Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / AXC milli mənafeyə xidmət edən iqtisadiyyatın qurulmasını özünün prioritetlərindən biri kimi müəyyənləşdirmişdi

AXC milli mənafeyə xidmət edən iqtisadiyyatın qurulmasını özünün prioritetlərindən biri kimi müəyyənləşdirmişdi

23.05.2018 [15:19]

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir halqanı təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Cümhuriyyətin qurulması əslində 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Siyasi şərhçilərin də vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, xalqımız ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə tarixi şərait yaranan kimi XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurdu. Xalqımızın Ümummilli lideri Heydər Əliyev və Onun siyasi varisi, Prezident İlham Əliyev dəfələrlə bəyan ediblər ki, müstəqil Azərbaycan AXC-nin varisidir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Yaranmasının 100 ili tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin irsinin təbliği xalqımızın dövlətçilik tarixinin öyrənilməsi, ənənələrin yaşadılması, gənclərin vətənpərvərlik və milli qürur hissinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.
AXC parlamenti fəaliyyətdə olduğu dövrdə maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı
Tarixə demokratik dəyərlərin və milli maraqların carçısı kimi düşən Azərbaycan Xalq Cümhuriyyəti qısa mövcudluğu dövründə dövlət quruculuğunun müxtəlif istiqamətlərində çox mühüm qərarlar qəbul etmiş və bir sıra prioritetlər müəyyənləşdirmişdir. Belə prioritetlərdən biri də milli mənafeyə xidmət edən güclü iqtisadiyyatın qurulması ilə bağlı idi. AXC-nin mütərəqqi fikirli qurucuları o fəlsəfədən çıxış edirdilər ki, dayanıqlı milli iqtisadiyyat müstəqil dövlətin fundamental əsasını təşkil edir.
Təəssüf doğuran haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinə heç də, necə deyərlər, hazır, qurulmuş iqtisadiyyat miras qalmamışdı. Azərbaycan AXC yarananadək çar Rusiyasının xammal əyaləti rolunda çıxış edirdi. Bakı buxtasından çıxardılan neft emal prosesinə cəlb edilmədən xammal şəklində xarici bazarlara daşınırdı. İqtisadiyyatın digər sahələrində, o cümlədən də aqrar sektorda da acınacaqlı mənzərə hökm sürürdü, inflyasiya kəskin hal almışdı.
AXC qurucuları yaxşı başa düşürdülər ki, respublikanın iqtisadiyyatında on illər boyunca davam edən müstəmləkə siyasətinin yaratdığı çoxsaylı problemləri bir zərblə aradan qaldırmaq mümkün deyil. Bu sahədə məsələləri sıralamaq, ardıcıl siyasət həyata keçirmək tələb olunurdu. İlk növbədə respublikaya maliyyə axınını təmin edəcək neft sənayesini, digər əlaqəli sahələri dirçəltmək lazım idi.
İnflyasiyanın cilovlanması, milli pul vahidinin - "Bakı bonları"nın möhkəmləndirilməsi və alıcılıq qabiliyyətinin artırılması, büdcəyə maliyyə daxilolmaları bazasının genişləndirilməsi AXC hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin prioritetlərini təşkil edirdi. AXC parlamenti fəaliyyətdə olduğu dövrdə maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi. Parlamentdə iqtisadi sektora aid qanunlar qəbul edilərkən respublikanın iqtisadi potensialı, ənənələr və o dövrün aktual çağırışları mütləq nəzərə alınırdı. Çox qısa müddətdə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı və bankın rəhbərliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlı gətirildi. Vacib məsələlərdən biri dövlət büdcəsinə maliyyə daxilolmaları bazasının genişləndirilməsi idi. Bu məqsədlə birbaşa və dolayı vergilər, eləcə də gömrük rüsumları tətbiq edildi. İdxalın və ixracın tənzimlənməsi məqsədilə verilən qərarların böyük əhəmiyyəti var idi. AXC-nin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq gömrük qaçaqmalçılığına qarşı ciddi tədbirlər görüldü.
Məsələn, Maliyyə Nazirliyinin 1919-cu il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması nəzərdə tutulurdu. Parlament xəzinəyə müəyyən rüsum (ixrac olunan xammalın dəyərinin 25 faizi qədər) keçirmək şərti ilə xammal ixracına icazə verilməsinə dair qanun qəbul etdi. Xaricə gizli yolla gümüş, qızıl, platin  aparılmasına görə məsuliyyət məsələsinə baxıldı. Ölkənin sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından Azərbaycana xaricdən gətirilən bir sıra zinət əşyalarına müvəqqəti olaraq xüsusi gömrük tarifləri tətbiq olundu, həmçinin xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilmişdi). Xərclərə qənaət edilməsi əsas məsələlərdən biri kimi qarşıya qoyulmuşdu. Bunun təsdiqi olaraq vurğulayaq ki, gənc respublikada dövlət xərclərinin azaldılması üçün müvafiq tədbirlər görülürdü.

