Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələ başlayır

Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələ başlayır

31.03.2012 [00:05]

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin dünən rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva ilə birgə görüşü olub.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin təkbətək görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası  arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Qırğız Respublikasının Prezidentini ölkəmizdə salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin əlaqələrimizin və ikitərəfli münasibətlərimizin inkişafına verilən əhəmiyyətin çox yaxşı göstəricisi olduğunu vurğulayaraq deyib: “Əminəm ki, münasibətlərimizin çox gözəl gələcəyi vardır. Biz bu gün artıq ikitərəfli münasibətlər, regional siyasət məsələləri barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, qarşılıqlı münasibətlərimizdə yol verilmiş vaxt itkisinin əvəzini tez bir zamanda çıxacağıq. çünki bizim razılaşmaların konkret işlərə transformasiyası göz qabağındadır. Bu mənada, Sizin səfərinizin müstəsna əhəmiyyəti vardır. çünki bu, ilk səfərdir. Bizim iqtisadi, enerji və əlbəttə ki, siyasi sahələrdə qarşılıqlı münasibətlərin gələcək inkişafına dair böyük planlarımız mövcuddur. Mənə çox xoşdur ki, Siz bizim ölkəyə səfərə gəlmisiniz. Bu, uzun fasilədən sonra Azərbaycan ilə bir daha tanış olmaq üçün imkandır. Başlıcası isə, çox ümidverici mərhələyə qədəm qoyan ikitərəfli münasibətlərimizin inkişafı yollarını müəyyənləşdirməkdir. Buna görə bir daha Sizi və nümayəndə heyətinizin bütün üzvlərini salamlayıram. ümid edirəm ki, səfərin nəticələri çox uğurlu olacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz”.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev münasibətlərimizin inkişafından çox müsbət nəticələr gözlədiyini söyləyib. ümidvar olduğunu bildirib ki, münasibətlərin inkişafı baxımından itirilən 20 ili qarşıdakı iki ildə fəal işləməklə qaytarmaq mümkün olacaqdır. Prezident Almazbek Atambayev deyib: “Yadımdadır ki, hörmətli Heydər Əliyev “Manas” dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə olanda demişdir: “Dinimiz bir, dilimiz bir, kökümüz də birdir”. Ona görə, əlbəttə ki, biz münasibətlərimizi tamamilə başqa səviyyəyə qaldırmalıyıq. Görürəm ki, biz bunu reallığa çevirə biləcəyik. Mən çox şadam və fəxr edirəm ki, Azərbaycan bu dərəcədə dəyişmişdir. Mən burada 21 il bundan əvvəl də olmuşam. Dünən və bu gün isə gördüm ki, əlbəttə, bu, tamamilə başqa Azərbaycandır. Ona görə ki, bizdən fərqli olaraq prezidentlər sarıdan Sizin bəxtiniz gətirmişdir. 1993-cü ildən başlayaraq yaxşı bünövrə qoyulmuşdur. Bu iş indi də davam edir. Ona görə də, Azərbaycan belə tərəqqi edir, yüksəlir”.
Qırğızıstan dövlətinin başçısı ölkəmizin beynəlxalq səviyyədə də böyük nüfuz qazandığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan  sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Prezidentinin və Qırğız Respublikası Prezidentinin Birgə Bəyanatı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev imzalayıblar.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qırğız Respublikasının Narkotiklərə Nəzarət üzrə Dövlət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qırğızıstanın  Narkotiklərə Nəzarət üzrə Dövlət Xidmətinin sədri Vitali Orozaliyev  imzalayıblar.
“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycanın  xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin birgə mətbuat konfransı olub. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev deyib ki, bu gün iki müstəqil dövlət kimi Qırğızıstan və Azərbaycan əcdadlarının ənənələrinə sadiqdirlər: “Bu gün biz münasibətlərimizin inkişafının yeni mərhələsinə başlayırıq. Biz həmişə çalışmışıq ki, ölkələrimiz arasında münasibətlər dinamik və səmərəli inkişaf etsin. Lakin təəssüf ki, müəyyən vaxt itirilmişdir. Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə və razılaşmalarımıza sadiqik. Bir neçə ay bundan əvvəl olmuş ilk görüşümüz artıq münasibətlərimizin fəallaşmasına gətirib çıxarmışdır, bizim strukturlar və şirkətlər arasında artıq əlaqələr mövcuddur. Sizin Azərbaycana səfəriniz ikitərəfli əlaqələrin inkişafına bizim necə yanaşmağımızın sübutudur. Bu gün biz həm siyasi baxımdan, həm iqtisadi sahədə, həm də investisiya siyasətində münasibətlərimizin qarşıdakı onilliklər üçün inkişafının yollarını müəyyən edirik. Bu gün biz münasibətlərimizin inkişafının əsas istiqamətlərini müəyyən etdik. Biz qarşılıqlı siyasi əlaqələri möhkəmlətməkdə davam edəcək, beynəlxalq təşkilatlarda fəal işləyəcək, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcək və beləliklə, birliyimizi daha da möhkəmlədəcəyik”.
