Azərbaycan Prezidenti İlham Əliyev Qax, Balakən və Zaqatala rayonlarına səfər edib
20.08.2013 [09:02]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qax rayonuna gəlib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevə abidə ətrafında görülmüş abadlıq-quruculuq və tikinti işləri barədə məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanıb. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.
Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırıb.
Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Qax rayonunda çox əlamətdar bir gündür. Biz gözəl Olimpiya Mərkəzinin açılışına toplaşmışıq, gözəl mərkəzdir. İndi tanış oldum, görürəm ki, bütün imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul olacaqlar, yaşlı nəslin nümayəndələri də istifadə etməlidirlər, bütün şərait vardır. Bilirəm ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin çoxdankı arzusu idi və artıq bu arzu reallaşıb. Əminəm ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar. Gələcək Olimpiya, dünya çempionları burada yetişəcək və beləliklə, Azərbaycan idmanı inkişaf edəcəkdir.
Əlbəttə, belə komplekslərin tikintisi, ilk növbədə, idmanın kütləviliyini təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da lazımdır. Ancaq, ilk növbədə, gənclər gərək idmanla məşğul olsunlar ki, sağlam olsunlar və sağlam həyat tərzi sürsünlər. Buna görə ölkəmizin müxtəlif yerlərində belə komplekslər tikilir. Artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır. Bu gün mən digər tədbirlərdə də iştirak edəcəyəm. Bu tədbirlər də rayonun ümumi inkişafını göstərir. Rayonda turizmin potensialı çox böyükdür. Bu potensialdan səmərəli istifadə etmək üçün əlbəttə ki, kompleks tədbirlər lazımdır. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını da qeyd etdik. Bu yol, ilk növbədə, insanların rahatlığı üçün tikilmişdir. Eyni zamanda, məsafə böyük dərəcədə qısalır. Beləliklə, turizmin inkişafı, Bakı ilə Qax arasındakı məsafəni azaltmaq üçün çox gözəl imkanlar vardır. Bu, böyük investisiya layihəsidir və tamamilə yeni bir yol çəkilmişdir. Beləliklə, Qaxa gediş-gəliş daha da rahat olacaqdır. Yolun açılışında növbəti təklif də verildi ki, biz Qax-Zaqatala yolunu da tikək. Bu imkanlar vardır. Onu da biz yəqin ki, gələn ilin investisiya proqramına salacağıq.
Keçən dəfə burada olarkən yeni otelin açılışında iştirak etmişəm. Bu gün Konfrans Mərkəzi açılır. Bu da çox əlamətdar hadisədir. İndi Azərbaycanda bütün bölgələrdə beynəlxalq konfranslar keçirilir. Təbii ki, Bakıda və eyni zamanda, bölgələrdə. Bax bu gün Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə görüşü keçirilmişdir. Yüzlərlə qonaq gəlmişdir - dövlət başçıları, nümayəndə heyətinin üzvləri. Azərbaycanın gözəl bölgəsində belə bir tədbir keçirilmişdir. Vaxt gələcək Qaxdakı Konfrans Mərkəzində də beynəlxalq tədbirlər keçiriləcəkdir. Bunu etmək üçün ilk növbədə, şərait lazımdır - infrastruktur, yol və xidmət sektoru.
Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır. Bu gün, biz eyni zamanda, içməli su layihəsinin də istifadəyə verilməsini qeyd edəcəyik. Yəqin ki, bütün başqa rayonlarda olduğu kimi, Qaxda da içməli su problemi insanları narahat edirdi. Son bir həftə ərzində bir neçə şəhərdə içməli su layihələri həyata keçirildi. Kürdəmirdə, İsmayıllıda, Oğuzda, bu gün isə Qax rayonunda. Yəni, iki həftə ərzində dörd şəhərin onilliklər boyu yığılıb qalmış problemi öz həllini tapıb. Bu problemin həlli də Azərbaycan dövlətinin gücünü göstərir, Azərbaycan hökumətinin sosial siyasətini əks etdirir. Çünki mən həmişə qeyd edirəm ki, bu layihələrə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, ümumiyyətlə, ölkəmizdə gedən inkişaf bizə imkan verir ki, bu layihələri icra edək.
