dəfə mən 20 il bundan əvvəl burada olmuşam. Həqiqətən deməliyəm ki, o vaxtdan bəri çox böyük dəyişikliklərin baş verdiyini müşahidə etdim. Bakı şəhəri həqiqətən çox gözəl bir məkana çevrilmişdir. Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir.
Qeyd etməliyik ki, region ölkələrinin heç biri potensialı təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Yəni, bu uğur yalnız təbii resurslardan asılı deyildir.
Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq, görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə etmək üçün mütləq etibar və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər göstərilməlidir. Məhz buna görə də Dünya İqtisadi Forumu çox nadir bir format yaradır.
Forumdan məqsəd sadəcə olaraq müəyyən görüşlərin keçirilməsi deyildir. Məqsəd uzunmüddətli təşəbbüslərə start verməkdir. Cənubi Qafqaz və Orta Asiya regionları üçün müəyyən ssenarilər təqdim olunur. Qarşıdan gələn 18 ay ərzində bu proseslər davam edəcəkdir. Regiondan və region xaricindən olan aparıcı şəxslər bu prosesə cəlb ediləcəklər. Məqsəd regional iqtisadi inteqrasiyaya nail olmaqdır. Regionun uzunmüddətli gələcəyi üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd regionun nadir evolyusiya potensiallarını araşdırmaq və müxtəlif alternativ ssenariləri nəzərdən keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq. Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir.
Ümid edirəm ki, Siz dəyərli fikirlərinizi bölüşəcəksiniz, bizim paneldə təmsil olunmuş natiqlərlə bir yerdə fikir mübadiləsi aparacaqsınız.
Cənab Prezident, eyni zamanda, mən bu imkandan istifadə edib çox dostcasına münasibətinizə və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Neçə illər boyu Siz davamlı olaraq bizim illik görüşlərimizdə iştirak etmisiniz. Bu mənada Azərbaycanı və bu regionu beynəlxalq xəritədə çox gözəl təqdim etmisiniz. Regionun iqtisadi imkanları və bu bölgənin dünyanın iqtisadi baxımdan çiçəklənməsinə necə töhfə verəcəyi barədə bizdə dolğun təsəvvür yaratmısınız”.
Sonra Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda Azərbaycan iqtisadiyyatının uğurlarına və potensialına xüsusi yer ayrılıb.
Daha sonra müzakirələrin hansı istiqamətdə aparılması ilə bağlı səsvermə keçirilib. Regionun gələcəyinə dair sorğuda pərakəndəlik, inteqrasiya və qütbləşmə ilə bağlı 3 bənd yer alıb. Səsvermə zamanı tədbir iştirakçıları müzakirələrin inteqrasiya mövzusunda keçirilməsi fikrində yekdil olublar.
ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Star səsvermənin nəticələrinin müsbət olduğunu deyib. Bildirib ki, son 15 ildə energetika sahəsinə baxsaq görərik ki, şaxələndirilmə daha da aktuallaşıb və gələcəkdə bunun rabitə və nəqliyyat sahələrini də əhatə etməsi labüddür.
Frederik Star regionun əhəmiyyətinə toxunaraq onun qitənin mühüm mərkəzinə çevrildiyini vurğulayıb. “Cənub” dəhlizinin yaradılması və digər yolların çəkilməsinin vacibliyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Forumda çıxış edib: “Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Belə bir möhtəşəm tədbirdə iştirak etmək fürsətini yaratdığınıza görə minnətdarlığımı bildirirəm.
Bakıda Dünya İqtisadi Forumunun keçirilməsi ilə əlaqədar dəvətimizi qəbul etdiyinə görə professor Şvaba və bu Forumda iştirak edən, eləcə də ölkəmizi dəstəkləyən bütün digər ölkələrə xüsusi təşəkkürümü bildirirəm.
Professor Şvabın qeyd etdiyi kimi, mən artıq 7 dəfə bu Forumda iştirak etmişəm. Deyə bilərəm ki, bu iştirak, müzakirələrə qatılmaq, dünyanın biznes elitası ilə ünsiyyət iqtisadiyyatımızı şaxələndirməkdə bizə çox yardım etdi. Çünki bizim iqtisadi inkişafımız enerji sektoru ilə başlayır və bu sektor hələ də xarici sərmayələr üçün cəlbedici sahə kimi qalır.
Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik. Deyə bilərəm ki, Dünya İqtisadi Forumu, eləcə də Davosda keçirilən görüşlər sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə, ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir. Ölkəmiz kifayət qədər gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Əminəm ki, sizin Azərbaycanı daha yaxşı tanımaq şansınız olacaqdır. Bununla belə, müstəqil ölkə kimi biz yalnız 21 ildir ki, yaşayırıq.
Professor Şvab qeyd etdi ki, Azərbaycana ilk səfərini hələ 1993-cü ilin mart ayında edib. Ola bilsin ki, həmin vaxtlar gənc, müstəqil ölkəmiz üçün ən ağır vaxtlar olub. Həmin vaxt müstəqilliyimizin yaşı 2 ildən də az idi və o vaxt fikrimcə, Azərbaycanda olan vəziyyət bütün postsovet məkanında ən ağır vəziyyət idi. Daxili çaxnaşmalar, vətəndaş qarşıdurması var idi, Ermənistan ilə Azərbaycan arasında müharibə gedirdi və bu hadisələr beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizinin işğalı ilə nəticələndi.
Lakin 1993-cü il inkişaf baxımından dönüş nöqtəsi oldu. Çünki 1993-cü ilin ortalarından etibarən vəziyyət sabitləşməyə başladı. Biz olduqca ciddi, köklü siyasi və iqtisadi islahatları həyata keçirməyə başladıq və Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə bilərəm ki, tarixi baxımdan 21 il, əlbəttə ki, böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər dövrü idi. İslahatların başlanğıc mərhələsində Azərbaycan öz enerji sektoruna böyük sərmayələri cəlb edə bildi. Biz Azərbaycana sərmayə yatırdıqlarına görə, xarici investorlara, böyük enerji şirkətlərinə minnətdarıq. Sonrakı mərhələdə biz iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəldə bildik və neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb etdik. Eyni zamanda, siyasi və iqtisadi islahatları davam etdirdik, hazırda bu proses gedir. Bu, gələcək illərdə Azərbaycanda sabit inkişaf üçün imkanlar yaradacaqdır.
Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin nəql edilməsi üçün şaxələndirilmiş şəbəkə yaratmışıq. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Buna görə də neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda, Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır.
Lakin son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır.
Biz də əslində nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Çünki Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımız yenə də inkişafını davam etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr verməyə başladı. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da islahatların yaxşı göstəricisidir.
Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk və əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda, biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - “Azərspace-1” uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır.
Bir sözlə, müstəqillik illəri nəinki siyasi və iqtisadi sistemin dəyişilməsi illəri oldu, bu dövrdə gələcək illərdə gəlir gətirəcək sərmayələr yatırıldı.
İslahatlarımızın əvvəlində müsbət sərmayə mühitinin yaradılması prioritetlərimizdən biri olmuşdur. Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.
Bu gün müzakirə olunan mövzulardan biri, əlbəttə ki, regional əməkdaşlıq və inteqrasiya olacaqdır. Səsvermənin nəticələrini görməkdən çox şad oldum. Yeri gəlmişkən, elə bunu belə də gözləyirdim. Çünki Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır. 1990-cı illərin ortalarında başladığımız layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik və bu, dostumuz cənab Starın qeyd etdiyi kimi, sırf regional layihə olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır. Böyük fərəh hissi ilə qeyd edirəm ki, biz bu layihənin həyata keçirilməsində nəinki maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz və siyasi iradəmizlə əsas rollardan birini oynayırıq. Əlbəttə ki, hökumətimizə gəldikdə, enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynayır və oynayacaqdır.
İki il öncə biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu, hazırda həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP- Trans-Anadolu boru kəməri layihəsi oldu. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızın güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür və ən azı 100 il xidmət edəcək boru kəmərinin çəkilişinə başlamışdır. Çünki Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn on illiklər ərzində mühüm rol oynaya bilər. Əlbəttə ki, regional əməkdaşlıq yalnız siyasi baxımdan sabit və inkişaf edən ölkələrlə baş tuta bilər.
