Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2011-ci ildə gənclərin sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atıldı

2011-ci ildə gənclərin sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atıldı

02.02.2012 [13:10]

Dövlət başçısı İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı dövlətin gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktlardan biridir
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Məlum olduğu kimi, gənclər siyasəti hər bir ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Yəni, istənilən ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan bir məsələdir. Bu baxımdan, ölkə rəhbərliyinin gənclərin sosial təminatına yönələn tədbirləri həm də dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Sirr deyil ki, bu gün Azərbaycan gəncliyi dövlətin artan diqqətini öz üzərində hiss edir. İldən-ilə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə imkan verir.
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Təsadüfi deyil ki, ümummilli liderimiz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Ulu öndər Heydər Əliyev şəxsən iştirak edib.
1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Beləliklə, həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci il tarixdə Heydər Əliyev Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” Fərman bu sahəyə dövlət başçısı səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. “Dövlət gənclər siyasəti haqqında” Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edib. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb.
Ulu öndər Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını vacib amil sayırdı. O, eyni zamanda, idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırırdı. Məhz bunun nəticəsidir ki, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Eyni zamanda, 2002-2003-cü illərdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” sənədlərin qəbul edilməsinin də gənclərin həyatında xüsusi rolu oldu. Həmin müddətdə Gənclər, İdman və Turizm Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və digər problemlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı” və digər proqramlar hazırladı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır.
Belə ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.
Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Eyni zamanda, Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi nəzərdə tutulub.
Bütün bunların davamı olaraq 2007-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Gənclər ili” elan edilib. Gəncliyin inkişafı üçün müvafiq sərəncamları imzalayan dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirib: “...Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.
3 oktyabr 2008-ci il tarixdə Azərbaycan gənclərinin V forumunda iştirak edən dövlət başçısı dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə, həmçinin, idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirib. Prezident birinci forumdan keçən müddətdə gənclərlə iş sahəsində qanunvericilik bazası yaradıldığını, hüquqi-normativ aktların təkmilləşdirildiyini deyib.
Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi gənclər siyasətinə xüsusi diqqətlə yanaşır. Məhz Onun rəhbərliyi ilə Azərbaycanın gənc idmançıları bir sıra Olimpiya oyunlarında yüksək nəticələr göstərib. MOK tərəfindən beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə mükafatlandırılması onlara göstərilən qayğının bariz nümunəsidir.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə əhalinin, müxtəlif təbəqələrindən olan vətəndaşların sosial-maddi təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin mərkəzində məhz gənclər dayanır. Təsadüfi deyil ki, bu gün ölkə gəncləri dövlətin onlara göstərdiyi hərtərəfli diqqət və qayğıdan yararlanır. Bu diqqət və qayğının, eləcə də, dövlətin gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktlardan biri də Prezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı əsasında hazırlanan və 7 iyul 2011-ci il tarixdə təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır. 144 bənddən, 88 fasildən ibarət olan proqram gənclərin azərbaycançılıq, vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına, cəmiyyət həyatında aktiv şəxsiyyət kimi yetişməsinə xidmət edən gənclər siyasətinin daha da təkmilləşdiriməsi, habelə, gənclərin məşğulluğunun təmini və sosial-maddi vəziyyətinin yüksəldilməsi məqsədini daşıyır. Dövlət Proqramında gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi,  ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub. Proqramın əhəmiyyətini artıran önəmli məqamlardan biri ondan ibarətdir ki, layihə hazırlanarkən ölkənin müxtəlif bölgələrindən olan gənclərin rəy və təklifləri nəzərə alınıb.
