Azərbaycan-Türkiyə dostluğu və birliyi çox vacib amilə çevrilib
28.07.2011 [10:27]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olunub. Türkiyənin Baş nazirinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev görüşü açaraq deyib: “Hörmətli cənab Baş nazir, əziz qardaşım! Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Seçkilərdən bir ay sonra Azərbaycana etdiyiniz rəsmi səfər, əslində, bizim əlaqələrimizin nə qədər yüksək səviyyədə olmasını göstərir. Həqiqətən, bu əlaqələr müttəfiqlik səviyyəsindədir, dostluq, qardaşlıq prinsipləri əsasında formalaşıbdır. Hazırda bu əlaqələr bütün sahələri əhatə edir və nəinki ikitərəfli müstəvidə, eyni zamanda regional məsələlərdə də Türkiyə-Azərbaycan dostluğu və birliyi çox vacib amilə çevrilibdir.
Bu gün biz Sizinlə geniş söhbət etdik, demək olar, gündəlikdə duran bütün məsələləri müzakirə etdik və bir daha gördük ki, bütün bu məsələlərdə bizim mövqeyimizdə heç bir fərq yoxdur. Bu, belə də olmalıdır. çünki bizi birləşdirən tarixi köklər, mədəni köklər o qədər güclüdür ki, bunlar Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayır.
Mən Sizi və Sizinlə bərabər Bakıya gəlmiş bütün qardaşlarımızı bir daha salamlayıram. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Qısa da olsa, əminəm ki, səfəriniz çox uğurlu və yaddaqalan olacaqdır”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edərək deyib: “Mən də hörmətli Prezident İlham Əliyevə, dəyərli heyət üzvlərinə şəxsən öz adımdan və nümayəndə heyəti adından çox təşəkkür edirəm.
Bildiyiniz kimi, biz seçkilərdən sonra ənənəmizə uyğun olaraq, ilk səfərlərimizi ya Azərbaycana ya da Şimali Kipr Türk Respublikasına edirik. Bu dəfə Şimali Kipr Türk Respublikasının yaranmasının 37-ci ildönümü iyulun 20-nə təsadüf etdi və ilk səfərimizi oraya etdik. İkinci xarici səfərimizi də Azərbaycana həyata keçiririk və dəyərli qardaşımla təkbətək görüşdə Türkiyə-Azərbaycan arasındakı əlaqələri müzakirə etdik. Bütün sahələrdə, - hərbi, siyasi, iqtisadi, ticari, mədəni, - keçmişdən bu günə gələn bütün məsələləri müzakirə etdik, regional məsələləri dəyərləndirmək imkanımız oldu. Gələcəyə istiqamətlənmiş hansı addımlar atacağıq, ata bilərik - bunları da müzakirə etmək imkanımız oldu. Təbii ki, xüsusilə, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası çox əhəmiyyətlidir, buna çox əhəmiyyət veririk. İnşallah, ilk toplantısını bizdə keçirmək üçün o günü həqiqətən həyəcanla gözləyirik”.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxış edərək deyib: “Hörmətli cənab Baş nazir, əziz qardaşım!
Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. çox şadam ki, seçkilərdən bir ay sonra Azərbaycana - doğma vətəninizə səfər edirsiniz.
Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir və hörmətli cənab Baş nazirin səfəri zamanı apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq.
Bu gün biz gündəliyimizin, demək olar ki, bütün məsələlərinə toxunduq, geniş fikir mübadiləsi apardıq. Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər var. çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq.
Bu gün biz regional məsələlərə də toxunduq, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törətmişlər. Xocalı genosidi törətmişlər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas beynəlxalq təşkilatlar öz mövqeyini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və qətnamələr bu məsələnin həlli üçün əsasdır.
Eyni zamanda, bu gün biz bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi apardıq. Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək, bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir.
Biz bu gün, təbii ki, enerji məsələlərinə də toxunduq. Bildiyiniz kimi, bu əlaqələrin böyük tarixi var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu həm Türkiyə üçün, həm də Azərbaycan üçün çox vacib olan məsələlərdir, bizim ölkələrimizi daha da sıx birləşdirir. Əminəm ki, gələcək əməkdaşlıq da uğurlu olacaqdır.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmir yolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırmışdır ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmir yolu istifadəyə verilsin.
Bir daha demək istəyirəm ki, bütün sahələrdə bizim aramızda əməkdaşlıq yüksək səviyyədədir. Biz ümid edirik ki, gələcəkdə bu templər saxlanacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edəcəkdir.
Sağ olun”.
Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edərək söyləyib: “Hörmətli Prezident, dəyərli qardaşım Əliyev, Dəyərli mətbuat nümayəndələri!
Əvvəlcə Sizi bu mənalı görüşdə ən səmimi hisslərimlə salamlayıram.
Bildiyiniz kimi, 12 iyun 2011-ci il tarixində biz millət vəkili seçkilərini həyata keçirdik. Ənənəvi olaraq seçkilərdən sonra Türkiyə Respublikasında hakimiyyətə gələn iqtidar ilk səfərlərini ya Azərbaycana, ya da Şimali Kipr Türk Respublikasına edirlər. Bu, bizim ənənəmizdir.