Biz nəqliyyat marşrutları, əməkdaşlıq və inteqrasiya haqqında danışacağıq. Bu isə yalnız prosesə cəlb olunan bütün ölkələrin eyni münasibəti olduqda mümkündür. Şadam ki, Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan, biz gələcəyimizi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görürük.
Hörmətli dostlar! Bir daha sizi ölkəmizdə salamlamaq istəyirəm. Professor Şvaba və onun heyətinə bu Forumu Bakıda keçirdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu tədbirin nəticələrinin gündəlik həyatımıza çox ciddi təsiri olacaqdır. Region isə daha sabit, proqnozlaşdırılan və çiçəklənən olacaqdır. Çox sağ olun”.
Daha sonra Qazaxıstan Baş nazirinin birinci müavini Bakitjan Saqintayev, Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostin, Qırğızıstan Baş nazirinin birinci müavini Comard Otorbayev, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış ediblər.
Sonra diskussiya şəraitində müzakirələr başlayıb.
* * *
Dünən Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirin aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi zamanı gün ərzində keçirilən sessiyaların nəticələrinin müzakirə olunacağını bildirib.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təşəkkür edib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan doğrudan da, çox böyük nailiyyətlər əldə edib və bu uğurlar bundan sonra da davamlı olacaq. Klaus Şvab yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına Forum iştirakçılarının minnətdarlığını çatdırıb.
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakıda keçirilən Dünya İqtisadi Forumunda çox əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayıb.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını söyləyib.
York Hersoqu, şahzadə Endryu isə Forumda müasir dövrün qabaqcıl texnologiyalarının tətbiqinin genişləndirilməsi, xüsusilə telekommunikasiya və genişzolaqlı internetdən istifadə, həmçinin sahibkarlıq imkanlarının təşviqi məsələləri barədə aparılan fikir mübadiləsinin önəmini qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, bugünkü müzakirələrin mərkəzində regionda tranzit nəqliyyatın genişləndirilməsi, yol infrastrukturuna və logistikaya investisiya qoyuluşu, həmçinin narkotiklərə və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məsələləri dururdu.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Dövlətimizin başçısı Forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev bununla yanaşı, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından Forumun önəmini xüsusi qeyd edib. Müstəqil Azərbaycanın inkişaf tarixinə qısa nəzər salan dövlətimizin başçısı bildirib ki, 1993-cü ildə ölkəmizə sərmayə qoyuluşu ilə bağlı biz dost dövlətlərə müraciət etdik və həmin ölkələrin köməyi sayəsində Azərbaycan neft-qaz potensialından istifadə etməyə başlayıb. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilib.
Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payının sıfır faiz olduğunu, lakin bu gün bu rəqəmin 85 faizə çatdığını deyib. Dövlətimizin başçısı bp və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycanın həyata keçirdiyi böyük layihələrin ölkənin inkişafındakı rolundan danışıb və əlavə edib ki, əldə olunan gəlirlər insan kapitalına - gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi mövqeyə malik ölkəmizin hava, dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur. Bütövlükdə bu layihələrin region ölkələri xalqlarının rifahına yönəldildiyini söyləyən Prezident İlham Əliyev Azərbaycanın regional əlaqələrə üstünlük verdiyini bir daha vurğulayıb.
Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirib. Ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan Luvsanvandan Bold deyib ki, bu sahədə Azərbaycanın təcrübəsi təqdirəlayiqdir.
Litvanın Baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına minnətdarlığını bildirib və müzakirə olunan mövzuların aktuallığına toxunub. Forumda iştirak etməkdən şərəf duyduğunu deyən Litvanın Baş naziri bildirib ki, Azərbaycan bu tədbirə layiqincə ev sahibliyi edir.
Tədbirin yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Albaniyanın Baş naziri Sali Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın mühüm regional layihələrə imza atmasına böyük ehtiram bəslədiyini vurğulayıb. Sali Berişa Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki mühüm rolundan da danışıb.
Dünya İqtisadi Forumunun İdarə Heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirib ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səslənib. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende deyib ki, bu, Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olub. O, Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 970 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30