Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib

22.11.2014 [11:37]

Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
İki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir. Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək. 2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edib: “Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Bax.
Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti cənab Jak Roqq.
Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Əvvəlcə Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısını Bakıda qəbul etməkdən böyük şərəf hissi duyuruq.
Azərbaycan qədim tarixi, adət-ənənələri və mədəniyyəti ilə seçilən ölkədir. Əminəm ki, qonaqlarımız, - bilirəm, onların əksəriyyəti ölkəmizə ilk dəfədir səfər edir, - həmçinin Azərbaycanı daha yaxşı tanımaq, tarixi yerlərimizi ziyarət etmək imkanını əldə edəcəklər. Yeri gəlmişkən, onlardan bəziləri UNESCO tərəfindən qorunur və dünya mədəni irsinin bir hissəsidir.
Bununla belə, Azərbaycan müstəqil ölkə kimi gəncdir. Müstəqilliyimizin cəmi 23 yaşı var. Əlbəttə ki, müstəqilliyimizin ilk illərində əsas prioritet müstəqil ölkəni qurmaq, dövlətçiliyimizi və müstəqilliyimizi möhkəmləndirmək və siyasi təsisatları yaratmaq idi.
Avropa Olimpiya Komitəsinə üzv olmaq qərarı bu Komitə tərəfindən çox müsbət qarşılandı və prioritetlərimizi nümayiş etdirdi. Avropa Olimpiya ailəsinə üzv olduqdan sonra Azərbaycan Avropa təsisatlarına daha sürətlə inteqrasiya etməyə başladı. Siyasi sistemimiz Avropanın siyasi sisteminin modelidir. Çünki bildiyiniz kimi, müstəqilliyimizi bərpa etdiyimiz vaxt siyasi sistem, ümumiyyətlə mövcud deyildi. Biz uğurları qazanmaq, müstəqillik fürsətini qaçırmamaq üçün müstəqil dövlət qurmalı, siyasi təsisatları yaratmalı, o cümlədən güclü iqtisadiyyatı formalaşdırmalı idik.
Bu baxımdan Avropa Olimpiya ailəsinin hissəsi olmaq, həmçinin bizə Avropa təsisatlarına fəal şəkildə inteqrasiya imkanını yaratdı. Yeri gəlmişkən, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsindəki sədrliyi bir həftə öncə başa çatıb. Sədrliyimiz çox uğurla keçdi. Əlbəttə ki, 2001-ci ildə reallaşmış Avropa Şurasına üzvlük bizə islahatları davam etdirmək və Avropa dəyərlərini ölkəmizdə təşviq etmək imkanını yaratdı. Siyasi islahatlar Azərbaycan üçün əsas prioritetlərdən biridir. Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var. Lakin möhkəm siyasi sistem olmadan inkişafımız görmək istədiyimiz qədər sürətli ola bilməzdi.
Bir sözlə, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib. Mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir. Toplaşmaq, təşkilatlanmaq azadlığı tam təmin edilib. Azərbaycanda 500-dən çox mətbu orqan fəaliyyət göstərir. Dini azadlıq tam təmin edilib. Ölkəmiz hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bir çox beynəlxalq tədbirlərin keçirilməsi və həmin mühüm məsələnin müzakirəsi ümumi əməkdaşlıq amalına və dinlərarası dialoqa verilən töhfədir.
Eyni zamanda, biz müasir, özünü təmin edən iqtisadiyyatın qurulması üçün ürəkdən çalışırıq. Bu səbəbdən, iqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz üç dəfədən çox artıb. Büdcə xərclərimiz iyirmi dəfədən çox artıb. Biz yoxsulluğun səviyyəsini 49 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik isə 5 faizdən aşağıdır. Maliyyə vəziyyətimiz çox sabitdir. Xarici borc ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən xüsusi olaraq qeyd edilir. Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumu qlobal rəqabətə davamlılıq baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb. Bu səbəbdən, iqtisadi inkişafımızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu.
Eyni zamanda, Azərbaycan zəngin təbii ehtiyatlara malik olan ölkədir. Təbii ehtiyatlardan səmərəli istifadə, milli ehtiyatların insan kapitalına çevrilməsi, həmçinin bizim üçün prioritet oldu. Gələcəyə sərmayə, təhsil, sosial problemlərin həlli və infrastrukturun yaradılması bizə iqtisadiyyatımızı şaxələndirməyə imkan verdi.
Beləliklə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Azərbaycan bu gün Avropanın çox mühüm tərəfdaşıdır. Avropa İttifaqı ilə imzaladığımız sənədlər aydın göstərir ki, Azərbaycan “Cənub” qaz dəhlizini təşviq və təchiz edən, eləcə də inşasını başlatdıran tərəfdir. Əslində, biz “Cənub” qaz dəhlizinin çəkilməsini başlatdıran ölkə olduq. Təməlqoyma mərasimi avropalı həmkarlarımın geniş iştirakı ilə Bakıda iki ay öncə, sentyabrın 20-də təşkil edilmişdir.
