Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qara dənizdən “qara kağız” – Rəsmi Bakının çağırışına əməl edək, sağ qalaq

Qara dənizdən “qara kağız” – Rəsmi Bakının çağırışına əməl edək, sağ qalaq

15.07.2026 [20:39]

5-ci ildir davam edən və daha amansız mərhələyə adlayan Rusiya – Ukrayna müharibəsi təkcə bu, iki ölkəyə fəlakətlər gətirmir. Çox təəssüf ki, bu müharibənin zərbəsi hər iki tərəfdən həm də Azərbaycan dövlətinə və azərbaycanlılara dəyir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı prinsipial mövqeyini ifadə edərkən “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”, söylədi. Bəli, ən doğru və ədalətli münasibətdir. Bunu 30 il təcavüzdən, terrordan əziyyət çəkən ölkənin Lideri həm də təcrübədən çıxış edərək bildirir ki, müharibə yalnız fəlakətlər gətirir, ondan fayda gözləmək əbəsdir!

Faciəlisi həm də budur ki, müharibə az qala eyni geni və qanı daşıyan ölkələr arasında gedir. Sovetlər zamanı bu, iki respublika alman faşizminə qarşı bir səngərdə döyüşürdü, ağır itkilər verirdi, aclıq, səfalət, faciələrdən xilas uğrunda birgə mübarizə aparırdı. Kəsəsi, səngər yoldaşı idilər. Bir müddət öncə ABŞ və Rusiya liderləri arasındakı telefon danışığından sonra Kremldən yayılan rəsmi açıqlamada bir məqam diqqətimi çəkdi. Orada qeyd olunurdu ki, Rusiya alman faşizminə qarşı müharibə zamanı ABŞ-nin sovetlərə verdiyi dəstəyi unutmayıb... “Yaddaşın möhkəmliyi” adamı mütəəssir edir: faşizmdən ən çox zərər görən səngər yoldaşı Ukraynanın 20 faiz ərazisini işğal edib, milyonların həyatını zəhərə döndərib, iddialarından əl çəkmir, guya 80 il öncənin yaxşılığını unutmayıb...Faşizmlə müharibəyə 600 min igid göndərən, onların yarıdan çoxundan  “qara kağız” alan, genefonduna dəhşətli zərbələr vurulan Azərbaycanın yaxşılıqlarına qiyməti də çox görmüşük: Qarabağ münaqişəsi başladılanda, torpaqlarımız işğal ediləndə, Bakıda qırğın törədiləndə, Xocalı soyqırımı törədiləndə, nəhayət, Çeçenistan üzərindən uçan mülki təyyarəmiz vurulanda...1941-45-ci illərdə sovet təyyarələrinin benzininin əsas hissəsini 24 saatlıq iş rejimində çalışan Azərbaycan zəhmətkeşləri göndərirdi, əvəzində nə gördük? Hamımıza bəllidir. Ona görə də yaddaş məsələsində “Amerika kəşf edənlər” bir az düşünüb-daşınsalar, yaxşı olar...

Rusiyanın Ukraynaya qarşı müharibəsində yüz minlərlə azərbaycanlılar zərərçəkəndir. Hər iki ölkədə azı 3 milyon azərbaycanlı yaşayır. Müharibə onları ya evlərindən perik salıb, mühacirətə üz tutmağa vadar edib, ya mal-mülklərinə əl qoyulub, ya da həyatlarını itiriblər...Az qala hər gün “daha bir azərbaycanlı...”dan qara xəbər gəlir. Bu dəhşətdir, Rusiya və ya Ukrayna vətəndaşları olan soydaşlarımız bu ölkələrin qanunlarına uyğun şəkildə orduya çağırılırlar, həlak olur, yaxud yaralanırlar. Eyni zamanda könüllü şəkildə, pul-paraya aldanaraq Rusiya ordusuna yazılanlar da olur ki, bu, Azərbaycan qanunlarına tamamilə ziddir. Real statistika məlum deyil, amma azı yüzlərlə azərbaycanlının taleyi naməlumdur, itkin kimi qeydiyyatdadırlar. Onların sırasında Azərbaycan vətəndaşlarının olması təəssüf doğurur. Öz torpaqlarını işğaldan azad edən ölkəmizin vətəndaşları ən azı başqa ölkənin uğrunda gedən ədalətsiz müharibədə iştirakı özlərinə rəva bilməməlidirlər, milyonlar vəd olunsa belə! Amma axı, heç çoxları o pulları görə bilmir, dron müharibəsində tikə-parça olmaq təhlükəsi an məsələsidir. Üstəlik, Rusiyaya həlak olan qeyri-rusların nəşinin tapılması, onların dəfni, yaxud ailələrinə kompensasiya ödənilməsi heç lazım da deyil. Ona görə də uzağı belə insanlardan geriyə “qara kağız”, yaxud “itkin düşüb” qeydi qalacaq...Ona görə də Azərbaycan dövlət qurumlarının xəbərdarlıqlarına birmənalı şəkildə əməl olunarsa, o insanlar həm də sağ qalmaq şansı əldə edərlər! Üstəlik, müharibədə qeyri-qanuni, muzdlu kimi iştirak etdikləri halda, qanun qarşısında məsuliyyət daşımaq riskindən xilas olarlar! Kaş ki, hətta bu iki müharibə edən ölkələrdə yaşayan soydaşlarımız da savaşın od-alovundan uzaq olaydılar. Lap imkan varsa, mühacirətə üz tutmaq, daha rahat ölkəyə sığınmaq hesabına olsa belə...Axı, bu müharibə BİZİM MÜHARİBƏMİZ DEYİL! Vaxt gələcək Rusiya və Ukrayna bu müharibənin nə qədər mənasız və faciəli olduğunu anlayacaq, bir-birinin üzünə baxmağa bəlkə də utanacaqlar. Tarixdə o qədər olub ki...Belədirsə, onda azərbaycanlılar, digər türk toplumunun nümayəndələri niyə qırılsınlar axı?..   

