Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcək

Kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcək

07.03.2012 [00:49]

Prezident İlham Əliyev: Bu il əvvəlki illərdəki kimi, infrastruktur layihələrinə böyük vəsait ayrılacaqdır. Xüsusilə, yol tikintisinə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, regionların tarazlı inkişafına, əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasına, həmçinin, əhalinin rifahının daha da yüksəldilməsinə nail olunub. Onu da qeyd edək ki, dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz respublikada müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır.
Sözsüz ki, hər hansı bir ölkənin yol-nəqliyyat sisteminin inkişaf səviyyəsi onun iqtisadiyyatının, ticarət əlaqələrinin inkişafına təsir edən mühüm amillərdən biridir. Yol həm də mədəniyyətdir. Təsadüfi deyil ki, Azərbaycan regionun sürətlə inkişaf edən ölkəsi kimi bütün sahələrdə, eyni zamanda, ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasında olduqca maraqlıdır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli templərlə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iritonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib. Həmçinin, Bakıda və eləcə də, bölgələrdə taksi xidmətinin yaxşılaşdırılması məqsədilə taksi parklarının yaradılması və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın idarə edilməsi sistemini özündə birləşdirən mərkəzin yaradılması istiqamətində də işlər görülür. Hazırda qeyri-neft sektorunda mühüm sahələrdən biri olan nəqliyyat sektorunun genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində aparılan yenidənqurma, bərpa və tikinti işləri ölkənin sosial-iqtisadi inkişafının ümumi çəkisinə müsbət təsirini göstərməkdədir.
Məlum olduğu kimi, milli inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi prosesini də daim diqqət mərkəzində saxlayıb. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev artıq 3 ildir ki, icra edilməkdə olan ikinci Dövlət Proqramının əsas istiqamətlərindən birinin məhz infrastruktur layihələrinin həyata keçirilməsi olduğunu vurğulayıb. Bildirib ki, hər bir bölgədə, hər bir rayonda inkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir, yollar, elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri uğurla icra edilir: “Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq”.
Qeyd edək ki, yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləndirən amillərdən biri olduğuna görə regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilib və ya əsaslı təmir edilib, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb (Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilib). 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), İmişli-Qaravəlili-Mirili avtomobil yolu (12 kilometr), Araz çayının yeni qolunun üzərində körpü (230 metr), Qəbələ rayonunda Beynəlxalq Aeroport, Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 kilometr), Astara-Bala Şahağac avtomobil yolu (19 kilometrlik hissəsi), Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 kilometr), Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu (36 kilometr), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi, Ağdaş-Ləki avtomobil yolu (12 kilometr) yenidən qurularaq istismara verilib.
Mərkəzlə yanaşı, Bakının kəndlərində də yol infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı bir sıra sistemli tədbirlər həyata keçirilib. ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu-Bilgəh avtomobil yolu üzərində Aeroport və Binə yol qovşaqlarının bu yolun 1,6 kilometrində yeraltı və 4-cü kilometrində yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci kilometrlərində isə piyada keçidlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Eyni zamanda, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nda 17 yeni yol qovşağının, 75 piyada keçidinin, yeni avtomobil yollarının, avtomobillər üçün parklanma yerlərinin tikilməsi və mövcud yol qovşaqlarının təmiri planlaşdırılır. Tədbirlər Planına uyğun olaraq, 2011-ci il ərzində Heydər Əliyev Hava Limanı Mərdəkan-Bilgəh-Novxanı magistralına çıxış yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulma layihəsinin icrası davam etdirilib. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən sahəsi, Zığ qəsəbəsi-Aeroport avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi isə davam etdirilir.
Həmçinin, “Azərbaycan respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”nın ikinci mərhələsində (2010-2015-ci illər) respublika mahiyyətli yollar üzrə 1348 km və yerli mahiyyətli yollarda 3660 km yolun yenidən qurulması və təmiri işlərinin aparılması nəzərdə tutulub.
Dövlət Proqramında, eyni zamanda, çox böyük əhəmiyyəti olan rayon, kənd yollarının bərpası və tikintisi də nəzərdə tutulub. 2011-2012-ci illərdə kənd yollarının tikintisi üçün əsas hissəsi dövlət büdcəsindən olmaqla Prezidentin Ehtiyat Fondundan əlavə vəsaitin ayrılması da planlaşdırılıb.
Sözügedən müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, cari ildə də infrastruktur layihələrinə, xüsusilə də, magistral və eləcə də, kənd yollarının tikintisinə böyük həcmdə vəsait ayrılacaq: “Bu il əvvəlki illərdəki kimi, infrastruktur layihələrinə böyük vəsait ayrılacaqdır. Xüsusilə, yol tikintisinə. Magistral yollarda işlər gedir. Keçən il olduğu kimi, bu il də kənd yollarına eyni qaydada böyük sərmayə qoyulmağa başlamışdır. Əvvəlki dövrlərdə də biz bu sahəyə diqqətimizi əsirgəməmişdik. Ancaq xüsusilə, 2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaqdır. Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki dövrdə bu işlərlə mərkəzi icra orqanları məşğul idi”.
Prezident İlham Əliyev onu da bildirib ki, qarşıya qoyulan məqsədlərdən biri də kənd yollarının tamamilə abadlaşdırılmasıdır: “Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir. İmkanlarımız hələ ki, buna çatır. Əgər daha da sürətli inkişafa nail ola bilsək, həm bu il, həm gələn il bu Proqrama əlavələr edə bilərik. Ancaq qarşıya hədəf qoyulubdur ki, kəndlərdə yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir edilmiş və tikilmiş yollardan artıq istifadə edəcəkdir. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq”.
Beləliklə, ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi bu sahəyə investisiyaların qoyuluşunun, ticarət potensialının artmasına, yeni iş yerlərinin açılmasına, Bakı şəhərində avtomobil sıxlığının əhəmiyyətli dərəcə qarşısının alınmasına, ekoloji vəziyyətin stabilləşməsinə, eləcə də, turizmin inkişafına şərait yaradacaq.
SEVİNC
Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30