Tanınmış alim, akademik Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib
08.05.2017 [08:53]
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri vida mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.
Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi-tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.
Akif Əlizadə vurğulayıb ki, ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayan Rəfiqə Əliyeva elmlə təhsilin vəhdətini yaradıb, Azərbaycanın kimya elmində özünəməxsus iz qoyub. Rəfiqə Əliyevanın fəaliyyətində kimyanın inkişafı ilə ətraf mühitin qorunmasının mühüm istiqamət olduğunu deyən Akif Əlizadə onun gözəl insan, gözəl ana olduğunu vurğulayıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanımın pedaqoq kimi xidmətlərindən danışıb, onun gözəl müəllim olduğunu deyib. Abel Məhərrəmov ölkəmizdə çoxsaylı kimyaçıların yetişməsində müstəsna xidmətləri olan Rəfiqə Əliyevanın tələbələrin sevimlisinə çevrildiyini, onun gələcəyin kimyaçılarına daim ana qayğısı ilə yanaşdığını diqqətə çatdırıb. Universitetdə bir çox elmi tədqiqatların aparılmasında, kimya üzrə laboratoriyanın yaradılmasında mühüm rol oynayan Rəfiqə Əliyevanın ictimaiyyət arasında da böyük hörmətə sahib olduğunu deyən rektor mərdlik, cəsarət, iradə kimi xüsusiyyətlərə sahib olan alimin elmi irsinin qorunacağını, xatirəsinin əbədiləşdiriləcəyini bildirib, onun adının elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev də Rəfiqə Əliyevanın elmi fəaliyyətinə nəzər salıb, onun ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərini xatırlayıb. Bildirib ki, analitik kimya sahəsində mühüm fəaliyyəti ilə seçilən Rəfiqə Əliyeva 1960-cı illərdən başlayaraq bu istiqamətdə çox dəyərli tədqiqatlar aparıb. Təsadüfi deyil ki, Rəfiqə xanım analitik kimya sahəsində AMEA-nın yeganə həqiqi üzvü olub. Alimin insani keyfiyyətlərini, xeyirxah əməllərini xatırlayan Dilqəm Tağıyev onun xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşayacağını bildirib.
Akademiyanın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev qeyd edib ki, ziyalıların, alimlərin vəfatı xalq üçün hər zaman böyük itki sayılır. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanımın hər zaman akademiya ilə əlaqəli olduğunu deyən Vaqif Fərzəliyev onun Azərbaycan elmində xüsusi rolu ilə diqqət çəkdiyini bildirib. Qeyd edib ki, Rəfiqə xanımın zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elminə dəyərli töhfələr verən Rəfiqə Əliyevanın alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. Bildirib ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, elmi pedaqoji mühitində fəallığı ilə seçilib. Azərbaycanın tarixi taleyində böyük rol oynayan şəcərənin görkəmli nümayəndəsi olan Rəfiqə Əliyevanın sadəliyini, insani xüsusiyyətlərini vurğulayan İsa Həbibbəyli onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib.
Mərhumun ailəsi adından çıxış edən qızı Fəxriyyə Xələfova Rəfiqə Əliyevanın insani keyfiyyətlərindən danışıb. “Rəfiqə xanım gözəl ana olmaqla yanaşı, bizim həyatımızın əsas müəllimi idi”, - deyən Fəxriyyə Xələfova onun ana, həyat yoldaşı və nənə kimi əvəzsiz olduğunu bildirib. Qeyd edib ki, Rəfiqə xanımın yetişdirdiyi böyük alim ordusu bu gün elmin keşiyində ləyaqətlə durur və bu da deməyə əsas verir ki, onun irsi davam etdiriləcək. Fəxriyyə Xələfova əminliyini bildirib ki, Rəfiqə xanımın xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.
Sonra tanınmış alimin cənazəsi son mənzilə yola salınıb.
Mərhumun ailə üzvləri və doğmaları onunla vidalaşıblar.
Görkəmli alim, akademik Rəfiqə Əliyeva birinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
Respublikanın tanınmış kimyaçı alimi, Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın vəfatı Azərbaycanın elmi ictimaiyyətinə ağır itkidir. Böyük pedaqoji fəaliyyəti ilə seçilən, ölkəmizdə çoxsaylı elmi kadrların yetişməsində əvəzsiz rolu olan Rəfiqə Əliyevanın araşdırmaları kimya elmi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmiş tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

