/ / Prezident İlham Əliyevin Sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib
Prezident İlham Əliyevin Sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib
06.09.2017 [10:17]
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb: “Biz bugünkü müşavirədə ölkəmizdə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərini müzakirə edəcəyik. Şadam ki, son vaxtlar ölkəmizdə bu sahələrə dövlətin dəstəyi hesabına diqqət artır. Bu, çox sevindirici haldır. Ümumiyyətlə kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir.
Əlbəttə, ilk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir.
Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik.
Azərbaycanda qazlaşdırma çox aşağı səviyyədə idi. Xatırlayıram, 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən Lənkəran rayonuna gəlmişdim. O vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi. Mən o günləri xatırlayıram. Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıbdır. Növbəti illərdə bütün bölgələrdə qazlaşdırma işləri davam etdiriləcəkdir. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir.
Biz son illər ərzində 11 min kilometrdən çox yol salmışıq və dünən də bir neçə yol layihəsinin açılışını etdik. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıbdır. Bu, həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünki gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bu gün biz bunu əyani şəkildə görürük. Bir sözlə, biz sürətli iqtisadi inkişaf üçün əvvəlki illərdə yeniləşmiş, müasir infrastruktur yaratdıq ki, bundan sonra bunun əsasında uğurla inkişaf edə bilək.
Bununla paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərilmişdir. Əlbəttə, bunun da çox böyük mənası var. Çünki həmişə qeyd etdiyim kimi, bu gün də qeyd etmək istəyirəm ki, bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olmuşdur. Son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradıldı və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır, eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.
Yenə də qeyd etmək istəyirəm, əgər vaxtilə biz infrastruktur layihələrinə böyük vəsait ayırmasaydıq, bu gün inkişaf o qədər də sürətli olmazdı. Biz son illərdə ölkəmizdə işsizliyin kəskin azalmasına nail olduq və Azərbaycan bu göstəriciyə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Azərbaycanda işsizlik təqribən 5 faiz səviyyəsindədir. Xüsusilə bu gün bu qədər ki, inkişaf var, kənd təsərrüfatına bu qədər vəsait qoyulur, son 2 il ərzində minlərlə ictimai iş yeri yaradılıbdır, işləmək istəyən özü üçün iş tapar. Yaradılan 1 milyon 600 mindən çox iş yeri də bizim siyasətimizin əlamətidir, onun təzahürüdür.
Fermerlərin, sahibkarların işini yüngülləşdirmək üçün bir çox önəmli tədbirlər görülmüşdür. İlk növbədə, onlara maddi resurs verilməli idi. Biz də bunu edirik. Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilmişdir və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulmuşdur. Kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıbdır. Metodik tövsiyələr verilir. Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bu rəqəmlər bunun bariz nümunəsidir.
Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq.
Kənd təsərrüfatının inkişafı isə bizim üçün prioritet sahədir. Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək.
Azərbaycan ictimaiyyəti bilir ki, son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə dövlət proqramları qəbul edilmişdir. Bu proqramlar çox konkret proqramlardır. Orada bütün tapşırıqlar verilib, maliyyə təminatı təşkil edilib. Biz bu proqramların icrası nəticəsində kənd təsərrüfatının da şaxələndirilməsinə nail olacağıq.
Ərzaq təhlükəsizliyi əlbəttə ki, bizim üçün əsas məsələlərdən biridir. Son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bizim üçün ənənəvi olmayan sahələri inkişaf etdirmişik. Biz əvvəlki illərdə - sovet dövründə əti, südü, toyuq ətini Azərbaycana başqa respublikalardan gətirirdik. Bu gün bu sahələr üzrə çox böyük inkişaf var. Ət istehsalı təxminən 100 faiz səviyyəsində daxili imkanlar hesabına təmin edilir. Toyuq əti 100 faiz, hətta ixrac edirik. Süd isə 80 faiz daxildə istehsal olunur. Görüləcək tədbirlər nəticəsində biz 100 faiz səviyyəsinə çatacağıq.
Bizim üçün ənənəvi olan sahələr də bu gün uğurla inkişaf etdirilir. Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı. İki müşavirə keçirildi - Sabirabadda və Saatlıda. Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir. Qax rayonunda müşavirə keçirildi və tütün sahələri 3200 hektara çatdı. Fındıq bağlarının sahəsi 30 min hektardan 55 min hektara çatdı, 80 min hektara çatacaq. Barama istehsalı isə indi ölkəmizin bütün bölgələrində geniş vüsət alıb. Dünən Lənkəranda tut tingləri sahəsinə də baxış keçirdim. Görürəm ki, Lənkəranda da bu sahəyə böyük maraq var. Baxmayaraq ki, sovet vaxtında baramaçılıq Lənkəranda və bu zonada inkişaf etdirilmirdi. Bu sahələrin inkişafı məşğulluğu artırır, idxaldan asılılığı azaldır, ixrac potensialımızı gücləndirir. Bizim məqsədimiz bundan ibarətdir.
