Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bayden: Biz İranı azad edəcəyik

Bayden: Biz İranı azad edəcəyik

05.11.2022 [10:03]

İran çalxalanır...

Hakimiyyətə qarşı etirazlar kütləviləşir

İranda ictimai-siyasi vəziyyət günü-gündən gərginləşir. Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ilə başlanan etirazlar artıq lokal müstəvidən çıxıb. Belə ki, SEPAH dəstələrinin özbaşınalığına etirazdan qaynaqlanan aksiyalar artıq 2 aya yaxındır ki, davam edir və bütünlüklə İranı əhatə edir. Ötən iki ay ərzində İran hökuməti etirazçıların istəklərini dinləməkdənsə, dəyənək gücündən istifadə etməyə üstünlük verir. Bununla belə, etirazçılar da müqavimətdən geri çəkilmirlər. Baş verənlərdən hiddətlənən xalq kütlələri mövcud hakimiyyətin istefasını tələb edirlər. Məsələn, Kərəc şəhərində qəzəbli etirazçılar repressiv təhlükəsizlik qüvvələrinə məxsus maşını aşıraraq yandırıblar. Bundan başqa, etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən qətlə yetirilən azərbaycanlı Hədis Nəcəfi adlı qızın ölümünün 40-cı günü atışma olub. İranın repressiv qüvvələri qəbiristanlıqda matəm mərasiminə gələn insanlara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan istifadə edilib. Lakin onlar qəzəbli matəm iştirakçılarının müqaviməti ilə rastlaşıblar və qaçmağa məcbur olublar. Etirazçılar “Ölüm olsun diktatora!” şüarı altında xüsusi təyinatlıları təqib edərək qovublar. Sistan və Bəlucistan əyalətində isə etirazçılar Xaş polis bölməsinə silahlı hücum edib. “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar. Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

“Əmmamə etirazı”...

Davamlı şəkil alan etiraz aksiyalarında bəzi maraqlı nüanslar da diqqətdən yayınmır. Belə ki, əsasən, hicab məcburiyyətinin aradan qaldırılması və qadın azadlığı fonunda keçirilən aksiyalarda etirazın yeni forması ortaya çıxıb. Etirazçılar mollaların əmmamələrini vuraraq başlarından salır və bunu çəkərək sosial şəbəkələrdə paylaşırlar. İran mollaları isə belə halların qarşısını almaq, əmmamələrini başlarında saxlamaq üçün onu başlarına parça ilə sarıyırlar.

Bayden İrana azadlıq vəd etdi...

Təbii ki, İranın daxilindəki bu gərginliklər beynəlxalq diqqətdən də kənarda qala bilməz. Dünyanın bir sıra nöqtələrində İrandakı etiraz dalğalarına dəstəklə bağlı aksiyalar keçirilib. Bunlardan biri isə Kaliforniyada baş verib. ABŞ Prezidenti Cozef Baydenin Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən plakatlarla küçələrə çıxıb. Bayden isə çıxışında narahtlığa əsas olmadığını deyib: “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”.

Bununla belə, C.Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib.

İranda həbs edilən jurnalistləri ölüm cəzası gözləyir?