İçməli su layihəsi deyə bilərəm ki, infrastruktur layihələri arasında ən vacib məsələdir. İçməli su həyat deməkdir, sağlamlıq deməkdir. Qaxa verilən içməli su bütün yüksək standartlara cavab verir. Xatırlayıram ki, keçən dəfə Qaxda olarkən biz bu böyük layihənin təməl daşını qoymuşduq. O vaxt demişdim ki, biz bu layihənin istifadəyə verilməsini bərabər qeyd edəcəyik. Çünki ölkəmizin inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün içməli su məsələləri, əlbəttə ki, ən vacib yer tutur.
Bu gün Qaxda, eyni zamanda, Heydər Əliyev Mərkəzinin açılışını da qeyd edəcəyik. Bu da çox önəmli hadisədir. Əvvəlki illərdə burada olarkən biz Qaxın müasirləşməsi və eyni zamanda, qədim tarixin qorunması layihələrini də müzakirə etmişik. İçəribazar küçəsi gözəl küçədir və həm rayon sakinləri, həm qonaqlar üçün çox böyük maraq kəsb edən bir layihədir. O vaxt mən tövsiyə etmişdim ki, bizim qədim şəhərlərimizdə qədim tarixi bərpa etmək üçün təşəbbüslər irəli sürülsün. İçəribazar layihəsi o təşəbbüslərin sırasındadır. Çünki tarixdə belə yerlər olub və o küçə boyu yerləşən binalar qədim binalardır. Onlar qorunur, bərpa olunur, turistlər üçün maraq doğurur.
Rayon mərkəzinin abadlaşması prosesi də çox uğurla gedir. Mən xatırlayıram, ilk dəfə Qaxda olarkən mənzərə tam başqa idi. Son dəfə olanda gördüm ki, hər yerdə abadlıq, quruculuq işləri gedir, ağaclar əkilir, yollar genişlənir, binalar bərpa olunur. Bu məni çox sevindirir və əminəm ki, sizi də. Çünki siz burada yaşayırsınız və sizin həyatınız burada keçir. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları yaşadıqları yerlərdən asılı olmayaraq, rahat yaşasınlar, xoşbəxt olsunlar. Bütün lazımi şərait olsun. Çalışırıq ki, bunları yaradaq. Yollar, su xətləri, qazlaşdırma, sosial obyektlər, məktəblər.
Azərbaycan dövləti daim öz vətəndaşının maraqlarının keşiyindədir. Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş verdikdə Azərbaycan dövləti öz vətəndaşını darda qoymur, onun problemlərini həll edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, vətəndaşlar üçün dövlət hesabına evlər tikir. Zəlzələ zamanı, zəlzələdən sonra burada olarkən mən demişdim ki, dövlət daha yaxşı evlər, binalar tikəcəkdir və belə də oldu. Bax, bu zonada - Zaqatalada, Qaxda, Balakəndə, Şəkidə zəlzələyə məruz qalmış evlər təmir olunur. Demək olar ki, onların mütləq əksəriyyəti artıq yenidən tikilmişdir. Bu da Azərbaycan reallıqlarıdır.
Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Belə gözəl obyektlərin tikintisi də bu məqsədi güdür. Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində olacaqdır. Sizi bir daha salamlayıram və bu hadisə münasibətilə təbrik edirəm”.
Rayon idmançıları adından çıxış edən əlbəyaxa döyüş üzrə dünya çempionatının finalçısı Ramil Məmmədli Azərbaycan idmanın inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirib.
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı Qax şəhərinin su təchizatı sistemlərinin baş planını və şəhərin 1 nömrəli su anbarının görüntülərini əks etdirən stendlərə baxıb.
“Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, kompleksin təməli dövlətimizin başçısının iştirakı ilə 2011-ci il noyabrın 17-də qoyulub.
Dövlətimizin başçısı Qax şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonra Prezident İlham Əliyev “Azərsu” ASC-nin əməkdaşları və inşaatçılarla görüşüb.
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Konfrans Mərkəzi ilə tanışlıqdan sonra “El Resort” otelinin tikintisi davam etdirilən “Şimal” blokunun sxemlərinə və fotostendlərinə baxıb.
Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanıb. İnşaat işləri yüksək səviyyədə aparılıb. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Bunun nəticəsində mərkəzin binası rayonun gözəlliyini daha da artırıb.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Sabahınız xeyir olsun. Sizi ürəkdən salamlayıram, Balakən Mədəniyyət Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəldir, Balakənə yaraşan bir mərkəzdir. Burada həm dərnəklər var, eyni zamanda, böyük konsert zalı yaradılıbdır. Yəni, burada rayonun müxtəlif tədbirləri keçiriləcək. Memarlıq baxımından da gözəl binadır, şəhərə əlavə yaraşıq verəcəkdir.
Mən artıq bir neçə dəfə Balakəndə səfərdə olmuşam və hər dəfə açılışlarda iştirak edirəm. Şadam ki, bu açılışların sayı artır. Balakənin son illər ərzində inkişafı məni və yəqin ki, sizi çox sevindirir. Çünki doğrudan da son illərdə böyük bir irəliləyiş olmuşdur. Balakəndə sosial problemlər öz həllini tapır. Keçən səfərlərimdə biz böyük xəstəxananın açılışını qeyd etmişdik. Burada Olimpiya Kompleksi, digər sosial obyektlər yaradılır. İnsanların istirahəti üçün gözəl imkanlar vardır. Deyə bilərəm ki, Azərbaycanın bölgələrində bəlkə də ən böyük istirahət parkı Balakəndədir. Çox gözəl, möhtəşəm parkdır. Həm böyük rəmzi məna daşıyır, eyni zamanda, insanların rahat istirahəti üçün də çox gözəl imkanlar vardır.
Balakəndə iqtisadi sahədə işlər yaxşı gedir, yeni müəssisələr, iş yerləri açılır. Əlbəttə ki, bu da çox vacibdir. Çünki ölkəmizin uğurlu inkişafı üçün, ilk növbədə, iqtisadiyyat inkişaf etməlidir. Deyə bilərəm ki, bu istiqamətdə son illərdə bütün bölgələrdə nəticələr yaxşıdır, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatır. Proqram artıqlaması ilə yerinə yetirilibdir və gələn ilin əvvəlindən üçüncü proqram icra edilməyə başlayacaqdır. Beləliklə, növbəti beş il ərzində bu günə qədər həll edilməmiş problemlər də öz həllini tapmalıdır.
Ancaq qeyd etməliyəm ki, Balakəndə əsas infrastruktur layihələrinin icrası başa çatır. Qazlaşdırma 95 faizə çatmışdır. Demək olar ki, bütün kəndlərdə də qaz xətləri çəkilibdir. Heç vaxt bu, belə olmamışdır. İçməli su, kanalizasiya layihələrinin icrası da yəqin ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, şəhər və ətraf kəndlər 24 saat təmiz içməli su ilə təmin ediləcəkdir. Bu layihələr indi demək olar ki, hər həftə istifadəyə verilir. İki həftə ərzində - Kürdəmirdə, İsmayıllıda, Oğuzda artıq layihələr istifadəyə verilmişdir. Bu gün Zaqatalada içməli su layihəsi istifadəyə verilir. Balakəndə isə gələn il bu layihə artıq istifadəyə veriləcəkdir.
Yəni sosial infrastruktur, digər layihələr icra edilir və biz növbəti illərdə yəqin ki, daha çox kənd yollarının bərpasına diqqət verməliyik. Bu proses də başlamış, ölkəmizdə geniş vüsət almışdır. Ancaq bildiyiniz kimi, bu, çox böyük vəsait tələb edən layihələrdir və zamana da ehtiyac vardır. Çünki kənd yollarımızın əksəriyyəti yararsız vəziyyətdə idi. Son illərdə bu sahəyə çox böyük vəsait ayrılır və çalışırıq ki, hər bir rayonda heç olmasa bir və ya iki böyük layihə icra edilsin. Ona görə hər bir rayonun kənd yollarının tam şəkildə bərpası bir qədər vaxt tələb edəcəkdir. Ancaq hesab edirəm ki, növbəti beş il ərzində, bəlkə də ondan da tez bütün kənd yolları qurulacaq, tikiləcəkdir. Yəni, qarşıya belə bir vəzifə qoyulubdur. Bütövlükdə deyə bilərəm ki, hər bir sahədə biz maksimum, hədəfləri seçirik və o hədəflərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Hər bir rayonun öz proqramları, öz inkişaf dinamikası vardır. Balakəndə bu dinamika çox müsbətdir.
