Altı ölümün öldürdüyü tək adam
15.07.2026 [10:01]
Edqar Allan Ponun yaradıcılığı haqqında
əvvəli ötən sayımızda
Bu arada polis şübhəli sandığı bir nəfəri həbs eləyir, ancaq Düpen bu tələsik qərardan narazı qalır. Prefektlə söhbətində o, polisi məsələyə sistemsiz yanaşmaqda, cinayətin mənzərəsini bütöv şəkildə görə bilməməkdə qınayır. Burada yalnız ağır cinayətə səbəb olmuş xaosu ağlın gücüylə nizama salmaq, ayağısürüşkən induksiya kənizlərini sərt deduktiv hökmdara nikahlamaq, qanunsuzluğa təkan vermiş irrasional təmayülü rasional təfəkkürün yeminə çevirib hadisənin qanunauyğunluğunu tapmaq, kəsəsi, iblisin şifrələrini çözmək işə yaraya bilər.
Sonda nazlı həqiqət əlahəzrət məntiqin toruna düşür: bəlli olur ki, faciəni bir matrosun satmaq üçün gəmiylə gətirdiyi oranqutan meymunu törədib. Qətlin detallarına varmaq yəqin uzun çəkər, amma bir məsələni hökmən vurğulamalıyam: zənnimcə, meymun bu hekayədə irrasional gücün, müəllifə də ömrü boyu əzab vermiş, faktiki onu qovub yorub yaxalayıb qətlə yetirmiş rəhmsiz, şüursuz təbiətin, heyvandan seçilməyən ruhsuz bədənin simvoludur. Edqar Po illər uzunu vücudunda daşıdığı, taleyinə yamanmış, can evinə qalın bir kölgə salmış o qaranlıq aləmlə savaş vəziyyətində yaşayıb, nəhs taledən qurtulmaq üçün qələmini süngüyə, bədənini səngərə çevirib. Sonralar Freyd deyəcəkdi ki, nevrozlu xəstə xəstəliyinin səbəbini dərk eləyəndə sağalır; yəni ağıl irrasional aləmdən cana mərmitək axan impulsları rasional düşüncənin işığına tutanda onu zərərsizləşdirir. Nevroz özü də tarazlığı pozulmuş, mənəvi dayağı uçmuş təbiətin fəsadı, ehtiras, aqressiya seli, ildırım yükü daşıyan vahiməli qara buluddur; nevroz - qaranlıq dünyanın “müjdəsi”, qara qarğanın tutduğu şeytan payı, iblisin oynatdığı quyruqlu vəhşi meymun, buynuzlu təlxək cindir. Dərin bioloji sükunətə dalmaqla, fəal zehni zəhmətə qatlaşmaqla müdrik insan hər növ meymunu, cini, dondan-dona girən İblisin özünü belə gözüyumulu ifşa eləyib qapısından qova bilər. Bu, Daodan, Buddadan, stoiklərdən bəri hər cür asketizmin gəldiyi ən böyük həqiqətdir. Hər halda mənim “Morq küçəsində qətl” hekayəsindən ən çox tamsındığım həqiqət budur.
***
“Qızıl böcək” (1843) novellasını da fəlsəfi məzmunlu detektiv-macəra ədəbiyyatının qaranquşlarından saymaq olar. Burada söhbət basdırıldığı yer bir perqament üzərindəki işarələrlə şifrələnmiş xəzinənin tapılmasından gedir. Əhvalat Cənubi Karolinada baş verir, hekayə yenə də anonim təhkiyəçinin dilindən danışılır. Əsərin qəhrəmanı qədim aristokrat nəslinin nümayəndəsi Vilyam Leqrandır. Bu adam dalbadal uğursuzluğa düçar olandan sonra Yeni Orleandan qaçıb bir nökəri, bir də itiylə Atlantik sahilinə yaxın qumsal adada məskunlaşır. Nağılçı da onunla burada tanış olub dostlaşır.
Bir gün Leqran çöldən qızıl böcək tapır. Böcəyi yaxınlıqda gözünə dəyən kağıza büküb komasına aparır. Evdə məlum olur ki, onun kağız sandığı dəri perqament imiş. İstinin təsiriylə perqamentin üstündə güclə sezilən kəllə şəkli, başqa işarələr peyda olur. Leqran həmin işarələri xoş əlamət kimi qəbul eləyib onların sirrini çözməyə girişir. Nökəri də, dostu da onun havalandığını sanıb Leqranla ehtiyatlı davranmağa başlayırlar. Dostlar bir müddət görüşmürlər, aradan xeyli keçmiş Leqran məktub göndərib dostunu təcili evinə çağırır. Məktubdakı sayıqlama, sərsəmləmə əlamətləri təhkiyəçini onun yanına tələsdirir, adam özünü elə həmin gün Leqrana yetirir. Ancaq o, qarşısında dəli olmuş xəyalpərəst yerinə xəzinə sorağına çıxmış macəraçı, ölü dili kəşf eləmiş ixtiraçı görür. Dostunu səbirsizliklə gözləyən Leqran üçlükdə materikdəki dağ kəndinə yollanmağı təklif eləyir.
