/ / Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak edib
14.02.2014 [09:19]
Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Səyavuş Kərimi bildirib ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılıb. Muzeydə həm Ulu öndərin, həm də dövlətimizin başçısının müxtəlif mədəniyyət tədbirlərində iştirakından və incəsənət xadimləri ilə görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer verilib.
Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılıb. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən biri xalq musiqisi nümunələrinin toplanılması, sənədləşdirilməsi, nota yazılması və tədrisdə istifadə edilməsidir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Bu gün çox gözəl bir gündür, əlamətdar bir gündür. Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni binası açılır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Artıq konservatoriyanın da öz gözəl binası vardır. Mənə indi göstərdilər əvvəlki vəziyyəti necə idi. Əlbəttə ki, indiki vəziyyətlə onu müqayisə etmək mümkün deyildir. Bu şərait ən yüksək səviyyədədir. Gözəl sinif otaqları, konsert salonları, idman kompleksi də vardır. Mənə dedilər ki, burada səsyazma studiyası, muğam klubu vardır. Yəni, bütün şərait var və əminəm ki, bundan sonra konservatoriyanın fəaliyyəti daha da uğurlu olacaqdır. Çünki daha da çox tələbə qəbul etmək üçün imkan olacaqdır. Məncə, burada tələbələrin sayını bəlkə də iki dəfə artırmaq olar. Ancaq əlbəttə ki, burada seçim düzgün aparılmalıdır. Bunu da siz hamıdan yaxşı bilirsiniz.
Bütövlükdə Azərbaycanda son illərdə tikilmiş ali məktəblərin səviyyəsi bax bu cürdür. Orta məktəblər, ali məktəblər təmir olunur, tikilir və bu, artıq Azərbaycan standartlarıdır. Bu gün ölkəmizdə gedən quruculuq işləri bu sahəyə də öz təsirini göstərmişdir. Bizim tikilən, təmir edilən bütün ali məktəblərimiz gözəl səviyyədədir. Əlbəttə ki, burada tədris prosesi də yüksək səviyyədə təşkil edilməlidir. Mən buna şübhə etmirəm. Bir halda ki, sizin kimi məşhur sənət adamları konservatoriyanın fəaliyyətinə öz dəstəyinizi verirsiniz, əminəm, burada oxuyan tələbələr gələcəkdə sizin yerinizi tutacaqlar. Buna ehtiyac vardır. Çünki Azərbaycan musiqi sənəti çox zəngindir, dünya miqyasında tanınır və bizim musiqi sənətimizin əsası milli musiqimizdir. Milli musiqi Azərbaycan xalqının istedadını göstərir, nə qədər istedadlı xalq olduğumuzu dünyaya nümayiş etdirir. Milli ənənələrimizin qorunması üçün milli musiqimizin çox böyük yeri vardır. Milli musiqimizi ifaçılar, sənətkarlar, bəstəkarlar yaşadırlar. Ona görə əminəm ki, bundan sonra da bu gözəl ənənələr davam edəcəkdir.
Nəzərə almalıyıq ki, gənclərin milli musiqiyə çox böyük marağı vardır. Ölkəmizdə keçirilən müsabiqələr, festivallar bu marağı daha da artırır. Canlı efirdə göstərilən muğam festivalları, muğam müsabiqələri cavanları da, gəncləri də bu istiqamətə sövq edir. Bizim böyük bəstəkarlarımızın da yaradıcılığında milli musiqimizin sədaları eşidilir və böyük klassik əsərlərimiz də milli musiqi zəminində yaradılıbdır.
Bizdə veteran ifaçılara da diqqət göstərilir. Bizim dahi bəstəkarlarımızın xatirəsi böyük hörmətlə qorunur. Bakıda Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, son illərdə Fikrət Əmirovun, Bülbülün, Qara Qarayevin abidələri ucaldılmışdır. Bu, dövlətin və xalqın dahi bəstəkarlarımızın, ifaçılarımızın xatirəsinə olan hörmətin əlamətidir.
Bütövlükdə Azərbaycanın musiqi həyatı çox zəngindir, çoxsaylı tədbirlər - festivallar, beynəlxalq muğam müsabiqələri məhz Azərbaycanda keçirilir. Bu, bir daha onu göstərir ki, muğamın vətəni Azərbaycandır. Artıq bu müsabiqədə iştirak edənlər də bunu etiraf edirlər. Bu, çox vacibdir, çünki biz ilk növbədə çalışmalıyıq ki, bu nadir sənətimiz daim yaşasın, digər tərəfdən dünya da bunu bilsin. Çünki muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir və Bakıda tikilmiş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanda keçirilən muğam müsabiqələri, Qəbələ musiqi festivalı, digər festivallar bizim musiqi həyatımızı daha da zənginləşdirir və Azərbaycanı bu bölgənin mədəniyyət mərkəzinə çevirir. Bu gün sirr deyil ki, Azərbaycan bölgənin iqtisadi və siyasi mərkəzidir. Artıq bu, reallıqdır və eyni zamanda, Azərbaycan humanitar sahədə, mədəniyyət sahəsində öz liderlik rolunu nümayiş etdirir. Ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, musiqi festivalları diqqəti cəlb edir və bizə imkan verir ki, özümüzü dünyada daha da dolğun şəkildə təmsil edək.
