Azərbaycan diasporu qısa müddət ərzində böyük inkişaf yolu keçib
23.12.2011 [11:22]
Qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, həmçinin, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycanın da öz diasporu ilə sıx əməkdaşlığını labüd edir. Məlum olduğu kimi, müasir Azərbaycanın diaspor siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Daha doğrusu, 1993-cü ildə Ulu öndərimizin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından və dövlət başçısı seçilməsindən dərhal sonra xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşləri, onları yaşadıqları ölkələrdə bir-birilərinin maraqlarını müdafiə etməyə, xalqımızın zəngin mədəniyyəti və incəsənətini, adət-ənənələrini yaşatmağa, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etməyə çağırması Heydər Əliyevin uzaqgörənliyinin daha bir sübutudur. Beləliklə, dünyanın müxtəlif ölkələrində soydaşlarımızın birliyinə nail olan Ulu öndər Heydər Əliyev onların vahid mərkəzdən idarə olunmasının vacibliyi məsələsini gündəmə gətirdi. Xarici ölkələrdə yaradılan Azərbaycan cəmiyyətlərinin, diaspora təşkilatlarının vahid mərkəzdən idarəsi isə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə reallaşdırıldı. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etdi. I Qurultayda Ulu öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri oldu.
Ulu öndərin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi isə dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan diaspor quruculuğu siyasəti uğurla davam etdirilir
ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev də Ulu öndərin bu siyasətini uğurla davam etdirir. Belə ki, dövlət başçısının 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu.
Bu istiqamətdə atılan addımların davamı olaraq Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının II Qurultayı tarixi məzmununa və ictimai əhəmiyyətinə görə, ilk qurultaydan bir çox cəhətləri ilə seçilirdi. Belə ki, ilk qurultaydan keçən dövr ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları arasında əlaqələrin yaradılması, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolunun artırılması, soydaşlarımızın təşkilatlanması prosesinin təkmilləşdirilməsi sahəsində bir sıra uğurlar qazanılmışdı. Beləliklə, 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonağın iştirak etdiyi qurultayda bir sıra tarixi qərarlar qəbul edildi. Qurultay Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və Şuranın İdarə Heyətinin yeni tərkibini təsdiqlədi, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi.
Dünya azərbaycanlılarının qurultayları xarici ölkələrdə yaşayan soydaşlarımızın daha sıx birləşməsi və ümummilli problemlərimizin həllinə cəlb edilməsi üçün mühüm vasitədir
Dövlət başçısının qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasının və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirdi. II qurultay, eyni zamanda, dünya azərbaycanlılarının Prezident İlham Əliyevin və Onun şəxsində müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini sübut etdi.
Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin geniş müzakirəyə çıxarılması və Qətnaməyə bununla əlaqədar xüsusi müddəanın daxil edilməsi türkdilli xalqlar arasında əməkdaşlığın inkişafına xidmət edən mühüm addım kimi dəyərləndirildi. Məhz bunun davamı olaraq 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü.
Qurultay eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərdi. Qəbul olunmuş qərarlarda və çıxışlarda münaqişənin həlli, işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində Prezident İlham Əliyevin fəaliyyətinin dünya azərbaycanlıları tərəfindən birmənalı şəkildə dəstəkləndiyi bir daha vurğulandı.
Təbii ki, II qurultaydan ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi daha da sürətləndi, Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi işinin təkmilləşdirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində addımlar atıldı. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif səpkili tədbirlər təşkil olundu, foto və rəsm sərgiləri, filmlər nümayiş etdirildi. Ayrı-ayrı ölkələrin KİV-ində müvafiq materialların dərc olunması üçün iş aparıldı, ictimai və siyasi xadimlərin ölkəmizə səfərləri təşkil olundu, habelə xarici ölkələrdə Azərbaycanın mövqeyini dəstəkləyən nüfuzlu şəxslərlə əlaqələrin qurulmasına xüsusi diqqət yetirildi.
Bir sözlə, hazırda dünyanın əksər ölkələrində ümumilikdə 410-dan çox diaspor təşkilatlarımız fəaliyyət göstərir. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə çalışır, siyasi partiya və təşkilatlarla əlaqələr qururlar. Bu tendensiya lobbi quruculuğu istiqamətində də uğurlar əldə etmək üçün zəmin yaradır. Belə ki, bu istiqamətdə bir çox ölkələrin parlamentlərində Azərbaycana dost münasibət bəsləyən şəxslərlə əlaqələrin qurulmasına nail olunub.
“Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”ndan irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində fəal iş aparılıb
Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsinin 6-cı bəndinə uyğun olaraq, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparmaq, habelə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə 2008-ci il dekabr ayının 18-19-da Bakı şəhərində Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısı keçirildi. Toplantıda bir sıra məsələlər, həmçinin, “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” layihəsi də geniş müzakirə edildi, rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olundu. Qeyd edək ki, “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyan, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi Vətəninin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə edən, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini özündə birləşdirən ideoloji konsepsiya kimi nəzərdə tutulub. Beləliklə, ötən müddət ərzində, “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”ndan irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində daha fəal iş aparılıb, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyəti təkmilləşdirilib, təşkilati və əlaqələndirmə funksiyalarının səmərəli həyata keçirilməsi məqsədi ilə Şuranın İcra Katibliyi təsis edilib.