Bir neçə saatdan sonra onlar Leqranın axtardığı ağacı tapırlar. O, nökəri ağaca çıxarır, nökər ağasının təlimatına uyğun şəkildə ipin ucuna bağlanmış qızıl böcəyi ağacın gövdəsindən yana ayrılan yoğun budaqlardan birinə bərkidilmiş kəllənin sol gözündən keçirir. Böcəyin dəydiyi yeri qazmağa başlayırlar. Burada bir zaman dəniz quldurlarının basdırdığı böyük xəzinə yatır, pula çevirəndə bu xəzinənin o dövr üçün çox böyük məbləğ olan milyon yarım dollar dəyəri var. Sonda Leqran dostuna xəzinənin yerini göstərən şifrələri necə çözdüyünü izah eləyir.
Dəniz quldurlarının işarələrini oxuyan Leqran kimi biz də müəllifin bu əsərlə iki yüz ilin o başından oxucuya göndərdiyi mesajları çözməyə çalışaq. Qızıl böcək, əlbəttə, saf zəkanın, deduksiya dalğalarını, intuisiya kodlarını düzgün oxuyan qatqısız intellektin, qızıl beyinin rəmzidir. Xəzinə torpağın altındadır, dəniz quldurları onu kimlərisə çapıb-talamaq, neçə-neçə ailəni ruzisiz, başsız qoymaq hesabına “qazanıb” bura gömüblər. Sağlam zəkanın yox, vəhşi instinktlərin diktəsiylə davranan piratlar da vəhşi təbiətin bir parçasıdır.
Təbiət, torpaq ana olsa da, tufanlar, qasırğalar, zəlzələlər törədən dəli, sərsəm davranışları, partlayıb səddini aşan “nevrozları”, bidəva xəstəlikləri, ölümcül virusları var. Təbiət, torpaq özlüyündə müqəddəs deyil, təbiət - xammal, torpaq olsa-olsa materialdır. Təbiət də, torpaq da yalnız insan ruhunun, insan zəkasının müdaxiləsiylə müqəddəslik qazanır, dəyərə-qiymətə minir, xəzinəyə çevrilir. Nə qədər ki quldurların basdırdığı xəzinə kəşf olunmamışdı, onun heç bir dəyəri, əhəmiyyəti də yoxuydu. Dağların bətnində milyon illər boyu mürgüyə dalmış qızıl, gümüş, mis yataqları yalnız insan əliylə saflığa çıxandan sonra xəzinəyə çevrilib dəyər qazandı, zəkanın emalı sayəsində bəşəriyyətin işinə yaramağa başladı. Bu novellanın da bizə verdiyi mesaj budur ki, yer üzünə əliyalın atılmış insan qismətini taleyinin, qədərinin əlindən qoparmaqla, təbiətə qalib gəlməklə xoşbəxtlik, rahatlıq tapır. Təbiəti yenməksə yalnız mənəvi başlanğıcdan güc alan intellektin, qızıl başın qüdrəti sayəsində baş tuta bilər.
***
“Malström burulğanı” (1841) hekayəsinin qəhrəmanı Norveç sahilləri boyu ova çıxdığı yetmiş tonluq balıqçı gəmisində qardaşlarıyla birgə nəhəng su quyusuna düşür: “Bu fırtınanı təsvir eləməyə çalışmaq ağılsızlıq olardı. Ən yaşlı Norveç dənizçiləri də belə bir şeyi yuxularında görməyiblər. Biz yelkənləri yığmağa atıldıq, ancaq küləyin elə ilk güclü həmləsiylə dor ağacının baltayla kəsilibmiş kimi qopub dənizə düşməsi bir oldu. Gözümüzü açmağa imkan tapmamış dor ağacı təhlükəsizlik naminə özünü kəndirlə ona bağlamış kiçik qardaşımı da çəkib özüylə apardı... Gəmimiz sel ağzına düşmüş qu tükünə bənzəyirdi. Onun göyərtəsi hamar idi, burun hissəsində kiçik bir lük vardı, dənizə çıxanda həmişə lükün ağzını bağlayırdıq. Belə eləməsəydik, şübhəsiz, indi dənizin dibində olardıq, çünki bəzən gəmi tamam suya dalırdı. Belə hallarda mən nəfəs almamağa çalışır, var gücümlə dor ağacının ətəyindəki rım-boltdan yapışıb qalırdım. Taqətdən düşəndə isə dizlərim üstə qalxıb başımı sudan çıxarırdım...”
Müəllif dəhşətli qasırğanı, gəminin sürətlə burulğana yaxınlaşmasını, sonra da okeanda əmələ gəlmiş nəhəng ölüm quyusuna düşməsini kinematoqrafik dəqiqliklə elə yerli-yataqlı təsvir eləyir ki, amansız təbiətin dağıdıcı, öldürücü gücü bu təsvirləri oxuyan kəsdə vahimə yaradır. Bir dalğalıq canı olan xırdaca insan belə bir gücün qarşısına nəylə çıxa bilər? Onun artıq müşahidəçi olmağa belə taqəti, vaxtı qalmayıb: “Biz burulğanı dumanlı görürdük, çünki gəmi çox sürətlə gedirdi. Adama elə gəlirdi gəmi suya dalmadan sabun qabarcığına bənzər köpüklərin üstüylə sürüşür. Gəmimizin sağ böyrü burulğana, sol böyrüsə indicə tərk elədiyimiz okeana baxırdı. Okean bizi üfüqdən ayıran nəhəng divara bənzəyirdi. Qəribədir ki, uçurumun kənarında olduğumuz vaxt mən əvvəlkindən xeyli sakit idim. Bütün ümidimi itirdiyimdən bayaqdan bəri məni sıxan qorxu hissi də yoxa çıxmışdı. Görünür, ümidsizlik mənə güc verirmiş”.
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19