Eyni zamanda, başqa sahələrdə də ifaçılarımız böyük uğurlar qazanırlar. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan ifaçıları qısa müddət ərzində birinci yeri tutmuşlar. Beynəlxalq caz festivallarında ifaçılarımız ən qabaqcıl yerlərdədir. Milli musiqi ilə bağlı keçirilən müsabiqələrdə də biz ön yerlərdəyik. Bu, nəyi göstərir? Onu göstərir ki, xalqımız istedadlı xalqdır. Çox şadam ki, milli musiqimiz digər sahələrə də - klassik musiqiyə, estrada musiqisinə də müsbət təsir göstərir. Xüsusilə indi dünyada qloballaşma prosesi gedir və bu proses istər-istəməz müxtəlif sahələri əhatə edir. Son zamanlar qloballaşmanın daha çox mənfi cəhətləri haqqında diskussiyalar gedir, bu da təbiidir. Çünki bu proses istər-istəməz milli əsasları bir növ sarsıdır. Ona görə biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissi və milli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır. Ona görə bu sahə ümumiyyətlə, ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir.
Biz hamımız çalışmalıyıq ki, milli musiqimiz yaşasın, inkişaf etsin, zənginləşsin. Sizin kimi ifaçılar bu gün milli musiqimizi tərənnüm edirsiniz, qoruyursunuz, gənclərə də yol göstərirsiniz. Bax, televiziyada yüz minlərlə tamaşaçı muğam müsabiqələrini seyr edir, həm gənc ifaçıların ifasını dinləyir, mənim üçün də maraqlıdır. Əlbəttə ki, eyni zamanda, sizin təhliliniz maraqlıdır. Çünki o təhlildə bilmədiyimiz məqamlar üzə çıxır və bir növ hamımız üçün bir dərs keçirilir.
Ona görə sizin bu sahədəki fəaliyyətinizi mən bir daha qeyd etmək istəyirəm. Sizə böyük hörmətim vardır. Əminəm ki, siz bundan sonra da bu gözəl şəraitdə gənclərə öz təcrübənizi çatdıracaqsınız.
Bir daha sizi təbrik edirəm”.
Sonra Xalq artisti Əlibaba Məmmədov, Xalq artisti professor Arif Babayev, Xalq artisti Ağaxan Abdullayev çıxış edərək Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək deyib: “İlk növbədə, mən Sizin hamınızı bu Milli Konservatoriyanın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə, böyük bir hadisədir. Əminəm ki, ölkəmizin milli mədəniyyətinin inkişafına böyük bir təkan verəcəkdir. Əlbəttə, belə bir şəraitdə gənc nəsil böyüyəcək, siz ustadların təcrübəsindən bəhrələnəcəkdir.
Amma mən bu gün üzümü sizlərə - bizim ustadlara tutub ilk növbədə, sizə olan dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Sizinlə bizim hər görüşümüz, ünsiyyətimiz mənim üçün çox dəyərlidir. Bu gün biz çox sözlər eşitdik. Bütün bunların hamısı həqiqətdir. Amma mən bir şeyi də qeyd etmək istərdim ki, siz hamınız əlbəttə, böyük incəsənət xadimisiniz. Amma bununla yanaşı, siz böyük şəxsiyyətsiniz. Sizin məhz Prezident dediyi kimi, sizin Azərbaycan xalqının ən gözəl ənənələrinə sadiq olmağınız, həyat tərziniz, təvazökarlığınız həm gənclər, həm də, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə bizim cəmiyyətdə ümumbəşəri dəyərlərin yaşaması, - çünki bu, doğrudan da bu gün çox vacibdir, - humanizm dəyərlərinin yaşaması üçün mən sizə cansağlığı və uzun ömür arzulayıram. Mən də hər zaman əlimdən gələni etməyə hazıram. Sizə cansağlığı diləyirəm”.
* * *
Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub.
Mərasimdə muğam səslənib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olunub, gələcəkdə burada görüləcək işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı yeməkxanada yaradılan şəraitlə də tanış olub. Qeyd edilib ki, binanın daxilində yüksək zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

