Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / TANAP regionda yeni əməkdaşlıq və təhlükəsizlik platforması formalaşdırır

TANAP regionda yeni əməkdaşlıq və təhlükəsizlik platforması formalaşdırır

01.04.2015 [10:00]

Prezident İlham Əliyev: Bu gün “Cənub” qaz dəhlizi layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir
Məlum olduğu kimi, son illərdə Azərbaycanın iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra mühüm enerji, nəqliyyat layihələri reallaşdırılıb. Məhz ölkəmizin təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, həmçinin, Asiya ilə Avropa arasında qarşılıqlı-faydalı əməkdaşlıq məkanına çevrilib. Bu günlərdə isə qardaş Türkiyənin Qars vilayətinin Selim rayonunda yenə də Azərbaycanın ciddi səyləri sayəsində həyata vəsiqə alan “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməlqoyma mərasimi keçirilib. Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə təməlqoyma mərasimi keçirilən TANAP layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Xəzər hövzəsində Azərbaycanın və region ölkələrinin enerji təhlükəsizliyinə xidmət edən əməkdaşlığın təməli “Əsrin müqaviləsi” ilə qoyulub
Yeri gəlişkən, bu gün Xəzər hövzəsində çoxlu sayda ölkəyə iqtisadi fayda gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Belə ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ulu öndərin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq dənizinə çevrildi.
“Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də, digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub” qaz dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb. “Cənub” qaz dəhlizinin və onun tərkib hissəsi olan TANAP-ın reallaşdırılması bunu bir daha təsdiqləyir. Qeyd edək ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir, respublikanın proqnozlaşdırılan qaz ehtiyatları isə bundan təxminən 2 dəfə çoxdur.
“Əsrin müqaviləsi”nin imzalanması “Azəri-Çıraq-Günəşli” yatağının beynəlxalq konsorsium tərəfindən uzun illər ərzində uğurlu istismarı ilə nəticələnib. İndiyədək layihə çərçivəsində 2,5 milyard barel neft hasil olunub və təxminən 30 milyard dollar həcmində investisiya yatırılıb.
Son 20 ildə Xəzərdə uğurlu beynəlxalq əməkdaşlıq Azərbaycana böyük dividendlər gətirib və respublikamızın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri, həmçinin, institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkəboyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Beləliklə, deyə bilərik ki, “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə Azərbaycanın mənzərəsi dəyişib və ölkənin qarşısında yeni inkişaf perspektivləri açılıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında diqqəti xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətinə çəkərək, əslində, haqqında bəhs olunan müqavilənin bu günə gedən yolumuzu açdığını vurğulayıb: “Bu gün bu salonda oturarkən və dəyərli məsləkdaşlarımın çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə döndüm, yəni, xatirimdə o günlər canlandı - 1994-cü il 20 sentyabr, Bakı şəhəri, “Gülüstan Sarayı”, “Əsrin kontraktı”nın imzalanması mərasimi. Bəlkə, biz o vaxt heç təsəvvür edə bilməzdik ki, o gün nə qədər böyük əhəmiyyət kəsb edir və hansı böyük hadisələrə gətirib çıxaracaq. O vaxt Azərbaycan müstəqil dövlət kimi, sadəcə, üç ilə yaxın idi ki, yaşayırdı. Bizim milli liderimizin - Heydər Əliyevin baxışları, siyasi müdrikliyi, cəsarəti sayəsində o vaxt Azərbaycanın yeni enerji strategiyası başlamışdır. “Əsrin kontraktı”, əslində, bu günə gedən yolumuzu açdı”.
TANAP enerji layihəsi olmaqla yanaşı, həm də Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir
Yuxarıdakı statistik rəqəmlər TANAP-ın iqtisadi səmərəsi, Azərbaycan da daxil olmaqla region ölkələrinin və bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyi baxımından əhəmiyyəti barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün “Cənub” qaz dəhlizi layihəsi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır.
Lakin sözügedən layihənin önəmi yalnız onun iqtisadi göstəriciləri ilə məhdudlaşmır. Çox haqlı olaraq TANAP enerji layihəsi olmaqla yanaşı, həm də Türkiyə-Azərbaycan qardaşlığı layihəsi kimi dəyərləndirilir. Məlumdur ki, hazırda dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə çox möhkəm tarixi-mənəvi tellərlə bağlı olan ölkələr tapmaq mümkün deyil. Hər iki ölkənin dostluğu və qardaşlığı bütün dünya üçün yaxşı örnək nümunəsidir. Türkiyə və Azərbaycan Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinə uyğun olaraq beynəlxalq arenada daim bir-birinə dəstək nümayiş etdirirlər. Türkiyə respublikamızın müstəqilliyini tanıyan ilk ölkədir. Qardaş ölkə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə daim siyasi dəstək nümayiş etdirir. Türkiyə Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə daim güclü siyasi dəstək verir. Prezident İlham Əliyevin ötən il aprelin 24-də Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin beş illiyinə həsr olunan plenar iclasındakı çıxışı bunun növbəti təsdiqidir. Həmin iclasda Azərbaycanın dövlət başçısı Ermənistan prezidenti Serj Sarkisyanın sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar söyləməsini və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsini sərt şəkildə qarşılayaraq, ona “Türkiyə burada yoxdur, mən buradayam” cavabını verdi. Sammitdə Prezident İlham Əliyevin Türkiyənin mövqeyini dəstəkləyən əsaslı arqumentləri Ermənistan prezidentinə, sözün əsl mənasında, tərs şillə oldu və onu beynəlxalq birlik qarşısında çıxılmaz vəziyyətə saldı.
