Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir
25.02.2012 [01:54]
Dünən Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirilib. Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar parlament binasının foyesində sərgi təşkil olunub. Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, deputatlar və iclasa dəvət olunmuş qonaqlar sərgidə Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə hüquqi-siyasi qiymətin verilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, Milli Məclisin qəbul etdiyi qərar və bəyanatlar, Baş Prokurorluğun məlumatları, fotomateriallar, eləcə də kitab, jurnal və broşürlərlə tanış olublar.
Sərgidə nümayiş etdirilən Azərbaycan Prezidenti Administrasiyası ilə AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış, Azərbaycan dili ilə yanaşı, 5 dilə (ingilis, rus, fransız, alman və ərəb dilləri) tərcümə olunmuş “Xocalı. XX əsrin soyqırımı” kitabı da maraqla qarşılanıb.
Sonra iclas öz işinə başlayıb. İclasda faciə zamanı həlak olmuş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Onun sözlərinə görə, Xocalı faciəsi Cənubi Qafqazda və Şərqi Anadoluda həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub. Bu siyasətin 100 ildən artıq tarixinin olduğunu deyən spiker qeyd edib ki, bu hadisələrin təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni millətçiləridir: “Təəssüf ki, müəyyən dövrə qədər erməni millətçiləri havadarlarının dəstəyindən istifadə edərək, öz niyyətlərinə nail ola biliblər. ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilib. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədi ilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulub. Etnik təmizləmə sonrakı dövrlərdə də davam edib. 1948-1953-cü illərdə yüz minlərcə azərbaycanlı Ermənistandan deportasiya edilib. 1988-1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub didərgin salınıb. Xocalı soyqırımından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir”.
O.Əsədov bildirib ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Onun sözlərinə görə, Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral “Xocalı soyqırımı günü” elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Bununla yanaşı XX əsrdə erməni vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. “Biz əminik ki, dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının və digər cinayətlərin iştirakçıları layiqli cəzalarına çatacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və onun hərbi qüdrəti də gündən-günə artır. Bu gün Azərbaycan bölgənin lider dövlətidir, Ermənistan heç bir sahədə özünü ölkəmizlə müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən təzyiqlər güclənmək üzrədir. Beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və bütün bunlar sülh danışıqlarında ölkəmizin mövqeyini daha da gücləndirir. Əlbəttə, biz problemin sülh yolu ilə həll edilməsinə çalışırıq. Amma, möhtərəm Prezidentimizin də dediyi kimi, sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti başqa vasitələrə əl atmalı olacaq. O zaman Ermənistanın bu gün ona təklif edilənlərdən də əli çıxacaq. Güman edirəm ki, təcavüzkar bunu nə qədər tez anlasa, ilk növbədə onun özü üçün bir o qədər yaxşı olar” - deyə spiker vurğulayıb.
Spikerin təklifi ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı qərar layihəsi hazırlamaq üçün komissiya yaradılıb.
Daha sonra, Xocalı soyqırımı ilə bağlı, Milli Məclisin əməkdaşlarının hazırladıqları qısametrajlı sənədli film də nümayiş olunub.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı soyqırımı haqqında məruzə ilə çıxış edib. Z.Əsgərov bildirib ki, Azərbaycanın müasir tarixinin ən kədərli və faciəli səhifələrindən biri kimi 26 fevral gününü hər il xalqımız dərin hüznlə qeyd edir. Faciənin üstündən 20 il keçsə də, onun vurduğu yaralar bu gün də sızlayır və heç zaman unudulmayacaq. Onun sözlərinə görə, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır: “Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri çitçyan rəhbərlik ediblər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilib. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak ediblər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilib. Bu gün cinayətkarlardan 30 nəfərinin adları Azərbaycanın istintaq orqanlarına məlumdur. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılıb, bu zaman hərbi texnikanın böyük bir hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilib”.
