Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə də dünyanın mədəniyyət paytaxtı olan Parisdə yaşanıb

Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə də dünyanın mədəniyyət paytaxtı olan Parisdə yaşanıb

19.02.2011 [09:21]

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə keçirilmiş Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə də dünyanın mədəniyyət paytaxtı olan Parisdə yaşanıb. Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünün qeyd olunması ilə bağlı imzaladığı Sərəncama əsasən təşkil edilən bu möhtəşəm mərasim Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm addım olub.
Fransanın mədəniyyət naziri Frederik Mitteran Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq deyib ki, Fransa Azərbaycan mədəniyyətinin ən yaxın dostlarından biridir.
O, bildirib ki, Azərbaycan muğam və aşıq musiqisi ölkəsidir: “Bu baxımdan Azərbaycan mütəmadi olaraq festivallar və musiqi tədbirləri keçirir, bu tədbirlər isə böyük uğurla nəticələnir”.
Frederik Mitteran diqqətə çatdırıb ki, Mehriban xanım Əliyeva Azərbaycanın mədəni irsini YUNESKO vasitəsilə də təbliğ edir və Azərbaycanın paytaxtı Bakı muğam şəhəri kimi məşhurdur.
Nazir vurğulayıb ki, biz hamımız ölkələrimizin mənafeyi uğrunda Prezident İlham Əliyevin qeyd etdiyi və Onun atasının çalışdığı kimi işləməliyik: “Bu, bir daha onu göstərir ki, Fransa ilə Azərbaycan arasında keyfiyyətli dostluq əlaqələri mövcuddur və biz istəyirik ki, bu irəliləyiş bundan sonra da davam etsin”.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə çıxış edərək deyib: “Xanımlar və cənablar! Hörmətli qonaqlar, hörmətli cənab nazir! İlk növbədə, cənab nazir, mən sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. ölkəmizə göstərdiyiniz dostluq münasibətinə, mədəniyyətimizi belə dərindən bildiyinizə və dəstək verdiyinizə görə. Mənim fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə də sizə dərin minnətdarlığımı bildirirəm. Hörmətli qonaqlar, mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə minnətdarlığımı bildirirəm. Azərbaycan bu il müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir və mən çox şadam ki, bu hadisəyə həsr olunmuş ilk tədbir Fransada keçirilir. Dünyanın ən möhtəşəm, ən gözəl və ən zövqlü şəhərlərindən biri olan Parisdə ölkəmi, Azərbaycanı təqdim etmək mənim üçün böyük şərəfdir. Müstəqil ölkə kimi Azərbaycan çox gəncdir. Lakin Odlar Yurdu adlanan bu diyarın tarixi kökləri uzaq keçmişə gedib çıxır. Burada - Cənubi Qafqazda, Xəzər dənizinin sahilində ilk dövlətlər hələ eramızdan əvvəl 2-ci, 1-ci minilliklərdə mövcud idi. ölkəmizin ərazisindən tarixi İpək Yolu keçir. Sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu strateji bir məkanda yerləşən Azərbaycan uğrunda əsrlər boyu mübarizələr aparılmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub, xalqımız öz tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir. Müstəqillik yolumuz heç də asan və hamar olmamışdır. Bu yolda itkilərimiz, ağrılarımız, acılarımız kifayət qədər olub. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik parlament respublikası olmuşdur. Həmin il, həmin dövr Azərbaycan müsəlman dünyası, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdir. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışdır, Şərqin ilk operası və baleti yazılmışdır. Lakin əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. Respublika çox ciddi geosiyasi problem və amillərlə üzləşdi. Bu amillərin sırasında Bakı neftinə olan marağın artması da çox böyük rol oynayırdı. Nəticədə ölkəmiz müstəqilliyini itirdi və hərbi intervensiya yolu ilə Azərbaycanda sovet hakimiyyəti quruldu. 70 ildən çox sürən bu dövrdə xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşdi. Lakin buna baxmayaraq, həmin illərdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, savadsızlıq tamamilə ləğv olundu, təhsil şəbəkəsi yarandı, universitetlər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Bütün bu illər Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşayırdı. Nəhayət 1991-ci ildə Azərbaycan xalqı öz taleyinin, öz torpağının, öz ölkəsinin sahibinə çevrildi. Şübhəsiz ki, tarixi baxımdan 20 il o qədər də böyük dövr deyildir. Lakin biz ötən illərə nəzər salsaq aydın olur ki, Azərbaycan qısa bir zamanda çox böyük nailiyyətlər əldə edib. Bu gün Azərbaycan bölgənin ən sürətlə inkişaf edən ölkəsidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bu gün Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır və Azərbaycan Avropanın neft və qazla təminatında öz rolunu oynamağa hazırdır. ölkəmizin neft və qaz kəmərləri, qeyri-neft sektorunun yüksəlişi, yeni iri infrastruktur layihələri inkişafımızı təmin edir. Bu gün Azərbaycanda sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bu günə qədər ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib. Paytaxtımızın və başqa şəhərlərimizin yeni siması, ultramodern binalar, yollar, körpülər, bərpa olunan və yeni tikilən muzey və salınan parklar inkişafımızın sübutudur.