Bütün bu faktlar Türkiyə ilə Azərbaycanın birlikdə reallaşdırdıqları layihələri, o cümlədən də TANAP-ı həm də iki ölkənin qardaşlıq layihələri kimi dəyərləndirməyə əsas verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında TANAP-ı həm də Türkiyə və Azərbaycan arasında qardaşlıq, dostluq layihəsi kimi səciyyələndirib: “Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik, bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə arxa, dayaq oluruq”.
TANAP-ın reallaşması ilə regionda tərəfdaş ölkələrin əməkdaşlığı daha da dərinləşəcək
Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı öz narahatlıqlarını dəfələrlə dilə gətiriblər. Onlar Avropa ölkələrinin ən zəif, həssas yerinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu bildirirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, ənənəvi mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır.
Bu baxımdan “Cənub” qaz dəhlizi, onun tərkib hissəsi olan TANAP-ın əhəmiyyəti ölçüyəgəlməzdir. Mübaliğəsiz demək mümkündür ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Dörd il bundan əvvəl - 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Həmin vaxtdan bəri Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq üçün birgə çalışıblar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün daha 5 il tələb olunacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür.
Beləliklə, TANAP-ın da daxil olduğu “Cənub” qaz dəhlizi regionun, Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək və tərəfdaş ölkələrin təhlükəsizliyində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması ilə yeni əməkdaşlıq formatı yaranır: “Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. Amma bu gün biz bu formatı genişləndiririk”.
Bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcəklər
Avropanın yeni enerji mənbəyi və uzun müddətli təhlükəsizlik qarantı rolunda çıxış edən “Cənub” qaz dəhlizi layihəsinin ən önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, bu layihə bütün tərəfdaş ölkələr üçün əhəmiyyətlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, iqtisadi mənfəət gətirən bir layihədir və bu layihədə iştirak edən bütün ölkələr mənfəət götürəcək. Məlumdur ki, “Cənub” qaz dəhlizi dörd hissədən ibarətdir: “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP. “Cənub” qaz dəhlizinin təməli ötən il sentyabrın 22-də Bakıda qoyulub. Hazırda bütün istiqamətlərdə işlər cədvəl üzrə həyata keçirilir. Bu günlərdə Qarsda TANAP-ın təməlinin qoyulması ilə “Cənub” qaz dəhlizi üzrə işlər daha geniş vüsət alıb.
Əlbəttə, belə meqalayihənin uğurla icra edilməsi, ilk növbədə, bütün tərəfdaş ölkələrin öz səylərini əlaqələndirmələrindən asılıdır. Əlamətdar haldır ki, layihədə tərəfdaş ölkələrin maraqlar balansı təmin olunub. Prezident İlham Əliyev vurğulayıb ki, ancaq maraqlar balansı təmin edildiyi təqdirdə “Cənub” qaz dəhlizi layihəsinin uğur qazanmasını təmin etmək mümkündür: “Bizim əsas istəyimiz ondan ibarət idi ki, bütün ölkələr qazansın. Hasil edən ölkə, tranzit ölkələr, istehlakçı ölkələr - onların maraqları birləşməlidir. Maraqlar balansı yarandı. Ancaq o təqdirdə biz uğura nail ola bilərik”.
Burada söhbət, əlbəttə ki, yalnız iqtisadi maraqlardan getmir. “Cənub” qaz dəhlizinin, TANAP-ın reallaşdırılması ilə regionda və Avropa məkanında yaranan yeni əməkdaşlıq formatı, eyni zamanda, yeni siyasi təşəbbüs kimi dəyərləndirilir ki, bu da regional və qlobal təhlükəsizlik baxımından çox önəmlidir.
Qeyd etmək yerinə düşər ki, “Cənub” qaz dəhlizinə və TANAP-a qoşulan bütün tərəfdaş ölkələr əməkdaşlığa, layihənin uğurla reallaşdırılmasına öz töhfələrini vermək əzmi nümayiş etdirirlər. Bu isə son illərdə regionda Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən iri enerji layihələri kimi, TANAP-ın da müvəffəqiyyətlə yekunlaşacağına böyük inam yaradır. Prezident İlham Əliyev təməli qoyulan TANAP-ın üç ildən sonra uğurla yekunlaşacağına əminliyini ifadə edib: “Mən əminəm ki, biz gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Bizə lazım olan bütün əlaqələndirmə işləri aparılır. Əsas məsələ ondan ibarətdir ki, bizim aramızda qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, bir-birimizə inam var”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30