Bugünkü müşavirədə isə bizim üçün ənənəvi olan çayçılıq və çəltikçilik sahələrinin inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik. Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur.
Onu da qeyd etməliyəm və bizim təcrübəmiz göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir. Bütün ölkə üzrə toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları təşkil olunub. Metodik tövsiyələr verilir. Eyni zamanda, bu yaxınlarda yaradılmış tədarük-təchizat qurumu da fermerlərə kömək göstərir, məhsulu onlardan alır. Ona görə bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik”.
Sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış ediblər.
Sonda dövlətimizin başçısı müşavirədə yekun nitqi söyləyib: “Çıxışlarda səslənən fikirlər, təkliflər təhlil ediləcəkdir. Bu təkliflərin icra edilməsi gələcək fəaliyyətimiz üçün də əhəmiyyət daşıyır.
Bugünkü müşavirə bir daha onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaqdır. Eyni zamanda, qeyd etdiyim kimi, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilmişdir. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.
Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək. Bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanmaya gətirib çıxarıb. Bu siyasət fermerlər tərəfindən bəyənilir. Artıq yüzlərlə, minlərlə yeni iş yeri yaradılır. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq. Ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir.
Onu da qeyd etməliyəm ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin.
O ki qaldı, bu gün müzakirə etdiyimiz sahələrdən biri olan çayçılığa, hamımız yaxşı bilirik ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var. Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılmışdır. Çayçılığın sürətli inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdir və çayın istehsalı 26 min tona çatmışdır. Burada da qeyd olundu, müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik.
Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməlidir. Davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Dünən çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik.
Çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir. Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə “Astaraçay” müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur.
İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilir. Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etsin. Mən giriş sözümdə qeyd etdim ki, 10 min texnika gətirilib. Bu texnika daha çox pambıqçılığın inkişafına xidmət göstərəcək. Biz bunun hesabına pambığın əkin sahələrini təxminən 10 dəfə artırmışıq. Bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın.
2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək.
Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir.
Çəltikçiliyin inkişafına gəldikdə, qeyd etməliyəm ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Dünən mən Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir.
Qeyd etməliyəm ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Mən dünən Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı keçən dəfə Masallıda olarkən məsələ qaldırdı ki, taxılçılığın o qədər də böyük səmərəsi yoxdur. Amma indi görün, bu çıxışında məruzə edir ki, digər sahələrin vətəndaşlar, fermerlər və dövlət üçün, ixrac üçün nə qədər böyük səmərəsi var. Ona görə, biz təbii iqlim şəraitindən düzgün istifadə etməliyik. Çünki Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişir. Bizim 9 iqlim zonamız var. Biz indi tropik meyvələrdən başqa istənilən kənd təsərrüfatı məhsulunu yetişdirə bilərik - meyvə, tərəvəz, tütün, üzüm, pambıq, gərzəkli meyvələr, çay, sitrus meyvələri. Ona görə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik.
Çəltikçiliyə gəldikdə, 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.
Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir.
Toxumçuluğa da fikir verilməlidir. Burada bu məsələyə də toxunuldu. Bu da vacib məsələdir.
Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir.
Sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin.
Məlumat üçün qeyd etməliyəm ki, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilmişdir. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilmişdir. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz.
Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq.
Çayçılığa gəldikdə, artıq bu bazarlar var. Sadəcə Azərbaycanda idxal olunan xammal əsasında daha çox çay istehsal edilir. O ki qaldı, sitrus meyvələrinin, düyünün istehsalına, əlbəttə ki, biz paralel olaraq ixrac bazarlarına çıxmalıyıq.
Bütün bu işləri görmək üçün müvafiq dövlət orqanları birgə işləməlidir - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, yerli icra orqanları. İşlərin ümumi rəhbərliyini Prezident Administrasiyası icra edəcək.
Bu müşavirə bir daha onu göstərir ki, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.
Mən əminəm ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək. Qeyd etməliyəm ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin. Sağ olun”.
Sonra Prezident İlham Əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev sərgi barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.
Prezident İlham Əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

