Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı

Heydər Əliyev ideyaları: Azərbaycanın dünəninin, bu gününün və sabahının təminatı

03.05.2011 [10:14]

Müstəqilliyini yenicə əldə etmiş hər bir ölkənin qarşısında müxtəlif istiqamətli yollar dayanır. Hansı yolun müəyyənləşdirilməsi isə həmin dövlətin rəhbərinin siyasi təcrübəsinin, iradəsinin, idarəçilik prinsipinin göstəricisidir. Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı problemlər həmin dövrün iqtidarının seçdiyi yolun öz maraqlarına xidmət etdiyini açıqladı. ölkədə ictimai-siyasi gərginlik bütün sahələrdə tənəzzülün dərinləşməsinə səbəb oldu. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müxtəlif yönümlü yollar arasında ən uğurlusu seçildi. Görkəmli siyasi xadim Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas etməyin yeganə yolu idi.
ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə namizəd irəli sürüləndə “cəbhəçilər” buna etiraz etsələr də, deputatların böyük səs çoxluğu onların niyyətlərini puç etdi. Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtmış Ulu öndər Heydər Əliyev Sədr kimi parlamentdə ilk çıxışını edərkən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. ölkədə Konstitusiyanın pozulmasına yol vermək olmaz” söyləməklə bu yola sadiq qalacağını bəyan etdi. Azərbaycanda demokratik, sivilizasiyalı cəmiyyət quruculuğu uğrunda mübarizə aparmağın, dünyəvi-bəşəri dəyərlərdən istifadə etməyin vacibliyini qeyd edən ümummilli lider Heydər Əliyev bəyan etdi ki, Azərbaycanın dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirməsi üçün biz hamımız birgə çalışmalı, birgə səy göstərməliyik. “Güman edirəm ki, xalqımızın müdrikliyi, Azərbaycan ziyalılarının, nüfuzlu insanlarımızın, ağsaqqalların birgə səyi və bizim hamımızın bir yerdə çalışmağımız şübhəsiz ki, bunları təmin edəcəkdir” - deyən Ali Sovetin sədri Heydər Əliyev ölkədə yaranmış gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini xüsusi qeyd etdi. Bildirdi ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün səylər göstərildiyi bir vaxtda daxili didişmələrə son qoyulmalıdır. Ali Sovetin tribunasından xalqa edilən bu müraciətin nəticəsi özünü çox gözlətmədi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə insanlarda yeni hakimiyyətə, ilk növbədə isə, xilaskarlıq missiyasını öhdəsinə götürmüş Heydər Əliyevə inamı və məhəbbəti daha da artırdı.
Dövlət müstəqilliyimizi möhkəmləndirmək, xarici dövlətlərlə iqtisadi-siyasi münasibətləri yeni müstəvidə inkişaf etdirmək, Ermənistan-Azərbaycan döyüş bölgəsində atəşkəsə nail olmaq, güclü ordu yaratmaq üçün imkanları artırmaq qarşıda duran əsas vəzifələr idi. Ulu öndərimiz bu vəzifələri düşünülmüş siyasət əsasında uğurla yerinə yetirdi, “Əsrin müqaviləsi” neft sazişinin imzalanmasını gerçəkləşdirərək Azərbaycanı dünyaya qovuşdurdu.
ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası (YAP) ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilmişdir. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak etmişdir. Ulu öndər Heydər Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.
Ulu öndərin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı.
Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edir, proqram xarakterli nitqlər söyləyir, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verirdi.
öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 530 mindən artıq üzvü birləşdirən YAP, ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını şərtləndirən daha bir məsələ budur ki, O, özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı. ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqi, xalqın işsizlikdən, yoxsulluqdan xilas edilməsi məhz bu etimadın nəticəsidir.
Azərbaycanın tutduğu bu yol Ulu öndərimizin 18 il əvvəl xilaskarlıq missiyasını üzərinə götürməklə başlanıb. Bu yol Milli Qurtuluş yoludur.
Milli Qurtuluşdan başlanan yol mühüm uğurlarla zənginləşərək gələcəyə doğru davam edir. 2003-cü il prezident seçkilərində seçicilərin 76,84 faizinin səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir: “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik”.
