Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir

Kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir

30.04.2011 [09:52]

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci ümumrespublika daxili turizm sərgiləri ilə tanış olublar
Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci ümumrespublika daxili turizm sərgiləri ilə tanış olublar.
Son illər Azərbaycanın uğurlu iqtisadi inkişafı, dayanıqlı sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində mühüm addım olub. Kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir. ölkəmizin turizm imkanları ilə maraqlanan əcnəbilər bu sahəyə göstərilən dövlət qayğısını da yüksək qiymətləndirirlər. Artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanda turizm sərgilərinin təşkili bu sahəyə olan marağın göstəricisidir. Belə sərgilər, həm də ölkəmizin turizm imkanlarının nümayiş etdirilməsi üçün əlverişli imkanlar yaradır.
Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilk dəfə 2002-ci ildə keçirilib. Həmin il sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, indi onların sayı xeyli artıb. ötən illər ərzində sərgiyə təxminən 900-ə yaxın şirkət qatılıb. Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq turizm sərgisi bütün Xəzəryanı regionun səyahət sənayesinin əsas hadisəsinə çevrilib. Sərgi çərçivəsində müxtəlif görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, yeni proqram, layihə və istiqamətlər müəyyənləşdirilir.
“İteca Caspian” şirkətinin dəstəyi ilə baş tutan Beynəlxalq sərginin 2-ci ümumrespublika daxili turizm sərgisi ilə eyni vaxtda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. çünki bu, xarici qonaqlara Azərbaycanın zəngin turizm potensialı, gözəl təbiəti, müalicəvi kurortları ilə tanış olmaq fürsəti verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 2-ci ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmaq üçün Bakı Sərgi Mərkəzinə gəliblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgilərin “Turizm ili” kimi qeyd olunan 2011-ci ildə təşkil edilməsi əlamətdar hadisədir. Sərgidə Azərbaycanın turizm bölgələri də yüksək səviyyədə təmsil olunub.
Xaçmaz rayonu stendinin qarşısına gələn Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, bu rayonun geniş turizm imkanları var. Azərbaycanın ən tanınmış və sevilən istirahət zonalarından olan Xaçmaz həm dəniz, həm də meşə turizminin inkişafı baxımından çox əlverişlidir. Hazırda Xaçmazda 32 turizm obyekti lisenziya ilə fəaliyyət göstərir. Rayonda 2003-cü ildə mehmanxana və mehmanxana tipli bir obyekt var  idisə, indi bu rəqəm 57-yə çatıb. Xaçmazda 62 tarixi abidənin olması rayonun turizm imkanlarını daha da artırır.
Bu potensial özünü Quba-Qusar bölgəsində də göstərir. Həmin region həm qış, həm də yay turizmi üçün əlverişlidir. Gözəl təbiət bu bölgəni turistlər üçün ilin bütün fəsillərində cəlbedici edir. Bu rayonlarda turistlərin qəbulu üçün gözəl şərait yaradılıb. Səkkiz il əvvəl Qubada bir mehmanxana var idisə, hazırda onların sayı 29-dur. Bu, regiona gələn turistlərin istirahəti üçün geniş imkanlar açır.
Azərbaycanın cənub bölgəsi də özünün turizm potensialı ilə diqqəti cəlb edir. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, özünəməxsus təbiəti və geniş istirahət imkanları olan bu bölgədə son illər turizmin inkişafı ilə bağlı görülən işlər öz bəhrəsini verir. Bu sırada Masallı da xüsusi yer tutur. Azərbaycanın gözəl guşələrindən olan bu rayona istirahətə gələnlərin sayı ilbəil artır. Hazırda rayonda Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 22 turizm obyekti fəaliyyət göstərir. Eyni şərait Lənkəranda da yaradılıb. Burada 9 turizm obyekti turistlərin ixtiyarına verilib. Lənkəranda çoxlu tarixi abidələrin olması turistlərin bu bölgəyə olan marağını daha da artırıb.
