Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sərhəd rayonlarımız - düşmənə qarşı ilkin sipər

Sərhəd rayonlarımız - düşmənə qarşı ilkin sipər

15.02.2011 [09:40]

Son illər Qazax rayonunda əldə olunan nailiyyətlər Azərbaycan hökumətinin sərhəd bölgələrində yerləşən rayonlarımızla bağlı məqsədyönlü siyasətinin nəticəsidir
ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünyadakı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan tərəqqi dövründədir. Bu inkişaf ölkənin hər tərəfində özünü göstərməkdədir. Azərbaycanın paytaxtından uzaqda yerləşən rayonlarımız belə tərəqqi dövrünə qədəm qoyub. Təbii ki, bu prosesə, bu inkişafa Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusilə təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir.
Proqramın uğurlu nəticələrindən sərhəd bölgələrində yaşayan əhali də bəhrələnib
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları artıq neçə ildir ki, uğurla icra edilir. Məlum olduğu kimi, bu istiqamətdə iki proqram qəbul edilib. 2004-2008-ci illəri əhatə edən ilk proqram uğurla başa çatıb. Proqramın icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev bir sıra Fərman, Sərəncam və tədbirlər planı imzalayıb, həmçinin, görülən işlər nəticəsində regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksələn xətt üzrə inkişafı təmin edilib. Prezident İlham Əliyev sənədin davamı olaraq, 2009-cu ilin aprel ayında “Regionların 2009-2013-cü illər üzrə sosial-iqtisadi inkişafı” Dövlət Proqramını təsdiqləyib. Proqramın icrasını yüksək dəyərləndirən Prezident İlham Əliyev fevralın 9-da Qazax rayonuna səfəri zamanı ictimaiyyətlə görüşərkən bu sahədə vəziyyətə belə münasibət bildirib: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da uğurla icra edilir. Əgər 2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik, əlbəttə ki, bu gün regionların inkişafından söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində görülən işlər indi bu reallıqları yaratmışdır. Biz bunu Qazax rayonunun timsalında da görürük. Burada həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir, bir sözlə, rayon inkişaf edir”.
Dövlət başçısının da dediyi kimi, Proqramın uğurlu nəticələrindən nəinki regionlar, ən ucqar kəndlər, ölkəmizin sərhədlərində yaşayan əhali də bəhrələnib. Hətta, Azərbaycanda sərhəd bölgələrinin, rayon və kəndlərin inkişafına xüsusi diqqət göstərilib, desək, daha doğru olar. Bu məqamı Prezidentin Qazağa səfəri zamanı görüşlərdə səsləndirdiyi fikirlərdən də aydın görünür: “Azərbaycanda Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri var. Bu rayonun inkişafı, əlbəttə ki, çox böyük məna daşıyır. Bütün rayonların inkişafı çox vacibdir. Amma, xüsusilə, sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilir”.
Azərbaycanın Qərbə açılan qapısı
Bəli, bu inkişaf özünü Qazaxda qabarıq şəkildə büruzə verir. Bu da səbəbsiz deyil. çünki, Qazax Azərbaycanın Qərbə qapısıdır. Bu qapı rolunu “Qırmızı Körpü” adlanan sərhəd keçid məntəqəsi oynayır ki, həmin qapıdan hər gün minlərlə insan ölkəmizə daxil olur və Azərbaycanı tanımağa başlayır. Odur ki, təqdimat möhtəşəm olmalıdır.
İkinci bir tərəfdən, Qazağın inkişafı həm də Gürcüstanda yaşayan azərbaycanlılar üçün vacibdir. “Əvvəlki illərdə burada olarkən bu gözəl Heydər Əliyev Mərkəzinin açılışında birlikdə iştirak etmişdik, müalicə-diaqnostika mərkəzi açılmışdı. İndi icra hakimiyyətinin başçısı mənə məlumat verir ki, bu diaqnostika mərkəzinin açılışının çox böyük, müsbət təsiri olmuşdur. İnsanlar keyfiyyətli, pulsuz tibbi xidmət alırlar. Nəinki Qazax rayonunun sakinləri, Gürcüstanda yaşayan soydaşlarımız da bu imkanlardan istifadə edirlər. Burada indi tikilməkdə olan böyük konserv zavodu həm Qazax fermerlərinin məhsullarını emal edəcək, eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımıza da bunun böyük müsbət təsiri olacaqdır”, - deyən Prezident İlham Əliyev Qazağın bu sahədə rolunu da xüsusi qeyd edib.
Qazağın inkişafını şərtləndirən ən önəmli amil isə onun düşmənlə qarşı-qarşıya olmasıdır. Lakin işğal və müharibənin acı nəticələrindən dadan rayonun inkişafına bu təhlükə nəinki mane olmayıb, əksinə, tərəqqini zərurətə çevirib. Təhlükə ilə göz-gözə qalan rayon inkişafdan qalmayıb və indi öz inkişafı ilə düşmənə “gözdağı verir”.