Yeri gəlmişkən, ABŞ-ın “Vaşinqton Post” qəzeti də İranda həbs olunan jurnalistlər Nilufər Həmidi və İlahə Məhəmmədi haqda redaksiya məqaləsi dərc edib. Məqalədə bildirilir ki, jurnalistlər Nilufər Həmidi və İlahə Məhəmmədi ədalətsizliyə göz yummadıqları, Məhsa Əmini ilə bağlı həqiqəti ifşa etdikləri üçün tutulublar: “İrandakı üsyana qismən də Məhsa Əmininin keçindiyi xəstəxanadan çəkilmiş fotolar səbəb olub. Həmin fotoların sosial mediada yayılması əhalinin islam teokratiyasına qarşı qəzəbini gücləndirib. “Vaşinqton Post”un məqaləsində xatırladılır ki, “Şərq” qəzetinin müxbiri Nilufər Həmidi Məhsa Əmininin keçindiyi xəstəxanadan geniş reportaj dərc edib və dərin sarsıntı keçirən ailənin şəkillərini paylaşıb, “Həmmihan” qəzetinin müxbiri İlahə Məhəmmədi isə Məhsa Əmininin dəfnindən reportaj yayıb. Hər iki jurnalist ABŞ-a casusluq etməkdə və xarici mediaya informasiya ötürməkdə ittiham olunurlar. İran kəşfiyyatının bəyanatında iddia edilir ki, jurnalistlər reportajlarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişi ilə hazırlayıblar və bu işdə Britaniya, İsrail casuslarının da əli var. İranda casusluğa görə ölüm cəzasının nəzərdə tutulduğunu yada salan “Vaşinqton Post” Tehranın rəsmən irəli sürdüyü iddiaların, ittihamların tam uydurma olduğunu yazır və bildirir ki, kimsə bu cəfəngiyyata inanmamalıdır: “Xanım jurnalistlər sadəcə öz peşə borclarını yerinə yetiriblər. Əslində, Məhsa Əmininin ölüm xəbərini digərləri də yayıb. İran hakimiyyəti isə küçələri bürüyən etirazları Mərkəzi Kəşfiyyat İdarəsinin ayağına yazmaqla məşğuldur”.

İranla bağlı BMT TŞ-nın qeyri-rəsmi iclası çağırıldı

Qeyd edək ki, İrandakı daxili gərginlik BMT TŞ-nın da həyəcan təbili çalmasına səbəb olub. Belə ki, qurumun çərşənbə günü İrandakı etirazlarla bağlı qeyri-rəsmi iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd isə İran xalqına dəstək nümayişi olub. Görüşdən əvvəl ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, Vaşinqton İranın BMT-nin Qadınların Vəziyyəti Komissiyasından çıxarılmasının tərəfdarıdır. “Birləşmiş Ştatlar hesab edir ki, qadınların və qızların hüquqlarını sistematik şəkildə pozan heç bir ölkə bu hüquqların qorunması ilə məşğul olan hər hansı beynəlxalq qurumda və ya Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində rol oynamamalıdır”, -deyə Harris qeyd edib.

İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçi Cavid Rəhman isə İrandakı etirazların amansızlıqla yatırılmasına diqqət çəkib. Ekspertin sözlərinə görə, hakimiyyətin bu kimi hərəkətləri nəticəsində yüzlərlə insan həyatını itirib ki, onların arasında uşaqlar da var.

Daha sonra iranlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi iclasa videoformatda qoşularaq İran hakimiyyətinin məsuliyyətə cəlb edilməsi ilə yanaşı, İrandakı bütün səfirliklərin bağlanmasını tələb edib. O, əmin olduğunu bildirib ki, özünü sivil hesab edən ölkələr belə bir addımı atmalıdır: “İran xalqı bu vəziyyətdə Qərb hökumətlərindən, xüsusən də, Amerika Birləşmiş Ştatlarından rejimin qalmasına kömək edəcək hər hansı bir saziş imzalamaqdan çəkinmələrini xahiş edir”.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild isə bu qəddar repressiyanın və cinayət əməllərinin pislənməsinin vacib olduğunu deyib. Bu pisləmə isə yalnız sözdə deyil, əməldə də öz əksini tapmalıdır: “Bu səbəbdən, vitse-prezident Harrisin elan etdiyi kimi, biz İran İslam Respublikasının BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılması üçün digər üzv dövlətlərlə müzakirələr aparacağıq”.

Baş verənlər 1979-cu ili xatırladır...

Bir faktı xatırlatmaq yerinə düşər ki, hazırda İranda baş verənlər xarakter etibarı ilə 1979-cu ilin əvvəlini xatırladır. Həmin dövrdə də İran Pəhləvi hakimiyyətinin güclü olduğu iddia edilsə də, baş verən lokal etirazlar sonda kütləviləşdi. Düzdür, həmin dövrdə baş verən inqilabın əsas motivi siyasi və iqtisadi böhran, ziddiyyətli faktorlar çeşidinin cəmindən ibarət idi ki, burada Qərbləşmə faktoru əsas yer tuturdu. Bununla belə hazırki situasiyada irəli sürülən insan hüquq və azadlıqları, demokratik tələblər İran hakimiyyətini dərin “düşünməyə” vadar edir...

SADİQ

Paylaş:
Baxılıb: 912 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31