Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdə olub

31.05.2012 [22:45]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub.
Dünən akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib. Prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak edib.
Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasıdır.
Tibb ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev poliklinikanın kollektivinə uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunub. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv var. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılıb. Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir.
Dövlətimizin başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, idarənin gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsi də müasir tələblər səviyyəsində qurulub. Kompleksdə operativliyin və şəffaflığın təmini üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyən olunmasına xidmət edən elektron növbə sistemi və infoköşk yaradılıb.
Prezident İlham Əliyev idarənin laboratoriyası ilə tanış olub.
Diqqətə çatdırılıb ki, idarənin həyətində geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan sement zavodunun açılışında iştirak edib.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Azərbaycan Prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb. Sonra dövlətimizin başçısı avtobusla zavodun ərazisini gəzib.
Qeyd edilib ki, zavod ən müasir standartlara cavab verir. “Naxçıvan Sement” MMC-nin məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaq. Tezliklə bu müəssisə regionun sement bazarında əhəmiyyətli yer tutacaq.
Dövlətimizin başçısına zavodun istehsal prosesi barədə də ətraflı məlumat verilib. Naxçıvan sement zavodu ilə yaxından tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivinə uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib. Dövlətimizin başçısı rayonun mərkəzində Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəlliməsi Minurə Bayramova dövlətimizin başçısına minnətdarlığını çatdırıb. Sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı binada yaradılmış şəraitlə yaxından tanış olub.
Daha sonra Azərbaycan Prezidenti Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev Kəngərli rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak edib, əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olub.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Hərbi hissənin ərazisi ilə tanış olan Ali Baş Komandana məlumat verilib ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunub. Hərbi hissənin ərazisində geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.
Dövlətimizin başçısı qərargah binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxıb. Daha sonra dövlətimizin başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub. İkimərtəbəli binanın birinci mərtəbəsində əsgər çayxanası və istirahət guşəsi yaradılıb. Dövlətimizin başçısı şəxsi heyətin gündəlik qida normasında istifadə edilən məhsullara baxıb.
Hərbi hissədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamo Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident sinif otağında yaradılmış şəraitlə tanış olub.
Sonra dövlətimizin başçısına nazirliyin “112” qaynar telefon xətti ilə bağlı məlumat verilib. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir.
Yeni inzibati mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə bağlı məlumatları əks etdirən stendlə tanış olub.
Bildirilib ki, uzunluğu 32,4 kilometr olan yol asfalt-beton örtüklüdür. Yolun torpaq hissəsinin eni 25, asfalt hissəsinin eni isə 17,2 metrdir. Dördzolaqlı yolun üzərində 103 suötürücü qurğu inşa olunub. İpək yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistralının çəkilməsi muxtar respublikaya yük daşımalarının həcminin artmasına geniş imkan yaradır. Tranzit imkanları yüksək qiymətləndirilən yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bir neçə il əvvəl Prezident İlham Əliyev regiona səfəri çərçivəsində muxtar respublikanı Türkiyə ilə birləşdirən Naxçıvan-Sədərək yolunun açılışında da iştirak etmişdi.
Prezident İlham Əliyev Naxçıvan-Culfa magistral yolunun rəmzi açılışını bildirən lenti kəsib. Yolun açılış mərasimindən sonra dövlətimizin başçısı burada Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı mərasimdə çıxış edib.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib, yeni yolda avtomobili idarə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını dinləyib. Dövlətimizin başçısı Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə edib. Məktəbin şagirdləri və müəllimləri Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Naxçıvan Sərhəd Diviziyasının rəisi, general-mayor Asəf Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı Culfa sərhəd komendantlığı və zastava kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib, şəxsi heyətə uğurlar arzulayıb.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri dünən başa çatıb.
Dövlətimizin başçısı həmin gün Naxçıvandan Bakıya qayıdıb.
Paylaş:
Baxılıb: 866 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30