Qazaxda həm yeni sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir
Son illər Qazax rayonunda böyük həcmli quruculuq-abadlıq işləri də həyata keçirilib və bu proses bu gün də davam etməkdədir. Qazağın “Böyük İpək Yolu”nun üzərində olması, Gürcüstan və Ermənistanla sərhəddə yerləşməsi bu rayonun strateji əhəmiyyətini daha da artırıb. 692 kvadrat kilometr ərazisi, 90 min nəfərdən çox əhalisi olan, 1 şəhər və 34 kəndi özündə birləşdirən Qazax rayonunda infrastruktur layihələrinin həyata keçirilməsinə böyük diqqət yetirilir. Sahibkarlığın inkişafı, sosial obyektlərin tikilməsi planlı şəkildə davam etdirilir. Rayon inkişaf edir, yeni müəssisələr yaradılır. Qazaxda həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir. Deyilənləri rəqəmlər də təsdiq edir. 2003-2010-cu illərin müqayisəli təhlili göstərir ki, rayonda ümumi məhsul istehsalı 3,7 dəfə, sənaye məhsulu 8,1 dəfə, kənd təsərrüfatı məhsulları 2,5 dəfə artıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 19,5 dəfə çoxalıb. 2003-2010-cu illərdə Qazaxda 150 müəssisə yaradılıb, 4126-sı daimi olmaqla 6226 yeni iş yeri açılıb. Bu dövrdə rayonda tikinti-quruculuq işlərinin aparılması diqqətdə saxlanılıb. Yeni səhiyyə və təhsil müəssisələri tikilib istifadəyə verilib. Rayonda ümumilikdə 3380 yerlik 9 yeni məktəb inşa olunub. Heydər Əliyev Fondu da bu prosesdə yaxından iştirak edib. Fondun təşəbbüsü ilə Qazaxda 4 məktəb tikilib. Rayonda mədəniyyətin inkişafı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı sistemində köklü islahatların həyata keçirilməsi də əldə olunan nailiyyətlər sırasındadır.
Qazaxda son illərdə xeyli sayda əyləncə, idman və sağlamlıq mərkəzləri, iş yerləri açılıb. Heydər Əliyev Mərkəzi, müalicə-diaqnostika mərkəzi, Olimpiya İdman kompleksi, “AzRosPromİnvest” birgə bentonit istehsalı müəssisəsi, “AzMosBentonit” gil kombinatı, İkinci Şıxlı kəndində Xramçay üzərində uzunluğu 204 m olan yeni körpü, 14 saylı Ərazi Vergilər İdarəsinin Qazax şəhərində yerləşən postTerminalı binası da bir neçə ildir ki, istifadəyə verilib. Hazırda Bakı-Gürcüstan dəmiryolu nəqliyyatının inkişafı üçün ciddi tədbirlər görülür. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolunda son tamamlama işləri həyata keçirilir.
Görülən işlər yalnız bir məqsədi güdür - ölkəmiz daha da güclənsin, inkişaf etsin
Məlum olduğu kimi, Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Qazax-Sınıqkörpü avtomobil yolunun, 1-ci Şıxlı kəndində inşa olunan yeni məktəb binasının və Səməd Vurğunun Poeziya Evinin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Prezident Qazağın inkişaf prosesindən razı qaldığını və burada baş verənlərin ölkədə aparılan ümumi siyasətin tərkib hissəsi olduğunu da qeyd edib: “Qazax rayonunda işlər çox yaxşı gedir. Böyük quruculuq-abadlıq işləri aparılır, rayon inkişaf edir, yeni müəssisələr yaradılır. Əlbəttə, bu məni çox sevindirir. çünki, bilirsiniz ki, Azərbaycanın bütün regionlarında aparılan işlər bir məqsədi güdür - bizim ölkəmiz daha da güclənsin, inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilsin. Biz tədricən buna nail oluruq”.
ümumiyyətlə, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosial yönümlü tədbirlər olmaqla, həm də ölkəmizin malik olduğu iqtisadi qüdrətin nümayişidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyib. Prezident İlham Əliyev vurğulayıb ki, Qazaxda da həyata keçirilən hər bir layihə, məhz, gələcəyə, insanların rahatlığına hesablanıb: “Burada infrastruktur layihələrinin həyata keçirilməsinə böyük diqqət verilmişdir. Bu gün artıq Bakı-Gürcüstan sərhədi avtomobil yolu, demək olar ki, hazırdır. Sadəcə olaraq, onun kiçik bir hissəsində işlər tamamlanır. Bu da qazaxlılar üçün böyük imkanlar yaradır. çünki yol inkişaf deməkdir, rahatlıq deməkdir. İndi buradan Bakıya rahat getmək olar. Dəmiryolu nəqliyyatının inkişafı üçün də tədbirlər görülür. Bir sözlə, infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sosial obyektlərin tikilməsi, Azərbaycanda bütün bunlar planlı şəkildə aparılır. Məsələn, bu gün Qazax rayonunda yeni məktəbin, gömrük məntəqəsinin açılışı nəzərdə tutulmuşdur. Bir sözlə, sosial obyektlərin tikilməsi, sənaye müəssisələrinin yaradılması ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün şərait yaradır”.
