Beynəlxalq birlik Azərbaycanın yanındadır
07.03.2026 [11:13]
Beynəlxalq ictimaiyyət İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumunu pisləyib. Müxtəlif ölkələrin liderləri İranın hücumunu qəti şəkildə qınayıb, Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.
“Bir millət-iki dövlət”: dostluq və qardaşlıq nümunəsi
Belə ki, martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində də Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib. O, Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb: “Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim”. Ərdoğan, həmçinin Türkiyənin cənub sərhədi yaxınlığında İran raketinin vurulmasını da xatırladıb. “Biz İran tərəfinin diqqətini Türkiyə ilə dostluğun əhəmiyyətinə çəkdik və mehriban qonşuluq münasibətlərinə xələl gətirəcək səhvlərə yol verməməyə çağırdıq”, - deyə o qeyd edib. Türkiyə liderinin sözlərinə görə, Ankara bölgədə qan tökülməsinin və eskalasiyanın dönməz hala gəlməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. “Əminəm ki, Türkiyə bu regional turbulentlik zolağından uğurla çıxacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Əlbəttə, məlum hadisədən sonra dövlətimizin başçısına ilk telefon zənginin Türkiyədən gəlməsi təsadüfi deyil. Çünki iki qardaş dövlət arasında münasibətlər sarsılmazdır. “Bir millətin iki dövləti” olan Azərbaycanla Türkiyənin əlaqələri Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalıb. Bəyannaməyə əsasən zərurət yarandıqda hər iki ölkə bir birinə hərbi dəstək vermək hüququna malikdir.
BƏƏ Azərbaycanla həmrəydir
Azərbaycanla yaxın dost olan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləməsi, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləməsi bu dostluğun bariz göstəricidir. O, həmçinin İranın ölkəsinə raket hücumları zamanı dövlətimizin başçısı tərəfindən BƏƏ-yə göstərilən dəstəyə və bu hücumu qınayan mövqeyinə görə bir daha minnətdarlığını bildirib.
Nəzərə alaq ki, son illər Azərbaycanla BƏƏ arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İndiyədək iki ölkə arasında siyasi, iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Prezident İlham Əliyevin ötən ayın əvvəlində bu ölkəyə işgüzar səfəri də qarşılıqlı əlaqələrin dinamik inkişafının göstəricisidir.
Dost və qardaş ölkələrdən söz düşmüşkən, Pakistanı unutmaq qətiyyən mümkün deyil. Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Xüsusilə, hazırda iki ölkə arasında hərbi, müdafiə və siyasi sahədə əlaqələr güclü mövcuddur.
Pakistan Azərbaycana qarşı hücumu qınayır
Qeyd edək ki, martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb. Dövlətimizin başçısı isə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın qardaş Pakistanın haqq işini hər zaman müdafiə edəcəyini deyib. Prezident qeyd edib ki, İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir.
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar. Bu fakt, əslində lazımi dairələrə ciddi mesajdır. Nəzərə alaq ki, Pakistan nüvə dövlətidir. Ona görə də, Azərbaycana qarşı olan ölkələr, o cümlədən İran diqqətli olmalıdır.
Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik münasibətlər qurmayıb və münaqişənin həlli prosesində hər zaman ölkəmizin yanında olub. İkinci Qarabağ müharibəsində də bu ölkə Azərbaycanı birmənalı olaraq dəstəkləyib. Şanlı qələbəmizin 5-ci ildönümü ilə bağlı Bakıda keçirilən hərbi paradda Pakistan baş nazirinin və hərbçilərinin iştirakı da dövlətimizə dəstəyin əyani göstəricisidir.
Yeri gəlmişkən, xatırladaq ki, bir müddət öncə İran Pakistan istiqamətində də raket hücumu etsə də, layiqli cavabını aldı. Eynilə Azərbaycanın sərt mövqeyi də İranı geri çəkilməyə məcbur etdi, hərbi hissələrini sərhəddən uzaqlaşdırdı. Aydın görünür ki, İran yalnız onunla başa düşdüyü dillə danışmağı qəbul edir.
Özbəkistan, Gürcüstan və Latviyadan telefon zəngləri...
