Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Abşeron və Qobustan rayonlarına səfər edib

Prezident İlham Əliyev Abşeron və Qobustan rayonlarına səfər edib

02.05.2013 [11:31]

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib.
“AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlətimizin başçısına məlumat verib ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunub. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcək. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılıb, ərazidə geniş yaşıllıq işləri görülüb.
Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə salıb.
Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış olub.
Dövlətimizin başçısı burada istehsal olunan hazır plastik qablara baxıb.
Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış olub.
Diqqətə çatdırılıb ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulub. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir.
Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəlib.
Azərbaycan Prezidenti südün emalı və qablaşdırılması prosesi ilə tanış olub.
Dövlətimizin başçısı süd və dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış olub.
Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Prezident İlham Əliyevə Ümummilli liderin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, iki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılıb.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxıb.
Dövlətimizin başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub.
Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini və idmançıları salamlayan Prezident İlham Əliyev deyib: “Yenidən Qobustan rayonunda olmağımdan çox məmnunam. Çox şadam ki, rayonda işlər yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır, rayonun siması dəyişilir və Qobustan rayonunda gözəl obyektlər istifadəyə verilir. Bu gün biz həm Gənclər Mərkəzinin, həm də idman kompleksinin açılışını qeyd edirik. Çox gözəl, əlamətdar hadisədir. İdman kompleksinin açılışı, ümumiyyətlə çox gözəl hadisədir. Çünki idmanla məşğul olmaq üçün burada bütün imkanlar olacaqdır. Xüsusilə uşaqlar, yeniyetmələr, gənc idmançılar burada məşğul olacaqlar, öz sağlamlığını qoruyacaqlar. Eyni zamanda, ümid edirəm ki, bu Mərkəzdə məşğul olacaq uşaqlar gələcəkdə peşəkar idmançılar kimi böyüyəcəklər. Çünki bu gün Azərbaycan idman dövlətidir. İdmanın bütün növləri inkişaf edir, çox gözəl nəticələrimiz vardır. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, ən böyük idman yarışı olan Olimpiya Oyunlarında da Azərbaycan yüksək yerlərdədir. Keçən il keçirilmiş Olimpiadada idmançılarımız 10 medal qazanmışlar, - bu, tarixi bir nailiyyət idi, - və dünya miqyasında 30-cu yerə layiq görülmüşlər. Avropada isə 15-ci yeri tutmuşuq.
Bəlkə də buna görə və əlbəttə, başqa amillər burada öz rolunu oynamışdır ki, birinci oyunlar Avropa Oyunları, 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir. Bax bu günlərdə Avropa Olimpiya Komitəsinin bütün rəhbərliyi Bakıdadır, görüşlər, təqdimatlar keçirilir. Artıq Avropa Olimpiya Komitəsi Koordinasiya Komitəsi yaratmışdır ki, Azərbaycanla bərabər Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə görsün. Yəni, biz idman ölkəsiyik və əlbəttə bütün bölgələrdə, bütün şəhərlərdə idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmalıdır.
Biz 2000-ci ildən bu proqramı başlamışıq və o vaxtdan bu günə qədər 35 idman mərkəzi, Olimpiya mərkəzi tikilmişdir, bu mərkəz 36-cıdır. Qobustanın inkişafı üçün bu mərkəzin ümumiyyətlə böyük əhəmiyyəti vardır. Yaxınlıqda Gənclər Mərkəzi yerləşir. Bu da son illər ərzində bütün ölkəmizdə geniş vüsət almış bir təşəbbüsdür. Hər şəhərdə Gənclər Mərkəzləri yaradılır. Onların çox gözəl imkanları vardır, funksional cəhətdən də çox əhəmiyyətlidir ki, gənclər burada öz asudə vaxtlarını mənalı şəkildə keçirsinlər. Beləliklə, həm idman, həm gənclər siyasəti Azərbaycanda çox uğurla inkişaf edir.