Bəli, dövlət başçısının tapşırıqlarına əsasən, regionlarda yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinə daha yeniləri əlavə edilir. Azərbaycanda əsas strateji magistrallardan Qazax-Sınıqkörpü avtomobil yolunun salınması da xüsusi əhəmiyyət kəsb edir. çünki bu yol Azərbaycanı Gürcüstanla birləşdirən ən mühüm magistraldır. Yolun əhəmiyyətini nəzərə alan dövlət başçısı onun yenidən qurulması haqqında tapşırıq verib və sözügedən səfəri zamanı görülən işlərin sxemi ilə tanış olub. Xatırladaq ki, burada tikinti işlərinə 2010-cu ilin avqustunda başlanıb və çəkilişi “Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, indi regionda bu cür sərhəd-keçid məntəqələri yalnız Azərbaycandadır.
Gömrük buraxılış məntəqəsinin xidmətindən gün ərzində minlərlə insan istifadə edir
Onu da qeyd edək ki, Qazaxda olarkən Prezident İlham Əliyev Sınıqkörpü gömrük postunun və Sınıqkörpü sərhəd buraxılış məntəqəsinin yerləşdiyi ərazidə də olub. Yeri gəlmişkən, qeyd edək ki, son dövrlərdə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də davamlı inkişaf gedir. Dövlət başçısının diqqət və qayğısı sayəsində gömrük xidməti daha da müasirləşir, işçilərin sosial və iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yeni və müasir inzibati binalar, terminallar istifadəyə verilir. Qazaxda əsaslı şəkildə yenidən qurulan Sınıqkörpü gömrük postu və Sınıqkörpü sərhəd buraxılış məntəqəsi də bu qəbildən olan işlərin davamıdır. Azərbaycandan Gürcüstana əsas keçid məntəqəsi olan və sərhəd qapısı funksiyasını yerinə yetirən, müasir standartlar səviyyəsində yaradılan yeni gömrük buraxılış məntəqəsinin inşasına 2007-ci ildə başlanılıb. Yenidənqurma işləri zamanı burada geniş abadlıq-quruculuq işləri görülüb. Hazırda isə bu gömrük buraxılış məntəqəsinin xidmətindən gün ərzində minlərlə insan istifadə edir.
Xatırladaq ki, gələcəkdə ərazidə yeni yük terminalının tikintisinə başlanacaq. Regionda ən böyük terminallardan olacaq bu ərazidə məhsulların saxlanması üçün soyuducu anbarlar, sərnişinlərin qalması üçün otel binası, həmçinin, ofis binası da tikiləcək. İnzibati binada nəzarət otağı da yaradılıb. Burada gömrük yoxlamaları prosesini, habelə, terminala daxil olan vətəndaşları və nəqliyyat vasitələrini vizual görmək mümkündür.
Dövlət başçısı həm də Qazağın 1-ci Şıxlı tam orta məktəbinin açılışında iştirak edib. Burada inşa olunan yeni məktəb binasında yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. O da bir həqiqətdir ki, son illərdə ölkədə yüzlərlə yeni məktəbin inşası, bir çox orta təhsil ocağında yeni korpusların tikilməsi ölkədə aparılan təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti isə xüsusilə diqqət çəkir.
Məlumat üçün bildirək ki, sözügedən kənddə bir neçə məktəb binası tikilsə də, onlar mövcud tələbatı ödəyə bilməyib. Binalar istismar müddətini başa vurmamış uçub dağılıb və yeni məktəblərin tikintisinə ehtiyac yaranıb. Məktəb binasında baş verən qəzaların əsas səbəbi isə inşaat işlərinin aparıldığı ərazidə torpağın sürüşməyə meyilli olmasıdır. 1987-ci ildə istifadəyə verilən bina eyni təhlükə ilə üzləşəndən sonra bu təhsil ocağı fəaliyyətini dayandırmalı olub. Bunu nəzərə alan Prezident İlham Əliyev 2009-cu ilin dekabrın 4-də 1-ci Şıxlı tam orta məktəbi üçün yeni binanın tikilməsi ilə bağlı Sərəncam imzalayıb. öz müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbin qırmızı lentini də Prezident özü kəsib.
Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun Poeziya Evinin açılışında da iştirak edib. Qeyd edək ki, Ulu öndərin təşəbbüsü ilə 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazaxda Səməd Vurğunun Poeziya evi yaradılıb və ümummilli liderimiz həmin ilin sentyabrında Poeziya evinin açılışında iştirak edib. 2004-cü ildə Qazağa səfəri çərçivəsində Səməd Vurğun ocağını ziyarət edən Prezident İlham Əliyev burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlar verib.
Ruhiyyə DAŞSALAHLI

Paylaş:
Baxılıb: 992 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30