Dövlətimizin başçısı və xanımı Lənkəranın “Nənələr” folklor ansamblının ifasını dinləyiblər. Qeyd edilib ki, Lerik də cənub bölgəsində turizm imkanları geniş olan rayondur. Bildirilib ki, 2003-cü ilədək burada heç bir turizm obyekti olmasa da, indi onların sayı səkkizə çatıb.
Sərgidə İsmayıllı rayonunun turizm imkanlarının əks olunduğu stend də Prezident İlham Əliyevdə və xanımı Mehriban Əliyevada maraq doğurub. Bildirilib ki, rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi daim öz sənətkarları ilə məşhur olub. Hər il Lahıca 8-10 min turist gəlir ki, onların da 80 faizi əcnəbilərdir. Bu rayonda müxtəlif millətlərin nümayəndələrinin birgəyaşayışı qonaqlarda maraq doğurur.
Azərbaycan Prezidenti və xanımı “İvanovka” folklor qrupunun çıxışını izləyiblər.
Qax və Zaqatala rayonlarının turizm potensialını əks etdirən stendlər də diqqəti çəkib. Burada əks olunan məlumatlardan da görünürdü ki, bölgənin turizm imkanları kifayət qədər inkişaf edib. Hazırda Qaxda yeddi, Zaqatalada isə altı turizm obyekti fəaliyyət göstərir.
Məlumat verilib ki, son illər Şəkidə də turizmin inkişafı üçün mühüm işlər görülüb. Bunu rayona istirahətə gələnlərin sayında müşahidə olunan artımdan da görmək olur. Əgər 2004-cü ildə Şəkiyə 2800 turist gəlmişdisə, ötən il onların sayı 15 minə yaxınlaşıb.
Qəbələ stendində rayonun səfalı yerləri ilə yanaşı, həm də müasir səviyyədə inşa edilən mehmanxana kompleksləri nümayiş olunur. ötən il Qəbələyə 30 mindən çox turist gəlib. Onlardan 4 mindən çoxu müxtəlif xarici ölkələrdən gələn qonaqlar olub. Turistlərin sayındakı artım, şübhəsiz ki, Qəbələdə yaradılan müasir turizm infrastrukturunun nəticəsidir.
Azərbaycanın ən səfalı bölgələrindən olan Şamaxının da turizm imkanları bu sərgidə yüksək səviyyədə nümayiş etdirilib. Stendlə tanış olan dövlətimizin başçısına və xanımına məlumat verilib ki, səfalı təbiəti ilə diqqəti çəkən Şamaxı rayonunda həm yay, həm də qış turizmi üçün geniş imkanlar var. Hazırda Şamaxıda 12 turizm obyekti fəaliyyət göstərir.
ölkəmizin həm qədim, həm də müasir şəhəri olan Gəncənin stendində isə sənətkarların əl işləri daha çox maraq doğurub. Stenddə Gəncədə, Göygöldə, Daşkəsəndə və Hacıkənddəki istirahət mərkəzləri barədə geniş məlumatlar da yer alıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Naxçıvan da sərgidə uğurla təmsil olunur. Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri bölgənin turizm imkanlarının genişliyindən xəbər verir. Naxçıvandakı müalicəvi sular, “Duzdağ” Fizioterapiya Mərkəzi turistlərdə böyük maraq doğurur.
Azərbaycan mədəniyyətinin zəngin hissəsini özündə yaşadan Qarabağın malik olduğu imkanlar, bununla belə hazırda işğal altındakı bölgələrimizdə mövcud turizm potensialının ermənilər tərəfindən məhv edilməsi də sərgiyə gələnlərin diqqətinə çatdırılır. Onlara Qarabağın tarixi, mədəniyyəti, etnoqrafiyası barədə məlumatlar verilir.
