Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyə də Avrasiyanın yanacaq ünvanına çevrilir

Türkiyə də Avrasiyanın yanacaq ünvanına çevrilir

21.05.2024 [10:55]

Avropa İttifaqı (Aİ) məkanında enerji daşıyıcıları ilə təminat sahəsində yaşanan kritik reallıqlar fonunda Türkiyə üçün yeni fürsətlər açılıb. Söhbət qardaş ölkənin regional qaz habına çevrilmə perspektivlərindən gedir. “Mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu genişləndikcə və mənbələri daha da şaxələndikcə Türkiyə yaxın illərdə avtomatik olaraq qaz ticarət mərkəzinə çevriləcək”. Bunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar TRT telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, qazın şaxələndirilməsi strategiyasının tərkib hissələrindən biri də mayeləşdirilmiş təbii qazın alınmasıdır.

Türkiyə il ərzində  təxminən 51 milyard kubmetr təbii qaz istehlakı ilə Avropanın dördüncü ən böyük istehlakçısıdır. Türkiyə uzun illər ərzində təbii qazı idxal edirdi. Sakarya təbii qaz yatağında kəşf edilən təbii qaz Türkiyədə mavi yanacaq təchizatı ilə bağlı vəziyyəti köklü şəkildə dəyişib. Xatırladaq ki, 2020-ci ildə Türkiyə hakimiyyəti Qara dənizdə 540 milyard kubmetr həcmində proqnozlaşdırılan qaz ehtiyatının kəşf olunduğunu elan edib. Onların ən böyüyü olan “Sakarya” yatağında ehtiyatların həcminin 400 milyard kubmetri keçdiyi bildirilir. Qardaş ölkə Qara dənizdəki bütün yataqların kəşfiyyatını və gələcək işlənməsini məqsəd kimi qarşıya qoyub. Bütövlükdə, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən 10 mlrd. dollar sərmayə qoymağı planlaşdırır. Bildirilir ki, Qara dəniz 45 il ərzində dünyanın qaz ehtiyacını ödəməyə qadirdir. Qardaş ölkə, həmçinin Aralıq dənizində kəşfiyyat işlərini bərpa etmək niyyətini də açıqlayıb.

Türkiyənin artıq mavi yanacaq istehsalçısına çevrilməsi böyük tarixi hadisə kimi dəyərləndirilir. Cari il aprel ayının sonunadək hasil edilən təbii qazın miqdarı təxminən 4,6 milyon kubmetrə çatıb. Ancaq hədəf daha böyükdür. Türkiyə 2025-ci ilin əvvəlinə qədər gündəlik hasilatı 10 milyon kubmetrə çatdırmağı hədəfləyir. Yeni kəşflərlə qısa müddətdə hasilatın 20 milyon kubmetrdən çox olması gözlənilir. Bu o deməkdir ki, təxminən 9-10 milyon evin təbii qazı milli ehtiyatlar hesabına təmin ediləcək. Bu səbəbdən təbii qazın saxlanması ilə bağlı hədəflər bir-bir həyata keçirilir. 2028-ci ilə qədər Türkiyə istifadə etdiyi qazın 20 faizini  saxlamağı hədəfləyir.

Enerji və Təbii Sərvətlər Nazirliyinin planlarına görə, Türkiyənin anbar tutumundan istifadə nisbəti 50 faizə çata bilər. Bu səbəbdən də Tuz Gölü Təbii Qaz Anbar Hövzəsi başda olmaqla bir çox ərazilərdə təbii qaz anbarlarının yaradılması və ya genişləndirilməsi planlaşdırılır.

Qardaş ölkə üçün yaranan yeni fürsətlər...

Getdikcə artan geosiyasi və geoiqtisadi kataklizmlər fonunda qardaş ölkənin regional mavi yanacaq təchizatçısı habına çevrilməyi hədəfləməsi təsadüfi deyil. Qardaş ölkə üçün yeni fürsətlərin yaranmasını şərtləndirən bir sıra amillər sadalamaq mümkündür.

1. Rusiyanın öz qazını Türkiyə vasitəsilə istehlak bazarlarına çıxartmaq istəyi və qardaş ölkənin buna qarşılıq verməyə siyasi qətiyyət göstərməsi,

2. İstehlakçıların Türkiyənin vasitəçiliyinə müsbət yanaşması,

3. Əlverişli coğrafi mövqe, istehsalçı və istehlakçı ölkələrlə qonşuluqda yerləşməsi,

4. Türkiyənin özünün daxili qaz istehsalını genişləndirmək perspektivi,

6. Qardaş ölkənin müsbət beynəlxalq imici, Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzu və liderliyi

Türkiyə regional qaz ixracatçıaına çevrilmək üçün enerji mərkəzi yaratmaq istiqamətində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Artıq Trakyada mərkəzin qurulacağı yer müəyənləşdirilib. Mərkəzin bu il qurulması nəzərdə tutulur. Rusiya ilə birgə həyata keçiriləcək layihə çərçivəsində Moskva ilə Ankara arasında enerji dialoqu intensivləşib. Məlumdur ki, böyük həcmlərdə Rusiya qazı Avropa istehlakçılarına məhz Ukraynadan tranzit olunur. Bu müqavilənin uzadılmayacağı və ona xitam veriləcəyi gözlənilir. Belə olan halda Rusiyadan Aİ məkanına mavi yanacaq bütünüklə Türkiyə üzərindən ötürüləcək.