Burada iqtisadi inkişaf, sosial məsələlərin həlli, gözəllik, abadlıq işləri məni sevindirir. Əlbəttə, Balakən çoxmillətli diyardır. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyasında tolerantlıq mərkəzi kimi tanınır. Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər böyük dərəcədə diqqəti cəlb edir.
Tədbirlərin keçirilməsi özlüyündə vacib bir hadisədir. Eyni zamanda, o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə - Avropada, Orta Şərqdə, müxtəlif bölgələrdə dini və milli dözümsüzlük hökm sürür. Bu, zəmanənin mənfi əlamətidir və bu proseslər kəskinləşir. Yəni, əfsuslar olsun ki, dünyada qarşıdurmaya aparan bəzi siyasətçilərin, siyasi qrupların fəaliyyəti fəlakətlərə gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz internet dövründə yaşayırıq, hər bir məlumatı televiziya vasitəsilə əldə etmək üçün bütün imkanlar vardır. Əlbəttə ki, bu, bizi çox narahat edir və üzür. Çünki belə olmamalıdır. Bütün xalqlar, bütün dinlərin nümayəndələri sülh, qardaşlıq şəraitində yaşamalıdırlar. Bütün xalqlar bir-birinə hörmət əsasında yaşamalıdırlar. Yəni, dünyada gedən proseslər əlbəttə ki, bizi narahat etməlidir. Çünki biz təcrid edilmiş vəziyyətdə, adada yaşamırıq. Biz çalışırıq ki, Azərbaycanda yaradılmış müsbət təcrübə artıq hüdudlarımızın kənarına çıxsın və Azərbaycan təcrübəsi daha geniş şəkildə öyrənilsin, bizdə mövcud olan gözəl ab-hava və qardaşlıq iqlimi dünyaya, heç olmasa, bölgəyə yayılsın.
Ölkəmizə gəldikdə isə, Azərbaycanda milli məsələlər ən yüksək səviyyədə həll olunur. Bəlkə də bu barədə çox danışılmır. Buna ehtiyac da yoxdur. Ancaq cəmiyyətimizin inkişafı, cəmiyyətdə mövcud olan həyat tərzi, bizim milli dəyərlərimiz, ümumbəşəri dəyərlərin Azərbaycanda geniş şəkildə tətbiq edilməsi bu vacib sahədə də müsbət nəticələrə gətirib çıxarmışdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bunun təməlində əlbəttə ki, düşünülmüş siyasət və cəmiyyətin bu məsələlərə münasibəti dayanır. Çünki bu məsələlər təkcə dövlət siyasəti ilə tənzimlənə bilməz. Dövlət əlbəttə ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, vəziyyətə nəzarət edir, çatışmayan bütün məsələləri həll etməyə çalışır və həll edir.
Ancaq, eyni zamanda, bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində bu gözəl qardaşlıq ab-havası yaşanır və güclənir. Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, sadəcə gözəl sözlər deyil, bu, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər və öz fəaliyyətləri ilə ümumi işimizə töhfə verməlidirlər.
Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan milli və dini problemlərin həlli işində nümunə ölkədir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, bu tədbirlərdə səslənən fikirlər, o cümlədən dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir. Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir. Bu dəyərlər üzərində müasir, müstəqil dövlət qurulmuşdur və bu dövlət gündən-günə güclənir. Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır. Regional inkişaf proqramlarının qəbul edilməsi məhz bu məqsədi güdürdü. Çünki əvvəlki Balakəni indiki Balakənlə müqayisə etmək mümkün deyil. Bundan əvvəl demək olar ki, burada görüləsi işlər çox idi. Yadımdadır, ilk dəfə buraya gələrkən demişdim ki, əminəm, inkişaf olacaq və Azərbaycan dövləti bu bölgənin inkişafına öz dəstəyini verəcəkdir. Bu gün bu bölgə cənnətə çevrilib. Bakıdan başlayaraq Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən - bütün bu zona canlanır, turizm mərkəzinə çevrilir, beynəlxalq tədbirlər, sammitlər keçirilir. Əlbəttə ki, bu, Azərbaycanın inkişafını göstərir.
Hər bir bölgənin uğurlu inkişafı nəticədə ölkəmizin inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar aparılır və bu ilin 7 ayının göstəriciləri də çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən 11 faiz artmışdır. Bu da dünyada rekord göstəricidir. Bütün maliyyə, iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda bəzi başqa ölkələrdən fərqli olaraq düşünülmüş siyasət aparılır və heç vaxt lazımsız borclanma siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq, müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə güclənir və iqtisadi müstəqilliyi nəticəsində siyasi müstəqilliyini də təmin edir.
Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir. O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən edilibdir. Biz inkişaf etmiş ölkəyə çevrilməliyik və çevriləcəyik. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaşın töhfəsi çox vacibdir. Balakənlilər həmişə olduğu kimi, Vətənə, dövlətə, dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim ümumi işimizə də təkan verirlər. Belə gözəl binaların yaradılması əlbəttə ki, dediyim sözlərin sübutudur. Bir daha sizi təbrik edirəm və gələcək işlərinizdə uğurlar arzu edirəm”.
Rayon ictimaiyyəti adından çıxış edən Səbuhi Alqayev Balakənə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.
Dövlətimizin başçısı bütün bölgələrimiz kimi, Balakənin inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sakinlər də buna görə Prezident İlham Əliyevə bir daha təşəkkürlərini çatdırıblar.
Avqustun 17-də Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyev binada yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Katex soyuducu anbar kompleksinin texniki və texnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə salıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlib.
Dövlətimizin başçısı Zaqataladakı Heydər Əliyev Parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verib ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində “Tumurcuq” uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
Azərbaycan Prezidenti şəhərin tarixi mərkəzində aparılan yenidənqurma və bərpa işlərini, eləcə də Zaqatala qalasını əks etdirən stendlərə baxıb.
Dövlətimizin başçısı Dədə Qorqud meydanını gəzib. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Əlamətdar hadisə münasibətilə onları təbrik edən Prezident İlham Əliyev deyib: “Bu gün biz Zaqatalanın su layihəsinin açılışını qeyd edirik. Təbrik edirəm sizi. Bununla da Zaqatalanın su problemləri tamamilə həll olunur. Mənə verilən məlumata görə artıq 24 saat təmiz içməli su verilməyə başlamışdır. Böyük layihədir, sosial məna daşıyır. Əlbəttə ki, bütün işlər insanların rahatlığı üçün görülür. Su layihələri indi ölkəmizin müxtəlif yerlərində icra edilir. Bu günlərdə biz bir neçə şəhərin su layihəsini istifadəyə vermişik. Proses davam edir. Növbə Zaqatalaya çatmışdır.
Bu layihənin icra edilməsi əlbəttə ki, sakinlər üçün bir hədiyyədir. Yəqin ki, başqa yerlərdəki kimi, burada da su fasilələrlə verilirdi. Gündə bəlkə də bir neçə saat. Özü də o qədər də keyfiyyətli deyildi. Amma indi 24 saat keyfiyyətli su verilir. İndi görülən işləri bizə təqdim edəcəklər. Çox gözəl hadisədir. Çox böyük məna daşıyır. Sosial məna daşıyır. Eyni zamanda, ölkəmizin ümumi inkişafını göstərir. Həmçinin mən bu gün Zaqatalanın yeni layihələri ilə də tanış oluram. Görürəm ki, quruculuq işləri aparılır. Binalar bərpa olunur. Binaların tarixi görkəmi qaytarılır. Bu park tamamilə yenidən qurulubdur. Gözəl istirahət zonasıdır.
Digər layihələr icra edilir. Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. İçməli su layihəsinin icrasından sonra qazlaşdırma olacaqdır. Hələ ki, lazımi səviyyədə deyildir. Biz çalışmalıyıq ki, Zaqatalanın qazlaşdırılmasını təqribən 90-95 faiz təmin edək. Yəqin ki, növbəti bir il ərzində biz buna da nail ola biləcəyik. Kənd yollarının tikintisi gedir. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Bundan sonra da ayıracağıq. Çünki bu layihələr hər bir şəhərdə, hər bir rayonda icra edilir. Ona görə də vəsait məsələsi vardır. Ancaq çalışırıq ki, hər bir rayonda heç olmasa bir-iki layihə tezliklə icra edilsin və sonra təbii ki, biz bu layihələrin geniş vüsət almasına nail olacağıq.