O ki qaldı rayon qarşısında duran digər vəzifələrə, bu vəzifələr də icra edilir. Rayonda qazlaşdırma proqramı aparılır və artıq 70 faiz qazlaşdırma təmin edilmişdir, 100 faiz olmalıdır. Dağ kəndlərinə də qaz xətləri çəkilməlidir. Su layihələri icra edilir. Bu yaxınlarda kanalizasiya layihəsinin icrasına başlanacaqdır. İnfrastruktur layihələrinin icrası prioritetdir. Kənd yolları təmir edilir. Vaxtilə rayon sakinləri müraciət etmişdilər. Vəsait ayrıldı, indi bir neçə kəndi birləşdirən yol istifadəyə verilmişdir. O kəndlərdə 13 minə qədər əhali yaşayır. Digər kəndlərə də yollar çəkiləcəkdir. Bütün bu məsələlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulur. Bu da çox vacib məsələdir. İndi hər bir yerdə kənd yollarına böyük vəsait ayrılır ki, biz bu məsələni də həll edək. Ümid edirəm ki, yaxın 2-3 il ərzində Azərbaycanda bütün kənd yolları yüksək keyfiyyətlə yenidən qurulub istifadəyə veriləcəkdir. Bu yollar əlbəttə ki, ölkəmizin ümumi inkişafına təkan verəcəkdir.
Əlbəttə, kənd yollarının tikintisi mühüm sosial məna daşıyır. Çünki vətəndaşlar normal şəraitdə yaşamalıdırlar. Yəni, Qobustanda demək olar ki, bütün infrastruktur layihələri icra edilir.
Keçən dəfə burada olarkən biz elektrik stansiyasının açılışını qeyd etmişdik. Bu stansiya nəinki Azərbaycanda, bütün bölgədə bərpa olunan enerji istehsal edən birinci hibrid stansiyadır. Orada həm külək, həm günəş qurğuları ilə elektrik enerjisi istehsal olunur. Ümid edirəm ki, gələcəkdə Qobustan rayonunun enerjiyə olan bütün tələbatını bərpa olunan enerji növləri təmin edəcəkdir. Bu, bir pilot layihədir. Əminəm ki, bu layihə uğurlu olacaq və gələcəkdə biz bu təcrübəni başqa rayonlarda da tətbiq edəcəyik.
Bilirəm ki, problemlər də vardır. O problemlər tədricən öz həllini tapır. Məktəblər tikilir, ancaq hələ də qəzalı vəziyyətdə olan məktəblər vardır və onlar da təmir olunmalıdır. Biz mərkəzi rayon xəstəxanasının layihəsinə gərək yenidən baxaq. Çünki vaxtilə qəsəbə xəstəxanası kimi tikilmişdir. Bu məsələyə də baxılacaqdır. Digər kəndlərə gedən yolların tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Yəni, bütün bu işlər nəzərdə tutulur. Nəzərdə tutulmayan işləri biz Dövlət Proqramına əlavə edəcəyik ki, Qobustanın bütün infrastruktur və sosial məsələləri öz həllini tapsın. İşin gedişatı onu göstərir ki, biz buna nail olacağıq. Çünki ölkə üzrə hər bir yerdə, hər bir şəhərdə quruculuq-abadlıq işləri, böyük layihələr icra olunur.
Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik. Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməmişdir. Çünki bizim çox düşünülmüş siyasətimiz vardır. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz vardır. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu.
Biz əlbəttə ki, dünya iqtisadiyyatına inteqrasiya edirik və etmişik. Bazar iqtisadiyyatını tam şəkildə tətbiq etmişik. İqtisadi sahədə bizim tam müstəqil siyasətimiz vardır. Bu siyasət özünü həm iqtisadi islahatlarda göstərir, eyni zamanda, maliyyə-kredit siyasətimiz də tam müstəqildir, milli valyutanın məzənnəsi sabitdir. Bir-iki il bundan əvvəl bölgənin bir çox ölkələrində milli valyuta devalvasiyaya uğramışdır, yəni, qiymətdən düşmüşdür və insanlar bundan böyük əziyyət çəkmişlər. Ancaq Azərbaycanda manatın məzənnəsi gündən-günə güclənir və indi 1 manat 1 avroya bərabərdir. Yəni, bu nailiyyətlərə çatmaq üçün əlbəttə ki, düşünülmüş siyasət və müstəqil xətt olmalıdır. Bax, bunlar Azərbaycanda vardır. Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar vardır və qəbul edilmişdir. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaqdır.
Qobustan rayonunun timsalında, eyni zamanda, biz bir məsələni də qeyd edirik ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir rayonun inkişafı bizim üçün prioritetdir. Qobustan əhali baxımından o qədər də böyük rayon deyildir. Ancaq burada yaşamaq, işləmək üçün bütün şərait yaradılır və bundan sonra da yaradılacaqdır. Belə gözəl idman və gənclər mərkəzləri bunun bariz nümunəsidir. Bu gözəl hadisə və əldə edilmiş uğurlar münasibətilə sizi təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram”.