Z.Əsgərov vurğulayıb ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlərin artıq ilkin nəticələri var. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Birinci vitse-spiker qeyd edib ki, Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülüb. “Azərbaycan Respublikasının gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. ölkəmizin ərazi bütövlüyünü təmin etmək, davakar erməni millətçiliyi təhlükəsinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Lakin biz bu problemin sülh yolu ilə nizama salınmasına çalışırıq. İnanırıq ki, sülh danışıqlarının potensialı hələ tükənməyib. Bu gün hamı anlayır ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaq. Əminəm ki, Ermənistan da gec-tez bunu anlayacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını xoşluqla, ya da zor gücünə geri qaytaracaqdır. Buna da əminəm ki, Xocalı şəhidlərinin, digər şəhidlərimizin qanı yerdə qalamayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ideoloqları, təşkilatçıları və icraçıları öz cəzalarına çatacaqlar” - deyə Z.Əsgərov vurğulayıb.
İclasda çıxış edən millət vəkili Fəzail İbrahimli bildirib ki, Xocalı soyqırımı barədə danışarkən təkcə erməni vəhşiliyinə deyil, onların havadarlarına da diqqət yönəlməlidir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Xocalı faciəsi bir etnosa qarşı yönəldilmiş soyqırımıdır: “Xocalı faciəsinin qurbanları məhz azərbaycanlı, müsəlman olduğuna görə öldürülüblər”. Millət vəkili qeyd edib ki, bu qətliamı törədənlərlə bağlı Azərbaycan məhkəmələri hökm çıxarmalıdır. “Bu qərar ona görə lazımdır ki, beynəlxalq təşkilatlara, dövlətlərə müraciət edərək, cinayətkarların Azərbaycana verilməsinə nail olaq. ümumiyyətlə, Xocalı soyqırımının dünyada tanınması üçün dövlətimiz lazımi tədbirlər həyata keçirir. Artıq bir çox dövlətlərdə bu istiqamətdə tədbirlər görülür. Mən xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini vurğulamaq istəyirəm. Bu kampaniya çərçivəsində dünyada mühüm tədbirlər həyata keçirilir” - deyə S.Novruzov vurğulayıb.
Millət vəkili Əli Məsimli isə deyib ki, Xocalıda uşaq qatili, ana qatili olanlar cəzalarına çatmalıdır. O, Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfransın təşkilinə ehtiyac olduğunu da söyləyib.
Millət vəkili Sahibə Qafarova da Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək əlavə edib ki, bu sahədə faliyyəti genişləndirməliyik. Onun sözlərinə görə, bu gün xarici dövlətlərdə 5000-dən artıq gəncimiz Azərbaycan dövlətinin vəsaiti hesabına təhsil alır. Bunlar həm də 5000 nəfər elçi deməkdir: “Diaspor təmsilçilərimiz də bu işdə ciddi fəallıq göstərməlidir. Parlament dostluq qrupları vasitəsilə də iş aparılmalıdır. Bu iş müsbət nəticələr verə bilər. Amma təkcə dostluq qruplarının görəcəyi işlə yekunlaşmamalıyıq. Millət vəkilləri seçilmiş insanlardırlar, dünyada da azdan çoxdan hamımızın münasibətlərimizin olduğu siyasətçilər var. Niyə, bunların potensialından yararlanmayaq? Erməni diasporu xarici siyasətçiləri pulla satın alır, amma biz heç olmasa, bu siyasətçiləri işə qoşmalıyıq. Biz ermənilərin təxribatlarına cavab verməyi deyil, erməniləri bizim addımlarımıza cavab verməyə məcbur etməliyik. Cənab Prezident də hamımızın qarşısında bu tapşırığı qoyub. Hücum diplomatiyası elə buna görə deyilmi? Əgər bir addım belə atsaq, işimizə fayda verəcək ən kiçik bir addım belə dövlətimizin, apardığımız ideoloji savaşın uğuru olacaq”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Xocalı qətliamı Ermənistanın vizit kartı oldu. Onun sözlərinə görə, ermənilər dinc insanları amansızlıqla qətlə yetirməklə, iç simalarını nümayiş etdirdilər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrildiyini deyən millət vəkili Xocalı qətliamını törədənlərin cəzasını alacaqlarını bildirib.
“Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı, Azərbaycan Prezidentinin xalqımıza müraciətində bu faciənin törədilməsi və onu törədənlərin cəzalandırılmasının zəruriliyi məsələləri aydın şəkildə öz əksini tapıb. Müraciətdə ilk dəfə olaraq ermənilərin törətdiyi bu hadisələr faşist əməli kimi qeyd olunub”. Bunu isə, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışı zamanı bildirib. M.Qurbanlı qeyd edib ki, Xocalı qətliamı erməniçiliyin zirvəsi, erməni ideologiyasının göstəricisi idi. “Əlbəttə, Xocalıya qədər də qətliamlar törədiblər. Bütün bunlar ermənilərin vəhşilik xislətindən irəli gəlir” - deyə o vurğulayıb. Onun sözlərinə görə, Xocalıda bu cinayəti törədənlər öz cəzasını alacaq. “Soyqırımının dünyada tanıdılması ilə bağlı çoxlu işlər görülüb və bundan sonra da görülməlidir. Əminəm ki, gördüyümüz işlər erməni diplomatiyasını seytnot vəziyyətinə salıb. çünki hər dəfə Xocalı faciəsinin ildönümü ərəfəsində Azərbaycan tərəfinin, hakimiyyətin, ictimai-siyasi qurumların, o cümlədən, Heydər Əliyev Fondunun Xocalı faciəsinin miqyası ilə bağlı yaydığı materiallardan sonra erməni mətbuatında böyük təşvişi görürük. Ermənilər törətdikləri bu hadisəyə bəraət qazandırmaq üçün öz havadarlarından istifadə edirlər. Biz müharibə vəziyyətindəyik. Belə olan şəraitdə işğalçı dövlət özünümüdafiə üçün müxtəlif vasitələrə əl atır. Bu məsələ bizim milli məsələmiz olduğu üçün işğalçılara qarşı birgə mübarizəmizi gücləndirməliyik” - deyə M.Qurbanlı vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Xocalı soyqırımının dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası nəticəsində İƏT Parlament İttifaqı tərəfindən Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qəbul olunub. Bunun məntiqi davamı kimi Meksika və Pakistan parlamentləri də Xocalı soyqırımını tanıyıblar. Millət vəkili deyib ki, dünya ictimaiyyəti siyasətdən daha çox mədəniyyətin, incəsənətin səsini eşidir. M.İbrahimqızı təklif edib ki, Bakıda Xocalı soyqırımına həsr olunmuş film festivalı keçirilsin. Onun fikrincə, bu addım faciənin dünyada tanınmasında mühüm rol oynaya bilər.
Parlamentin iclası günün ikinci yarısında da davam etdirilib. İclasda çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, Xocalıda törədilmiş qətliam erməni vəhşiliyinin növbəti bir göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı çevrilmiş bu qətliam əslində müasir taiximizin ən böyük cinayətlərindən biridir. YAP Sədrinin müavini qeyd edib ki, ötən müddət ərzində Xocalı soyqırımının qiymətləndirilməsi və dünyada tanıdılması istiqamətində müəyyən addımlar atılıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul edib və hadisəyə qiymət verilib. Belə ki, Xocalı soyqırımının ayrı-ayrı ölkə parlamentləri tərəfindən bu faciənin soyqırımı kimi qəbul olunması ilə əlaqədar ardıcıl səylər göstərilib. Əli Əhmədov soyqırmının dünyada tanıdılması işi ilə bağlı bir sıra təkliflərlə çıxış edib. O, təklif edib ki, Beynəlxalq Xocalı Fondu yaradılsın. Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupu Xocalı soyqırımına ədalətli qiymət verməlidir. çünki Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan bir qurumun bu addımı atması problemin ədalətli həlli baxımından vacibdir. YAP Sədrinin müavini faciə ilə bağlı bədii əsərlərin təkcə azərbaycanlı yaradıcı insanlar tərəfindən deyil, xarici ölkələrin yazarları tərəfindən qələmə alınmasının zəruriliyini vurğulayıb. Onun fikrincə, bu, Xocalı faciəsi haqqında dünya ictimaiyyətində daha aydın təsəvvürlər yaratmaq baxımından əhəmiyyətlidir.
İclasda, həmçinin, millət vəkilləri Elmira Axundova, Asəf Hacıyev, Gülər Əhmədova, Vahid Əhmədov, Qüdrət Həsənquliyev və başqaları çıxış ediblər.
İclasın sonunda Milli Məclis Xocalı soyqırımı haqqında qərar layihəsi qəbul edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