Yaradılan müasir infrastruktur qardaş ölkənin mövqeyini gücləndirən ən mühüm amillərdən biridir. Hazırda Türkiyənin, ümumilikdə, 7 beynəlxalq təbii qaz boru kəməri, 2-si üzən anbar və qazlaşdırma qurğusu olmaqla 4 LNG qurğusu və 2 yeraltı təbii qaz anbarı var.

Beynəlxalq layihələrdən biri olan “Türk axını” Rusiyanın Anapa şəhərindən Kırklarelinin Kıyıköy bölgəsinədək uzanan hər biri 930 kilometr uzunluğunda iki boru kəmərindən ibarətdir. Qara dənizin altından keçən  xətlərdən biri Türkiyənin milli şəbəkəsinə birləşir. Digəri isə təbii qazın Türkiyə üzərindən Avropaya nəqlinə imkan yaradır. Hər bir xətt ildə 15,75 milyard kubmetr təbii qaz nəql etmək gücünə malikdir. Rusiya təbii qaz kəmərinin gücünü artırmaq istəyir. Məsələ ilə bağlı müzakirələr aparılır.

Rusiyadan Türkiyəyə Qara dənizdən keçən digər təbii qaz kəməri isə “Mavi axın”dır. Bu xətt illik 16 milyard kubmetr təbii qaz ötürmü qabiliyyətinə malikdir.

Azərbaycanın təbii qazını nəql edən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) hazırda 16 milyard kubmetr təbii qaz nəql etmək gücündədir. Bu təbii qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql edilir. Xəttin gücünün qısa müddətdə iki dəfə artırılması nəzərdə tutulur.

Türkiyə, həmçinin Mərkəzi Asiyadakı Türk dövlətləri ilə enerji dialoqunu genişləndirmək istəyir. Bu istiqamətdə ilk addım Türkmənistanla atılıb.  Belə ki, martın əvvəlində iki ölkə arasında təbii qaz üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Şaxələndirmənin yeni istiqaməti - LNG

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın sözlərinə görə, qazın şaxələndirilməsi strategiyasının tərkib hissələrindən biri də mayeləşdirilmiş təbii qazın alınmasıdır: “Biz son səkkiz ildə o qədər sərmayə qoymuşuq ki, mayeləşdirmə müəssisələrimizin gücü 160 milyon kubmetrə çatıb Bu, ehtiyac duyduğumuz qazın həcminin yarısını LNG şəklində asanlıqla idxal edə bilməyimizə imkan verir. Eyni zamanda, bizim bu mayeləşdirilmiş qazı tankerlərlə satmaq üçün hazır qanunvericilik bazamız var”, - deyə nazir bildirib. O xatırladıb ki, ABŞ-da LNG tədarükü ilə bağlı razılaşmalar əldə olunub.

Digər layihələrdən danışan nazir bildirib ki, Azərbaycanla tədarük həcminin artırılması ilə bağlı razılaşmalar əldə olunub, eyni zamanda, türkmən qazının Türkiyəyə tədarükü layihəsi var. Onun sözlərinə görə, bütün bunlar beynəlxalq qaz ticarət mərkəzi layihəsinin tərkib hissəsidir. Nazir “Türk axını” boru kəmərini “təbii qaz mənbələrinin şaxələndirilməsi üçün Türkiyənin ən mühüm layihələrindən biri” adlandırıb. “Əvvəllər qazın bir hissəsini Rusiyadan alırdıq - Ukrayna, Moldova, Rumıniya və Bolqarıstandan tranzitlə. İndi belə tranzitə ehtiyac yoxdur və biz bu qazı birbaşa Qara dənizdən alırıq. Bizim kommersiya, texniki və hüquqi infrastrukturumuz və çox yaxşı işləyən enerji birjamız var. Biz Bolqarıstan, Macarıstan və Rumıniyaya qaz satırıq. Bütün bunlar ölkəmizi qaz ticarəti mərkəzinə çevirir. Biz yeraltı LNG anbarlarımızın həcmini artırmaq istəyirik. 2028-ci ilə qədər anbarların tutumu 5,8 milyarddan 12 milyard kubmetrə çatacaq. Biz qazın 25 faizini mayeləşdirilmiş formada saxlaya biləcəyik”.

Alparslan Bayraktarın sözlərinə görə, Türkiyə qaz mərkəzi layihəsini strateji hesab etməkdə israrlıdır:  “Bunu inkişaf etdirmək üçün bizə daha çox mənbə lazımdır, biz Bolqarıstan və Yunanıstana ixrac imkanlarını genişləndirməliyik”.

A.Bayraktar, həmçinin qeyd edib ki, qaz və digər enerji ehtiyatlarının yerli istehsalı birbaşa qaz ticarət mərkəzinin və enerji birjasının işi üçün o qədər də vacib deyil. Bu xüsusda, fikirlərini diqqətə çatdıran nazir “Əlbəttə, bizim öz enerji resurslarımızdan, qazımızdan, neftimizdən, bərpa olunan enerji mənbələrindən istifadə etmək vacibdir. Lakin digər tərəfdən, enerji resurslarını mümkün qədər müxtəlif ölkələrlə və müxtəlif formalarda şaxələndirmək lazımdır”, - deyə bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30