Prezident Almazbek Atambayev isə söyləyib ki, bizim ümumi tariximiz var: “Bunu çox vaxt unudanlar onu da xatırlamalıdırlar ki, Sibirdən başlamış Qara dənizə qədər nəhəng bir ərazidə yaşayan xalqlar həmişə, gah xaqanlıq - türk, qırğız, uyğur xaqanlığı, gah Qızıl Orda, gah Rusiya imperiyası, gah Sovet İttifaqı adı altında birləşməyə çalışmışlar. Ona görə ki, bütün bu ərazidə qardaş xalqlar yaşayır. Elə həmin Rusiyada, məncə, əhalinin təxminən 20 faizi türkdillidir. Rusiyanın tarixi, istər hərbi, istərsə mədəni tarixi Turgenev, Aksakov, Kuprin və başqa xeyli türk mənşəli görkəmli şəxsiyyətlərlə zəngindir. Buna görə düşünürəm ki, bu birləşmə, keçmişi unutmamaq, əlbəttə, çox aktualdır. çünki deyiblər: Əgər kim keçmişə tapançadan atəş açsa, gələcək onu top atəşinə tutacaqdır”.
Prezident Almazbek Atambayev deyib: “Sonda demək istəyirəm ki, mən Bakıda, əslində, bir dəfə olmuşam - 1991-ci ildə, 21 il bundan əvvəl. Əlbəttə, mən Bakını, hətta tanıya bilmirəm. Bu, tamam başqa ölkədir. Bu ölkənin nümayəndəsi “Eurovision” müsabiqəsində qalib gəlmişdir. Bakıya baxdıqca yalnız yaxşı mənada həsəd aparmaq və fikirləşmək olar ki, bizim Bişkek də, əlbəttə, belə olmalıdır. Biz bunu öyrənəcəyik. çox şey öyrənəcəyik. Əlbəttə, düşünürəm ki, prezidentlər sarıdan - hörmətli Heydər Əlirza oğlu sarıdan, İlham Heydər oğlu sarıdan Azərbaycanın bəxti çox gətirmişdir. Azərbaycan çox inamla, güclü addımlarla irəliləyir. Biz ondan çox şey öyrənə bilərik. Ən başlıcası, bizim birlikdə görməli olduğumuz işlər vardır. Düşünürəm ki, bu dəfə artıq bu fəaliyyət xəttindən çəkilməyəcək və fəal işləyəcəyik”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
* * *
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev  və xanımı Raisa Atambayeva dünən Heydər Əliyev Fondunda olublar.
Qırğız Respublikasının başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Almazbek Atambayev  və xanımı Ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.
Fondla tanışlıq zamanı qonaqlara məlumat verilib ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olublar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıblar.
Prezident Almazbek Atambayev Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Sonda Qırğız Respublikasının Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.
Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev dünən Baş nazir Artur Rasizadə ilə görüşüb.
Görüşdə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ölkəmizə səfərindən məmnun qaldığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev ilə apardığı danışıqları yüksək qiymətləndirən Qırğızıstan dövlətinin başçısı bu danışıqların bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əmin olduğunu deyib. Prezident Almazbek Atambayev Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı iqtisadi əməkdaşlığın perspektivlərindən söhbət açaraq iki dövlətin işgüzar dairələrinin mövcud əlaqələrinin inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu diqqətə çatdırıb.
Baş nazir Artur Rasizadə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə məlumat verib. Baş nazir Prezident Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Azərbaycana rəsmi səfəri çərçivəsində Qırğızıstan Prezidenti Almazbek Atambayev dünən Milli Məclisdə olub. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar. Qırğız Respublikasının başçısı Milli Məclisin iclas zalına baxıb, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Ali qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalı ilə tanış olub. ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotomateriallar qonaqda dərin təəssüratlar yaradıb.
Sonra Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev  Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Görüşdən sonra Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Milli Məclisin iclas zalına gəlib, deputatlar qarşısında çıxış edib.
Prezident Almazbek Atambayev dərin tarixi kökləri olan ölkələrimizin yaxın keçmişinə nəzər salıb. Bildirib ki, ötən əsrin 30-cu illərində repressiyaya məruz qalan 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürülüb. Qırğızıstanı özlərinə yeni vətən seçən bu insanlar hər şeyə sinə gərərək böyük uğurlar əldə ediblər. İndi Qırğızıstanda 3 professor, 3 elmlər doktoru, 20 elmlər namizədi dərəcəsi olan azərbaycanlı yaşayır. Elmin, sənayenin müxtəlif sahələrində çalışan bu azərbaycanlılar ölkə həyatında yaxından iştirak edir, töhfələrini verirlər.
Qırğız Respublikasının Prezidenti bildirib ki, müstəqilliyimizi daha da möhkəmləndirmək istiqamətində vahid mövqeyimiz, ümumi yanaşmamız var.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğızıstan Prezidenti Almazbek Atambayev dünən Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Şəhidlər Xiyabanını da ziyarət edib.
Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30