Azərbaycanda turizm sahəsi çox sürətlə inkişaf edir. Yalnız bu il paytaxtımızda beşulduzlu 5 yeni hotelin açılışı gözlənilir və bu da ölkəmizə ildən-ilə artan marağın sübutudur. Əlbəttə, bizim əsas varlığımız mədəni irsimizdir, Azərbaycanın qədim xalçaçılıq məktəbi, nadir miniatürləri, ədəbiyyatı və poeziyası, musiqisi, rəqsləri, təsviri sənəti, memarlıq abidələridir.
Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmamış problemin mövcudluğu şəraitində əldə edib. Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik. Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik. Bu gün Azərbaycan müstəqillik yubileyini Fransa kimi qədim mədəniyyət və tarixə malik olan, müasir demokratiyanın vətəni olan ölkədə qeyd edir. Bunun böyük rəmzi mənası vardır.
Əziz dostlar, sonda sizə ölkəmizə göstərdiyiniz dostluq münasibətinə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək sizi Azərbaycana dəvət edirəm. Əminəm ki, belə görüşlər Fransa ilə Azərbaycanı ürəkdən keçən tellərlə bağlayır. Sizə əmin-amanlıq, xoşbəxtlik və məhəbbət arzulayıram. Diqqətinizə görə çox sağ olun”.
Tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası salona Azərbaycan ovqatı gətirib.
Mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səslənib, olduqca tələbkar auditoriyanı öz sehrinə salıb. Şirzad Fətəliyevin balabanda orkestrin müşayiətilə ifa etdiyi “Sən gəlməz oldun” mahnısı, üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasına yazdığı uvertüra, Fikrət Əmirovun bəstələdiyi əvəzsiz sənət əsərləri Azərbaycan adlı məmləkətin sahib olduğu və xalqımızın min illərdir qoruyub saxladığı qiymətli xəzinəni Qərb tamaşaçısına uğurla çatdırıb.
Dahi bəstəkar Qara Qarayevin bəstələdiyi rəqs və İsfar Sarabskinin ifa etdiyi “Novruz” caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun ifasında “Qarabağ şikəstəsi” də mərasimə xüsusi ovqat qatıb.
Son dərəcə maraqlı konsert proqramı bir daha təsdiq edib ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə, Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də Fondun prezidenti Mehriban xanım Əliyevanın mədəni irsimizə olan münasibətinin bariz nümunəsidir. Qara Qarayevin “Vals”ı, Niyazinin “Arzu”su, “Küçələrə su səpmişəm” məşhur xalq mahnısı, Natiq Şirinovun “Azərbaycan ritmləri” bir daha təsdiqləyib ki, Qərb tamaşaçısı son dərəcə maraqlı koloriti olan, incə hisslərlə dolu bu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər-istəməz insanı öz təsiri altına salmağı bacarır.
Ən nəhayət, bu möhtəşəm gecənin yekununda Fikrət Əmirovun dünyada məşhur “Min bir gecə” baletindən bir parça ifa edilib. Bu sənət əsərləri Azərbaycan musiqisinin zənginliyindən xəbər verib, Fransa mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə böyük maraq oyadıb.
Sonra mərasim iştirakçıları Azərbaycan sərgisinə baxıblar. Sərginin ən əhəmiyyətli məqamı burada Qarabağ xalılarının nümayiş etdirilməsi olub. ölkəmizin ayrılmaz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çaları, ornamentlərin quruluşu ilə tamaşaçıları heyran edib. Bu mədəniyyət nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyib, xalqımızın sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər verib.
Xalçalarımıza olan maraq təsdiqləyib ki, dünya mədəniyyətinin inkişafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bütün dünyanı heyran qoyub. İndi Azərbaycan xalılarının sorağı ən məşhur saraylardan, muzeylərdən gəlir. XVI əsrdə toxunan və Londonun Viktoriya və Albert muzeyində qorunan “Şeyx Səfi” xalısı ornamental xalçaların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir. Sərgidə nümayiş olunan qədim misgərlik məmulatları da ölkəmizdə el sənətinə verilən dəyəri Avropa tamaşaçısının diqqətinə çatdırıb.
Sərgi çərçivəsində “Azərbaycan” kitabının fransız dilində nəşr olunan versiyasının təqdimatı da keçirilib. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan versiyası ötən ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim olunub.
Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.
Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi sözün əsl mənasında hadisəyə çevrilib. Soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu mədəniyyət nümunələri xalqımızın milli kimliyini, hər bir azərbaycanlının qəlb döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırıb. Bu mədəniyyət nümunələri mərasimə gələn hər bir kəsi xəyalən nağıllar aləminə, Azərbaycana gətirib.

Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30