Beş ildə hər bir vədin konkret əməli işdə təsdiqi cənab İlham Əliyevin 2008-ci ildə keçirilən növbəti prezident seçkilərində qələbəsini təmin etdi. 15 oktyabr 2008-ci il prezident seçkilərində seçicilərin 88,73 faizinin səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. 2003-cü ildən ötən 7 ildən artıq dövr ərzində dövlət başçısı İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Son yeddi ilin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, Vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi çətin, lakin şərəfli vəzifələri yerinə yetirərkən daim ölkəmizin gələcəyini düşünüb, hər bir məsələyə milli maraqlar baxımından yanaşıb. Cənab İlham Əliyev dövlət başçısı vəzifəsinə gələnə qədər çalışdığı sahələrdə daim belə bir fikri qabarıq şəkildə diqqətə çatdırırdı ki, biz gələcəyə baxmalıyıq: “Bizi gələcəkdə nələrin gözlədiyi özümüzdən asılıdır. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti hüdudları sonsuzdur. Bu, əbədi bir prosesdir”.
Sonrakı dövrlər Ulu öndərimizin öz seçimində nə qədər düzgün qərar verdiyini təsdiq etdi. Gənc, iradəli, üzərinə götürdüyü ağır məsuliyyəti hiss edən, xalqın taleyüklü məsələlərinin həllinə dərindən bələd olan cənab İlham Əliyev Ulu öndərimizin və xalqın etimadını doğrultdu. Bu sözlərin arxasında Ulu öndərimiz Heydər Əliyevin başladığı, lakin axıra çatdıra bilmədiyi beynəlxalq neft-qaz layihələrinin gerçəkləşməsi, Azərbaycanın iqtisadi tərəqqiyə görə dünyada lider dövlətə çevrilməsi, ölkəmizin Qərb dünyasına inteqrasiyası, xalqın həyat səviyyəsinin yüksəlməsi, torpaqlarımızı işğaldan azad etməyə qadir olan ordu yaradılması, regionlarımızın müasirləşdirilməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün görülmüş böyük işlər dayanır.
2003-cü ilin oktyabrında Ulu öndərin tövsiyəsi və xalqın böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti ökə qarşısında duran qlobal vəzifələrə yönəldərək “Biz hər şeyə müvəffəq olacağıq”-deyə, bildirdi. Dövlət başçısı hökumət üzvlərindən öz vəzifə borclarını vicdanla yerinə yetirməyi, hər bir şəxsdən öz işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan Prezident, ilk növbədə, ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasının vacibliyini qeyd edirdi. Dövlət başçısı qarşıya qoyduğu bu böyük sosial-iqtisadi vəzifənin gerçəkləşməsi üçün 2008-ci ilədək 600 min iş yerinin açılmasını zəruri hesab edərək, hökuməti daha səylə çalışmağa çağırdı.
Prezident İlham Əliyev ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və qazla təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir.
Gördüyü işlərin miqyası ilə xalqımızın rəğbətini qazanmış, milyonların sevimli rəhbərinə çevrilmiş prezident İlham Əliyevin son 8 ildəki fəaliyyətini belə təsvir etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 8 ildə həllini taparaq Azərbaycanın qarşısıalınmaz tərəqqi yoluna çıxmasını təmin edib. Onun fəaliyyətində neft-qaz amili, bundan istifadə edərək Azərbaycanı inkişaf etdirmək, xalqın həyat səviyyəsini yüksəltmək, ölkəmizi dünyada sözü ötən, mövqeyi ilə hesablaşılan bir dövlətə çevirmək sahəsində göstərdiyi səylər şübhəsiz ki, ilk sırada dayanır. İlham Əliyevin hələ ölkə Prezidenti seçilməzdən əvvəl dediyi bir fikir Azərbaycanın hansı inkişaf istiqaməti seçəcəyinə aydınlıq gətirirdi. Söhbət neft gəlirlərindən gedəndə cənab İlham Əliyev bildirir: “Biz neftdən əldə olunan gəlirləri hara gəldi sərf edə bilmərik. Bu pullarla gələcək nəsillər üçün yeni şəhərlər salmaq, yollar salmaq, zavod və fabriklər tikmək, neftlə bağlı olmayan yeni infrastruktur yaratmaq lazımdır. çünki neft nə vaxtsa tükənir. Həmin proqram bu gün həyata keçirilərsə, gələcək nəsillər neft hasilatından və neftin dünya bazarında qiymətlərindən asılı olmayacaqlar. Beləliklə, neft bizim üçün məqsəd deyil, güclü iqtisadiyyat, güclü infrastruktur yaratmaq vasitəsidir”.