Dost və qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev də mövcud vəziyyətlə bağlı Prezident İlham Əliyevə zəng edərək İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib. Dövlətimizin başçısı baş vermiş hadisə ilə bağlı məlumat verərək, hazırda vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.
Telefon söhbəti əsnasında Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə olunub. Hər iki dövlət başçısı Azərbaycanın və Özbəkistanın bundan sonra da daim bir-birini dəstəkləyəcəyini bir daha təsdiq ediblər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. İrakli Kobaxidze İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib. Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Latviyanın Prezidenti Edqars Rinkeviçs də Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib.
Qazaxıstan, Albaniya, İspaniya, Fransa, Monteneqro və İtaliya...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Naxçıvan şəhərindəki hava limanına İranın pilotsuz uçuş aparatlarının hücumunu qətiyyətlə pisləyib. O, baş verənləri qardaş və müttəfiq Azərbaycan dövlətinə qarşı akt kimi qiymətləndirib.
Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsində mülki infrastruktura qarşı İran tərəfindən həyata keçirilən hücumu qəti şəkildə pisləyib. Baş nazir özünün “X” sosial media hesabında Azərbaycan ərazisinə edilən hücumu, mülki infrastrukturun hədəfə almasını və nəticədə insanların yaralanmasını İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktı adlandırıb. Paylaşımında Azərbaycanı Albaniya üçün dəyərli dost və müttəfiq hesab edən Baş nazirin sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb. “Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir. Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid edilməsinə səbəb olmalıdır”, - deyə Edi Rama vurğulayıb.
İspaniya hökuməti də İranın Türkiyəyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyib. Xarici İşlər Nazirliyinin X səhifəsində qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.
Fransa da İranın Azərbaycana dron hücumunu pisləyən ölkələrdəndir. Xarici İşlər Nazirliyinin portalında dərc olunan bəyanatda rəsmi Paris baş vermiş hücumu ən sərt şəkildə pislədiyini bəyan edib və hücum zamanı yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb. Fransa, eyni zamanda, bu hadisə qarşısında Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb. Bəyanatda qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Fransa tərəfi hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirərək, regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini bir daha vurğulayıb.
Monteneqro da İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyib. Monteneqro Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, bu cür hərəkətlər regional təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır. “Gərginliyi azaltmaq və dialoqa qayıtmaq üçün təcili ehtiyac olduğunu vurğulayırıq. Monteneqro Azərbaycan xalqı ilə həmrəydir və dərhal gərginliyin azaldılmasına çağırır”, - deyə açıqlamada vurğulanıb.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də İranın Azərbaycan Respublikası ərazisində Naxçıvan hava limanına qarşı dron hücumunu ən sərt şəkildə pisləyib.
BMMT, TDT və TÜRKPA İranın hücumunu pisləyib
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Daimi Katibliyi Azərbaycana qarşı hücumla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın üzv dövlət kimi üzləşdiyi hadisələrlə bağlı dərin narahatlıq bildirilib, Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə edilib. Təşkilat baş verən hadisələrdən zərər çəkən insanlara səmimi dəstəyini verərək vurğulayıb ki, bütün hallarda mülki əhalinin və həyati əhəmiyyətli xidmətlərin qorunması əsas prioritet olaraq qalmalıdır. Bildirilib ki, heç bir mülki şəxs qeyri-sabitlik və zorakılığın qurbanına çevrilməməlidir.
Türk Dövlətləri Təşkilatı (TDT) da İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumu ilə bağlı bəyanat yayıb. TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumların kəskin şəkildə qınanıldığı bildirilir. Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırıb.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı mülki obyektlərinə həyata keçirilən pilotsuz uçuş aparatlarının (PUA) hücumları ilə bağlı bəyanat yayıb. Bəyanatda İranın bu hücumu qətiyyətlə pislənilib. Bu cür hərəkətlərin mülki təhlükəsizlik və regional sabitliyə ciddi təhdid yaratdığını vurğulayan Baş katib oxşar hadisələrin qarşısının alınmasının vacibliyini bildirərək regionda vəziyyətin daha da gərginləşməməsi üçün təmkinli olmağa çağırıb. “TÜRKPA sülh və sabitlik diləyi ilə Azərbaycan hökuməti və Azərbaycan xalqının yanındadır”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar, Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq hücumlardan narahatlıq ifadə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

