Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə...

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə...

15.07.2026 [10:21]

Geosiyasi əməkdaşlıq, qlobal proseslərdə birgə fəaliyyət...

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılıqlı əməkdaşlığı praqmatik yanaşma, qarşılıqlı maraqlar və etibarlı tərəfdaşlıq prinsipləri əsasında formalaşır. Azərbaycan da həyata keçirdiyi praqmatik xarici siyasət, davamlı inkişafı hədəfləyən islahatları və beynəlxalq təşəbbüslərdə fəal iştirakı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir. Ölkənin etibarlı tərəfdaş kimi qazandığı nüfuz müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Bu kontekstdə Azərbaycan-ABŞ münasibətləri də siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi istiqamətlər üzrə ardıcıl inkişaf edən tərəfdaşlıqlardan biri kimi qiymətləndirilir.

Prezidentin Vaşinqtona tarixi səfəri....

2020-ci il Vətən müharibəsi nəinki bizim regionda, eləcə də mühüm bir coğrafiyada yeni münasibətlər sistemi formalaşdırdı. Azərbaycan müharibədən sonrakı dövrdə də qalib dövlət olmasına baxmayaraq, özünün sülhpərvər siyasi ənənəsinə sadiq qaldı - Bakı regionda sabitliyin və davamlı təhlükəsizliyin bərpası üçün qətiyyətli iradə nümayiş etdirdi. Tarix göstərdi ki, Azərbaycan üçün qələbə revanşizm demək deyil - qələbə yeni bir siyasi reallıq, yeni münasibətlər sistemi və yeni inkişaf mühiti formalaşdırmaq imkanıdır. Beləliklə, Azərbaycanın müəllifi olduğu sülh gündəliyi regionun taleyini dəyişən əsas siyasi xəttə çevrildi. Cənubi Qafqazda formalaşan yeni sülh şəraiti 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşdə özünün siyasi və diplomatik təsdiqini tapdı. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan bu görüş regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qarşılıqlı razılaşmanın imzalanması artıq köhnəlmiş və nəticəsiz mexanizmlərin tarixə qovuşduğunu göstərdi. Bu addım iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu, Cənubi Qafqazda formalaşan sülh prosesinin lokal deyil, qlobal miqyasda tanınmasının göstəricisidir. Region artıq münaqişə zonası kimi deyil, sabitlik və əməkdaşlıq məkanı kimi qəbul olunmağa başlayır.  IV Şuşa Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyev bildirib ki, Prezident Tramp sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir: “Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu. Onlar sülhlə bağlı narahatlıqlarımızı tam şəkildə anlayırdılar. Onlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini aydın şəkildə dərk edirdilər və Ermənistanı da bu sülhün vacibliyinə inandırmaq istiqamətində olduqca səmərəli fəaliyyət göstərdilər. Nəticədə, Ağ Evdə Ermənistanın Baş naziri, Prezident Tramp və mənim iştirakımla keçirilən tarixi görüş zamanı birgə Bəyannamə imzalandı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar”.

Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətlərin inkişafında yeni mərhələdir

Vurğulandığı kimi, ABŞ-Azərbaycan ikitərəfli münasibətləri yeni bir status qazanıb. Qeyd edək ki, bu il fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə ən yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir. Dövlət başçımız IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.

907-ci düzəliş tam köhnəlib...

Bu ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi. Beləliklə, 907-ci düzəlişin dayandırılması uzun illər Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması deməkdir. ABŞ-ın bu addımı onu göstərir ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçib. Xatırladaq ki, bu əsassız düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Keçmiş prezident Co Bayden isə bu düzəlişin həyata keçməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev Şuşa Media Forumunda bildirib ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir. Prezident Trampın qəti mövqeyinə baxmayaraq, əfsuslar ki, vəziyyət olduğu kimi qalır: “Yeri gəlmişkən, ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı Ağ Evdə Prezident Tramp mənim iştirakımla həmin düzəlişin qüvvəsinin növbəti bir il üçün dayandırılması ilə bağlı sənədi imzaladı və o, hazırda işləmir, lakin onun rəmzi mənası, siyasi mənası hələ də qalır. Düşünürəm ki, həmin düzəliş Konqres tərəfindən nə qədər tez tam ləğv edilərsə, hamımız üçün, Azərbaycan üçün bir o qədər yaxşı olar”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31