İlham Əliyevin bir vaxtlar uzaqgörənliklə söylədiyi proqram xarakterli bu fikir uğurla həyata keçirilir. Regionlarda müasir sənaye müəssisələri yaradılır, elektrik stansiyaları, məktəblər, səhiyyə ocaqları inşa olunur, yollar çəkilir, turizm inkişaf etdirilir, ən ucqar kəndlərdə belə şəhər rahatlığı yaradılır. Hər gün bu kimi yeniliklərin şahidi olduğumuz üçün bunları sadalamağa ehtiyac görmürük.
Azərbaycan iqtisadi inkişafın dinamikasına görə dünyada ön sıradadır. Dövlətimizin başçısı İlham Əliyev bununla kifayətlənmir, “ölkənin xoşbəxt gələcəyi üçün bundan sonra da bütün işlər görüləcəkdir” bildirir.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanı elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi.
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olub. Milli hərbçi kadrların hazırlanması xalqın müstəqil gələcəyini görən Ulu öndər Heydər Əliyevin diqqət göstərdiyi məsələlərdən idi.
Bu siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz bildirir: “Qarşımızda duran vəzifələri icra etmək üçün ilk növbədə, hazırda peşəkar kadrlar lazımdır. çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə, ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir”.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq yüzlərlə gənc Dövlət Neft Fondunun vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərində təhsil alır. Hazırda vəsaitlərinin həcmi 26 milyard dollardan artıq olan Fond bu Proqramın maliyyələşdirilməsinə 14 milyon manat ayırıb.
2008-ci ildə növbəti dəfə xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilmiş İlham Əliyevin qarşısına qoyduğu vəzifənin-Azərbaycanın zəngin, qüdrətli dövlətə çevrilməsi üçün göstərdiyi səylərin yeni mərhələsi başlandı. Söhbət təkcə iqtisadiyyatı inkişaf etdirməkdən, xalqın həyatını yaxşılaşdırmaqdan getmir. Söhbət həm də ondan gedir ki, Prezident İlham Əliyevin elitarlıq meyarları, şəxsi keyfiyyətləri, yüksək mədəniyyəti, insanlara sevgisi xalq üçün nümunəyə, etalona çevrilib. Dövlətimizin başçısı “Biz Heydər Əliyev yolunu davam etdirəcəyik, bu yola daim sadiq qalacağıq” deyərək Azərbaycanı sürətlə irəli aparır.
ötən 8 ildə Prezidentin həm andiçmə mərasimində, həm ölkə, həm də beynəlxalq tədbirlərdə çıxışlarında Azərbaycanın hərtərəfli inkişafa nail olduğu konkret faktlar, rəqəmlər əsasında diqqətə çatdırılır. Artıq 2004-2008-ci illər-cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi birinci dövr nəzərdə tutulmuş əksər vəzifələrin uğurla yerinə yetirilməsi ilə əlamətdar oldu. Belə ki, ölkədə 600 min iş yerinin açılması üçün Prezidentin qarşıya qoyduğu vəzifənin icrası istiqamətində böyük işlər görüldü. Bir il ərzində bütün şəhər və rayonlarda minlərlə sənaye müəssisəsi, istehsalat sahəsi açıldı. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramı çərçivəsində əsaslı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin regionlara müntəzəm xarakter alan səfərləri, tapşırıqların icrasını daim nəzarətdə saxlaması inkişafa böyük təkan verdi.
O illərdə əhalinin sosial vəziyyətinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılması, əməkhaqları və müavinətlərin artırılması, məcburi köçkünlərin çadır düşərgələrindən normal şəraiti olan yeni binalara köçürülməsi, eyni zamanda, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, demokratik ab-havanın beynəlxalq standartlara uyğunlaşdırılması və digər genişmiqyaslı işlərin görülməsi təbii ki, düzgün qurulan siyasətin nəticəsidir.
Qlobal enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə artır. Bu fikir vaxtilə “Əsrin müqaviləsi”nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycan təbii ki, bununla əsl söz sahibi olduğunu təsdiqləyir. Bu uğurlar Prezident İlham Əliyevin hər zaman bildirdiyi kimi, Ulu öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir. çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrildi. 2006-cı ilin mayın 28-də Azərbaycan nefti Ceyhan terminalına çatdı. Cənab İlham Əliyev bu hadisənin məhz Respublika gününə təsadüf etməsinin rəmzi mənası olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu böyükdür. Azərbaycan dövlətinin məqsədyönlü siyasəti nəticəsində zəngin təbii resurslardan səmərəli istifadə ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, əhalinin sosial rifah halının da yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadi qüdrətin artması ilə ölkəmizin maliyyə imkanlarının genişlənməsi yeni layihələrin reallığa çevrilməsinə zəmin yaradır.
