Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası açılıb

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası açılıb

06.05.2014 [09:18]

Prezident İlham Əliyev açılışda iştirak edib
Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri bir çox sahələrlə yanaşı, elmin tərəqqisi və milli mənəvi dəyərlərin qorunması sahəsində də sürətli yüksəlişə geniş imkanlar açıb. Bu sırada “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inkişafı ilə bağlı tədbirlərin görülməsi də diqqət mərkəzində saxlanılıb. Çünki Azərbaycanda ensiklopediya mədəniyyətinin öz tarixi var.
Bu mühüm və dəyərli fəaliyyətin ən böyük yüksəliş çağları Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin fəal dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olub. O vaxt böyük elmi potensialın cəlb edilməsi ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrilib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra universal milli ensiklopediyanın nəşri məsələsi yenidən aktuallaşdı. Azərbaycan Milli Ensiklopediyası xalqımızın tarixi inkişaf mərhələlərini, milli mənəvi sərvətlərini, habelə dünyanın elm və mədəniyyət nailiyyətlərini özündə əks etdirən elmi nəşr olmalı idi. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” sərəncamlar imzalayıb.
Yeni milli ensiklopediyanın hazırlanmasında azərbaycançılıq ideologiyası təməl prinsip kimi önə çəkilib, onun respublikamızın yeni dövrdəki tələblərinə cavab verməsi, xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirməsi kimi mühüm vəzifələr müəyyənləşdirilib. Redaksiya heyətinin sədri Prezident İlham Əliyev olan Azərbaycanın Milli Ensiklopediyasının artıq ilk cildləri oxucuların istifadəsinə verilib. Dövlətimizin başçısı elmi araşdırmaların səmərəliliyini artırmaq, tədqiqat işlərinin müasir texnologiyalar əsasında aparılmasına, məlumatların daha ətraflı və geniş formatda hazırlanmasına nail olmaq məqsədilə 2012-ci il iyulun 25-də daha bir mühüm sənədi imzalayıb. Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Sərəncamda binanın tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat vəsait ayrılması qərara alınıb. Tikintisi yüksək standartlara uyğun aparılan “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binası artıq istifadəyə hazırdır.
Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Akademiya şəhərciyinin həyətində ən müasir texnologiyalar əsasında tikintisi başa çatdırılan yeni mərkəzdə ölkə həyatının bütün sahələrini dəqiq və hərtərəfli əhatə edən elmi məqalələrin hazırlanıb Milli Ensiklopediyada toplanması üçün ən müasir şərait yaradılıb. Binanın foyesində Azərbaycanın ilk ensiklopediyasının yaradılması təşəbbüsünü irəli sürən Ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev mərkəzin kitabxanası ilə tanış olub.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, redaksiya heyətinin məsul katibi, akademik Tofiq Nağıyev bildirib ki, burada Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi nümayiş olunur. Bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə ölkəmizin dünəni və bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində qazandığı nailiyyətlər əksini tapıb. Bununla da Azərbaycan haqqında indiyə qədər bənzəri olmayan yeni və müfəssəl məlumat toplusu hazırlanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dillərində işıq üzü görüb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür. Kitabxanada 847-ci ildə nəşr olunan dünyanın ilk ensiklopediyasının surəti də nümayiş etdirilir. 2012-ci ildə nəşr olunan “Azərbaycan Muğam Ensiklopediyası”nın redaksiya heyətinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
Mərkəzin kitabxanasında Azərbaycan Milli Ensiklopediyasının digər yeni nəşrləri və onlar barədə biblioqrafik məlumatlardan ibarət bukletlər sərgilənir. Mərkəzdə həm redaksiya heyətinin, həm də əməkdaşların fəaliyyəti üçün hər cür şərait mövcuddur.
Prezident İlham Əliyev mərkəzin akt və konfrans zalları ilə tanış olub. Zallarda beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Kitab anbarı, mini mətbəə, müasir informasiya texnologiyalarının tətbiqinə imkan verən rabitə sistemi ölkə həyatının keçmişinin və bu gününün Milli Ensiklopediyada daha dolğun əksini tapması imkanlarını genişləndirəcək. Ümumi tikinti sahəsi 7500 kvadratmetr olan mərkəzin ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30