Digər təəssüf doğuran məqam bundan ibarətdir ki, Azərbaycan vətəndaşları hətta səngərdə olmadıqları halda müharibənin qurbanına çevrilirlər. Sonuncu hadisə iyulun 14-də baş verib. Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qaldı. Gəmidəki ekipaj üzvlərindən 11-inin Azərbaycan vətəndaşı olduğu açıqlandı. Çox təəssüf ki, yük gəmisinin kapitanı, azərbaycanlı dənizçi Səməd Nəsrullayev hücum nəticəsində həlak oldu.

Bundan əvvəlki faciəvi hadisə isə iyunun 5-nə keçən gecə Azov dənizində baş vermişdi. Ukrayna dronlarının taxıl daşıyan gəmilərə zərbələr endirməsi nəticəsində ən azı 5 Azərbaycan vətəndaşı həlak oldu. İtkilərimiz daha çox ola bilərdi. Hadisədən xilas edilən 19 azərbaycanlı dənizçi təxliyə olunaraq ölkəyə göndərildi. Bir gəmiyə iki dron hücumunun edilməsi isə müharibənin gerçək “sima”sını göstərir. Göründüyü kimi, qarşı duran tərəflər üçün fərqi yoxdur gəmilərdə kimlərdir, amansız müharibə gedir və bu zaman azərbaycanlı gəncləri itiririk.

Bu yazını yazarkən oxudum ki, daha bir Azərbaycan vətəndaşı, 22 yaşlı Rəşad Rizvan oğlu Məhəmmədəliyev hərbi əməliyyatlar zamanı həyatını itirib. Azərbaycan vətəndaşı...Ondan əvvəl 6 illik təhsildən sonra diplomunu almaq üçün Ukraynanın Xarkov şəhərinə gedən 23 yaşlı tələbə Fatimə Hüseynova Rusiyanın dron hücumu nəticəsində həlak oldu və nəşi Vətənə gətirilərək Kürdəmir rayonunda dəfn edildi. “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı...” , deyirdik...Amma son illərdə “ölməyə qərib ölkə, dəfn olunmağa Vətən...”, misalı yaranıb, çox təəssüf ki...

Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatı hər bir azərbaycanlı diqqətlə oxumalı və çağırışlara əməl etməlidir! Rəsmi Bakı vətəndaşlarımıza müraciətlə onları münaqişə bölgələrindən uzaq qalmağa çağırıb. Qeyd olunub ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir. “Xüsusilə Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb. Bu çərçivədə Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik”, XİN-in bəyanatında bildirilir.

Bu gün çırpınan Qara dəniz səyahət, əyləncə məkanı deyil, qan qoxuyan ünvandır, “qara kağız” gələ biləcək fəlakət zonasıdır! Ona görə də bir müddət, hətta çıxılmazda olsaq da, iki ölkənin dron və raket müharibəsində “yem”ə çevrilməməliyik! İşləmək üçün Qarabağa, Şərqi Zəngəzura da üz tutmaq olar, əziz vətəndaşlarımız, sizlər bu vətənə sağ-salamat lazımsınız! Pul-paranı sonra da əldə etmək olar, amma insan həyata bir dəfə gəlir, lütfən, həyatınızı riskə atmayın! 

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31