Sürətlə inkişaf edən Azərbaycan-Avstriya münasibətləri yeni mərhələyə qədəm qoyur
13.10.2011 [23:11]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və xanımı Margit Fişer ilə birgə görüşü olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin təkbətək görüşü keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Sizi bir daha Azərbaycanda salamlayıram. ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz bizim üçün, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaqdır. Biz bir sıra mühüm sənədləri imzalamağı və bir sıra müxtəlif məsələləri ətraflı müzakirə etməyi planlaşdırırıq. İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq. Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcəkdir. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz vardır. Mən düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik. Əlbəttə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da çox yaxşı nəticələr verəcəkdir. Bir daha Azərbaycana xoş gəlmisiniz”.
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “çox sağ olun, cənab Prezident! Mən Sizin atanızın 2000-ci ildə Avstriyaya səfərini xatırlayıram. O vaxtdan on bir il keçmişdir, bir çox dəyişikliklər baş vermişdir. Böyük inkişaf vardır. ölkəniz inkişaf tempi baxımından böyük addımlar atmışdır. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm. Mənə və məni müşayiət edən nümayəndə heyətinə səfərə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Buraya, həmçinin işgüzar dairələrdən, elm və turizm sahələrindən nümayəndələr daxildir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimi olub.
“Krems Tətbiqi Elmlər Universiteti və Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Krems Tətbiqi Elmlər Universitetinin icraçı direktoru Hayns Boyer, “SOCAR və OMV şirkətləri arasında enerji layihələri üzrə Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və OMV şirkətinin qaz və enerji məsələləri üzrə idarə heyətinin direktoru Gerhard Roiss, “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin baş direktoru Andreas Rayxhardt, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Avstriya Respublikasının Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Avstriya Respublikasının federal maliyyə nazirinin müavini Andreas Şider imzalayıblar.
Azərbaycan-Avstriya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olub. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev çıxış edərək bildirib ki, Avstriya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir: “Siyasi əlaqələr güclənir və Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Siyasi məsləhətləşmələr, müxtəlif səviyyələrdə əməkdaşlıq aparılır. Bir sözlə, siyasi əlaqələrin yüksək səviyyədə olması, əlbəttə ki, bütün başqa sahələrdə əlaqələrin inkişafına güclü təkan verir. Bu gün biz Sizinlə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə də toxunduq. Regional təhlükəsizlik məsələləri də bizim üçün çox vacibdir. Mən Sizə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, son vəziyyətlə bağlı məlumat verdim. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi ümid edir ki, yaxın zamanlarda münaqişə öz həllini tapacaq və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşmüşdür. Bir milyona yaxın azərbaycanlı doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurası çox vacib qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Onlar Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul etmişlər. ümid edirəm ki, yaxın gələcəkdə bu münaqişə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir”.
Prezident Haynts Fişer isə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Prezident İlham Əliyevi təbrik edib: “Oktyabrın 18-də Siz bu yubileyi qeyd edəcəksiniz. Mən əminəm ki, hər bir müşahidəçi, ölkənizə gələn hər bir qonaq Sizin xüsusilə son 10 ildə əldə etdiyiniz uğurların şahidi olacaqdır. Bunları açıq-aşkar görmək mümkündür. Bu uğurları Bakıda gəzərkən aydınca görürsən. Bu dinamik inkişaf göz qabağındadır. Səfər müddətində də bizə göstərildi, izah olundu”.
Prezident Haynts Fişer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bütün iştirakçılara müraciət edirik ki, danışıqlar aparmağa hazır olsunlar, danışıqlar stoluna qayıtsınlar. ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik ki, onlar da yaxşı iradə göstərsinlər, münaqişə həllini tapsın”.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin iştirakı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. Forum iştirakçıları Azərbaycan və Avstriya prezidentlərini hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək deyib ki, Avstriya-Azərbaycan əlaqələrində çox müsbət irəliləyiş var: “Bu gün bütün başqa məsələlərlə bərabər, biz Sizinlə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi apardıq. Mən hesab edirəm ki, bu sahədə əldə edilmiş uğurlar və yaxşı nəticələr bizi ruhlandırır, gələcək əməkdaşlığa sövq edir. Avstriya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. ölkələrimiz arasında ticarət dövriyyəsi çox böyük olmasa da, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi çox müsbət bir haldır. Avstriya şirkətləri ölkəmiz üçün çox vacib olan infrastruktur və tikinti layihələrində çalışırlar. Onların fəaliyyəti təqdirəlayiqdir, onlar işləri yüksək keyfiyyətlə görürlər. Bütün kontrakt şərtlərinə əməl edilir və Azərbaycanda böyük quruculuq işlərinin aparılmasında Avstriya şirkətləri bizə dəstək olurlar”.
Avstriya Prezidenti Haynts Fişer biznes-forumda çıxış edərək deyib ki, Azərbaycan bu gün Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır: “Əlbəttə, burada qaz da çox böyük əhəmiyyət kəsb edir. Qaz enerji daşıyıcısıdır və bu, növbəti onilliklərdə Avropa üçün daha da əhəmiyyətli olacaqdır. Avstriya atom enerjisindən könüllü olaraq imtina etmiş ölkələrdəndir. Almaniya da, İsveçrə də atom elektrik stansiyalarından imtina edib. Yəni, atom enerjisi Avropada azalmağa doğru gedir. Deməli, Avropada nüvə enerjisindən istifadə azalacaq və təbii qazın istehlakı artacaqdır. Ona görə, bizə ədalətli müqavilələr lazımdır ki, gələcəkdə artan tələbatı ödəyə bilək”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Bakıda dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadey Motsartın xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak ediblər.
Məlumat verilib ki, müəllifləri Xalq rəssamı, heykəltəraş Natiq Əliyev və Əməkdar incəsənət xadimi, memar-rəssam çingiz Fərzəliyev olan abidənin hündürlüyü 3,85 metrdir. Tuncdan tökülmüş abidənin ətrafındakı bağ tamamilə abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Avstriyanın dövlət başçısı Azərbaycanın tanınmış incəsənət xadimləri ilə görüşüb.
Prezident İlham Əliyev və Prezident Haynts Fişer abidənin üzərindəki örtüyü götürüblər, önünə gül dəstəsi qoyublar. Dövlət başçıları mərasimdə çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer və xanımı Margit Fişer dünən Heydər Əliyev Fondunda olublar. Avstriyanın dövlət başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Avstriya Prezidenti Ulu öndərin şəxsi arxivindən götürülüb və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Prezident Haynts Fişerə məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Haynts Fişer Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.
Avstriya Prezidentinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub.
Ali qonaq Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.
* * *
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer dünən Baş nazir Artur Rasizadə ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Prezidenti Haynts Fişer Milli Məclisə də gəlib. Avstriya Prezidenti Milli Məclisin iclas zalına baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı ilə tanış olub. Prezident Haynts Fişer Xatirə kitabına ürək sözlərini yazıb. Parlamentin spikeri Oqtay Əsədov Azərbaycan parlamentinin tarixi, fəaliyyəti, keçdiyi şərəfli yol, Milli Məclisdə qəbul olunmuş qanun və qərarlar, deputatların iş şəraiti barədə qonaqlara ətraflı məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer Şəhidlər Xiyabanını da ziyarət edib.
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, həmçinin, İçərişəhərlə da tanış olub.
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri dünən başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