Xarici və daxili siyasətdə əldə edilmiş uğurlar Azərbaycanı regionun aparıcı dövlətinə çevirməklə, onun beynəlxalq mövqelərini möhkəmləndirir. Respublikamız mühüm geostrateji mövqeyinə və təbii sərvətlərinə, ilk növbədə zəngin neft-qaz ehtiyatlarına görə bir sıra dövlətlərin maraq dairəsində olsa da, dövlət başçısı İlham Əliyevin yeritdiyi müstəqil siyasət nəticəsində dünyada söz sahibi olan ölkələr sırasında Azərbaycanın da adı var. Dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycanın hərtərəfli inkişafı yüksək qiymətləndirilir.
Beynəlxalq ekspertlərin Azərbaycan, onun Prezidenti İlham Əliyev haqqında söylədiyi fikirlərə diqqət yetirək. Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini qeyd edən Qərb və Avropa təmsilçiləri ölkəmizi “çiçəklənən respublika” adlandırırlar.
Dövlət başçısı İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətini yüksək qiymətləndirən, dünya səviyyəli şəxslərin söylədiyi fikirləri məhz belə ümumiləşdirmək olar. “İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycanı uğurlu gələcəyə inamla aparır”. Söylənilən rəylərdə bu fikir də xüsusi qeyd edilir ki, Azərbaycanın güclü siyasi lideri, xalqın həyat səviyyəsini yüksəltməyə xidmət edən təbii sərvətləri var. ölkəmizdə təhsilə, mədəniyyətə yüksək qiymət verilməsi də qeyd olunanlar arasında xüsusi yer tutur. Bildirilir ki, bu uğurların təməlində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin işləyib hazırladığı inkişaf strategiyasının İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Bəli, dünyada təsdiqini tapmış həqiqətdir ki, Azərbaycanda Heydər Əliyev zamanında olduğu kimi, yenə də güclü, ölkəni uğurla irəli aparmağa qadir olan siyasi rəhbərlik var. Prezident İlham Əliyevin son 8 ildə qazandığı ən böyük qələbə məhz Ulu öndərin siyasətinin Azərbaycanda davam və inkişaf etməsinə nail olmasıdır. Azərbaycanı ən inkişaf etmiş dövlətlərin cərgəsinə çıxarmış bu siyasət yaşayır və qalib gəlir.
Prezidentin xarici siyasəti ilə bağlı mühüm bir faktı xatırladaq. Cənab İlham Əliyev 8 il əvvəl ölkəyə rəhbərlik etməyə başladığının birinci ayında işğalçı Ermənistana bəyan etdi ki, biz torpaqlarımızın düşmən tapdağı altında qalmasına yol verməyəcəyik: “Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək və biz suverenliyimizlə bağlı heç zaman heç bir güzəştə getməyəcəyik. Biz əzəli Azərbaycan torpaqlarının işğal olunması faktı ilə heç vaxt razılaşa bilmərik və bizim səbrimizin də həddi vardır”.
“Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”. Ulu öndər Heydər Əliyevin bu tezisinin davamı olaraq Prezident İlham Əliyev bildirir: “Gənc respublikamızın inkişafı yolunda əsas maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də, ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar”.
Azərbaycan öz Prezidentinin rəhbərliyi altında 2010-cu ili böyük uğurlarla başa vurdu. İqtisadiyyatın dinamik inkişafı, xalqın həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin beynəlxalq nüfuzunun artması, milli-mənəvi və demokratik dəyərlərimizə ehtiramın güclənməsi, xarici diplomatiyamızın uğurları, qeyri-neft sektorunun yeni inkişaf mərhələsinə qaldırılması, regionlarda yeni sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, böyük həcmdə tikinti-quruculuq işlərinin görülməsi, idmançılarımızın beynəlxalq yarışlardan medallarla qayıtması, sadalamağa ehtiyac duymadığımız digər çoxsaylı işlərin görülməsi 2010-cu ildə qazanılmış nailiyyətlərin heç də tam siyahısı deyil. Bu nailiyyətlər Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğısının parlaq nəticəsidir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atılır. Xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır.
Dövlət başçısı İlham Əliyev Vətənə, xalqa məhəbbətini öz əməlləri, ölkənin daha coşqun inkişafı, Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətlə sübut edir. Xalqımızın belə bir rəhbəri olması hər birimiz üçün böyük fəxrdir, qürur mənbəyidir.

Hüseyn Paşayev,
YAP Mətbuat Xidmətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü

Paylaş:
Baxılıb: 859 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30