AXC-nin iqtisadi platforması mülkiyyət çoxnövlülüyü prinsipinə əsaslanırdı

Əlbəttə, yalnız istək və şüarla milli iqtisadiyyatı dirçəltmək mümkün olmazdı. Bundan ötrü qabaqcıl təcrübəyə istinad etmək, çevik, təşəbbüslərə meydan açan mexanizmlərin tətbiqinə başlamaq lazım idi. Respublikadakı mövcud mülkiyyət münasibətlərini dəyişmədən iqtisadiyyatdakı durğunluğu aradan qaldırmaq da mümkün olmayacaqdı. AXC mülkiyyət münasibətləri ilə bağlı bolşevizm stereotiplərini dağıtmalı idi. Belə fundamental dəyişikliyə qərar vermək asan deyildi. Bununla belə, AXC iqtisadi islahatlara məhz bu həssas məqamdan başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması mülkiyyət çoxnövlülüyü prinsipinə əsaslanırdı. Başqa sözlə desək, gənc respublikada dövlər, özəl, bələdiyyə və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradıldı. Cümhuriyyət qurucuları yaxşı başa düşürdülər ki, respublikada müxtəlif mülkiyyət formalarının bərqərar edilməsi, investisiyalara təminatlar yaradılması sərmayələrin leqallaşmasına, real sektorun maliyyə təminatının güclənməsinə gətirib çıxardacaq. AXC daşnak Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ilə bağlı verilən qərarları ləğv etdi. Cümhuriyyət hökuməti mülkiyyət məsələsində həm də ədalət prinsipindən çıxış etdi. Belə ki, respublikada neft mədənləri, zavodlar, ticarət gəmiləri və onların idarəçiliyi əvvəlki sahiblərinə qaytarıldı. Bolşeviklər tərəfindən milliləşdirilən şirkətlərdən biri də məşhur "Nobel qardaşları" şirkəti idi. AXC tarixi ədaləti bərpa edərək özəl investisiyalar hesabına qurulan şirkəti öz sahiblərinə qaytardı.
Əlverişli investisiya mühiti yaratmaqla xarici sərmayələrin cəlb edilməsi də AXC-nin iqtisadi siyasətində mühüm yer tuturdu. AXC dünyaya açıq siyasət aparırdı, ona nail olmağa çalışırdı ki, xarici ölkələrdən Azərbaycana daha çox həcmlərdə sərmayələr axsın. Cümhuriyyət hökuməti bu məqsədlə müxtəlif vasitələrlə respublikaya sərmayə qoyuluşunu təşviq edir və qanunvericilik bazasını möhkəmləndirirdi. AXC iqtidarı xarici investisiyaların cəlb edilməsi ilə bağlı siyasi iradəsini praktiki müstəvidə atdığı qətiyyətli addımlarla təsdiqləyirdi. Məsələn, Böyükşor gölünün bir hissəsinin "Nobel qardaşları" şirkətinə icarəyə verilməsi haqqında müqavilənin müddəti başa çatmışdı. Septik yanaşmaların əksinə olaraq AXC hakimiyyəti müqavilənin vaxtının uzadılması haqqında qərar qəbul etdi. Bu kimi nümunələr xarici investorlarda AXC hökumətinə dərin inam yaradırdı və onlar müxtəlif sahələrə investisiyalar yönəltməkdən çəkinmirdilər.
Xarici ölkələrlə iqtisadi əlaqələr yaradılması həm də AXC-nin siyasi nüfuzunun artmasına müsbət təsir göstərirdi
AXC ona nail olmağa çalışırdı ki, gənc respublika beynəlxalq miqyasda daha geniş şəkildə təqdim olunsun və tanınsın. Təbii ki, buna nail olmaq üçün müxtəlif diplomatik vasitələrdən istifadə edilirdi. Öz növbəsində xarici ölkələrlə iqtisadi əlaqələrin coğrafiyasının genişləndirilməsi də AXC-nin beynəlxalq nüfuzunun artmasına öz müsbət təsirini göstərirdi. Beləliklə, qısa müddətdə, dağıdılmış Bakı-Batumi neft kəməri bərpa edildi, Bakı-Culfa dəmir yolu inşa olundu, Kür çayı üzərindən körpü salındı və Xəzər Dəniz Gəmiçiliyinin işi yenidən qurulmağa başlandı. Bütün bunlar Azərbaycanın xarici iqtisadi əlaqələrinin bərpası və inkişaf etdirilməsi baxımından fövqəladə əhəmiyyət daşıyırdı.
Cümhuriyyətin xarici ölkələrlə qurduğu iqtisadi əlaqələr qarşılıqlı faydalılıq prinsipinə əsaslanırdı. 1918-ci il dekabrın 26-da qonşu Gürcüstanla bağlanan müqavilə buna nümunədir. Bir illik müddətə bağlanan bu müqaviləyə əsasən, böyük ehtiyac duyulan məhsulların, hər iki respublikanın tələbatları çərçivəsində gömrük vergiləri qoyulmadan alınıb-satılmasına, habelə Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına icazə verilirdi. Müqaviləyə əsasən, Gürcüstanın əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarının ümumi satışı isə 20 milyon puddan çox olmamalı idi. Eyni zamanda, Gürcüstanın bəzi məhsullarının (daş kömür, meşə materialları və s.) neftin dəyərinin 1/10 hissəsi həcmində Azərbaycana gömrüksüz satılması nəzərdə tutulurdu.
 Azərbaycan Xalq Cümhuriyyəti eyni coğrafiyanı bölüşdüyü Rusiya ilə iqtisadi əməkdaşlığa da böyük önəm verirdi. 1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı.  Azərbaycanın neft, pambıq və başqa ixrac məhsulları kifayət qədər geniş olan Rusiya bazarına çıxarıla bilərdi. Coğrafi yaxınlıq daşımaların asanlaşdırılması, izafi xərclərin aradan qaldırılmasını şərtləndirən amillər idi.