Bu məqamda son illər ərzində Heydər Əliyev Fondunun Azərbaycan diasporuna verdiyi davamlı dəstəyi də xüsusi olaraq qeyd etmək yerinə düşər. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət kampaniyası”nın çox geniş miqyasda və yüksək səviyyədə həyata keçirilməsi Azərbaycan diasporunun əldə etdiyi ən böyük uğurlardandır. Bu kampaniya sayəsində dünyanın elə bir ölkəsi qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından xəbərsiz olsunlar. Bu, bir daha onu göstərir ki, effektiv diaspor fəaliyyəti yalnız diaspor təşkilatlarının doğma Vətənlə əməkdaşlığı sayəsində mümkündür.
Məhz yuxarıda qeyd olunan uğurların fonunda 2011-ci il iyul ayının 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçirildi. Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamından irəli gələn “Tədbirlər Planı”na müvafiq olaraq baş tutan, həmçinin, dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579-nun, habelə dünyanın 30 ölkəsindən 211 nəfərin qonaq qismində iştirak etdiyi qurultayda dövlət başçısının proqram xarakterli geniş nitqi maraqla qarşılandı: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim Vətənimizdir, hamımızın Vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var- Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var -azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
Qurultayda bir sıra tarixi qərarlar qəbul edildi, həmçinin, 2001-ci ildə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin davam etməsi və Şuranın İcra Katibliyinin yaradılması qərara alındı. Qurultay iştirakçıları Prezident İlham Əliyevi yenidən yekdilliklə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədr seçdilər.
Lobbiçilik fəaliyyəti daha da gücləndirilib
Heç şübhəsiz, Dünya Azərbaycanlılarının III Qurultayı tarixi məzmunu və ictimai əhəmiyyətinə görə II Qurultaydan bir çox cəhətləri ilə seçilib. Belə ki, bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməkdə maraqlıdırlar. Eyni zamanda, artıq diasporumuzun da yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların ölkəmizin milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik. Yəni, xaricdə yaşayan azərbaycanlılar xarici ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, siyasi partiya və qeyri-hökumət təşkilatları, KİV-ləri ilə əməkdaşlıq əlaqələrini genişləndirib, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə real təsir imkanları əldə edib, digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olublar. Bundan başqa, lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi, ölkəmiz barədə həqiqətlərin daha effektiv təbliğ edilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanıb.
Eyni zamanda, hər il dünyanın bir sıra ölkələrində 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalının ildönümü ilə əlaqədar yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. Bundan başqa, Azərbaycan dövlətinin əlamətdar günləri, xalqımızın milli bayramları münasibətilə müxtəlif tədbirlər təşkil edilir ki, həmin tədbirlərdə də Azərbaycan diasporunun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak edirlər. Bütün bunlar isə diasporumuzun gücünün artmasının göstəricisidir. Güclü Azərbaycan diasporu isə Azərbaycanın maraqlarının həmin ölkələrdə təminatçısıdır.
Onu da qeyd edək ki, Azərbaycan diasporu deyəndə tək etnik azərbaycanlılar deyil, əslən Azərbaycandan olan və müəyyən səbəblər üzündən hazırda müvəqqəti və daimi olaraq xarici ölkələrdə yaşayan, Azərbaycanı özünə Vətən bilən bütün həmvətənlərimiz nəzərdə tutulur. Diasporumuzun milli tərkibinə görə rəngarəng olması isə onun digər millətlərin diasporları ilə əməkdaşlığına öz müsbət təsirini göstərir. Eyni zamanda, hazırda Azərbaycan diaspor təşkilatları dünyada böyük nüfuza malik türk və yəhudi diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirlər.
Xarici ölkələrdə yaşayan gənclərimiz diaspor quruculuğu işində fəal iştirak edirlər
Məlum olduğu kimi, xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqət göstərməsi, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan gənclərimiz diaspor quruculuğu işində də fəal iştirak edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və zəngin mədəni irsimizin təbliği işinə öz töhfələrini verirlər.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə bu baxımdan özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Bu meyil Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. Belə ki, 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilib. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbir xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuq işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olub.
Bir sözlə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün xaricdə yaşayan azərbaycanlı gənclərin əsas vəzifələrindən birinə çevrilib. Gənc soydaşlarımız tərəfindən təsis olunmuş diaspor təşkilatları bu sahədə uğurlu layihələr həyata keçirir, müasir informasiya texnologiyalarından istifadə edərək xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatları yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmağa çalışırlar.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. İndi azərbaycançılıq ideyası ətrafında sıx birləşən soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

