Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Rəsmi Ankaranın mövqeyi aydın və dəyişməzdir

Rəsmi Ankaranın mövqeyi aydın və dəyişməzdir

30.07.2011 [14:48]

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi miqyasına görə lokal-regional, mahiyyətinə görə isə qlobal xarakterli problemlərdəndir. Məhz buna görə də, münaqişənın həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman kəsimlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu praqmatik, rasional və realist xarici siyasi strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada uğurla davam etdirilməsi, sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin olduqca intensivləşməsinə səbəb olub. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi olaraq səsləndirilməkdədir. Qısası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir...
Onu da qeyd edək ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan xarici ölkələrə etdiyi bütün rəsmi və işgüzar səfərlərində, eyni zamanda, beynəlxalq təşkilatlarda etdiyi çıxışlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulamaqda və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd etməkdədir. Son olaraq isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda Prezident İlham Əliyevlə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsip əsasında həll edilməsinin zəruriliyini vurğulayan mövqe bildirilib: “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz, mübarizəmiz - hər şeyimiz Azərbaycan üçün Dağlıq Qarabağ mövzusu necə bir qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər təqib edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”.
Bütün bu faktları nəzərə alan bir sıra analitik mərkəzlər “məhz bu dönəmdə nə üçün Dağlıq Qarabağ münaqişəsi regionun ən ciddi və dərin əsaslı problemi kimi qəbul edilməkdə və ciddi səylərə-cəhdlərə səbəb olmaqdadır” sualına cavab axtarırlar.
Bu sualın cavabı olduqca sadə, amma çoxistiqamətlidir.
Əvvəla, istər regional, istərsə də qlobal güclər yaxşı anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mane olan ciddi problematik faktordur. Bu münaqişənin həll edilməsi regional miqyaslı, qlobal xarakterli qarşılıqlı-faydalı-uzlaşdırılmış əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına və uzunmüddətli perspektivdə davam etdirilməsinə təkan və stimul verəcək. Yox, əgər münaqişə həll olunmamış qalarsa, məhz bu zaman Cənubi Qafqaz bölgəsi “qapalı”-səmərəsiz geosiyasi məkana çevrilməkdən qurtula bilməz. Bu isə region dövlətlərindən daha çox qlobal aktorlara mənfi təsir göstərər. çünki hər kəsə məlumdur ki, Cənubi Qafqaz ən böyük sərmayə məkanlarından biri olmaqla yanaşı, ən önəmli bölgələrə çıxış qapısı rolunu da oynamaqdadır.
İkincisi, Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli bölgədə qeyri-sabitliyə səbəb olacaq halların meydana gəlməsinin qarşısını almaq üçün dağıdıcı faktorların aradan qaldırılması zəruridir. Əlbəttə ki, bu cür dağıdıcı faktorlardan biri də, Azərbaycan torpaqlarının 20 faizinin hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılmasıdır. İşğala son qoyulmadıqca, nə Ermənistan regional layihələrdə iştirak edə biləcək, nə də sərmayədar dövlətlər istədikləri səviyyədə bölgəyə investisiya yönəldə biləcəklər. Bundan başqa, münaqişənin həll olunmamış qalması Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının yaradılmasına və növbəti strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə mane olacaq.
Digər tərəfdən, əgər Dağlıq Qarabağ münaqişəsinin həlli diplomatik vasitələrlə-sülh yolu ilə mümkün olmasa, bu zaman hərb variantı qaçılmaz olacaq. Azərbaycan sahib olduğu hərbi və iqtisadi potensialı, eləcə də, rasional idarəetmə sistemi ilə hər zaman işğal olunmuş torpaqlarını azad etməyə hazır və qadirdir. Bildirdiyimiz kimi, sözün qurtardığı məqamda ölkəmiz silahlı müdafiə metoduna istinad edəcək. “Silahlı müdafiə metodu” anlayışı təsadüfi ifadə deyil. çünki Azərbaycan savaşa başlayarsa, bu, işğalçı müharibə səciyyəsi daşımayacaq. Bu savaş öz torpaqlarını azad etmək üçün Azərbaycanın haqq mübarizəsi olacaq. Savaşın başlanması isə qlobal miqyasda Cənubi Qafqazı özünün əməkdaşlıq məkanı kimi görən heç bir dövlət tərəfindən arzu olunmur. Separatizm və münaqişəli qarşıdurmanın fonunda ortaya çıxan 2008-ci ilin avqust hadisələri, yəni, Rusiya-Gürcüstan müharibəsi deyilənləri təsdiq edən ən güclü dəlillərdəndir. Bu savaş öz növbəsində regional əməkdaşlıqları “baltalayan” faktor kimi çıxış etdi. Belə olan halda, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi yönündə qlobal güclər-söz sahibi aktorlar özlərinin ən yüksək səy və cəhdlərini ortaya qoymalıdırlar.
Deyilənlərlə yanaşı, Türkiyənin hər zaman ən yüksək səviyyə və formada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirməsi də təsadüfi deyil. Bu, özündə bir neçə fundamental strateji faktoru ehtiva edir:
Əvvəla, Cənubi Qafqazın lokomotiv aktoru olan Azərbaycan Türkiyə üçün bölgəyə giriş və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni, Cənubi Qafqazda geniş əhatəli əməkdaşlıqlar mühiti formalaşdırmaq və uzunmüddətli perspektivdə sürdürmək üçün Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir. Müxtəlif xarakterli layihələrin reallaşdırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. BTC, BTƏ və BTQ kimi layihələr zamanı sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran bariz arqumentdir;
İkincisi, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan önəmli tranzit məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. çünki Asiyadan Avropaya uzanmaq üçün Azərbaycan amili birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir;
üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birilərinə qarşı “dual dövlət” mövqeyindən çıxış edirlər. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı-səmimi-faydalı-uzlaşdırılmış münasibətləri daha da möhkəmləndirən amildir.
Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşmasını şərtləndirən fundamental faktorların sayını istənilən qədər artırmaq olar. Hər halda, bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi-Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur. Bu isə onu tələb edir ki, münaqişənin həlli yönündə Türkiyə Azərbaycanla birgə öz səylərini daha da artırsın.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 917 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30