Bu il də biz seçkilərdən sonra 1974-cü ildən bəri 37-ci ildönümünü qeyd etdiyimiz Şimali Kipr Türk Respublikasının müstəqillik mübarizəsinin 20 iyuna təsadüf etdiyi üçün ilk səfərimizi oraya, ikinci xarici səfərimizi bu gün Azərbaycana həyata keçirdik.
Dəyərli qardaşımla təkbətək görüşdə ikitərəfli əlaqələrimizi ətraflı nəzərdən keçirmək fürsətimiz oldu, regional məsələləri nəzərdən keçirmək imkanımız oldu. Xüsusilə, gündəliyimizin əsas maddələrindən biri olan enerji məsələlərini müzakirə etdik. Amma ən önəmlisi, təbii ki, Dağlıq Qarabağ mövzusunu təkrar müzakirə etmək fürsətimiz oldu. Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik.
Təbii ki, hərbi, siyasi, iqtisadi, ticari, mədəni - bütün bu sahələrdən söhbət gedərkən biz burada öz evimizdə, öz Vətənimizdə olduğumuzu hiss edirik və bunları belə dəyərləndiririk. Bundan sonrakı proses istiqamətində atacağımız addımlar içərisində xüsusilə Türkiyə-Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısı da həqiqətən həyəcanla gözlədiyimiz toplantı olacaqdır. Xarici işlər nazirlərimiz öz aralarında görüşməklə ilk addımı atacaq, inşallah, genişmiqyaslı bir toplantını həyata keçirmiş olacağıq.
2010-cu ildə xarici ticarət dövriyyəsi təxminən 2,5 milyard dollar olmuşdur. Ancaq bu ilin ilk beş ayında bu göstərici 1,4 milyard dollara çatmışdır. Bu gedişlə, inşallah, bu ilin sonunda 3 milyard dollara çata bilərik.
Bütün bunlarla yanaşı, Türkiyə-Azərbaycan əlaqələrində təbii qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, inşallah, “Şahdəniz-2” ilə bağlı atılacaq addımlar iki qardaş ölkənin strateji addımı olacaqdır. Bu məsələdə də qardaşımla aramızdakı razılığımız açıq-aşkar ortadadır. Məsələ ilə əlaqədar biz müzakirələr apardıq və enerji nazirlərimiz də fəaliyyətlərini davam etdirəcəklər.
Təbii ki, bütün bununla bərabər hörmətli Prezidentin ifadə etdiyi kimi, həqiqətən Qars-Tbilisi-Bakı dəmir yolu xətti böyük əhəmiyyət kəsb edir. Bunun davamı vardır. Bu, işin ilk mərhələsidir və biz onu daha da irəliyə - Orta Asiyaya çatdırmağı hədəf qoymuşuq. Belə bir hədəf, belə bir böyük layihə, hazırda onun məmnunluq doğuran bir sürətlə həyata keçirilməsi də bizi strateji olaraq bir-birimizə bağlayır. Bunu da ifadə etməyi lazım bilirəm.
Bir az əvvəl dəyərli qardaşımın xüsusilə son dönəmdəki şəhidlərimiz və PKK terror təşkilatı ilə bağlı söylədiyi fikirlərinə görə millətim adından təşəkkür edirəm. Bu, təbii ki, bizim qardaşlığımızın, birliyimizin ən gözəl ifadəsidir. Buna heç kim şübhə etməməlidir. Sadəcə bir ölkədə deyil, əslində, dünyada terror təşkilatlarına qarşı birgə mübarizə aparılmalıdır, birgə mübarizə platformasının formalaşdırılması lazımdır.
Son günlərdə Norveçdəki hadisəni görürük. Yəni bir nəfərin 93 nəfərin həyatına qəsd etməsini sadəcə dəlilik və ya adi bir hadisə kimi dəyərləndirmək yanlışdır. İllərlə islamofobiya deyə ortaya çıxanlar, buna əhəmiyyət verməyənlər hazırkı hadisələr qarşısında hələ də deyilməli olanları deyə bilmirlər. Məsələni nə qədər gizlədirlər gizlətsinlər, bu, onu göstərir ki, baş verənlər onların korazehinliyinin əvəzidir. Bəlkə orada bizim də bir qızımız həlak oldu. Dünən anası və atası ilə danışdım, hələ də bir ümid gözləyirlər, qızlarını gözləyirlər. Biz də ümid edirik ki, inşallah, ölməmişdir, inşallah, anasına, atasına, eləcə də millətimizə qovuşar, amma ölmüşdürsə, ona Allahdan rəhmət diləyirəm.
Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq.
Sahibkarlarımızın Azərbaycandakı yatırımları bizdə yenə məmnunluq doğurur. Bu barədə hörmətli Prezidentin fikirləri şübhəsiz ki, buradakı prosesi daha yaxşı əks etdirir. Buna görə də həqiqətən məmnunluq keçiririk.
Mən bugünkü səfərimizin çox səmərəli olduğu fikrindəyəm. Heyətlərimiz arasındakı görüşlər də çox səmərəli şəkildə nəticələndi. Qarşıdakı mərhələnin də çox səmərəli olacağı qənaətindəyəm.
Mən bütün mətbuat nümayəndələrinə - dostlarıma minnətdarlığımı bildirirəm, təşəkkür edirəm”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül qoyulub.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyənin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman oğulların məzarlarını ziyarət ediblər.
Türkiyənin Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyub.
Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38