İqtisadi müstəqilliyin təmin olunması müstəqil Azərbaycanın qüdrətinin artması üçün fundamental amil rolunda çıxış edir

Özünü AXC-nin varisi elan edən müstəqil Azərbaycanda da güclü iqtisadiyyat quruculuğu məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin ana xəttini təşkil edir. Müstəqil respublikamızda iqtisadi inkişaf dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilərkən Prezident İlham Əliyevin belə bir fundamental tezisi əsas götürülüb ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Bu mənada iqtisadi müstəqilliyə nail olan Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın özünün iqtisadi müstəqilliyini təmin etməsini qürur hissi ilə nəzərə çatdırıb: "Biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir".
Dövlət başçısının vurğuladığı kimi, son 15 ildə milli iqtisadiyyat əhəmiyyətli dərəcədə genişlənib. Ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində Azərbaycan azsaylı üzvlərə malik dünya kosmos ailəsinin tərkibinə daxil olub. Hazırda respublikamızın iki peyki uğurla istismar olunur və daha bir peykimizin orbitə çıxardılmasına hazırlıq görülür.
Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutur. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 15 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir.
Bəhs olunan dövrdə ölkəmizdə sənaye istehsalı 2,6 dəfə genişlənib. Valyuta ehtiyatlarımız 24 dəfə artıb, bu gün 44 milyard dollara bərabərdir. Respublikamıza 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır.
Aparılan məqsədyönlü siyasət, genişməzmunlu islahatlar sayəsində iqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan çox müsbət reallıqlara malik bir ölkəyə çevrilib. İqtisadi müstəqilliyinin təmin olunması ölkənin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Qısa müstəqillik tarixində respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz.
Ölkəmizin uğurları beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Son illərdə Azərbaycanın uğurlarının, bütün parametrlər baxımından inkişafının yüksək səviyyəsinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında adekvat dəyərləndirilməsi ölkəmizin nüfuzunun artması baxımından çox önəmlidir. Məlum olduğu kimi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycandakı prosesləri yüksək qiymətləndirərək perspektiv inkişafla bağlı müsbət proqnozlar irəli sürüblər. Dünya İqtisadi Forumu "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"na əsasən isə Azərbaycanın mövqeyi daha iki pillə yaxşılaşıb və ölkəmiz 35-ci yerdə qərarlaşıb.
Nüfuzlu Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.
Mübariz ABDULLAYEV
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir"

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30