Bir sözlə, enerji təhlükəsizliyi və şaxələndirilməsi, əlbəttə ki, Avropa təsisatları ilə gələcək münasibətlərimizdə əsas rol oynayacaq. Avropa İttifaqı ilə əlaqələrimizi ortaq dəyərlərə, qarşılıqlı hörmətə və marağa əsaslanan, proqnozlaşdırılan, çox güclü əlaqələr hesab edirik. Buna görə, fikrimizcə, bu münasibətlər sivilizasiyaların dialoqunda mühüm rol oynaya bilər. Çünki bu, coğrafi mövqeyimiz, tariximiz və irsimizdən gəlir. Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Mədəniyyət, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyət baxımından Azərbaycan sivilizasiyalar dialoqunda mühüm rol oynayır.
Biz Avropa təsisatlarının üzvüyük. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüyük. Əslində, dünyada nadir ölkələrdən biriyik ki, iki yüzdən artıq ölkəni əhatə edən hər iki təşkilatın üzvüyük. Avropa ilə münasibətlərimiz sırf enerji təhlükəsizliyi ilə bağlı deyil. Əməkdaşlığımızın daha geniş əhatə dairəsi var. Hesab edirəm ki, bu əlaqələr, artıq qeyd etdiyim kimi, regionumuzda, Avropa və Asiyada sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynaya bilər. Bizim buna ehtiyacımız var. Bizə potensial riskləri azaltmaq üçün əməkdaşlıq lazımdır. Əfsuslar olsun, risklər hələ ki, burada mövcuddur, qapının kandarındadır.
Azərbaycan, həmçinin beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Cəmi 23 ildir ki, müstəqil ölkə və BMT-nin üzvü olmağımıza baxmayaraq, ölkəmiz açıq, mehriban, etibarlı tərəfdaş olduğunu nümayiş etdirə bildi. Bu səbəbdən Azərbaycan 155 ölkənin dəstəyi və səsi ilə BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçildi. İki il ərzində biz dünyanın bir nömrəli beynəlxalq qurumunun üzvü olduq. Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu, beynəlxalq ictimaiyyətin əksər hissəsinin bizə, siyasətimizə verdiyi hərtərəfli dəstəyin göstəricisidir. Siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır, əməkdaşlığın genişləndirilməsini və potensial risklərin azaldılmasını nəzərdə tutur. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olmaq Azərbaycanın beynəlxalq səhnədə ən böyük diplomatik və siyasi qələbəsi idi. Əslində, bu, göstərir ki, ölkə daxilində atdığımız addımlar, qonşularımıza və tərəfdaşlarımıza aid siyasətimiz dünyada yüksək qiymətləndirilir. Bu gün dünya daha çox əməkdaşlıq və anlaşmaya, eləcə də mövcud və potensial təhlükələrin azaldılmasına ehtiyac duyur.
Əlbəttə, Azərbaycan haqqında çox söz söyləyə bilərəm. Lakin bilirəm ki, vaxt məhduddur və daha çox idman və Olimpiya hərəkatının inkişafı sahəsindəki siyasətimiz haqqında danışmaq istərdim. Bu, Azərbaycan üçün prioritetlərdən biridir. Biz Olimpiya dəyərlərinin təşviqi üçün çox işlər görürük. Bunlar dostluq, sülh və əməkdaşlıq dəyərləridir. Eyni zamanda, biz praktiki olaraq, müasir idman infrastrukturunun yaradılmasına böyük sərmayələr qoyuruq. Son 10-15 il ərzində Azərbaycanda 50-dən artıq müasir Olimpiya Mərkəzi tikilib. Yeri gəlmişkən, ilk Olimpiya-İdman Mərkəzi Azərbaycanda 2000-ci ildə tikilmişdir və Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, o vaxt Avropa Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq həmin ilk idman mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Həmin vaxtdan etibarən bu ənənə davam edir. Avropa Olimpiya Komitəsinin indiki prezidenti, əziz dostumuz cənab Patrik Hikki isə 2006-cı ildə ölkəmizin cənub bölgəsində yerləşən şəhərlərimizdən birində Olimpiya İdman Mərkəzinin açılışında iştirak etmişdir. İdman infrastrukturuna qoyulan sərmayələr atletlərimizin nəticələrində əks olunub. Fərəhlənirik ki, Azərbaycan idmançıları ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil edirlər. Londonda keçirilmiş son Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb. Onlardan ikisi qızıldır. Ölkəmiz bütün iştirakçılar sırasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci oldu.