Bundan əlavə, gənclər siyasəti üzrə proqramların həyata keçirilməsinin təmin oluması məqsədilə, Gənclər Fondu da yaradılıb. Fond, eyni zamanda, peşəkar kadrların formalaşmasına, elm sahəsində çalışan gənclərin fəaliyyətinin dəstəklənməsinə, istedadlı gənclərin milli və beynəlxalq əhəmiyyət daşıyan layihələrdə iştirakının təmin olunmasına da xidmət edəcək. Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev sözügedən məsələyə də toxunaraq yeni qəbul olunan proqramın Azərbaycan gəncliyi üçün uğurlu olacağına inamını ifadə edib: “Əminəm ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə, gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların keçirilməsi təmin olunacaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi isə gəncliyə qayğı siyasətinin mühüm tərkib hissəsidir. Dövlət başçısı həmin görüşdə son illər gənclər siyasəti sahəsində görülən işlərdən danışıb, eyni zamanda, bu fəal sosial zümrənin qayğı və problemlərinin həlli üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyindən söz açıb. Prezident İlham Əliyevin gənclərin mənzil probleminin həlli üçün ipoteka kreditləşməsinin genişlənəcəyini bildirməsi də görüşün ən yaddaqalan məqamlarındandır: “Gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir”.
Dövlət başçısı gənclərlə görüşdə bu təbəqənin peşə hazırlığı məsələsinə də xüsusi diqqət ayırıb, peşəkar kadr hazırlığı istiqamətində əlavə tədbirlərin həyata keçiriləcəyini bəyan edib.
Bir sözlə, görünən odur ki, Azərbaycan Prezidentinin əsas məqsədi, qayğısı yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gəncliyin formalaşdırılmasıdır. Prezident Administrasiyasında keçirilən görüş deməyə əsas verir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Müasir gənclik inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın ən inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilməsi ilə nəticələnəcək.
Bununla bağlı fikirlərini qəzetimizə açıqlayan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova öncə 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib: “1997-ci ildən Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu gün illər keçdikcə gənclər arasında daha yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Gənclər siyasətinin uğurlu nəticələri, gənclər təşkilatlarının ildən-ilə daha da çoxalması və aidiyyəti qurumlarla gənclər təşkilatlarının əlaqəli fəaliyyəti, həmçinin digər vacib məqamlar imkan verir ki, bu gün gənclər siyasətinin formalaşmasından və əldə olunan uğurlardan danışaq. Bildiyimiz kimi, ötən il “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olundu. Məhz, 2011-ci il gənclər siyasətinin ən yaddaqalan hadisəsi bu proqramın qəbulu və icrasına başlanılması oldu. Daha bir mühüm hadisə isə Gənclər Fondunun yaradılması oldu. Bu onu göstərir ki, Azərbaycan gəncliyinin dövlətçilik, azərbaycançılıq kimi ali ideyaların tərənnümü istiqamətində hər bir fəaliyyətinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Gənclərə tövsiyəm odur ki, onlar üçün yaradılan şəraitdən tam faydalansınlar”.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında gənclər vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunur. Onun sözlərinə görə, bu gün gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində mühüm işlər görülür: “Məlum olduğu kimi, vaxtilə Ulu öndər Heydər Əliyev gənclərə münasibətdə xüsusi mövqe ortaya qoyaraq, onların dövlətin inkişafı prosesində fəal iştirakına geniş imkanlar yaratdı. ümummilli liderimiz Heydər Əliyevin Sərəncam və təşəbbüsləri əsasında Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin qurultayları keçirildi. Bu gün isə həmin siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Artıq Azərbaycan gəncləri yaradılmış əlverişli şəraitin nəticəsində nəinki ölkədə, hətta beynəlxalq səviyyədə özünü təsdiq edir, dövlətimizin bayrağını yüksəldir”.
Samirə Quliyeva deyib ki, artıq dövlətin gənclərlə bağlı siyasəti keyfiyyətcə yeni mərhələyə keçir: “Prezident İlham Əliyev cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini nəzərdə tutan Dövlət Proqramının hazırlanmasına dair Sərəncam imzaladı və bir müddət sonra proqram hazırlanaraq, icra edilməyə başlanıldı. ötən il bütövlükdə gənclərimiz üçün çox uğurlu il oldu. Düşünürəm ki, Azərbaycan gəncliyi müasir qlobal proseslərin hansı məcrada getdiyini başa düşür və bu səbəbdən də, aktiv qüvvə kimi daim dövlətin müdafiəsində fəal iştirak edir”.
“İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı isə qeyd edib ki, gənclərimizə hərtərəfli qayğı və diqqət günü-gündən artmaqdadır: “Həyata keçirilən dövlət siyasəti nəticəsində gənclərimiz yüksək təhsil alan, elmi bilikləri mənimsəyən, fiziki cəhətdən sağlam, sosial cəhətdən təmin olunmuş, müasir və mənəvi cəhətdən inkişaf etmiş mütərəqqi çoxluğa çevrilib. Hələ keçmiş SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gənclərə xüsusi qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyevin bu siyasəti müstəqillik illərində daha geniş şəkildə davam etdirildi. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderin ölkənin gənclərinə diqqəti ilk günlərdən hiss edildi. Dahi rəhbərin fəal gənclərlə görüş keçirməsi, həmçinin, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzalaması, öz növbəsində gənclərimiz arasında ruh yüksəkliyi yaratdı. Daha doğrusu, Gənclər və İdman Nazirliyinin yaradılması Ulu öndərin rəhbərlik etdiyi Azərbaycan dövlətinin gənclər siyasətinə xüsusi diqqət vermək niyyətinin bariz nümunəsi idi”.
“Bu gün isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub” - deyən millət vəkili əlavə edib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində gənclərimizin bütün problemləri öz həllini tapır.
HüLYA
Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30