Zəlzələdən sonra burada bərpa işləri uğurla gedir, 20-yə yaxın məktəb yenidən tikilir. Bəziləri tikilib və yaxud da indi tikinti gedir. Binalar bərpa edilir. İndi mənə verilən məlumata görə, 3388 ev tikilibdir. Özü də bir il ərzində. İnanılmaz bir nailiyyətdir. Bir ildə demək olar ki, böyük bir qəsəbə, şəhər boyda işlər görülübdür bir rayonda. Özü də qonşu rayonlarda da bu işlər görülür - Balakəndə, Qaxda, Şəkidə. Düzdür, Zaqatala daha çox dağıntılara məruz qalmışdır. Ona görə də burada bu işlər gedir və əminəm ki, yaxın zamanlarda qalan evlər də ya təmir olunacaq, ya da yenidən tikiləcək ki, vətəndaşlar tezliklə yeni evlərə köçsünlər.
Əlbəttə ki, zəlzələ böyük təbii fəlakətdir. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə, heç bir faciə baş verməmişdir. Ancaq insanların evləri dağılmışdır və xatırlayıram, o vaxt burada olarkən demişdim ki, daha da gözəl evlər tikiləcək, geniş və möhkəm. Əvvəlki evlərin çoxu o qədər də keyfiyyətli olmayan materiallardan tikilmişdir. Amma indi möhkəm evlərdir, artıq Allah eləməsin, zəlzələ baş verərsə, o evlərə heç bir xətər dəyməz. Bu, Azərbaycan dövlətinin siyasətidir, öz vətəndaşına olan münasibətidir və bir daha göstərir ki, Azərbaycan sosial dövlətdir.
Sosial dövlət o deməkdir ki, dövlətin siyasətinin mərkəzində insan dayanır. Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır və biz bunu Zaqatala rayonunun timsalında da görürük. Əvvəlki dövrlərdə buraya böyük investisiyalar qoyulmuşdur. Olimpiya Kompleksi, stadion, diaqnostika mərkəzi, digər layihələr. Bu gün Heydər Əliyev Mərkəzinin tikintisi ilə tanış oluram. Uşaq bağçası və nəhayət içməli su layihəsi də icra edilir.
İçməli su layihəsi deyə bilərəm ki, insanların rahat yaşaması üçün infrastruktur layihələri arasında bəlkə də birinci yerdədir. Çünki su həyat, sağlamlıq deməkdir. Keyfiyyətli içməli su sağlam həyat deməkdir. Artıq Zaqatalanın içməli su ilə təminatı həll olunub. Bir neçə kənd də əhatə olunur və gələcəkdə başqa kəndlərdə də fərdi qaydada bu layihələr icra edilməlidir.
Mən artıq altıncı dəfədir ki, Zaqataladayam. Hər dəfə burada olarkən hansısa bir yeniliyi görürəm. Keçən dəfə tarixi pilləkənin ətrafında gəzirdik və icra başçısı da məlumat vermişdi ki, planlar vardır. O vaxt bərpa işləri gedirdi. İndi artıq tamamlandı. Qala düzü kompleksi də tikilmişdir. Zaqatalanın tarixi binaları da bərpa olunacaqdır. Biz bu işlərə də diqqət verəcəyik. Çünki biz bu məsələlərə hərtərəfli yanaşırıq. Biz tariximizi, tarixi irsimizi qorumalıyıq.
Eyni zamanda, hər bir şəhər inkişaf etməlidir. Tarixi qorumaqla müasir şərait yaratmalıyıq və yaradırıq. Bakıda da belədir. Burada da belədir. Azərbaycanda bir çox şəhərlər var ki, orada çox zəngin tarixi irs və mədəniyyət vardır. Zaqatala da onların arasındadır. Ona görə də bax, bu ətrafda yerləşən binaların qədim tarixi vardır.
Biz öz tariximizi bilirik, bilməliyik. Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsl müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir. Bu layihələr əlbəttə ki, ancaq müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan Azərbaycan xalqının dövlətidir və müstəqil Azərbaycanın siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır. Ona görə də bu gün doğrudan da çox əlamətdar bir gündür. Biz gözəl mərasimdə görüşürük. Amma mən əminəm ki, gələcəkdə belə açılışlar hələ çox olacaqdır. Biz hələ çox görüşəcəyik və bir yerdə bu gözəl yeniliklərə sevinəcəyik. Sizi təbrik edirəm”.
Müəllim Vəfa Süleymanova Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb.
Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxıb.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, layihənin icrasına 2010-cu ilin noyabrında başlanıb, birinci mərhələ üzrə işlər yerinə yetirilib. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir.
Stendlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