Bu il Nankində Yeniyetmələrin Olimpiya Oyunlarında gənc idmançılarımız təxminən 200 ölkə sırasında 10-cu yeri tutmuşlar. Bu, müstəqilliyini yalnız 23 il öncə qazanan, əhalisi o qədər də çox olmayan ölkə üçün tarixi nailiyyətdir. Onuncu yer o deməkdir ki, biz dünyanın aparıcı idman ölkələri sırasındayıq. Bu, Azərbaycanda idmanın təşviqi, lazımi infrastrukturun qurulmasının bariz nümunəsidir. London və Nankində medal qazanmış bütün atletlər müstəqillik illərində formalaşmış idmançılardır. Müstəqillik bizim üçün ən böyük dəyərdir. Bu gün Azərbaycan xalqı nəinki müstəqil olmaqdan, BMT-də bayrağını qaldırmaqdan fərəhlənir. O, həmçinin fərəhlənir ki, bu müstəqillik ölkəyə uğurlar, sosial rifah və xalqımıza çiçəklənmə gətirdi.
Bizim Avropa və dünya çempionatlarının keçirilməsində təcrübəmiz var. Bu tədbirlər Azərbaycanda dəfələrlə keçirilib. Lakin əlbəttə ki, gələn il keçiriləcək Avropa Oyunları bizim üçün ən yüksək səviyyəli idman hadisəsinə çevriləcək. Fərəhlənirik ki, ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qəbul etdiyi bu qərara görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, biz sizi sevindirəcəyik və bu Oyunların ən yüksək səviyyədə hazırlanması və keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Baxmayaraq ki, vaxtımız azdır. Hazırlıqlar üçün cəmi iki il yarım vaxt ayrılmışdır. Lakin xoşbəxtlikdən əvvəlki illərdə idman infrastrukturuna qoyulmuş sərmayələr bir neçə ay ərzində hazır olmaq imkanı yaratdı. Əlbəttə ki, bu, Avropada və bütün dünyada nadir hadisə olacaq.
Hesab edirəm ki, biz bu Oyunların keçirilməsində standartları müəyyən edəcəyik. Yəqin artıq bilirsiniz ki, Oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançı iştirak edəcək. 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu da çox rəmzidir. Eyni ölkədə, eyni şəhərdə iki ildə siz Avropa Oyunlarını, sonra isə İslam Həmrəyliyi Oyunlarını seyr edəcəksiniz. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir. Ölkəmiz müasir və dinamikdir, əməkdaşlığa açıqdır, sivilizasiyaların və qitələrin kəsişməsində yerləşir, yaxşı potensiala, güclü dəstəyə və gələcək üçün aydın planlara malikdir.
Əminəm ki, qonaqlarımızın Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Mən Sizə uğurlar arzulayıram və bu gün bizimlə olduğunuza görə minnətdaram.
Sağ olun”.
* * *
Sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış ediblər.
* * *
Daha sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim edib.
* * *
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim edib.
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatıb.
* * *
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinə gəliblər. Dövlətimizin başçısı və xanımı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşüblər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu Mərkəz dünya memarlığının nadir incilərindəndir. Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Mərkəzi Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonaqlara Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, bu muzey 2013-cü ildə fəaliyyətə başlayıb. Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanır. O da qeyd olunub ki, Heydər Əliyev Mərkəzi Azərbaycan tarixini, adət-ənənələrini öyrənmək və təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirir. Bu baxımdan Mərkəzdə təşkil olunan sərgi zallarında Azərbaycan tarixini və mədəniyyətini əks etdirən ekspozisiyalar təqdim olunur, bu da ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir məlumatlar verir.
Qonaqlar “Mini Azərbaycan” sərgi zalında da olublar. Bildirilib ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda sərgidə onlarla tarixi binanın və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.
Daha sonra “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimi başlayıb.
Əvvəlcə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı videotəqdimat olub.
Avropa Olimpiya Komitəsinin nümayəndəsi Con Tibbs Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının yüksək səviyyədə təşkil olunmasına görə bir daha minnətdarlığını bildirib. Qeyd edib ki, bugünkü mərasimin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Avropanın ən yaxşı atletlərinə “Pyotr Nurovski” mükafatının təqdim olunmasıdır. Con Tibbs vurğulayıb ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin keçmiş üzvü, Polşa Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışmış mərhum Pyotr Nurovskinin xatirəsinin əbədiləşdirilməsi üçün təsis olunan bu mükafat idmançıların qazandığı uğurların yüksək səviyyədə tanınmasına xidmət edir, atletlərə daha güclü rəqabət aparmaq üçün stimul verir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də çıxışında idmançılara uğurlar arzulayıb. Bildirib ki, bu mükafat idmançıları daha yüksək nailiyyətlər qazanmağa həvəsləndirir. Bununla belə, gənc nəsli Olimpiya dəyərləri və prinsipləri əsasında daha sağlam həyat tərzi keçirməyə dəvət edir.
Sonra Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının verilməsi mərasimi başlayıb. İtaliyadan olan üzgüçü Simone Sabioni 5 idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək “Pyotr Nurovski” mükafatının qalibi elan olunub. Qalan idmançılara da Avropa Olimpiya Komitəsinin mükafatları təqdim edilib. Müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qalib idmançıları təbrik edərək onlara yeni müvəffəqiyyətlər arzulayıblar.
Xatirə şəkli çəkdirildikdən sonra tədbir ziyafət mərasimi və konsert proqramı ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 787 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30