Rayon sakini Babək Alıbabayev qobustanlıların ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Mərkəzlə tanış olub.
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti yol ilə bağlı məlumatları və fotoşəkilləri əks etdirən stendə baxıb.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi son illərdə daha geniş vüsət alıb. Hazırda respublikamızda kənd yollarının inşası da diqqət mərkəzindədir. Bu çərçivədə Qobustan-Xilmilli yolunun yenidən qurulması artıq başa çatdırılıb.
Prezident İlham Əliyev burada sakinlərlə görüşüb, yeni yolun açılışı münasibətilə onları təbrik edərək deyib: “Xoş gördük. Sizi salamlayıram. Yol çəkilibdir, rahatdır, yaxşı istifadə etmək olar. Yol olan yerdə inkişaf və rahatlıq da vardır. Bu, altı kəndi birləşdirən bir yoldur. Özü də yüksək keyfiyyətlə tikilmişdir. Azərbaycan dövləti insanların rahatlığı üçün nə lazımdırsa, onu da edir”.
Sakinlər: “Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Sizə minnətdarıq”.
Prezident İlham Əliyev: “Əvvəlki yolun vəziyyətini siz hamıdan yaxşı bilirsiniz, gediş-gəliş çox çətin idi, əziyyət verirdi. Amma indi rayon mərkəzinə, Bakıya, digər şəhərlərə rahat gedib-gəlmək olar.
Yol tikintisi Azərbaycanda sürətlə gedir. Əlbəttə ki, biz ilk növbədə əsas şəhərləri birləşdirən yolların tikintisi ilə məşğul olmuşuq. Bakı-Şamaxı yolu yenidən tikilmişdir, indi isə genişləndirilir, dördzolaqlı yol olacaqdır. Yəni, indi Bakı ilə Şamaxı arasında məsafə vaxt baxımından daha da qısalacaqdır. Çünki rahat getmək olacaqdır. Əlbəttə, magistral yolların təmiri və tikintisindən sonra biz kənd yollarının inşası ilə məşğul olmağa başlamışıq və bu yol da bunun gözəl nümunəsidir”.
Sakinlər: “Gözəldir. Çox sağ olun, cənab Prezident. Sizə minnətdarıq. Allah Sizdən razı olsun, işinizi avand etsin. Sizə təşəkkür edirik, çox sağ olun”.
Prezident İlham Əliyev: “Sağ olun. Qobustanda 30 yaşayış məntəqəsi vardır. Bu yol altı kəndi birləşdirir. Biz digər dağ kəndlərinə gedən yolları təmir edəcəyik ki, bütün camaat razı qalsın. Sizi bir daha təbrik edirəm”.
Sakinlər: “Çox sağ olun. Allah sizə cansağlığı versin. Allah işinizi avand etsin. Həmişə Siz gələsiniz”.
Prezident İlham Əliyev sakinlərlə xatirə şəkli çəkdirib.
Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə edib.
Xilmilli kəndinin sakinləri ilə də görüşən Prezident İlham Əliyev onların həyat şəraiti ilə maraqlanaraq soruşub: Necə yaşayırsınız?
Sakin: Əla yaşayırıq. Çox sağ olun. Bizi hər şeylə təmin edirsiniz. Hər şey əladır. Qazımız gəlir, işığımız var, suyumuz da hələlik yaxşıdır.
Prezident İlham Əliyev: Daha da yaxşı olacaqdır. Yol çəkdirmişik, rahat gedib-gəlmək olar. Dolanışığınız necədir?
Sakin: Lap yaxşıdır. Yaxşı dolanırıq. Hər şeyimiz vardır. Allah Sizdən razı olsun. Biz yaxşı yaşayırıq.
Prezident İlham Əliyev: Yerli hakimiyyət sizə necə baxır?
Sakin: Lap yaxşı baxır. Cənab Prezident, Allah canınızı sağ eləsin, Sizə uzun ömür versin. Təkcə problem yolumuz idi. Yolumuzu, qazımızı çəkdirmisiniz.
Prezident İlham Əliyev: Hər yerdə, hər bir kənddə hər şey olmalıdır. Əsas yol idi. İndi gözəl yolunuz vardır, magistrala oxşayır.
Sakin: Bəli, çox yaxşıdır. Çox sağ olun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzib.
Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitdən məmnunluğunu bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.

Paylaş:
Baxılıb: 1134 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30