Paytaxtımızın da yerləşdiyi Abşeron yarımadasının qədim tarixi, abidələri, o cümlədən nadir coğrafi mövqeyi bu regionu da turistlərin maraq dairəsinə daxil edib. Xəzər dənizinin sahilində yerləşən çoxsaylı istirahət mərkəzləri daim turistləri cəlb edən məkana çevrilib.
Dövlətimizin başçısına məlumat verilib ki, hazırda Bakıda beynəlxalq standartlara cavab verən altı müasir mehmanxana komplekslərinin tikintisi gedir. Bu komplekslərin istifadəyə verilməsi paytaxtımızın gözəlliyinə əlavə çalarlar qatmaqla bərabər, turizmin inkişafında mühüm rol oynayacaq. Bununla yanaşı, son illərdə bölgələrdə də müasir turizm kompleksləri istifadəyə verilir. Qusarda inşa olunan Şahdağ qış-yay turizm kompleksi ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, Azərbaycanın turizm imkanlarını da nümayiş etdirir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin pavilyonu ilə də tanış olublar. Dövlətimizin başçısına ölkəmizdə turizmin inkişaf dinamikası barədə ətraflı məlumat verilib.
Bildirildi ki, ötən il Azərbaycana 1 milyon 962 min 906 nəfər gəlib ki, onlardan da 1 milyon 494 min 725 nəfəri turistlərdir.
Qeyd edilib ki, ölkəyə gələn turistlər üçün yeni imkanlar yaradılır. Bu sırada “Azərbaycan turizm naviqasiyası” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində yaradılan onlayn turist naviqatoru geniş imkanlara və özəlliklərə malikdir. Burada üç dildə Azərbaycanın yeddi turizm marşrutuna dair məlumatlar yer alıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində xarici ölkələrin turizm şirkətlərinin pavilyonları ilə də tanış olublar.
Türkiyə yubiley sərgisinə beş şirkətlə qatılıb. Türkiyə artıq ikinci dəfədir ki, bu sərginin əsas tərəfdaşı kimi çıxış edir. ümumilikdə isə sərgidə 24 ölkədən 230 şirkət təmsil olunur. Şirkətlər 61 turizm istiqamətini əhatə edir. ötən illə müqayisədə builki sərgidə daha çox iştirakçının olması Bakıda keçirilən bu tədbirə beynəlxalq səviyyədə yaranan maraqdan xəbər verir. Misir, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, çexiya, Yunanıstan və Hindistanın milli stendlərinin geniş yer aldığı sərgi qonaqları turizmin müxtəlif istiqamətləri ilə tanış edir. Sərgidə Seyşel, Mavriki və Maldiv adaları öz turizm proqramlarını təqdim edirlər. Sanatoriyalar və kurortlar tərəfindən təqdim olunan müalicə turizmi ilə Azərbaycan, Rusiya, Ukrayna və çexiyanın stendlərində tanış olmaq mümkündür. Sərgi Azərbaycan üçün ilk dəfə olaraq Laos, Kamboca, Macarıstan, Vyetnam, Myanma və Meksika kimi ölkələrə yeni istiqamətlər açacaq.
Sərgini dolğun işgüzar proqram müşayiət edir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi sərgiyə xarici ölkələrdən Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya üçün informasiya turları təşkil edib. Bununla yanaşı, turizm sahəsinin peşəkarları ümumdünya Turizm Təşkilatı və digər şirkətlər tərəfindən təşkil ediləcək seminarlar, təqdimat mərasimləri və təkmilləşdirmə kurslarında iştirak etmək imkanı qazanıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zirə adasında inşası nəzərdə tutulan “Azərbaycan mirvarisi” layihəsi ilə də tanış olublar.
Daha sonra dövlətimizin başçısı və xanımı Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələri ilə söhbət ediblər, onların təqdim etdiyi mətbəx nümunələrinə və əl işlərinə baxıblar.
Kulinarlar Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.


Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30